Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-113/2022 14.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 01.12.2021-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi nömrəsiz evdə yaşamış, barəsində Abşeron Rayon Məhkəməsinin 16.10.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 02.06.2021-ci il tarixdə günorta radələrində Sumqayıt şəhəri, 10-cu mkr, 70 saylı evin arxa tərəfində yerləşən ticarət obyektinin arxa tərəfində ağaca zəncirlə bağlanmış vəziyyətdə olan vət.Zərərçəkmiş şəxs1 məxsus bir baş “Pitbul rednos” cinsindən olan 4 yaşlı, açıq qəhvəyi rəngli iti gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 600 (altı yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən o, özgənin əmlakını gizli talama məqsədilə 16.09.2021-ci il tarixdən 17.09.2021-ci il tarixə keçən gecə saat 01 radələrində vət.Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə, daha sonra isə saxlanc yeri olan həyətdə qoyulmuş dəmirdən olan vaqona pəncərə üçün nəzərdə tutulmuş yerdən qanunsuz daxil olaraq içəridən dəyəri 39 manat olan 10 litirlik bir qutu emusiyanı, hər birinin qiyməti 21 manat, cəmi dəyəri 63 manat olan 3 qutu 5 litirlik boyanı, hər birinin dəyəri 2 manat 30 qəpik, cəmi dəyəri 73 manat 60 qəpik olan 32 ədəd razetkanı, 180 metr üzünluğunda metrəsi 60 qəpikdən cəmi dəyəri 108 manat olan iki top 4-lük mis kabellərini, dəyəri 50 manat olan bir ədəd alüminium çərçivəni gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 333 manat 60 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 1-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi nömrəsiz fərdi evdə yaşamışdır. Özü ailəlidir, rəsmi iş yeri yoxdur. 02.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində olarkən görmüşdür ki, bir pitbul cinsindən olan açıq qəhvəyi rəngdə it dükanın arxasında ağaca zəncirlə bağlanmışdır. Həmin vaxt sərxoş vəziyyətdə olmuş, maddi cəhətdən sıxıntısı olmuş, ona görə həmin iti oğurlamaq qərarına gəlmiş, ətrafa göz gəzdirmiş, görmüşdür ki, sakitlikdir, sonra itə yaxınlaşmış, iti bağlandığı yerdən açmış, sonra isə itlə birlikdə oradan uzaqlaşmışdır. Sonra isə həmin iti yaşadığı qurd dərəsində yerləşən həyət evinə gətirmiş və həyətində bir yerə bağlamışdır. Bir neçə gün sonra maddi imkanı olmadığından həmin iti satmaq qərarına gəlmiş və 14.06.2021-ci il tarixdə həmin itin şəklini çəkərək tap.az saytına yerləşdirmiş, ***-***-**-** mobil nömrəni qoymuş, qiymətini 200 manat olaraq yazmışdır. Tap.az saytına elan yerləşdirdikdən sonra onun mobil nömrəsinə zəng gəlmiş, bir nəfər şəxs özünü alıcı kimi təqdim etmiş, qiymətini 200 manat qoysa da 150 manata razılaşmışlar, ünvanı bildirmişdir. Sonradan bilmişdir ki, onun mobil nömrəsinə zəng edən şəxs itin sahibidir, itin sahibi polis əməkdaşları ilə birlikdə ünvanına gəlmişlər, o, həmin şəxslərə iti oğurladığını etiraf etmişdir, əməlindən peşman olduğunu bildirmişdir. İtin oğurluq olması barədə heç kim bilməmişdir. Eyni zamanda 16.09.2021-ci il tarixdən 17.09.2021-ci il tarixə keçən gecə saat 01 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivində yerləşən yaşayış olmayan, həyətində vaqon olan bir həyətə oğurluq məqsədilə daxil olmaq qərarına gəlmişdir. Həmin vaxt sərxoş olmuş, həmin həyətə yaxınlaşmış, görmüşdür ki, həyət ağ daşla hörülüb, qapı tərəfi taxta ilə örtülüdür, lakin kilidi yoxdur. O, həmin taxta qapıdan həyətə daxil olmuş, həyətdə dəmirdən vaqon olmuş, vaqonun pəncərə üçün nəzərdə tutulmuş hissəsində şüşəsi olmamışdır. Həmin pəncərə üçün nəzərdə tutulmuş yerdən vaqona daxil olmuş, vaqonda ətrafa göz gəzdirmiş, oradan iki top elektrik naqilləri və qapı üçün nəzərdə tutulmuş bir ədəd alüminium çərçivə götürmüşdür. Vaqonda pula gedə bilən başqa nəsə gözünə dəyməmiş, həmin əşyaları götürüb elə gəldiyi kimi də həyətdən çıxmış, həmin ərazidən uzaqlaşmışdır. Həmin ərazidə boş, yaşayış olmayan sahələr çox olmuş, gözdən uzaq bir yer tapıb, zibillikdə elektirk naqillərini və alüminiumdan olan çərçivəni yandırıb əritmişdir. Səhəri gün elə Qurd dərəsi ərazisində maşınla metal yığıan tanımadığı şəxslərə həmin ərintini cəmi 22 manata satmışdır. Oğurluğa daxil olduğu bağ evinin sahibini tanımamış, həmin bağda yaşayış olmadığına əmin olduğu üçün, təsadüfən oğurluq məqsədilə daxil olmuşdur. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri ödəməyə maddi imkanının olmadığını, lakin zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Cəbrayıl rayon, Süleymanlı kəndində qeydiyyatdadır, lakin Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 70, mənzil 22-də yaşayır. Ailəsi ilə birlikdə Sumqayıt şəhərində 10-cu mikrorayon ərazisində ticarətlə məşğuldur. Övladı Ülviyə 8 ay əvvəl 700 manata Pitbul rednos cinsindən olan 4 yaşında, açıq qəhvəyi rəngdə it almışdır. Həmin iti ticarətlə məşğul olduğu obyektin arxa tərəfində ağaca zəncirlə bağlamışdır. 02.06.2021-ci il tarixdə günorta radələrində həmin it naməlum şəxs tərəfindən oğurlanmışdır, lakin həmin vaxt bu barədə polisə heç bir məlumat verməmişdir. 16.06.2021-ci il tarixdə oğlu İlkin ona zəng edərək həmin itin tap.az saytında satılmaq üçün yerləşdirilməsini və sonra bu barədə 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Övladı Ülvi 102 xidmətinə itin oğurlandığı ünvanı hansı səbəbdən səhv dediyini bilmir, it ünvan 3 arxa tərəfində yerləşən özünə məxsus obyektin arxa tərəfində ağaca zəncirlə bağlanmışdır. İt oradan 02.06.2021-ci il tarixdə günorta radələrində oğurlanmışdır. Ərizədə ünvanı səthi göstərmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, vurulmuş maddi zərəri tələb etmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Laçın rayon, Güləbirt kəndində qeydiyyatdadır, lakin Sumqayıt şəhəri, 22-ci məhəllə SDT Kollecinin inzibati binasında yaşayır. Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində fərdi yaşayış evi tikdirir. Təmir işlərində istifadə edilən əşyaları həmin evdə saxlayırdı. 16.09.2021-ci il tarixdə saat 19 radələrində həmin həyətdən çıxıb evə getmişdir. Növbəti dəfə 17.09.2021-ci il tarixdə saat 16 radələrində yenidən həmin həyətə gəlmiş və bu zaman orda olan müəyyən əşyaların oğurlanmasını aşkar etmişdir. Həmin əşyalar bunlardır, bağından bir qutu emusiya 10 litirlik dəyəri 25 manat, 3 qutu boya hər biri 5 litirlik hər birinin qiyməti 27 manat, cəmi dəyəri 81 manat, 32 ədəd razetkanın hər biri 2 manat 30 qəpiyə cəmi dəyəri 73 manat 60 qəpik, iki top 4-lük cəmi uzunluğu 180 metr hər birinin qiyməti 100 manat, cəmi dəyəri 200 manat. Aliminium çərçivə qiyməti 50 manat. Cəmi 429 manat 60 qəpik maddi ziyan dəymişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan bir baş it Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əmtəəşünaslıq ekspertizasının 23.08.2021-ci il tarixli 9\4256 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş “Pitbul rednos” cinsli, 4 yaşlı, açıq qəhvəyi rəngli itin 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 600,0 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əmtəəşünaslıq ekspertizasının 13.10.2021-ci il tarixli 9\7240 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda (2 adda mallar haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı) malların 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 210,00 manat müəyyən edilir. Bir qutu 10 litirlik emusiya 39 manat, 3 qutu 5 litirlik boya hər biri 21 manat cəmi 63 manat, 4-lük mis kabel 180 metr, metrəsi 0,60 qəpik cəmi 108 manat. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 dekabr 2021-ci il tarixli 1(060)-424/2021 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2021-ci il tarixdən hesablanmışdır. 22.12.2021-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin hakiminin göstərişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin 1(060)-424/2021 saylı 01.12.2021ci il tarilxi hökmü 22.12.2021-ci il tarixdən qanuni qüvvəyə minmiş və hökmün surəti icra edilməsi üçün aidiyyəti qruma göndərilmişdir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 01.12.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının 09.09.2021-ci il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 4(012)-552/2021 saylı, 16.10.2021-ci il tarixli qərarından görünür ki, həbs etmənin əvvəli 15.10.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01.12.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 baş “Pitbul rednos” cinsli itin Zərərçəkmiş şəxs1 sərəncamına verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli (iş № 1(060)- 742/2021) qərarını icra edərək, 09 noyabr 2021-ci il tarixli 1331/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 01.12.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla, ona 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və digər iş üzrə Abşeron Rayon Məhkəməsinin 4(012)-552/2021 saylı, 16.10.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 baş “Pitbul rednos” cinsli itin Zərərçəkmiş şəxs1 sərəncamına verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun hesabına köçürülsün: Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-113/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-113/2022
14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver