Məhkəmə qərarları › İş №1(060)-111/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-111/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-111/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1973-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 02.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 29.10.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 370 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək onu üzərində daşıyaraq saxlamış, 23 sentyabr 2020-ci il tarixdə saat 14:36 radələrində Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Emin” şadlıq sarayının qarşısındakı parkın yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli pencəyin içəri sol qoltuq hissəsində gizlətdiyi üzərində “Qayalı Market” sözləri yazılmış ağ rəngli sellofan torbanın içərisində təmiz çəkisi 370 qram çəkidə olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 12 ildir ki, müxtəlif növ narkotik vasitələr qəbul edir. 20.09.2020-ci il tarixdə səhər saatlarında o, şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmişdir. Bakı şəhərində 20 Yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxs ona yaxınlaşaraq özündə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni satmaq istədiyini demişdir. O, həmin şəxsdən qurudulmuş marixuananı neçəyə satmaq istədiyini soruşmuşdur. Həmin şəxs ona qurudulmuş marixuananı 60 manata satmaq istədiyini demişdir. O, özü istifadə etmək məqsədi ilə həmin şəxsə 60 manat pul verib qurudulmuş marixuananı ondan almışdır. Həmin şəxs ağ rəngli, üzərində “Qayalı market” sözləri yazılmış sellofan torbadakı qurudulmuş marixuananı ona vermişdir. Sonra o, Sumqayıt şəhərinə gəlmişdir. Əldə etdiyi sellofan torbadakı qurudulmuş marixuananı H.Z.Tağıyev qəsəbəsindəki Emin şadlıq sarayının qarşısındakı parkın yaxınlığında kolların arasında gizlətmişdir ki, heç kəsin əlinə keçməsin. 23.09.2020-ci il tarixdə saat 14:30 radələrində o, həmin parkın yaxınlığına gəlmişdir. Parkın yaxınlığındakı kolların arasında gizlətdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı əynindəki göy rəngli pencəyin içəri sol qoltuq hissəsinə qoyub Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Emin şadlıq sarayının qarşısındakı parkın yaxınlığı ilə yaşadığı evə tərəf getməyə başlamışdır. Həmin vaxtı iki nəfər mülki geyimli, iki nəfər polis geyimində olan şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu bildirmişlər. Onlar həmin vaxtı ondan adını və soyadını soruşandan sonra ona bildirmişlər ki, narkotik vasitə qəbulunda və gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanılmışdır. Bundan sonra polis əməkdaşları ona hüquq və vəzifələri barədə bildiriş təqdim etmişlər və ona üzərində şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə ediləcəyini bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərində hər hansı əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyaların olub-olmadığını, əgər vardırsa həmin əşyaları onlara təqdim etməyini bildirmişlər. Həmin vaxtı o, əynindəki göy rəngli pencəyin içəri sol qoltuq hissəsində gizlətdiyi içərisində qurudulmuş marixuana olan üzərində “Qayalı marekt” yazısı olan ağ rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. O polis əməkdaşlarına həmin sellofan torbada qurudulmuş marixuana olduğunu demişdir. Həmin sellofan torba polis əməkdaşları tərəfindən açıldıqda içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o, həmin qurudulmuş marixuananı üç gün əvvəl Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Daha sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı onun üzərindən 01 ədəd “West”, 01 ədəd “Maqna” markalı siqaret qutuları və 01 ədəd içərisi kibrit çöpləri ilə dolu kibrit qutusu aşkar edilərək götürülmüşdür. Həmin əşyalar əhəmiyyət kəbs etmədiyi üçün onun özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşları onu Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 2-ci polis bölməsinə getmişdir. Polis bölməsində onun üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana tərəziyə qoyularaq çəkilib, qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən qurudulmuş marixuananın ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ünvan 1-da yaşayan Xanlar adlı şəxsin narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, 2-ci PB-nin polis sahə rəisi, polis leytenantı Şahid3, kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 və kriminlastik təhqiqatlar bölməsinin inspektoru, polis kapitanı X3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 23.09.2020-ci il tarixdə saat 14:30 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Emin” şadlıq sarayının qarşısındakı parkın yaxınlığına getmişlər. Onlar həmin əraziyə gəldikdən sonra ekspert kriminalist Orxan Aslanov tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən saat 14:36 radələrində Xanlar adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin parkın kənarı ilə hərəkət etdiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün tərəflərindən saxlanıldığını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Sonra Təqsirləndirilən şəxs tərəflərindən həmin yerdə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs göy rəngli pencəyin içəri sol qoltuq hissəsində gizlətdiyi üzərində “Qayalı marekt” yazısı olan ağ rəngli sellofan torbanı onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs sellofan torbada nə olduğunu soruşduqda o, həmin sellofan torbada qurudulmuş marixuana olduğunu demişdir. Həmin sellofan torba tərəflərindən açıldıqda içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilmişdir. Onlar Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, həmin kütlənini qurudulmuş marixiuana olduğunu, həmin qurudulmuş maruixuananı üç gün əvvəl Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Daha sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Xanlar İbrahiomovun üzərindən 01 ədəd “West”, 01 ədəd “Maqna” markalı siqaret qutuları və 01 ədəd içərisi kibrit çöpləri ilə dolu kibrit qutusu aşkar edilərək götürülmüşdür. Həmin əşyalar əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxsin özünə qaytarılmışdır. Sonra onlar Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə getmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmişdir. Sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılıb, möhürlənib və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 23 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 23.09.2020-ci il tarixli, 7/653 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış sellofan torbada bir ədəd şəffaf sellofanda təmiz çəkisi 370,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır(marixuananın təmiz çəkisi-370 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 369,95 qramdır). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 08.10.2020-ci il tarixli, 2800 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər narkoloji dispanseri tərəfindən verilmiş 30.09.2020-ci il tarixli 2782 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2009-cu ilin fevral ayından həmin dispanserdə narkomaniya diaqnozu ilə qeydiyyatdadır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 yetkinlik yaşına çatmayan uşaqları- 19.08.2003-cü il təvəllüdlü X2, 06.03.2005-ci il təvəllüdlü İbrahimov Ağabəy Xanlar oğlu və 01.02.2007-ci il təvəllüdlü X4 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 02.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 29.10.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 23.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 25.09.2020-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 23 sentyabr 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 22.12.2020ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və eyni məhkəmənin hazırlıq iclasının 11.02.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 23 sentyabr 2020-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 369,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X9 08 (səkkiz) saat iştirak etmişdir. Ona görə də 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli (iş № 1(060)-111/2021) qərarını icra edərək, 31 yanvar 2021-ci il tarixli 046/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 23 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 369,95 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil X6 göstərdiyi 08 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar