Məhkəmə qərarları › İş №1(060)-117/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-117/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-117/2022 21.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, İİİ qrup əlil, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, ünvan 1-də qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdə Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,590 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 16 iyul 2021-ci il tarixdə saat 18:15 radələrində Sumqayıt ŞPİ 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, C.Cabbarlı küçəsində 9 nömrəli binanın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 0,590 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 15.07.2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə olduğu zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq ünvan soruşmuş, bundan sonra söhbət əsnasında həmin şəxs üzərində narkotik vasitə kokos (heroin) olduğunu bildirmiş və 30 (otuz) manata satdığını demişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin tanımadığı şəxsin dediyi narkotik vasitə heroini ondan 30 manata şəxsi istifadəsi üçün almış və əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Belə ki, səhəri gün, yəni 16.07.2021-ci il tarixdə təxminən saat 18:15 radələrində üzərində olan narkotik vasitəni istifadə etmək üçün münasib yer axtardığı zaman, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, C.Cabarlı küçəsində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və ondan da özünü təqdim etməyini xahiş etmişlər, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını bildirib, onu Sumqayıt ŞPİ-nin 2-ci PByə dəvət etmişlər, o etiraz etməyib onlarla birlikdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-yə getmişdir. PB-də olan olan zaman otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmişlər, o da buna etirazının olmadığını söyləmiş, həmin vaxt polis əməkdaşları ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim etmişlər. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər-hansı qanunsuz əşyanın olub-olmadığını soruşmuşlar, olduğu halda təqdim etməyini təklif etmişlər. O, həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin bükülü yanında açılmış, sorğu zamanı o, üzərindən aşkar olunan bükülüdə olan sarımtıl rəngli maddənin “kokos” (heroin) olduğunu, həmin narkotik vasitəni 15.07.2021-ci il tarixdə Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə olan zaman tanımadığı şəxsdən 30 (otuz) manata şəxsi istifadəsi üçün aldığını və bu səbəbdən üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş heroin onun yanında elektron tərəziyə qoyulub çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Həmin vaxtı polis əməkdaşları tərəfindən narkotik vasitə olan heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Əməlindən peşmandır, 3-cü qrup əlildir, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16.07.2021-ci il tarixdə ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, həmin bölmənin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3, həmin bölmənin təhqiqatçısı, polis kapitanı X4 və Sumqayıt ŞPİ KTB-nin inspektor-kriminalisti, polis mayoru X7 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, C.Cabbarlı küçəsində olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 16.07.2021-ci il tarixdə saat 18:10 radələrində əməliyyat qrupu ilə birlikdə H.Zeynalabdin qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 9 nömrəli binanın yanına getmişlər. Orada olan zaman əlamətləri Təqsirləndirilən şəxslə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görüb onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər və üzərində şəxsi axtarış aparılması üçün 2-ci PB-yə dəvət etmişlər, Təqsirləndirilən şəxs də heç bir etiraz etməyib onlarla birlikdə Sumqayıt ŞPİ 2-ci PB-yə gəlmişdir. PB-də olan zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı təkrar izah edilərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə bükülünü çıxardaraq təqdim etmiş, Telman dən bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan “kakos” (heroin) olduğunu söyləmişdir. Həmin bükülüyə baxılarkən orada narkotik vasitə olan heroinə oxşar spesifik iyə malik qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, sonuncu həmin narkotik maddəni 15.07.2021-ci il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə olan zaman tanımadığı şəxsdən 30 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini söyləmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və həmin bölmənin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” 16.07.2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ 2-ci PB-nin xidməti otaqlarının birində, 16.07.2021-ci il tarixdə, saat 19:05-də KTB-nin inspektoru tərəfindən rəqəmsal tipli panasonik markalı video kamera işə salınmışdır. Polis əməkdaşalrı tərəfindən bölməyə gətirilmiş şəxsə özünü təqdim edərək onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində, daşınmasında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyi, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra həmin şəxsdən özünü təqdim etməsi xahiş edilmişdir. Həmin şəxs özünü təqdim edərək X2 olduğunu bildirmişdir. Abdullayevb Telman Niyətulla oğlunu saxlayan polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun hüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 ona təqdim edilmiş və sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişlə tanış olduqdan sonra ondan üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 büküm qızılı rəngli siqaret siqaret kağızına bükülmüş kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir büküm qızılı rəngli siqaret kağızına bükülmüş kütlənin nə olduğu soruşulduqda o, həmin 1 büküm qızılı rəngli siqaret kağızına bükülmüş kütlənin narkotik vasitə olan heroin olduğunu, öz istifadəsi üçün bir gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə yoxlama məqsədli baxış keçirilmiş, ancaq onun üzərində əlavə heç bir şey aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 büküm qızılı rəngli siqaret kağızına bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlənin çəkisinin 0,87 qram olması müəyyən olunaraq videoçəkilişlə çəkilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 büküm qızılı rəngli siqaret kağızına bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malin, narkotik vasitəyə bənzər kütlənin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün DİN-nin 126 saylı möhürü ilə möhürlənmiş kanvertə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs və vəkil S.Vəliyevanın suallarını cavablandıraraq üzərindən aşkar edilərək götürülümş 1 büküm qızılı rəngli siqaret kağızına bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlənin ona məxsus olduğunu bildirmişdir.(i.v 22-23) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 17.07.2021-ci il tarixli, 6/2916 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,590 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.(i.v 31-35) Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,590 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,540 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v.110, 114) İş materiallarında olan protokola əsasən Təqsirləndirilən şəxs 16.07.2021-ci il tarixdə saat 18:15-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 17) İş materillarında olan qərara əsasən 18.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir.(i.v. 58-59) İş materillarında olan “Diskə baxış keçirilməsi haqqında” 10.08.2021-ci il tarixli protokoldan və bir ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə qəbul edərək üzərində saxlaması öz təsdiqini tapmışdır.(i.v 67-68) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3181 saylı, 16.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 89) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır.(i.v 90) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16.07.2021-ci il tarixli, 2361 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 95-96) İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 189160 saylı arayışından görünür ki, Abullayev Telman Niyətulla oğlunun ümumi xəstəlik diaqnozu ilə 3-cü dərəcəli əlilliyi vardır.(i.v 98) İş materiallarında olan 1206 saylı, 22.10.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 101) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 22.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsaşkar olunaraq götürülmüş ilkin çəkisi 0,590 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,540 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd CD disk iş zrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir.(i.v 106-110) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,590 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs 3-cü qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, yaşını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkündür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CMnın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,540 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd CD formatlı disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokollardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdən 18 iyul 2021-ci il tarixədək tutulub iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdən 18 iyul 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,540 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar