Məhkəmə qərarları › İş №1(060)-118/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-118/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-118/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-921/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarla “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-91/2023 saylı, xx.xx.2023cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,536 qram çəkidə naıkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 09 sentyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nun əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən «Səda store» marketin arxasında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-cü PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə içərisindən 0,536 qram çəkidə olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul edir və narkomandır. Bir gün əvvəl Bakı şəhərindən Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 20 (iyirmi) manata 01 (bir) büküm narkotik vasitə olan heroin almışdır. Həmin heroini əynində olan qara rəngli ağ cizgili şalvarının sağ yan cibində 01 (bir) ədəd sellofon bükümündə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 00:10 dəqiqədə tanışı Qubadlı rayon sakini Şahid3 ilə görüşüb, Əlinin idarə etdiyi VAZ-2121 markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomaşına oturub Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən «Səda store» marketin arxasında olduqları zaman post patrulun polis əməkdaşları onların yanına yaxınlaşmışlar. Onlardan şəxsiyyətlərini təsdiq edən sənət soruşmuşlar. Onlar avtomaşını işə salaraq oradan uzaqlaşmaq istəyərək özlərini şübhəli aparmışlar, həmin vaxt polis əməkdaşları onlardan üzərlərində narkotik vasitə və qanunsuz əşya olubolmadığını soruşmuşlar. O, üzərində narkotik vasitə olduğunu demiş, bu zaman yanında olan Əli avtomaşından düşüb qaçmış, lakin polis əməkdaşlarından biri onu saxlamışdır və hər ikisini Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirmişlər. Həmin bölmənin inzibati binasında xidməti otaqlardan birində ona vəkillərin siyahısı təqdim olunaraq həmin siyahıda olan vəkillərdən birini hüquqlarını müdafiə etmək üçün seçməyini bildirmişlər, o, da təqdim olunan vəkillərin siyahısından Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 hüquqlarını müdafiə etməsi üçün vəkil seçmişdir. Bundan sonra təhqiqatçı tərəfindən vəkilə telefonla məlumat verilmişdir. Vəkil gələn kimi vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Sonra təhqiqatçı tərəfindən ona üzərində narkotik vasitə və psixotrop maddə, eləcə də hər hansı qanunsuz əşya olub-olmaması, varsa təqdim etməyini bildirmişdir. O, da əynində olan qara rəngli cizgili şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofon bükümdə olan narkotik vasitə olan heroini təqdim etmişdir. Onun təqdim etdiyi 01 (bir) ədəd bükümün içərisindən tünd qəhvəyi rəngli narkotik vasitə olan heroin aşkar olunaraq elektron tərəzidə çəkilmiş və qablaşdırılarq möhürlənmişdir. Sorğu zamanı o, üzərindən aşkar olunan narkotik vasitə olan heroini tutulduğu gündən bir gün əvvəl Bakı şəhəri, «Şamaxinka» adlanan ərazidə olduğu zaman tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış aparılmışdır. Lakin üzərindən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı ona qarşı hər hansı zor tətbiq olunmamışdır, qanunsuz hərəkətlər edilməmişdir. O, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız özü qəbul etmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal hazırda Sumqayıt ŞPİ-nin PPXT-nm polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 00:10 dəqiqədə Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsində yerləşən «Səda Store» marketin arxasında 9177 çağırışlı avto patrulda postaçı yoldaşı polis kiçik-serjantı Elbrus Hüseynzadə ilə birgə xidmət apararkən «Niva» markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobildə iki nəfər vətəndaşın olduğunu görmüşlər. Həmin şəxslər özlərini şübhəli apardıqları üçün onlar maşına yaxınlaşmışlar. Onlar maşına yaxınlaşanda sürücü maşının mühərrikini işə salıb oradan uzaqlaşmaq istəmişlər. Onlar dərhal maşına yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar xidmət etdikləri ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı həmin şəxslərin şəxsiyyətlərini müəyyən etmək üçün onlardan kim olduqlarını soruşmuşlar və üzərlərində hər-hansı qanunla qadağan olunmuş əşya və ya predmet olub-olmadığını soruşmuşlar. Bu vaxt həmin şəxslərdən özünü Əkbər kimi təqdim edən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Digər vətəndaş isə maşından düşüb qaçmağa başlamışdır. Postaçı yoldaşı Elbrus həmin şəxsin arxasınca qaçıb çox uzaqlaşmadan onu saxlamışdır. Onlar həmin şəxsi avtopatrula əyləşdirərkən o, ayağı ilə vuraraq avtopatrulun arxa sağ yan şüşəsini sındırmışdır. Onlar həmin vətəndaşları ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətiıib təhvil vermişlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxslərdən biri Şahid3 digəri isə Təqsirləndirilən şəxsdur. Bundan sonra xidməti otaqlardan birində Təqsirləndirilən şəxs vəkil təqdim olunmuş və onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Sonra ona Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Eləcə də ona hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim olunmuşdur. Bundan sonra onların iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona üzərində olan qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli ağ cizgili şalvarının sağ yan cibindən 01 (bir) bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümün içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Onlar Əkbərdən həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni bir gün əvvəl Bakı şəhəri, «Şamaxinka» adlanan ərazidə tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılarq möhürlənmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş PPXT-nun polis nəfəri, X3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində “Sədastor” marketin arxasında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə saat 00:50 radələrində PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X2 təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli ağ cizgili şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan büküm çıxarıb masanın üzərinə qoydu və həmin büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli kəskin iyli kütlə aşkar olundu. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, kəskin iyili, toz şəkilli, narkotik vasitə olan “heroin”ə bənzər maddə elektron tərəziyə qoyulub oəkilən zaman sellofan ilə birlikdə çəkisi 0,64 qram olduğu müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, kəskin iyli kütlə narkotik vasitə olan "heroin”dir və həmin heroini Bakı şəhərindən Şamaxinka adlanan ərazidən tanımadığı şəxsdən 20 (iyirmi) manata almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparıldı, lakin üzərindən hər hansı bir narkotik vasitə pisixotrop maddə və qanunsuz əşya aşkar olunmadı. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4962 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “AR DİN Zərflər üçün № 127” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,536 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 0,536 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,486 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5603 saylı rəyindən görünür kı, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,536 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,486 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-921/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən və amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 921/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarla “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, hökm qanuni qüvvəsini alanadək barəsində “həbs” qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,536 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,486 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 110,00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,486 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 110,00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar