Məhkəmə qərarları › İş №1(060)-111/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-111/2022

31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-111/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" QSC-də işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Hərbi Hissədə qeydiyyatda olan və ünvan 1 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi vaxtında 29.08.2021-ci il tarixdə “COVİD-19” infeksiyasına yoluxma faktı təsdiq olunduqdan sonra 31.08.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanını tərk edib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından həmin gün saat 12:50 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən Sumqayıt şəhəri, 3 saylı Ailə Sağlamlıq Mərkəzində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin və Sumqayıt ŞPİ PPXT-nin əməkdaşları tərəfindən aşkar edilərək saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, avqust ayının 21-də o, 10 aylıq övladını səhhətində yaranmış problemlə bağlı Sumqayıt şəhərində 5 saylı poliklinikaya aparmışdır. Bundan 2 gün sonra səhhətində narahatlıqlar hiss etməyə başlamış, onun bədən temperaturu qalxmış, gözlərində və bədəninin müxtəlif nahiyələrində ağrılar hiss etmişdir. Bununla əlaqədar o, X5 əlaqə saxlamışdır. 25.08.2021ci il tarixdə “COVİD-19”-la bağlı ondan analiz götürülmüşdür. 29.08.2021-ci il tarixdə “COVİD-19”-la bağlı verdiyi analizin nəticəsinin pozitiv olması ilə bağlı onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə mesaj gəlmişdir. Bundan sonra onunla əlaqə saxlayaraq ailə tərkibi haqqında məlumatlar alınmış, olduğu yeri tərk etməməsi barədə bildirilmiş və ona sahə həkiminin yaxınlaşacağı bildirilmişdir. 31.08.2021-ci il tarixə kimi yaşadığı ünvana heç kim yaxınlaşmamış və o özünü çox narahat hiss etmişdir. Onunla heç kimin əlaqə saxlamadığından narahat olmuş və xəstəliyin daha da irəliləyəcəyindən qorxub iki ədəd maska taxaraq yaşadığı evin yaxınlığında yerləşən 2 nömrəli poliklinikaya getmişdir. Poliklinikanın qarşısında polis əməkdaşını görüb ona müraciət etmək istəmişdir. Polis əməkdaşı ona yaxınlaşanda o, “COVİD-19” xəstəsi olduğunu bildirib ona çox da yaxın gəlməməsini demişdir. Bundan sonra polis əməkdaşı onun anket məlumatlarını soruşmuş və portalda onun xəstə olmağı ilə bağlı nəticələr çıxmışdır. Bundan sonra videoçəkilişlə baxış keçirilmişdir. Baxış bitdikdən sonra onu xüsusi geyimdə olan polis əməkdaşlarının müşayiəti ilə yaşadığı evə aparmışlar. Sonra ona yaşadığı evi tərk etməməsi bildirilmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 bildirdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-də YYÇnin inspektoru vəzifəsində xidmət edir, rütbəsi polis kapitanıdır. 31.08.2021-ci il tarixdə saat 12:40 radələrində Sumqayıt şəhəri, N.Nərimanov küçəsində 45-ci məhəllədə yerləşən 3 Saylı Ailə Sağlamlıq Mərkəzinin yanında təhkim olunmuş məntəqədə vətəndaşların vaksinasiya olunmaları ilə bağlı ictimai qaydanın qorunması və təhlükəsizliyin təmin olunması ilə əlaqədar xidmətdə olan zaman vətəndaşların portal məlumatlarını yoxlayarkən Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində qeydiyyatda olan, ünvan 1 yaşayan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “COVİD-19” virus xəstəsi və daşıyıcıs olması məlum olmuşdur, o bu barədə Təqsirləndirilən şəxs soruşduqda verdiyi testin nəticəsinin “pozitiv” çıxması ilə əlaqədar sms gəldiyini bildirərək özünə məxsus mobil telefonunda həmin sms-i təqdim etmişdir. Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı 14 gün müddətində özünü təcrid formada evdə qalması və çölə çıxmamasını bildirdikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, həkim tapmaq üçün poliklinikaya gəlib. O da baş vermiş faktla bağlı 3-cü PB-nin növbətçi hissəsinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da şahid X1 təsdiq edərək eyni məzmunlu izahat vermişlər. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 31.08.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs ilə şifahi sorğu zamanı o bildirmişdir ki, səhhətində olan narhatçılığa görə yeni növ “COVİD-19” virusu ilə bağlı analiz vermiş və 29.08.2021-ci il tarixdə analizin nəticəsinin pozitiv olduğunu, bununla bağlı istifadə etdiyi ***-***-**-** nömrəsinə sms gəldiyini bildirərək həmin sms-i təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və ya karantin rejimlərinin pozulması barədə məsuliyyəti elan olunaraq karantin qaydalarına əməl etməsi elan olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti ilə yaşadığı mənzilə yola salınmış və xəstəlik müddəti ərzində yaşayış yerini tərk etməməsi izah olunaraq bu barədə iltizam alınmışdır.(i.v 5) İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonun mesaj bölməsinə baxış keçirilmiş və baxış zamanı İTS.GOV.AZ-dan 29.08.2021-ci il tarixdə saat 14:54-də aşağıdakı məzmunda “Hörmətli Təqsirləndirilən şəxs. Sizin 25.08.2021-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, siz və aile üzvlərinizi yashayish yerinizi terk etmeyesiniz. Karantin rejimini pozdugunuz teqdirde, Azerbaycan Respublikasinin İnzibati Xetalar və Cinayet Mecellesində nezerde tutulmush qaydada mesuliyyete celb oluna bilersiniz. İD********** Tel: 1542”. Baxış zamanı mesaj mətnləri skreen edilib fotoşəkillə işə əlavə edilmişdir. (i.v.5-6) İş materiallarında olan Azərbaycan Respublikası İcbarı Tibbi Sığorta üzrə Agentliyi “TƏBİB” Publik Hüquqi şəxs, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdən daxil olmuş 22.09.2021-ci il tarixli 517/1173 nömrəli məktubda göstərilir ki, Təqsirləndirilən şəxs 25.08.2021-ci il tarixdə “COVİD 19” virusuna görə “PZR” müayinəsindən keçmiş, 29.08.2021-ci il tarixdə testin cavabı pozitiv olmuşdur, lakin müalicə üçün xəstəxanaya müraciət etməyib. Poliklinika tərəfindən Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlanılıb karantin qaydalarının şərtlərinə əməl etməsi məsləhət görülüb. (i.v.24-32) İş materiallarında olan Təqsirləndirilən şəxs saxlanılan zaman Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşları tərəfindən baxış keçirilməsi barədə görüntünü əks etdirən diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs “COVİD-19” infeksiyasına yoluxma faktı təsdiq olunduqdan sonra 31.08.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanını tərk edib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması və saxlanaraq təcrid edilməsi üçün yaşadığı mənzilə göndərilməsi təsdiq olunmuşdur. Disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (i.v. 34-35) İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.09.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 33) İş materiallarında olan arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, 10.10.2020-ci il təvəllüdlü bir azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakteriuzə edilir. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” 19.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.63-65) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin məcburi rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsində təqsiri olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquq məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarının 2.1-ci bəndinə əsasən yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, vəziyyətin kəskinliyi nəzərə alınmaqla aşağıdakı müvəqqəti tədbirlər görülə bilər: xüsusi sanitar rejim: yoluxucu xəstəliyə yoluxmuş, yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və onlarla təmasda olan digər şəxslərin təcrid edilməsi və müalicəsi üçün xüsusi qaydaların tətbiqi və s. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət, inzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs «Covid- 19» virusuna yoluxması faktı təsdiq olunduqdan sonra özünütəcrid müddəti ərzində yaşadığı ünvanı tərk edərək xəstəliklərin yayılması üçün real təhlükə yaradaraq epidemiya, sanitariya-gigiyena və karantin rejimini pozması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı olmasını, ilk dəfə məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 12 (on iki) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 9/77, mənzil 2 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar