Məhkəmə qərarları › İş №1(060)-112/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-112/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-112/2021 04.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 12.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12.03.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 06.10.2020-ci il tarixdə, saat 10:30 radələrində Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində olarkən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,750 qram çəkidə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 14:48-də Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsində yerləşən qəbirstanlığın yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,750 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2020-ci ilin yay aylarından narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 06.10.2020-ci il tarixdə, səhər saat 10 radələrində o, evdən çıxaraq şəxsi işi ilə əlaqədar Sumqayıt şəhəri Novxanı qəsəbəsinə getmişdir. Saat 10:30 radələrində o, Novxanı qəsəbəsində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxslə görüşərək ondan istifadə etmək üçün şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümdə heroni 20 manata alıb, əynindəki göy rəngli idman şalvarımın sağ yan cibinə qoymuşdur. Daha sonra o, bir neçə saat Novxanı qəsəbəsində olduqdan sonra Sumqayıt şəhərinə qayıtmışdır. Saat 14:50 radələrində Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsində yerləşən qəbirstanlığın yaxınılığında olarkən mülki və polis geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin həmin vaxt onların yanında olan polis geyim formasında digər bir polis əməkdaşı da əlində olan video kamera ilə orada çəkiliş aparırdı. Həmin əməkdaşlardan özünü ona Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı kimi təqdim edən şəxs ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və əldə etməsində şübhəli olduğunu deyərək, üzərində videoçəkilişlə şəxsi axtarış aparacağını bildirmişdir. O, da etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişdirlər. O, da əynində olan göy rəngli idman şalvarının sağ yan cibinə qoyduğu şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü onlara təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olduğu soruşulduqda, bildirmisdir ki, bükümün içində olan kütlə heroindir. Həmin vaxt polis əməkdaşları heroini haradan, kimdən əldə etdiyini soruşduqda, onlara həmin narkotik vasitə olan heroini bir neçə saat əvvəl, yəni səhər saatlarında Sumqayıt şəhəri Novxanı qəsəbəsində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını demişdir. Daha sonra həmin yerdə sənədləşdirmənin aparılması mümkün olmadığından, sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılaraq, onu Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişdirlər. O, da buna etiraz etməyərək, həmin bölməyə getmişdir. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin həmin bölmənin xidməti otaqlarının birində tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o, da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün özünə məxsus olan pulla almışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 06.10.2020-ci il tarixdə Sumqayıt şəhərində Elşad adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 06.10.2020-ci il tarixdə, saat 14:48-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisində müəyyən olunaraq, saxlanılmışdır. Sumqayıt ŞPİ-n Köhnə Corat qəsəbəsi qəbirstanlığın yaxınlığında 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X10 Abasova yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişdirlər. X5 Elşada narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və əldə olunmasında vasitəçilik etməsində şübhəli şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuş, o da bildirişlə tanış olmuşdur. Daha sonra X5 rəqəmsal tipli “Panasonik” markalı videokamera vasitəsi ilə videoçəkilişlə Elşadın üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o isə buna etiraz etməmişdir. Həmin vaxt X5 Elşaddan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişdir. Elşad da əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb onlara təqdim etmişdir. Elşaddan həmin bükümün içərisində nə olduğu, haradan əldə etdiyi soruşduqda, Elşad də onlara demişdir ki, 01 ədəd bükümdəki heroindir, 06.10.2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Novxanı qəsəbəsində olarkən tanımadığı bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 20 manata alıbdır. Daha sonra həmin yerdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından, heroin tərəflərindən götürülmüş, videoçəkiliş dayandırılmış və Elşad, Sumqayıt ŞPİ-nin 1-ci PBnə dəvət olunmuşdur. Elşad da buna etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Elşadın üzərindən götürülmüş heroin onların iştirakları ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 0.527 qram olması müəyyən edilmiş, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Məhkəmədə Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 06 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 06.10.2020-cu il tarixli 6/2077 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş , üzərində AR DİN “Zərflər üçün №125” möhr əksi, “Saxlanılan şəxs Abbasov Elşad ...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,750 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (heroinin təmiz çəkisi-0,750 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,700 qramdır). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 22.10.2020-ci il tarixli 2947 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş 24.11.2020-ci il tarixli, 1670 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqları- 03.11.2008-ci il təvəllüdlü X3, 14.12.2011-ci il təvəllüdlü X6 və 16.03.2016-cı il təvəllüdlü Abasov Rasim Elşad oğlu vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqlarının olmasını, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 12.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12.03.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 06.10.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 06 oktyabr 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 05.01.2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və eyni məhkəmənin hazırlıq iclasının 11.02.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 06 oktyabr 2020-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,700 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109 (bir yüz doqquz) manat, 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X7 18 saat iştirak etmişdir. Ona görə də 108 (bir yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli (iş № 1(060)-112/2021) qərarını icra edərək, 31 yanvar 2021-ci il tarixli 045/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 06 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,700 qram heroin məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (bir yüz doqquz) manat, 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil X2 göstərdiyi 18 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar