Məhkəmə qərarları › İş №1(060)-112/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-112/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-112/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs X2 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2sində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə, saat 21:30 radələrində, “BCD” kateqoriyalı, AE 058298 seriyalı sürücülük vəsiqəsi əsasında, etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ford Connect” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub, yəni hadisə zamanı sürücü sola dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və sağa hərəkət edən nəqliyyat vasitəsinə yol verməli olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət elməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozub idarə etdiyi avtomobili sola döndərərkən qarşı tərəfdən gələrək düzünə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Mono of 49cc” markalı, dövlət qeydiyyat nişanı olmayan mopedlə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun sol said sümüklərinin açıq qəlpəli yerdəyişən sınıqları, sifətin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 21:15 radələrində etibarnamə əsasında idarə etdiyi **-TO-*** dövlət qeydiyyat nişanlı “Ford Connect” markalı avtomobillə Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsi istiqamətində yolun soldan 1-ci hərəkət zolağı ilə təxminən 15-20 km/saat sürətlə hərəkətdə olduqdan sonra qarşıda sol istiqamətdə yerləşən 5-ci mkr ərazisinə dönmə üçün yolun dönmə üçün nəzərdə tutulmuş hissəsində maşını tam saxlayıb qarşıdan düzünə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət axınına nəzarət etdikdən sonra yolun boş olduğuna tam əmin olub dönmə siqnalından istifadə etməklə sola dönmə manevri həyata keçirmiş, dönməni başa çatdırıb qarşıdan gələn maşına yol vermək üçün avtomobili bir anlıq saxlamış, qarşıdan düzünə gələn dövlət qeydiyyat nişanı olmayan moped anidən qabaq hissəsi ilə avtomobilin arxa sağ qanadından və arxa sağ təkərindən toqquşmuş, mopedin sürücüsünün baş dəbilqəsi avtomobilin arxa sağ şüşəsinə dəyərək şüşəsini sındırmışdır. Həmin vaxt o dönərkən mopedi görməmiş, moped anidən həmin yolda sürətlə hərəkət edərək onun avtomobilinə dəymişdir. Hadisədən sonra maşından düşüb mopedə yaxınlaşmış, bu zaman orda olan taksi sürücüsü mopeddən yıxılan iki nəfərin məhləyə tərəf qaçdığını bildirmiş və o onların arxasınca getmiş, hazırda zərərçəkmiş şəxs olan Nizaminin qolunun qan içində olduğunu görmüş, ona bu vəziyyətdə hara qaçmasını bildirmiş və daha sonra avtomobilində olan dəsmal ilə onun qolunu sarımış və orada olan iki nəfər tanımadığı şəxsdən xahiş etmişdir ki, birlikdə onu xəstəxanaya aparsınlar. Həmin iki nəfər şəxslə zərəçəkmiş şəxsi xəstəxanaya aparmışdır. Tibbi müayinələrdən keçdikdən sonra onu qol nahiyyəsindən sınıq xəsarətləri olduğu üçün həkimlər əməliyyata götürmüşlər. Bundan sonra o həmin şəxsin valideyninin mobil telefonunu tapıb sonuncu ilə əlaqə saxlamış və xəsarət alan şəxsin valideyni ilə xəstəxanada görüşüb hadisəni ona danışmışdır. İş üzrə istintaq düzgün aparılmamış, hadisə yerinə baxış protokolu onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza təqdiqatı nəticəsində verilmiş rəy ilə də razı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son söz olaraq hadisə günü zərərçəkmiş şəxsi xəstəxanaya çatdırdığını, səhəri gün onun atasına 300-400 manat məbləğində kömək etməyə gücü çatdığını, lakin, zərərçəkmiş şəxsin atasının razılaşmadığını, başına ilk dəfədir belə bir hadisənin gəldiyini bildirmiş, ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilmədiyini, baş vermiş yol-nəqliyyat hadisəsində günahının olmaması barədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, ibtidai və məhkəmə istintaq zamanı hadisə yerinə baxış keçirilməsi haqqında protokollarla və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 öz ifadəsində birdirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində dostları ilə birlikdə Sumqayıt şəhəri bulvar adlanan ərazidə görüşmüş, daha sonra dostu X10 ilə birlikdə özünə məxsus "Mono of 49 cc” markalı mopedə minərək babası Tehran Abbasovun yaşadığı ünvana, yəni Saray qəsəbəsi, M.Abbasov küçəsi, ev 14 ünvanına doğru yola çıxmış, C.Məmmədquluzadə küçəsi ilə Z.Hacıyev küçəsinin kəsişməsinə çatdıqda işıqforun qadağa siqnalı yanmış və o idarə etdiyi mopedi hərəkətsiz vəziyyətə gətirmiş, icazə siqnalı yandıqdan sonra hərəkətini davam etdirmiş, həmin vaxt ondan irəlidə təxminən 8-10 metr qarşıda markasını və dövlət nömrə nişanını dəqiq xatırlamadığı minik avtomobili hərəkət etmiş, o hərəkətdə olan zaman qarşı tərəfdən gələn minik avtomobili sola dönmə işıq siqnalını yandırmamış və sürətini azaltmadan qəfildən sola doğru dönmüş, həmin avtomobil sola dönən anda sürətini azaltmış və həmin avtomobilin arxa hissəsi yolun hərəkət hissəsində qalmışdır. Belə olduqda o idarə etdiyi mopedin əyləcini sıxmağına baxmayaraq məsafə qısa olduğu üçün Təqsirləndirilən şəxs idarə etdiyi **-TO- *** dövlət nömrə nişanlı, “Ford Connect” markalı minik avtomobilinin arxa sağ hissəsinə çırpılmış, həmin vaxt mopeddə olan sərnişin Elgün Neymətov onun aldığı xəsarətdən qorxaraq məhəlləyə tərəfə qaçmış, o Elgün Nemətova evə getməsini bildirmiş, hadisənin şokunda olduğu üçün aldığı xəsarətləri hiss etməmişdir. Sonra Təqsirləndirilən şəxs onu avtomobilinə əyləşdirərək xəstəxanaya aparmışdır. Ona dəymiş ziyanın ödənilməsini, ödənilmədiyi halda qanunauyğun cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. xx.xx.2023-cü il tarixdə gecə saat saatlarında Nizaminin babası ona zəng edərək oğlu Nizaminin xəstəxanada olduğunu, onun yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını bildirmişdir. Babasına da İlqar zəng etmişdir. Bundan sonra o cəld xəstəxanaya getmiş, xəstəxanada olarkən Təqsirləndirilən şəxsla qarşılaşmışdır. Təqsirləndirilən şəxs oğlunun skuterdən yıxılmasını bildirmişdir. O da hadisədən xəbəri olmadığı üçün İlqara təşəkkür edib getməsini söyləmiş, İlqar da getmişdir. O, qəzanın olduğunu səhəri gün günortadan sonra bilmişdir. Oğlu Nizami ilə dostu danışarkən eşitmişdir ki, oğlu mopedlə qəza törəmişdir. O, İlqarı çağırmış və əməliyyat xərclərinə köməklik etməsini bildirmişdir. Onun 5000 manatdan çox xərci çıxmışdır. Hadisə baş verən ayın 21-də o İlqarla xəstəxananın həyətində görüşmüş, əməliyyat üçün maddi köməklik etməsini bildirmişdir, İlqar da onunla sabah danışacağını demiş, lakin, danışmamışdır. Bundan sonra o, polisə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin avqust ayında dostu Rəftarla birlikdə söhbət edə-edə yol gedərkən bir səs gəldiyini eşitmiş, baxan zaman görmüşdür ki, yerdə moped var, oğlan yıxılmış, yıxılan vaxt qolu qırılmışdır. O, dostu Rəftarla onu maşına otuzduraraq xəstəxanaya aparmış, orada onun qolunu əməliyyat etmişdirlər. O hadisəni gözü ilə görməmiş, sadəcə səs eşitmiş, o görəndə avtomobil məhləyə gedən yolda, moped isə bir qədər aralıda yıxılmış vəziyyətdə olmuşdur. Daha sonra Rəftar zərərçəkmiş şəxsi avtomobil ilə xəstəxanaya aparmaq üçün çağırmışdır. Yolda olarkən o həmin avtomobilin mopedlə toqquşan avtomobil olduğunu bildirmişdir. O hadisəni görməmiş, sadəcə səs eşitmişdir. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid2 Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsindən sonra tanımışdır. Belə ki, həmin gün təxminən saat 21-22 radələrində Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində dostu Şahid3la gəzən zaman C.Məmmədquluzadə küçəsindən üzü S.Vurğun küçəsi istiqamətində Ford markalı avtomobilin hərəkət etmiş, həmin avtomobil məhəlləyə girmək üçün sola dönmüş, ancaq qarşıdan düzünə hərəkətdə olan mopedi gözləməmiş və yol verməmişdir. Bu zaman Nizami idarə etdiyi moped ilə həmin avtomobilə çırpılmış, bundan sonra o, Rəftarla birlikdə Nizamiyə yaxınlaşmışdır. O, yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Mopeddə olan digər sərnişinin isə heç bir xəsarəti yox idi və ayaqüstə olmuşdur. Onlar Ford avtomobilinin sürücüsü ilə Nizamini yerdən qaldırıb həmin avtomobilə əyləşdirərək xəstəxanaya aparmışlar. Məhkəmə iclasında iştirak etmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsindən sonra tanımışdır. Belə ki, həmin gün təxminən saat 21-22 radələrində Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində gəzən zaman C.Məmmədquluzadə küçəsindən üzü S.Vurğun küçəsi istiqamətində Ford markalı avtomobilin hərəkət etdiyini görmüş, həmin avtomobil məhəlləyə girmək üçün sola dönmüş, ancaq qarşıdan düzünə hərəkətdə olan mopedi gözləməyərək yol verməmişdir. Bu zaman Nizami idarə etdiyi moped ilə həmin avtomobilə çırpılmış, bundan sonra o Nizamiyə yaxınlaşmışdır. O, yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Mopeddə olan digər sərnişinin isə heç bir xəsarəti olmamışdır. O, Ford avtomobilinin sürücüsü ilə Nizamini yerdən qaldırıb həmin avtomobilə əyləşdirərək xəstəxanaya aparmışdır. Məhkəmə iclasında iştirak etmiş şahid X16 ifadəsində bildirmişdir ki, o taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Hadisə baş verən vaxt sifarişi düşürdüb yeni tikili binanın qarşısında maşınını saxlamışdır. İlqar maşınla dönmə işığını yandırıb “Dörd qardaş” şadlıq sarayından gələn avtomobilləri buraxaraq məhləyə dönmək istəyərkən moped gələrək arxadan maşına dəymişdir. Moped maşına dəyərək aşmışdır. Bu zaman zərərçəkmiş şəxs və onun yanındakı şəxs qalxaraq məhləyə doğru qaçmışlar, o sürücüyə 2 nəfərin məhləyə qaçdığını bildirmiş, sürücü də onların dalınca getmişdir. Sonuncu da gedib həmin şəxsləri gətirmişdir. Avtomobilin sürücüsü dönmə əməliyyatını başa çatdırmışdır, lakin, qarşıdan maşın gəldiyi üçün avtomobilin bir az hissəsi yolda qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. Cinayət işi ********* saylı statistik nömrə ilə qeydə alınmışdır.(1-ci cild, i.v.1) Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən, baxış aydın havada Sumqayıt şəhəri C.Məmmədquluzadə küçəsi istiqamətində keçirilmişdir. Hadisənin növü toqquşma, yol-nəqliyyat hadisəsi yeri Sumqayıt şəhəri, C.Məmmədquluzadə keçəsi, yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 13 metr, hərəkət zolaqlarının sayı 04, hərəkət hissəsinin eni 6,5 m olmuşdur. Hərəkət hissəsində həmin yolda nəqliyyat axınını düz qoşa və qırıqqırıq xətt ayırır. Hərəkət hissəyə sağdan və soldan ağaclıq hissə, sonra sağdan yaşayış binası və soldan mağazalar birləşmişdir. Hərəkətin nizamlanma üsulu işıqforla tənzimlənir, lakin, hadisə yerində işıqfor yoxdur. Yol şəhər elektrik işığı ilə işıqlandırılır. “Ford connect” markalı avtomobil ilə moped yolun sağ yan tərəfdən 2 metr, sol yan tərəfdən isə 4,5 metr ara məsafədə toqquşmuş, toqquşan nəqliyyat vasitəsinin sayı 02 olmuş, hər iki avtomobil Sumqayıt şəhər, C.Məmmədquluzadə küçəsində bir-birlərinə əks istiqamətdə hərəkətdə olmuşlar. Hadisə vaxtı “Ford Connect” markalı avtomobilə və mopedə əzilərək maddi ziyan dəymişdir. Şinlərin izləri, tormozlama izləri, nəqliyyat vasitəsinin hərəkət istiqaməti əlamətləri, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu, nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər aşkar edilməmişdir. Baxış zamanı hadisə yerində asfalt örtüyün üzərində qanabənzər ləkələr aşkar edilmişdir. Protokola sxem və şəkillər əlavə edilmişdir. (1-ci cild, i.v.5-16) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 8/2697 nömrəli rəyindən görünür ki, Ford Connect markalı, 90TO611 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mono of 49 cc markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. (1-ci cild, i.v.35-39) Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən, nəqliyyat vasitəsinin mülkiyyətçisi X6 tərəfindən Təqsirləndirilən şəxs “Ford Connect” markalı minik avtomobilini idarəetmək səlahiyyəti verilmişdir. (1-ci cild, i.v.42) Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs AE058298 nömrəli, BCD kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2020-ci il tarixdə 10 il müddətinə verilmişdir. (1-ci cild, i.v.43) Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-TO-*** qeydiyyat nişanlı “X22” markalı, universal tipli, buraxılış ili 2007 olan ağ rəngli nəqliyyat vasitəsinin seriya və nömrəsi AD№319601-dir. (1-ci cild, i.v.43) Məhkəmə-Tibbi Ekspertiza və X8 X15 xx.xx.2023-cü il tarixli, 2018 nömrəli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində sol said sümüklərinin açıq qəlpəli yerdəyişən sınıqları, sifətin sıyrıqları müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYXna müraciət etdiyi vaxtda və şəraitdə yəni, 18.08.23-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (1-ci cild, i.v.45-48) Şəxsin zərərçəkmiş şəxs kimi tanınması barədə xx.xx.2024-cü il tarixli qərara əsasən, Zərərçəkmiş şəxs qismində tanınmışdır.( 1-ci cild, i.v.52-53) Zərərçəkmiş şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs qismində dindirilmişdir.( 1-ci cild, i.v.58-59) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.( 1-ci cild, i.v.60) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il protokola əsasən Təqsirləndirilən şəxs qismində dindirilmişdir.( 1-ci cild, i.v.78-79) Qətimkan tədbiri seçmə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.( 1-ci cild, i.v.83) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16-8/2 306/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “BCD” kateqoriyalı AE 058298 nömrəli sürücülük vəsiqəsi mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (1-ci cild, i.v.92) Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla arvadı X9 (xx.xx.1980), uşaqları X23 oğlu (xx.xx.2002), X13 (xx.xx.2008) və X11 (xx.xx.2010) qeyd edilmişdir. (1-ci cild, i.v. 93) Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. (1-ci cild, i.v. 94) "xxxx" MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən həmin MMC-nin satış şöbəsinin merçendayzer-ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddət ərzində iş yoldaşları arasında hörmət qazanmış, intizamlı, nəzakətli və təvazökar bir insan kimi özünü tanıtmışdır. (1-ci cild, i.v. 95) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində məlumat yoxdur.( 1-ci cild, i.v.97) Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, yolda nəqliyyat axınını düz qoşa və qırıq-qırıq xətt ayırır, yolun eni 13 metr, hər istiqamət üçün hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 6,5 metrdir. Hərəkət hissəyə sağdan və soldan ağaclıq sahə, sonra sağdan yaşayış binası, soldan mağazalar birləşir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, o hadisə zamanı mopedlə düz hərəkətdə olmuş, “Ford Connect” markalı avtomobilin sürücüsü sola doğru manevr etmiş və bu zaman həmin avtomobilin sağ arxa tərəfinə çırpılmış və yol nəqliyyat hadisəsi baş vermişdir. “Ford Connect” markalı avtomobil ilə Moped yolun sağ tərəfdən 2 metr, sol yan tərəfdən 4,5 metr ara məsafədə toqquşmuşdur. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilməmişdir. Baxış gündüz vaxtı, təbii işıqlanmış şəraitdə keçirilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. (1-ci cild, i.v. 145-149) Təkrar məhkəmə yol-nəqliyyat ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2275 nömrəli rəyində göstərilmişdir ki, “Ford Connect” markalı, **-TO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmçinin, maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mono of 49 cc” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (1-ci cild, i.v. 159-163) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs İlqar oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, baxış və digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, cinayət işi üzrə mötəbər sübut kimi qiymətləndirilmişdir.( 1-ci cild, i.v. 165-170) 058617 nömrəli Azəebaycan Respublikasının müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. (2-ci cild i.v. 32) Məhkəmə tərəfindən hadisə mexanizminin və ölçülərin düzgün müəyyən olunması üçün müdafiə və ittiham tərəfinin və Sumqayıt ŞPİ-nin YPŞ-nin yol nəqliyyat inspektorunun inspektorunun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib edilmiş, baxış zamanı zərərçəkmiş şəxs C.Məmmədquluzadə küçəsi ilə Z.Hacıyev küçəsinin kəsişməsinə çatdıqda işıqforun qırmızı işığının yandığı üçün idarə etdiyi mopedi hərəkətsiz vəziyyətə gətirdiyini, yaşıl işıq yandıqdan sonra hərəkətini davam etdirərkən ondan irəlidə təxminən 8-10 metr qarşıda markasını və dövlət nömrə nişanını dəqiq xatırlamadığı minik avtomobili hərəkət etmiş, o hərəkətdə olan zaman təqsirləndirilən şəxs sola dönmə işıq siqnalını yandırmadan və sürətini azaltmadan qəfildən sola doğru döndüyünü, həmin avtomobil sola dönən anda sürətini azaltdığını və avtomobilin arxa hissəsinin yolun hərəkət hissəsində qaldığını və nəticədə onun mopedlə avtomobilə çırpıldığını bildirmişdir. Hadisə yerində təqsirləndirilən şəxs bildirmişdir ki, o, sola dönmə manevrini bitirmiş, sola dönərkən qarşıdan digər bir avtomobil əsas yola çıxdığı üçün həmin avtomobilə yol vermiş, bu zaman onun avtomaşının az bir hissəsi yolda qalmış, zərərçəkmiş şəxs isə anidən avtomobillərin arxasından çıxaraq sürətlə onun avtomobilinin sağ arxa hissəsi ilə toqquşmuşdur. Baxış zamanı tərtib edilmiş hadisə yerinin sxemi cinayət işi materiallarına əlavə edilmişdir. (2-ci cild, i.v. 77) Təkrar məhkəmə yol-nəqliyyat ekspertizasının xx.xx.2025-ci il tarixli 8/840 nömrəli rəyində göstərilmişdir ki, “Ford Connect” markalı, **-TO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmçinin, maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mono of 49 cc” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs mopeddə sərnişin daşıdığından onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının qanununun 46-cı maddəsinin 2-ci hissəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Məhkəmə bu qənaətə gələrkən təqsirləndirilən şəxsin özünün verdiyi ifadəsi, həm də iş üzrə dindirilmiş digər şəxslərin (zərərçəkmiş şəxs və şahidin) ifadələri ilə əlaqəli şəkildə tədqiq edilməsini zəruri hesab edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək sola manevr edərkən qarşıdan gələn avtomobilə yol verib yolun boş olduğuna əmin olduqdan sonra sola dönməsini və sola döndükdən sonra qarşıdan avtomobil gəldiyi üçün ona yol verərkən surətini azaltdığını, idarə etdiyi avtomobilin az hissəsinin yolda qaldığını, Mopedin haradansa surətlə gəlib onun avtomobilinin arxa sağ tərəfinə çırpıldığını bildirsə də, məhkəmə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları tədqiq edərək təqsirləndirilən şəxsin ifadəsini işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir. Bundan başqa, məhkəmə ibtidai araşdırma zamanı ifadə vermiş Şahid2 məhkəmədə verdiyi ifadəsində hadisə baş verərkən toqquşma səsi eşitdiyini, hadisəni görmədiyini, o hadisəni görəndə avtomobilin məhləyə dönən yolda, mopedi isə bir qədər aralıda aşmış vəziyyətdə olduğunu, daha sonra isə avtomobilin sürücüsü (yəni təqsirləndirilən şəxslə) zərərçəkmişi xəstəxanaya apardıqlarını bildirmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsini əsas götürməklə qeyd edir ki, şahid hadisənin baş verdiyi anı görməsə də, avtomobilin məhləyə gedən yola dönən, mopedin də bir qədər aralı aşmış vəziyyətdə gördüyünü bildirmişdir. Qeyd olunan ifadə məhkəmə tərəfindən hadisənin mexanizminə yəni - X22 markalı avtomobilin sola manevr edərək məhləyə dönməsinə və qarşıdan başqa bir avtomobil çıxdığı üçün ona yol vermək üçün məhləyə gedən yolda surəti azaltmasına uyğun olaraq qiymətləndirilir. Bundan başqa, müdafiə tərəfinin şahidi X16 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs dönmə əməliyyatını başa çatdırmışdır, lakin, qarşıdan maşın gəldiyi üçün avtomobilin bir az hissəsi yolda qalmışdır. Məhkəmə qeyd edilən ifadəyə münasibətdə bildirir ki, şahid X16 ifadəsində təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadəsində qeyd edildiyi kimi Təqsirləndirilən şəxs sola döndükdən sonra surətini azaldaraq qarşıdan gələn avtomobilə yol verdiyi üçün idarə etdiyi avtomobilin bir az hissəsinin əsas yolda qalmasını ifadə etmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Belə ki, qeyd edilən hal tərəflərin iştirakı ilə hadisə yerinə baxış zamanı da bir daha tərəflərin ifadələrində göstərilmiş və tərəflərin iştirakı ilə hadisənin yerinin sxemi tərtib edilmiş və sxemdə də hadisənin baş vermə yeri təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrinə uyğun olaraq göstərilmişdir. Bundan savayı, məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin iştirakı ilə tərtib edilmiş sxem üzrə təkrar məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli 8/840 nömrəli ekspert rəyində “Ford Connect” markalı, **-TO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olması və onun hadisənin qarşısını almağa texniki imkanının olması göstərilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinə əsasən Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya çatdırmasını və müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların olmaması, eləcə də zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, ona dəymiş maddi zərəri ödəməməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının xərci 384 (üç yüz səksən dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 384 (üç yüz səksən dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 45 saata görə 295 (iki yüz doxsan beş) manat (40 saat 6 manatdan, 5 saat 11 manatdan hesablanmaqla) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar