Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-110/2025 22.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X4,X12, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış,ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-8349/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-626/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 19391,60 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2011-ci ilin iyul ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2012-ci il tarixdə rəsmi olaraq qeydə alınmış, birgə nikahdan xx.xx.2012-ci il tarixdə Nigar və xx.xx.2014-cü il tarixdə Nərmin adlı 2 övladları dünyaya gəlmişdir. Qeyd edir ki, Zərərçəkmiş şəxs 2017-ci ilin may ayında nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə nikahlarına xitam verilərək, xx.xx.2017-ci il tarixdən hesablanmaqla uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi icra olunması üçün onun qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, alimentin ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. Qeyd edir ki, xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs İcra İdarəsinə ərizə yazaraq onunla rəsmi şəkildə deyil, müqvəqqəti olaraq barışdığını bildirərək, müvəqqəti olaraq ona qarşı aliment tələb etməsini dayandırmış, 2021-ci il tarixdə yenidən məhkəməyə müraciət edərək həmin icra sənədinin icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra icra məmuru onu şöbəyə dəvət edərək yığılmış aliment borcunun tələbkara ödənilməsini ondan tələb etmiş, o, icra məmuruna Zərərçəkmiş şəxs ilə 2018-ci ildən barışdığını, onunla bir yerdə yaşadığını bildirmişdir. Qeyd edir ki, Sumqayıt şəhər məhkəməsinin müvafiq qərarı ilə o, yığılmış aliment məbləğini ödəmədiyi üçün inzibati qaydada həbs edilmiş, həmin qərardan apelyasiya şikayəti versə də, qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra o, Sabunçu rayon məhkəməsinə müraciət edərək xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanmış 15113 manat aliment borcunun silinməsi xahiş etmiş, məhkəmənin qərarı ilə həmin məbləğdən yalnız 1060 manat silinmişdir. Qeyd edir ki, daha sonra apelyasiya məhkəməsi Zərərçəkmiş şəxs şikayəti əsasında Sabunçu rayon məhkəməsinin həmin qətnaməsini ləğv etmiş və həmin işin icraatına xitam vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları dövr üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 hesabladığı aliment məbləğinin silinməsi məqsədilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, lakin məhkəmə onun şikayətini təmin etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 2021-ci ildən 2024-cü ilədək öz hesablamasına əsasən Zərərçəkmiş şəxs 4000 və ya 5000 aliment borcu var. Zərərçəkmiş şəxslə uzun müddət bir yerdə yaşamalarına baxmayaraq, icra məmuru tərəfindən ona hansı məbləğdə borcu olması barədə heç bir qərar verilməmişdir. Birgə yaşadıqları dövrdə ailəsinin maddi təminatını o təmin etmişdir. Belə ki, yük avtomobili sürücüsü olduğu üçün ay ərzində müxtəlif xarici ölkələrə səfərlər edərək gəlir əldə etmiş, ayın təxminən 15-20 gününü səfərlərdə olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə reysdən qayıtdıqdan sonra Elnarənin evdə olmadığını, evdən çıxıb getdiyini görmüşdür. Bldirir ki, ibtidai istintaqı zamanı müstəntiq onun ifadəsini aldıqdan sonra o, sənədlərə qol çəkmiş, Zərərçəkmiş şəxs 19000 manat borcunun olduğunu ona bidirmişdir. Lakin onun Elnarəyə həmin məbləğdə borcu olmamışdır. Belə ki, o, yalnız xx.xx.2021-ci il tarixdən bu günki günədək olan borcunu qəbul edir, yalnız bu hissədə təqsirli olduğunu hesab edir. Məhkəmə prosesi vaxtı zərərçəkmiş şəxsə 3300 manat məbləğdə vəsait ödəmiş, sonuncu bu barədə qəbz yazmışdır. Hazırda zərərçəkmiş şəxsə daha 2800 manat məbləğində pul ödəmək istəsə də, Zərərçəkmiş şəxs qəti olaraq həmin məbləği qəbul etməkdən imtina etmiş, məbləğin tam olaraq ödənilməsini ondan tələb etmişdir. Qeyd olunanların nəzərə alınmasını onun günahsız olmasını nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2012-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2012-ci il tarixdə Nigar və xx.xx.2014-cü il tarixdə Nərmin adlı 2 övladı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs 2017-ci ilin may ayında nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onların nikahına xitam verilərək, xx.xx.2017-ci il tarixdən hesablanmaqla qızlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmiş, həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmiş və o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi üçün, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 12 gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin qərardadla ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2024cü il tarixədək Zərərçəkmiş şəxs yaranmış olan 19391,00 manat aliment borcunu ödəməmişdir. Əlavə olaraq o, Zərərçəkmiş şəxs ilə evli olduğu müddət ərzində fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, yəni tır sürücüsü kimi fəaliyyət göstərdiyini, hal hazırda həmin işlə məşğul olaraq hər səfərə 50,00 manat olmaqla ümumi olaraq aylıq 400,00- 500,00 manat qazanc əldə etdiyini və daima fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün işsizliklə bağlı məşğulluq mərkəzinə müraciət etmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Oktayla 2011-ci ilin iyul ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2012-ci il tarixdə rəsmi olaraq qeydə alınmış, birgə nikahdan Nigar və Nərmin adlı 2 övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxslə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Belə ki, evli olduqları gündən bir müddət keçəndən sonra Təqsirləndirilən şəxs onunla kobud rəftar edərək heç bir səbəb olmadan onu döyməklə yanaşı nalayiq söyüşlərlə təhqir edərək övladlarına və ona nə maddi nədə, mənəvi köməkliyi olmamışdır. Bu səbəbdən də o, 2017-ci ilin may ayında nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə onların nikahına xitam verilərək, Oktaydan xx.xx.2017-ci il tarixdən hesablanmaqla qızlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi Oktayın qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi üçün, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 12 gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin bütün bu olanlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, yaranmış olan 19391,00 manat aliment borcunu ödəməmişdir. Qeyd edir ki, Oktay fərdi əməklə məşğul olaraq, yəni tır sürücüsü kimi fəaliyyət göstərərək yetərli qazanc əldə etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ailədə olan böyüklərinin təkidi ilə xx.xx.2018-ci il tarixdə icra məmuruna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs müvəqqəti olaraq alimentin tutulmasının dayandırılmasını xahiş etmiş, həmin ərizədə eyni zamanda qeyd etmişdir ki, Təqsirləndirilən şəxs və onun ailə üzvləri tərəfindən ona qarşı hər hansı nalayiq və yaxud təzyiq ediləcəyi təqdirdə alimentin yenidən tələb edilməsi hüququnu özündə saxlayacaqdır. Qeyd edir ki, həmin ərizəni yazmasına baxmayaraq Təqsirləndirilən şəxs yenə də ailəsinin qayğısına qalmamış, komunal ödənişləri etməmiş, ona hər hansı vəsait ödəməmişdir. Özü işləyərək, ehtiyaclarını qarşılamışdır. X11 rəhmətli atasına da o, baxmışdır. Belə ki, Təqsirləndirilən şəxs heç yerdə işləməmişdir, o, yalnız 2019-cu ildə ilk dəfə sürücü kimi reyslərə getmiş, həmin vaxta kimi heç yerdə işləməmiş, aylarla evə gəlməmiş, hətda atasını da maddi baxımdan ona əlavə yük etmişdir. Hər dəfə Oktaydan evə maddi kömək etməsini tələb etdikdə, o, müxtəlif bəhanələr gətirmişdir. Hətda bir dəfə ona “Xaçmaz Yalama yolunda katastrof (qəza)” etdiyini bidirmişdir. Belə olan halda o, nə edə biləcəyini bilməmişdir. Evə nəsə alınmalı olduğunu Oktaya bildirdikdə, sonuncu ona həmin mənzildə yaşamadığını, bu səbəbdən heç nə ala bilməyəcəyini bildirmişdir. Müəllimədir, ona görə yalan danışmadığını bildirir. Suala cavab olaraq onu da bildirmişdir ki, Oktay Allahvediyevlə müvəqqəti barışmalarına baxmayaraq Oktayın ailəsinə baxmadığını, aliment ödəmədiyini nəzərə alaraq icra sənədini xx.xx.2021-ci il tarixdə deyil, daha əvvəl icraya yönəldilməsi barədə məhkəməyə ərizə verməməsini atası ilə Oktayın atasının ona etdiyi təkidlərdən irəli gəlməsi ilə izah etmişdir. Bu səbəbdən həmin icra sənədini vaxtında icraya yönəltməmişdir. Qeyd edir ki, 2021-ci ilin sentyabrında Oktay ümumiyyətlə evdən çıxıb getmişdir. Oktay ittiham aktında qeyd edilən məbləğdən cəmi 3300 manat vəsait ödəmiş, hazırda yerdə qalan məbləğin tam olaraq ödənilməsini tələb edir, şikayətçidir, əks halda barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən icra sənədinə əsasən Təqsirləndirilən şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 136,60 manat olmaqla, ümumilikdə 273,20 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, icra sənədi xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və həmin tarixdə müvafiq qaydada icraata başlanılmışdır. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs İcra İdarəsinə dəvət olumuş, tələbi dərhal icra etməsi ona bildirilmiş, borclu tələbi icra etməmiş, məcburi icra tədbirləri həyata keçirmək üçün görülmüş icra hərəkətləri qənaətbəxş olmamışdır. Borclunun İcra İdarəsi ilə əlaqəsi kəsildiyindən xx.xx.2022-ci il tarixdə “Borclunun axtarılması barədə” qərar qəbul edilərək icra olunması üçün Sumqayıt ŞPİ-nə göndərilmiş, borclu polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılaraq İcra İdarəsinə təhvil verilmişdir. Qeyd edr ki, Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə borclu borclunun ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu yenidən icra məmurunun çağırışlarına gəlməkdən yayındığından xx.xx.2023-cü il tarixdə barəsində axtarış işi açılmış, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən İcra İdarəsinə təhvil verildikdən sonra Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Oktay İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 gün müddətinə, inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən xx.xx.2024-cü il tarixdə CM-nin 306.1-ci maddəsi üzrə xəbərdar edilmiş, inzibati tənbehlərdən sonra borclu Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün yeni müddətlər verilsə də, hər iki halda borclu tələbi icra etməmişdir. Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixədək 19391,60 manat aliment borcu yaranmış, bu səbəbdən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək borclu Allahverdiyevin qətnaməni icra etməməsini əsas gətirərək onun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı İstintaq idarəsinə təqdimat verilməsini xahiş etmişdir. Əlavə olaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-465/2024 saylı qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-8349/2017 saylı icra sənədi üzrə çıxarılmış xx.xx.2021-ci il tarixli qərarının 12294,00 manat dair hissəsinə dair borclu Təqsirləndirilən şəxs şikayət ərizəsi təmin edilməmişdir. Bildirir ki, borclu barəsində inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməkdə davam etməklə hərəkətsizlik göstərmiş, həm də faktiki imkanlarından istifadə etməmiş və onun əməlində qərəzlilik elementləri müşahidə olunmuşdur. Dövlət adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qərəzli olaraq borclu tərəfindən icra edilmədiyindən Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün İcra Xidməti vasitəsilə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikdən sonra ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid2 ifadəsi elan edilərək tədqiq edilmişdir. Müəyən edilmişdir ki, Şahid2, digər Şahid1 ifadəsində göstərdilərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 sentyabr 2024cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində CM-nin 306.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); Təqsirləndirilən şəxs 15 oktyabr 2024-cü il tarixdə CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 164-165); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 15 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 167-170); “Qətimkan tədbirinin seçilməsi” haqqında 15 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 171-172); Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8349/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü Nigar və xx.xx.2014-cü il təvəllüdlü Nərmin Allahverdiyevaların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. (i.v. 11); Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən 22 noyabr 2021-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. (i.v.16); Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən Təqsirləndirilən şəxs ödəniş etməsi barədə məlumatlandırılmış, qərarın könüllü icrası barədə xx.xx.2021-ci il tarixli bildiriş və qərar ona göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-719/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (i.v.39- 40); Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-626/2023 saylı qərarına əsasən borclu Təqsirləndirilən şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək və 12 gün müddətində inzibati qaydada həbs olunmuşdur. (i.v.63-65); Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-146/2023 saylı qərarına əsasən borclu Təqsirləndirilən şəxs şikayəti təmin edilməmişdir. (i.v.66-70); xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən Təqsirləndirilən şəxs borcun 10 gün müddətində ödənilməsi üçün vaxt verilmiş, həmin tarixdə məktub borclu tərərfindən qəbul edilmişdir. (i.v.62); X8 Barədə xx.xx.2023-cü il tarixli Təklifdən görünür ki, Təqsirləndirilən şəxs aliment borcunun silinməsi tələbi ilə tələbkar Zərərçəkmiş şəxs təklif göndərmişdir. (i.v.73-75); xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə “Cinayət məsuliyyətinə cəlb olunması haqqında” xəbərdarlıq göndərilmiş və həmin xəbərdarlıq borclu tərəfindən qəbul edilmişdir. (i.v. 105); X6 X5 Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş sistemində qeydiyyatı, aktiv əmək müqaviləsi aşkar olunmamışdır. (i.v. 79); xx.xx.2023-cü il tarixli Akt-dan görünür ki, borclu Təqsirləndirilən şəxs yaşadığını ünvana baxış keçirilərkən həmin mənzildə borclunun bacısı Şəlalə Allahverdiyevaya məxsus olduğu, borclu həmin ünvanda müvəqqəti olaraq məskunlaşdığı müəyyən edilmişdir. (i.v. 81); İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-4097/2023 saylı qətnaməsinə əsasən iddiaçı Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə yaranmış aliment borcunun 1060 (bir min altmış) manatı silinmişdir. (i.v. 97-103); Bakı Apellyasiya məhkəməsinin Sumqayıt şəhər İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-4097/2023 saylı qətnaməsindən Zərərçəkmiş şəxs tərəfindən veruilmiş şikayətin qismən təmin edildiyi, iş üzrə həmin məhkəmənin qətnaməsinin ləğv edildiyi və mülki iş üzrə icraata xitam verildiyi göstərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(060)-465/2024 saylı qərardadına əsasən sözü gedən icra sənədi ürə çıxarılmış 22 oktyabr 2021-ci il tarixli qərarının 12294 manata dair hissəsinin ləğv edilməsinə dair borclu Təqsirləndirilən şəxs şikayət ərizəsi təmin edilməmişdir.(i.v. 109-114); Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən yoxlanılmış 12 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.140); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır, yaşadığı müddətdə müsbət xarakterizə olunur və barəsində 5 saylı MKS-na heç bir şikayət daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, digər sənədlər, Sumqayıt şəhəri üzrə İcra İdarəsində toplanmış materiallar, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-8349/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etmədiyini təsdiq edən sənədlərin maddi sübutlar kimi qəbul olunması qərara alınmışdır (i.v. 147-152); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün qismən etirafedici ifadəsi ilə bərabər, zərəçəkmiş şəxsin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək 12 yanvar 2018-ci il tarixdən təxminən 3 il müddət ərzində zərəçəkmiş şəxslə barışıb bir yerdə yaşayaraq birgə təsərüffat apardıqlarını, bu müddət ərzində o, ailəsinin bütün maddi tələbatlarını qarşıladığını, onlara baxdığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxs verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs özü də ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə vermək Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, məhkəmə baxış iclaslarında Təqsirləndirilən şəxs özünü yalnız xx.xx.2021-ci il tarixdən sonra yaranmış aliment borclarının vaxtında ödənilməməsində təqsirli bilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə barışdığını, bu barədə sonuncu tərəfindən yazılmış ərizənin olduğunu əsas gətirərək həmin illər üzrə zərəçəkmiş şəxsə aliment borcunun olmadığını bildirmişdir. O, qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixdək Zərərçəkmiş şəxs ilə bir yerdə yaşamışlar, ailəsinin bütün ehtiyaclarını özü qarşılamışdır. Məhkəmə bu hissədə qeyd edir ki, zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2021ci il tarixdə icra sənədinin yenidən icraaya yönəldilməsi barədə ərizə yazdıqdan sonra sözügedən icra sənədi Sumqayıt şəhər üzrə İcra İdarəsinin icraatına daxil olmuş, icra məmuru tərəfindən qanunamüvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün tərəflərə göndərilmiş, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş Təqsirləndirilən şəxs təqdim edilmiş, məhkəmə qərarı üzrə yığılmış 15113 manat aliment borcu icra edilmədiyi üçün məhkəməyə inzibati xəta haqqında protokol təqdim edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə həmin məbləğdə aliment borcu ödənilmədiyi üçün Təqsirləndirilən şəxs 12 gün müddətində inzibati qaydada həbs edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birlikdə yaşamaları barədə hər hansı xüsusatı məhkəmənin diqqətinə çatdırmamış, əksinə yığılmış aliment borcunu ödəməyə hazırda imkanı olmadığını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin qərardan apellyasiya şikayəti vermiş, Sumqayıt apellyasiya məhkəməsinin qərarı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Oktay Alahverdiyev tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə yığılmış aliment məbləğinin silinməsi barədə ərizə ilə Sabunçu rayon məhkəməsinə müraciət etmiş, məhkəminin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin dövr üzrə yaranmış borcun yalnız 1060 manatı silinsə də, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Sabunçu rayon məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Bunan başqa Təqsirləndirilən şəxs yenidən eyni məzmunlu ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs şikayət ərizəsi təmin edilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü 19391,60 manat aliment borcunun ödənilməməsində təqsirli bilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hər bir hal məhkəmə tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz ibitdai istintaq zaman verdiyi ifadəsi sübut növü kimi qəbul edilməlidir. CM 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X14rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi və borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması hallarında müəyyən etmək olar. AR Konstitusiyasının 17.2-ci maddəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. AR Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi həm Ali qanunvericilik aktında, o cümlədən “Ailə Məcəlləsi”-də uşaqları saxlamaq valideynlərin hüququ kimi yox məhz vəzifəsi kimi təsbit edilmiş və bir öhdəlik kimi bu vəzifənin icrası valideynlərin üzərinə qoyulmuşdur. Eyni zamanda həmin öhdəlikərin icrasından yayınma və icra etməmə kimi hallara dövlətin nəzarət etməli olduğu təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yığılmış 19391.60 manat aliment borcunu illər ərzində ödəməməklə qərəzli mövqe nümayiş etdirmiş, yalnız məhkəmə baxışı dövründə o, zərərçəkmiş şəxsə 3300 manat vəsait ödəmiş, qalıq məbləği ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs aliment məbləğindən qismən ödəniş etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini CM-nin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs aliment məbləğindən qismən ödəniş etsə də, zərərçəkmiş şəxsin şikayətçi olmasını, cəzasını yüngülləşdirən digər halları, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 22 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 22 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-110/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-110/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver