Məhkəmə qərarları › İş №1(060)-112/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-112/2022

22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-112/2022 22.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkumluğu olan, subay, işsiz, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67, mənzil 104-də qeydiyyatda olan və yaşayan, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən «Zəm-zəm» kafesinə gələrək orada ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ondan hesabı ödəyərək kafeni tərk etməsini tələb etməsini bəhanə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən bıçağı silah qismində istifadə edib tətbiq edərək Zərərçəkmiş şəxs sağ əlin ovuc səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmuş və hal-hazırda heç bir yerdə işləmir. xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Zəm-zəm” kafesinə getmişdir. Kafeyə daxil olan zaman içəridə müştərilərin çox olmasını görüb zarafatla “bura dəlixanadır” ifadəsini işlətmişdir. Bu vaxt həmin kafedə ofisiant işləyən Ləman adlı qadın həmin ifadəni onun barəsində söylədiyini zənn edib ona yaxınlaşmış və bu sözü onun ünvanına deyib-deməməyini soruşmuşdur. Ləman ona getməsini və öz işi ilə məşğul olmasını bildirmişdir. Həmin vaxt Ləman kafenin bağlandığını bildirmişdir. O, Ləmandan bunu ona görə edib-etməməsini soruşmuş, o bunu ona görə etdiyini söylədiyi üçün o, da belə edəcəyi təqdirdə ona heç kimin hesabı ödəməyəcəyini bildirmişdir. Bundan sonra onunla mübahisələri davam etmiş və həmin vaxt danışığına fikir vermədiyi üçün o, sol əli ilə Ləmanın sağ yanaq nahiyyəsinə sillə ilə vurmuşdur. Bundan sonra o, həmin kafeni tərk etmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs üzərinə bıçaq çıxarmamış, bıçaq əlində olmuşdur. Münaqişə təxminən 5 dəqiqə ərzində davam etmiş və orada olan tanışları Mamed, Sərvan və tanımadığı iki nəfər şəxslə birlikdə kafedən bayıra çıxmışlar, Ləman kafeni bağlamış və onlar oradan çıxıb getmişlər. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-112/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində məhkəmə baxış iclasına məcburi gətirilməsi qərara alınmış və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin 9205-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Betonzavod ərazisi fərdi evdə yaşamadığı üçün onu Sumqayıt Şəhər Məhkəməsinə təmin etmək mümkün olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan olunan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən «Zəm-zəm» kafesində ofisiant işləmişdir. xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində işdə olarkən əvvəldən onların müştəriləri olan Mamed, Həsrət, İmran, Ceyhun və Sərvan adlı şəxslər çay evində olmuşlar. Bir müddətdən sonra Həsrət, İmran, Ceyhun və Sərvan çıxıb getmişlər. Mamed isə başqa masaya keçib tanımadığı adamlarla əyləşmişdir. Bir az keçmiş tanımadığı bir nəfər oğlan obyektə gəlmişdir. O, Mamedgilin masasına tərəf gedb onlarla əyləşmiş və özü üçün pivə sifariş etmişdir. İçəri gərən kimi onunla kobud danışmağa başlamışdır. O, görmüşdür ki, həmin şəxs özünü yaxşı aparmır və nəsə problem yarana bilər. Buna görə də o, müdiri Çingizə zəng edib həmin şəxs barədə məlumat vermişdir. Çingiz ona əgər belədirsə obyekti bağlamağı demişdir. Buna görə də o, adının sonradan Qüdrət olduğunu bildiyi şəxsə yaxınlaşıb ondan hesabı istəmiş və obyektin bağlanacağını bildirmişdir. O, bir neçə dəfə ona xəbərdarlıq etmişdir. Onun yanındakı şəxs isə ona narahat olmayın birazdan durub gedəcəyik demişdir. O, onlara durmaları üçün təkid etmişdir. Bu vaxt Qüdrət əynindəki gödəkçəsini yana tərəf çəkərək belindəki bıçağı ona göstərmişdir. Sonra isə o, belindən bıçağı çıxarıb ona tərəf sağa-sola hərəkət etdirməyə başlamışdır. O, qorxduğu üçün sağ əli ilə onu özündən kənara itələmək istəmişdir. Bu vaxt Qüdrətin əlində olan bıçaq onun sağ əlinin ovuc hissəsinə dəymişdir. Bundan sonra Mamed adlı şəxs Qüdrətin qolundan tutub onu çölə çıxarmışdır. O, əlinin qanadığını görüb dəsmalla bağlamışdır. Sonra isə Polis Bölməsinə gələrək Qüdrət barəsində şikayət etmişdir. Qüdrətin bıçaqla onun sağ əlinizin ovuc hissəsini kəsdikdən sonra onunla birlikdə olan şəxslər oturduqları masanı dağıdaraq çıxıb getməsi ilə bağlı suala cavab verərkən bildirmişdir ki, o, izahat verərkən əsəbi və həyəcanlı olmuşdur. Buna görə də izahatında belə göstərmişdir. Əslində isə onlar masanı dağıtmamışlar. Münqaişə təxminən 8-10 dəqiqə davam etmişdir, sonra orada olan şəxslər sonradan adının Qüdrət olduğunu bildiyi həmin şəxsi kafedən bayıra çıxarmışlar. O, Qüdrəti kafedə ilk dəfə görmüşdür, o kafedə oturandan onunla aqressiv formada danışmış və kafedə özünü normal aparmamışdır. xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində kafeni bağlamaq istədiyini müştərilərə söyləmiş, həmin vaxt Qüdrət kafeni ona görə bağlamaq istədiyini soruşmuş, o, da kafeni ona görə bağlamaq istədiyini ona bildirmişdir. Qüdrət həmin vaxt hesabı verməyəcəklərini söyləmiş, o, da yüksək səslə “necə yəni hesabı verməyəcəksiz” deyə onlardan hesabı ödəməsini tələb etmişdir. Qüdrət təkrar hesabı verməyəcəkləri bildirmiş və belinin sağ arxa tərəfindən bıçaq çıxararaq əlində fırlamağa başlamış və o, da Qüdrətin onu vura biləcəyindən ehtiyat etdiyi üçün həmin bıçağı onun əlindən almaq istəmiş, lakin o bıçağı geri çəkmiş və həmin vaxt sağ əlinin barmaq hissəsini bıçaq cızmışdır, lakin əlinin dərisini bıçaq kəsmədiyi üçün ciddi xəsarət almamışdır. Sonar həmin şəxsi kafedən bayıra çıxarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Hacıbala oğlu ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ərizəsi ilə tanış olmuşdur. Bununla bağlı bildirir ki, o, Ləmanı tanıyır. Belə ki, o, əvvəllər dostu Tural işlətdiyi «Zəm-zəm» kafesində ofisiant işləmişdir. Dostu həmin obyekti icarəyə götürmüşdür. Onun işləri çox olduğu üçün həmin obyektə o, nəzarət etmişdir. xx.xx.2021-ci il tarixdə o, öz iş yerində növbədə olmuşdur. Buna görə də obyektdə Ləmanla bağlı yaranmış münaqişənin təfərrüatlarını bilmir. Həmin gün Ləman ona zəng edərək bir nəfər müştərinin onu döydüyünü və bu barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. O, Ləmanın zəngindən sonra Turala zəng edib məlumat vermişdir. Tural ona demişdir ki, özü kafeyə gedib hadisə ilə maraqlanacaqdır. Sonradan ona məlum olmuşdur ki, bir nəfər Qüdrət adlı müştəri kafeyə gəlmiş və orada Ləmanla aralarında mübahisə yaranmışdır. Sonra o, üzərində olan bıçağı çıxarmış və Ləmanın əlinə xəsarət yetirmişdir. Bundan sonra orada olan şəxslər həmin şəxsi kafedən çölə çıxarmışlar. Hadisə zamanı o, orada olmamışdır. Ancaq Ləmanın ona dedikləri qədər bilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 331 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sağ əlin ovuc səthinin sıyrıqları xəsarətləri vardır. Həmin xəsarətlər küt əşya təsirindən törənmişdirlər, ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən bıçağın küt hissəsi ilə vurulmaqla əmələ gəlmişdir, müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir əvvəl olmaqla xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında məhkəmə ballistik ekspertizasının 30 iyun 2021-ci il tarixli 3/1029 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir – soyuq silah hesab edilir. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 1221-12373-1221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-741/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin ***-**** nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx/xx-1076 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-112/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində məhkəmə baxış iclasına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin 9205-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Betonzavod ərazisi fərdi evdə yaşamadığı üçün onu Sumqayıt Şəhər Məhkəməsinə təmin etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində olan 01 (bir) ədəd bıçaq maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-626/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından və Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 7(003)-1223/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardan görünür ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 05(beş) ilə endirilmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti azad olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından müəyyən edildi ki, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.3 və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilməli, və ekspertiza tədqiqatının dəyəri olaraq 74,0 (yetmiş dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 74,0 (yetmiş dörd) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ013501**********6944 VÖEN: **********) köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar