Məhkəmə qərarları › İş №1(060)-112/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-112/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-112/2024 16.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə, Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.H.Hacınski küçəsi, məhəllə 4083, ev 33, mənzil 11-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər məhəlləsi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,302 qram narkotik vasitə olan heroini, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 0,780 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 17:00-da Sumqayıt şəhəri, S.Vurğun küçəsi, «Göyərçin» abidəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarının sağ yan cibində saxlamış olduğu qara rəngli «Kent» markalı siqaret qutusunun içərisindən 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,302 qram narkotik vasitə olan heroin, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edən 02 ədəd ayrı-ayrı ağ rəngli kağıza bükülmüş 0,455 qram, 0,325 qram olmaqla ümumi təmiz çəkisi 0,780 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi, «Göyərçin» abidəsinin yaxınlığında öz avtomobili ilə hərəkət edən zaman Dövlət Yol Polisi əməkdaşları tərəfindən avtomobili saxlanılmışdır. Həmin vaxt onun avtomobilində «Kent» markalı siqaret qutusunun içərisində 02 ədəd ayrı-ayrı ağ rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamin və 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin olmuşdur. Avtomobili DYP əməkdaşları tərəfindən saxlanıldıqdan sonra əməliyyatçılar ona yaxınlaşıb özlərini təqdim etmiş onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün onu saxladıqlarını bildirmişlər. Onun avtomobilinə baxış keçirilərkən narkotik vasitə avtomobilindən aşkar edilmişdir. Polis əməkdaşları onu Sumqayıt ŞPİ-yə dəvət etmiş və o, buna etiraz etməmişdir. O, narkotik vasitəni götürüb üzərində saxlayaraq polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuşdur. O da göy rəngli şalvarının sağ yan cibində saxlamış olduğu qara rəngli «Kent» markalı siqaret qutusunun içərisindən 02 ədəd ayrıayrı ağ rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamini, 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini, sol yan cibində olan 01 ədəd «İphone» markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı o üzərindən aşkar olunan narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Azadlıq prospektində yerləşən «Çənlibel» restoranının yaxınlığında İran vətəndaşı olan Əhməd adlı şəxsin ona göndərdiyi məkan yeri üzrə götürdüyünü bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş 02 ayrı-ayrı bükümlərdə olan metamfetamin və heroin elektron tərəzidəçəkilərək qablaşdırılmışdır. Narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini aldığı şəxs İran vətəndaşı olan Əhməd olmuş, onun digər anket məlumatlarını bilməmiş, həmin maddələrdən özü istifadə edəcəkdi, onları satmaq niyyəti olmamış, satışı ilə məşğul olmamışdır. Saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Tutduğu əməldən peşmandır və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında aşağıdakı şahid ifadələri dinlənilmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid ifadəsində göstərdi ki, Sumqayıt şəhərində Vüsal adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2023-cü ildə saat 17:00-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsi “Göyərçin” abidəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Orada xidməti otaqların birində videoçəkilişlə və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa, həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan göy rəngli şalvarının sağ yan cibində saxlamış olduğu qara rəngli «Kent» markalı siqaret qutusunun içərisindən 02 ədəd ayrı-ayrı ağ rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamini, 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini, sol yan cibində olan 01 ədəd «İphone» markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Vüsal üzərindən aşkar olunan narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri Azadlıq prospektində yerləşən «Çənlibel» restoranının yaxınlığında İran vətəndaşı olan Əhməd adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra, Vüsalın üzərindən aşkar olunmuş 02 ayrı-ayrı bükümlərdə olan metamfetamin və bir ədəd bükümdə olan heroin tərəziyə qoyulub çəkilmiş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən piyada olmuş və narkotik vasitə onun üzərindən aşkar edilmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00-da Sumqayıt şəhəri, S.Vurğun küçəsi, "Göyərçin” abidəsinin yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində Vüsal adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 17:00-da Sumqayıt şəhəri, S.Vurğun küçəsi, “Göyərçin” abidəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Öncə üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan göy rəngli şalvarının sağ yan cibində saxlamış olduğu qara rəngli «Kent» markalı siqaret qutusunun içərisindən 02 ədəd ayrı-ayrı ağ rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamini, 01 ədəd göy rəngli siqaret kağızma bükülmüş narkotik vasitə olan heroini, sol yan cibində olan 01 ədəd «İphone» markalı mobil telefonu təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 10:15-də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Təqsirləndirilən şəxsin X2 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə, saxlanıldığı Sumqayıt ŞPİ-nin X2 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4498 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №125” dairəvi möhür əksi olan “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,302 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,455 qram, 0,325 qram ümumi təmiz çəkisi 0,780 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroinin təmiz çəkisi 0,302 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,252 qram. Metamfetaminin təmiz çəkisi 0,780 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 0,700 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2023-cü il tarixli 5863 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardı. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanıma barədə” xx.xx.2023-cü il tarixli qərara əsasən tədqiqatdan sonra qalıq qalmış 0,252 qram heroin, 0,700 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin məsu saxlanışına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi ekspert rəyinə əsasən 0,302 qram, metamfetaminin ümumi təmiz çəkisi isə 0,780 qram əsas götürülmüş, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,252 qram heroinin, 0,700 qram metamfetaminin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd «İphoneX» markalı iş üzrə sübut əhəmiyyət kəsb etmədiyindən, maddi sübut kimi tanınmayaraq, saxlanılması üçün özünə qaytarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs onun avtomobillə hərəkətdə olarkən dövlət yol polisi əməkdaşları tərəfindən saxlandığını, narkotik vasitələrin avtomobildə olduğunu, sonradan əməliyyatçıların ona yaxınlaşdığını və avtomobilə baxış keçirilərkən narkotik vasitənin aşkar edildiyini bildirmişdir. Məhkəmə həmin ifadəyə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə iş üzrə digər şahidlərin ifadələri ilə təkzib edilir. Həmçinin təqsirləndirilən şəxs ibttidai istintaq zamanı verdiyi ifadəsində piyada olduğu vəziyyətdə polis əməkdaşları tərəfindən saxlandığını və narkotik vasitələrin üzərində olduğunu bildirmiş və məhkəmə iclasında da narkotik vasitələrin ona məxsus olmasını mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar”a əsasən (birinci Siyahı) heroinin və metamfetaminin 0,15 qram da daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (58.3). Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır (69.3). Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir (93.1.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, üzərindən aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından əhəmiyyətli dərəcədə artıq olması nəzərə alınmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində 01 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanmalıdır. Brəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış qalıq çəkisi 0,252 qram narkotik vasitə heroin, 0,700 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək tutulduğu 02 (iki) gün cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 16 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,252 qram narkotik vasitə heroin, 0,700 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd videodisk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar