Məhkəmə qərarları › İş №1(060)-116/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-116/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-116/2023 16.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Şahid1, Müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-589/2023 saylı, xx.xx.2023cü il taixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” vermə növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 fevral 2022-ci il tarixdə saat 13:00 radələrində Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən “Ailəm” marketin qarşısında quraşdırılmış “Kapital Bank”a aid bankomatın yanında olan zaman kartdan pul çıxartmaq üçün bankomata yaxınlaşmış Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini Şahid2 ona pul çıxarmaqda köməklik göstərməsi üçün verdiyi, sonuncunun doğma övladı Zərərçəkmiş şəxs2 məxsus olan “Kapital Bank”a aid 5103 0714 2021 2900 nömrəli plastik əmək haqqı kartını bankomata daxil etdikdən sonra kartın hesabında pul olsa da, həmin bankomatda pul vəsaitinin olmadığını bildirərək tam məbləği nağdlaşdırmaq üçün əməliyyatı icra etdikdən sonra kartı sonuncuya qaytarmış, Şahid2 kartı götürərək oradan uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs2 məxsus kartın hesabında olan 1108 (bir min yüz səkkiz) manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1108 (bir min yüz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində ünvan 3 ünvanında yerləşən “Kapital bank”a məxsus bankomatda 4169 7416 3986 6191 nömrəli plastik təqaüd kartından pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs1 köməklik etmək adı ilə yaxınlaşmış, sonuncuya 137 (bir yüz otuz yeddi) manat pul çıxarmaqda köməklik eldikdən sonra çeki götürməsi üçün kartı təkrar bankomata daxil etməli olmasını bildirmiş, Zərərçəkmiş şəxs1 kartı bankomata daxil etdikdən sonra şifrəni ondan soruşub bankomata daxil edib tam məbləği nağdlaşdırmaq üçün əməliyyatı icra etdikdən sonra sonuncuya çekə ehtiyac olmadığını bildirmiş, Zərərçəkmiş şəxs1 kartı götürərək oradan uzaqlaşdıqdan sonra sonuncuya məxsus kartın hesabında olan 2000 (iki min) manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndə Şahid1 iştirakı ilə dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmaqla Bakı şəhəri, ünvan 5 ünvanında anası Şahid1, 2012-ci il təvəllüdlü bacısı X4 və 2011-ci il təvəllüdlü qardaşı X6 birlikdə yaşayır. X1 ilə yaşadığını, anası Şahid1 boşandığını, anası Fatmanın himayəsində yaşadığını, atası Abbasın hazırda törətdiyi cinayət əməlinə görə cəzaçəkmə müəssisəsində cəza çəkməkdə olduğunu, natamam orta təhsilli olduğunu, 9-cu sinifədək orta təhsil alıb, daha sonra orta təhsilini davam etdirməkdən imtina etdiyini, əlilliyi, o cümlədən hər hansı bir ruhi-əsəb xəstəliyi və ya psixi pozuntusu olmadığını, Tovuz rayon sakinləri olan Zərərçəkmiş şəxs2 ilə sonuncunun atası Şahid2 xx.xx.2022-ci il tarixədək ümumiyyətlə tanımadığını, həmin şəxslərlə heç bir ədavət və ya düşmənçiliyi olmadığını, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Tovuz şəhərinə getdiyini, gedişinin məqsədinin isə Bakı şəhərində yaşayan, lakin həmin vaxt Tovuz rayonundakı qohumlarının yanında olan dostu Zülfüqar Ramazanov ilə birlikdə Tovuz rayonunda istirahət etmək olduğunu, həmin gecəni Tovuz şəhəri ərazisində yerləşən “İZEL” hoteldə keçirdiyini, xx.xx.2022-ci il tarixində dostu Zültüqar şəxsi işlərinin ardı ilə getdiyini, Tovuz şəhəri ərazisində bir qədər gəzməyə qərar verdiyini, həmin gün saat 13:00 radələrində Tovuz şəhərinin ərazisində olarkən üzərində pulu olmadığını, buna görə də bankomatların birinin qarşısında dayanmaqla ondan kartından pul çıxarmağı üçün köməklik istəyə biləcək hər hansı bir şəxsi aldadıb, yəni bankomatda və ya kartda pul olmadığını deyib kartdan özü üçün gizli yolla pul çıxarmaq qərarına gəldiyini, bu məqsədlə də Tovuz şəhəri ərazisində olan, adı “Ailəm” olan marketin qarşısındakı “Kapital Bank”a aid bankomatın yanında dayandığını, elə bu zaman adı sonradan ona məlum olan Şahid2 ona və bankomata yaxınlaşıb ondan ona köməklik etməyini istədiyini, ona verdiyi plastik kartı bankomata daxil edib oradan pulu çıxartmağını istədiyini, kartı ondan götürüb bankomata daxil etdiyini, sonrasında Şahid2 öz deməsi ilə kartın PİN kodunu bankomata daxil etdiyini, bankomatın ekranında kartın hesabında 1108 (bir min yüz səkkiz) manat məbləğində pul olduğunu gördüyünü, həmin an Şahid2 kartda pul olsa da, bankomatda pulun olmadığını deyib, sonuncu bankomatın yanından uzaqlaşandan sonra isə pulu özü üçün götürüb Bakıya qayıtmaq qərarına gəldiyini, elə də etdiyini, bankomatda pul olmadığını Şahid2 dediyini, ardı ilə də bankomaldakı “Tam məbləğ" düyməsini basdığını, bütün pulu çıxardığını, düyməni basdığı zaman kartı çıxan kimi də kartı Şahid2 verdiyini, Şahid2 isə ona inandığı üçün bankomatın qarşısında gözləmədiyini və kartı götürən kimi uzaqlaşdığını, kartın çıxmasından bir neçə saniyə sonra isə kartın balansındakı bütün məbləği, yəni 1108 (bir min yüz səkkiz) manat məbləğindəki pul bankomatdan çıxdığını, ətrafda adam olmadığını görüb pulu gizlicə götürdüyünü, cibinə qoyub oradan uzaqlaşdığını, Şahid2 yanında bankomatda pulu çıxarmaq üçün müəyyən əməliyyatlar həyata keçirərkən, istərsə də Şahid2 bankomatın yanından uzaqlaşandan sonra, yəni pulu bankomatdan götürərkən ətrafında heç kim olmadığını, bundan sonra da heç kimə heç bir məlumat vermədən, elə həmin gün sürücüsünü tanımadığı, marka, model və ya dövlət qeydiyyat nişanını isə xatırlamadığı avtomobillərdən birinə əyləşib Bakı şəhərinə yola düşdüyünü, bütün pulun hamısını isə şəxsi ehtiyacları üçün Bakı şəhərində xərclədiyini bildirmişdir. Sumqayıt şəhəri 4-cü mikrorayonda kirayədə tək yaşadığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində bankomatdan pul çıxarmağa gələn yaşlı vətəndaşların pul çıxarmasına kömək etmək adı ilə yaxınlaşıb pulunu ələ keçirmək məqsədilə Sumqayıt şəhəri 1-ci mikroraron ərazisndə yerləşən “Kapital bank”a aid bankomatın yanına gedərək orada dayanıb gözləməyə başladığını, həmin tarixdə saat təxminən 12:00 radələrində qeyd etdiyi bankomatın yanında dayanan zaman təxminən 50- 55 yaşlarında olan bir nəfər kişinin ona köməklik etməyini xahiş etdiyini, həmin kişinin kartı bankomata daxil etdiyini, kartında 4137 (dörd min yüz otuz yeddi) manat pul olmasının ona məlum olduğunu, həmin kişidən nə qədər pul çıxarmaq istədiyini soruşan zaman 137 (bir yüz otuz yeddi) manat çıxarmaq istəıdiyini bildirdiyini, 137 (bir yüz otuz yeddi) manat pul çıxartdığını, kişinin həmin pulu götürdüyünü, həmin kişinin kartında olan pulu ələ keçirmək üçün ona yalandan “kartı təkrar daxil etmək lazımdır ki, çek çap olunsun” dediyini, həmin şəxsin kartı təkrar bankomata daxil etdiyini, tam məbləği çıxarmaq düyməsini basdığını, kart çıxdıqdan sonra kartı həmin kişiyə qaytarıb çek çıxmır, çekə ehtiyac yoxudur deyə cavab verdiyini, həmin şəxsin ondan aralandıqdan təxminən 8-10 saniyə sonra 2000 (iki min) manat pulun bankomatdan çıxdığını, həmin məbləğdə pulu götürdüyünü, oradan uzaqlaşdığını, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı 4cü mikrorayonda olan zaman polis əməkdaşları onu Polis Bölməsinə çağırdıqlarını, 4-cü Polis Bölməsinə getdiyini, sorğu zamanı etdiyi əməli etiraf etdiyini, bu barədə izahat yazdığını, üzərində olan 200 (iki yüz) manat pulu polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmədiyini, müharibə əlili olduğu üçün 2015-ci ildən təqaüd aldığını, hazırda həmin təqaüd pulunu “Kapital Bank”a məxsus 4169 7416 3986 6191 saylı kart hesabı vasitəsilə aldığını, 10 may 2022-ci il tarixdə Sumqayıt şəhərinə qonaq gəldiyini, Sumqayıt şəhərində qonaq olduğu zaman pula ehtiyacı olduğunu, özünə məxsus təqaüd kartından xərclik üçün nağd pul çıxarmaq qərarına gəldiyini, buna görə də 14 may 2022-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Kapital Bank”a məxsus bankomata yaxınlaşdığını, bankomata yaxınlaşıb əməliyyat etməklə balansında olan 4137 (dörd min yüz otuz yeddi) manat nağd puldan 137 (bir yüz otuz yeddi) manat məbləğini çıxardığını, həmin zaman onunla birlikdə bankomatda növbə gözləyən tanımadığı cavan bir oğlanın ona yaxınlaşıb “çıxarışın qəbzini götürmədim, yenidən əməliyyat etməklə qəbzi götürmək lazımdır ki, sonradan problem olmasın” dediyini, həmin şəxsə inandığını, həmin şəxs ona “plastik kartı bankomata daxil edib pin kodu yazdıqdan sonra qəbz veriləcək" dediyini, kartı bankomata daxil edib pin kodunu yazan zaman həmin şəxs ondan, indiyə kimi bankomatdan qəbz alıb-almadığını soruşduğunu, həmin şəxsə “xeyr indiyə kimi qəbz almamışam” deyə cavab verdikdə, həmin şəxsin ona sənə qəbz lazım deyil dediyini, bundan sonra bankomatda görmədiyi əməliyyat edərək plastik katını özünə qaytardığını, daha sonra oradan uzaqlaşdığını, bir neçə dəqiqə sonra mobil telefonuna hesabından 2000 (iki min) manat məbləğində pul çıxarıldığı barədə mesaj gəldiyini, həmin şəxsin ona məxsus kart hesabından 2000 (iki min) manat məbləğində pulunu onu aldatmaqla oğurladığının ona sonradan məlum olduğunu bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 2000 (iki min) manat maddi ziyan dəymişdir. Ona dəyən maddi ziyan ödənilməmişdir və şikayətçidir. Gədəbəy rayonunda yaşadığı üçün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşadığını, atası Şahid2, anası X5 və qardaşı X3 ilə birlikdə yaşadığını, 2020-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N nömrəli hərbi hissədə MAHHXHQ işlədiyini, hazırda da eyni işdə işlədiyini, kiçik çavuş hərbi rütbəsini daşıdığını, xx.xx.2022-ci il tarixində saat 12:00 və ya 13:00 radələrində atası Şahid2 məxsus olan “Chevrolet Cruze” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, atası ilə birlikdə yaşadıqları evdən Tovuz şəhərinə gəldiyini, öz adına olan “Kapital Bank”a məxsus 5103 0714 2021 2900 nömrəli plastik əmək haqqı kartından maaşını çıxardığını, belə ki, iş yerindən ona verilən əmək haqqı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən bilavasitə həmin kartın balansına köçürülməkdə olduğunu, buna görə də həmin avtomobili Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən “Ailəm” marketin qarşısında quraşdırılmış “Kapital Bank”a aid bankomatın tam qarşısında, öz hərəkət istiqamətinə nəzərən yolun sağ tərəfində (həmin bankomata münasibətdə yolun digər (qarşı) tərəfində) saxladığını, atası həmin əmək haqqı kartını ondan götürdüyünü, avtomobildən enib yolun qarşı (digər) tərəfinə bankomatdan pulu çıxartmaq üçün keçdiyini, bankomatın tam qarşısında, yəni yolun digər kənarında avtomobillər dayandığı üçün o bankomatın önünü tam görə bilmədiyini, bununla yanaşı kartından hər hansı bir kənar şəxsin pul çıxarda biləcəyi də ağlına gəlmədiyi üçün, bankomat tərəfə çox da diqqət yetirmədiyini, atası kartdan pul çıxarmaq məqsədilə avtomobildən endikdən təxminən 5 dəqiqə sonra, yolu keçib avtomobilə tərəf yaxınlaşdığını, avtomobilin yanında olanda isə “Aparatda (bankomatda) pul yoxdur, gözlə, gedim “Sultan” marketin qabağındakı bankomatdan pulu çəkib gəlirəm dediyini, beləliklə də, atasının yenidən avtomobilin yaxınlığından uzaqlaşdığını, atasının yolu keçərkən onun özünə məxsus olmaqla elə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Kapital Bank”dan kartından bir az əvvəl 1108 (bir min yüz səkkiz) manat məbləğində nağd pul Tovuz şəhəri, H.Aslanov küçəsindəki bankomatdan çəkildiyi barədə sms gəldiyini, kartından pul çıxarılması ilə bağlı həmin SMS-i görən kimi dərhal atasını səslədiyini, atasının onun yanına geri qayıdanda isə ona “Kartdan pul çıxarılıb” dediyini, atasının da ona “yəqin aparatın (bankomatın) yanındakı uşaq pulu apardı” deyə cavab verdiyini, həmin uşağın kartı bankomata daxil edib atssına “əmi bankomatda pul yoxdur” deyə cavab verdiyini, bundan sonra “Ailəm” marketdəki təhlükəsizlik kameralarına baxmağa başladıqlarını, atası ilə birlikdə həmin kamera görüntülərinə baxanda isə tanımadıqları cavan oğlan, atası kartı götürüb bankomatdan uzaqlaşdıqdan sonra, bankomatdan çıxmış pulunu götürdüyünü, ətrafa boylandıqdan sonra da pulun hamısını cibinə qoyaraq oradan uzaqlaşdığını müəyyən etdiklərini, Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən “Ailəm” marketdə videogörüntülərə baxan zaman, özünə ınəxus olan “Samsung Galaxy A52” markalı mobil telefonu ilə həmin şəxsin görüntüsünü əks etdirən bir ədəd fotoşəkil çəkdiyini bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli teleqramından görünür ki, ona dəyən maddi ziyan ödənilməmişdir və şikayətçidir. Hərbiçi olduğuna görə iclaslara gələ bilmədiyi üçün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs onun övladı olduğunu, onun törətdiyi cinayət hadisələri ilə bağlı, yəni Ağamır Nəcəfinin müəyyən şəxsləri aldadıb pullarını mənimsədiyini tutulduqdan sonra öyrəndiyini, Ağamir onunla eyni ünvanda deyil müxtəlif ünvanlarda yaşadığını, cinayət yolu əldə etdiyi pulları haraya xərcləməsindən heç bir məlumatı olmadığını, Təqsirləndirilən şəxs əlavə 2011 və 2012-ci il təvəllüdlü iki azyşalı övladı olduğunu, həmin övladlarının da onunla birlikdə yaşadıqlarını, Təqsirləndirilən şəxs həmin azyaşlı övladlarına, eləcə də ona hər hansı məbləğdə pul vermədiyini və ya xərcləmədiyini bildirmişdir. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2022-ci ıl tarixdə Tovuz şəhəri H.Aslanov küçəsində yerləşən “Bizim ailə” mağazasının qarşısında quraşdırılmış “Kapital bank”a məxsus bankomatda kartı bankomata daxil edib pul çıxararkən bankomatın kamerasına düşmüş şəxsin A.A.Nəcəfı olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmaqla Sumqayıt ŞPİ-nin 4-cü PB-ə aparılarkən taladığı puldan 200 (iki yüz) manat məbləğini təhvil vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus talanmış əmlakdan 200 (iki yüz) manat məbləğində pulu təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsin barəsində axtarış elan olunmaqla ittiham elan edilməsi üçün tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Tovuz rayon Polis Şöbəsinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışdaolan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Tovuz rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Tovuz rayon Polis Şöbəsinin MSY-dən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Suraxanı-2” Mənzil mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-372/2022 saylı, xx.xx.2023-cü il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-589/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-372/2022 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177..22 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir)il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-589/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə məhkum olunmasına dair 1(007)-372/2022 saylı, xx.xx.2023-cü il tarixli hökmü cəza hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.22 və 177.2.3-1-ci maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azalıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə yüngülləşdirilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət və 29 iyun 2022-ci il tarixdən 22 iyun 2023-cü il tarixədək həbsdə saxlandığı 11 (on bir) ay 23 (iyirmi üç) gün, cəmi 11 (on bir) ay 25 (iyirmi beş) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün nəzərə alınmaqla, cəzası çəkilmiş hesab edilmişdir. O, məhkumluğu olan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamağını Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, yüngülləşdirici halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 589/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-589/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan çəkilmiş müddəti çıxılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları olması izah edilməli və iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-589/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 589/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları olması izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar