Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-118/2025 24.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə verilən ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 16 avqust 2024- cü il tarixdə saat 18:50-də Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Ruzi” marketin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ- nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisindən 08 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,149 qram, 0,228 qram, 0,268 qram, 0,214 qram, 0,200 qram, 0,124 qram, 0,205 qram, 0,127 qram, ümumi təmiz çəkisi 1,515 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadəçisidir, lakin saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. O ev paltarında marketə düşmüş, marketin içərisində polis əməkdaşlarından biri yaxınlaşaraq onun qolundan tutub çölə çıxarmış və daha sonra digər polis əməkdaşı ilə birlikdə onu polis idarəsinə aparmışlar. İdarədə xidməti otaqların birində polis əməkdaşları onu yerə yıxmış və üzünə şillə vurmuşdur. Daha sonra üzərində narkotik vasitə olmasını etiraf etməsini tələb etmişlər. Daha sonra polis əməkdaşları ona 8 büküm narkotik vasitə vermişlər və narkotik vasitə qəbul etməyi tələb etmişlər. Əks təqdirdə onu yaşadığı evin həyətindən narkotik vasitə çıxartmaqları ilə bağlı təhdid etmişdir. O da məcbur qalıb şəxsi axtarış zamanı üzərində narkotik vasitə olmasını demiş və polis əməkdaşlarının ona təqdim etdiyi 8 büküm narkotik vasitənin guya ona məxsus olduğunu bildirmişdir. Halbuki onun üzərində həmin gün narkotik vasitə olmamışdır. Saxlanılan vaxt vəkilinə ona təsir və təzyiqlər olması barədə heç nə deməmişdir, həmçinin iki gün sonra qətimkan tədbiri məsələsi ilə bağlı məhkəməyə gətirilən zaman da bu barədə heç nə deməmişdir. Sonradan bu barədə müstəntiqə şifahi demişdir, müstəntiq tərəfindən ona qarşı heç bir təsir və təzyiq göstərilməmişdir. İlk dəfə cinayət məsuliyyətinə cəlb edildiyi üçün istintaq zamanı hər hansı orqana şikayət verməli olduğunu bilməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Saray qəbirstanlığının yaxınlığında üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 70 manat müqabilində 01 ədəd şəffaf sellofan paketin içərisində 08 ədəd bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Həmin psixotrop maddəni ürəyi istədiyi vaxt istifadə edə bilməyi üçün üzərində gəzdirməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Ruzi” marketin yaxınlığında olarkən bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu deyərək onu polis idarəsinə dəvət etmişlər. O polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə getmişdir. Orada üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirdikdə o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X6 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklfi edilmişdir. O, öz əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofanı təqdim etmişdir. Həmin sellofanın içərisində baxış keçirilən zaman orada 08 ədəd bükümün olduğu müəyyən edilmişdir. Bükümlərin içərisində psixotrop maddə olan metamfetamin olmuşdur. O, üzərindən aşkar olunmuş həmin maddələri saxlanıldığı gündən bir gün əvvəl Saray qəbirstanlığı adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 70 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri Xəzər RPİ-də işləyir, əvvəllər Sumqayıt ŞPİ-nin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili işləmişdir. Həmin vaxt Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə axşam tərəfi Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Ruzi” marketin yaxınlığında saxlayaraq Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis idarəsinə vəkil dəvət edilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni nə varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, sonuncu əynində olan şalvarın cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin sellofan açılan zaman içərisində 08 ədəd qara rəngli sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni gecə saatlarında Saray qəbirastanlığının yaxınlığında tanımadığı şəxsdən 70 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəziyə qoyulub çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra hər hansı etiraz etməmiş, müqavimət göstərmiş və törətdiyi əməli etiraf etmişdir. Eləcə də polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik inspektpru Şahid2 məhkəmə iclasında ifadə vermiş digər Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd şəffaf rəngli sellofanı təqdim etmiş, həmin sellofan açılan zaman içərisində 08 ədəd qara rəngli sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin psixotrop maddə olan metamfetamin olmasını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin 21-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 71-75-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Sumqayıt ŞPİ-nin təhqiqatçısı Feyzullayevelnur Fazil oğlu özünü, həmçinin şəxsi axtarışda iştirak edən Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid1, kiçik inspektor Şahid2 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektro-kriminalisti X7 təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində saxlaması ilə məlumat daxil olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və vəkil X4 təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı maddə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ona təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində 01 ədəd sellofan torbanı çıxarıb masanın üzərinə qoyur. Sellofan açıldıqda içərisindən qara rəngli kağıza bükülmüş 08 ədəd büküm aşkar olunur, bundan sonra təhqiqatçı bükümləri açaraq baxır və içərisində ağ rəngli kristal şəkilli maddələr aşkar olunur. Təhqiqatçı aşkar olunmuş bükümləri haradan aldığını Təqsirləndirilən şəxs soruşur, Təqsirləndirilən şəxs həmin bükümləri dünən gecə saatlarında Saray qəbirastanlığının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 70 manata aldığını bildirir, sonra bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilir, 1-ci büküm 0,29 qram, 2-ci büküm, 0,34 qram, 3-cü büküm 0,36 qram, 4-cü büküm 0,30 qram, 5-ci büküm 0,29 qram, 6-cı büküm 0,31 qram, 7-ci büküm 0,20 qram, 8-ci büküm 0,20 qram, ümumi çəkisi isə 2,44 qram təşkil etdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etmir, bundan sonra narkotik vasitə heroinə bənzər maddələr qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bundan sonra videoçəkiliş dayandırılır. Cinayət işinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/1-6/4205 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi, “saxlanılan şəxs: Həsənov (imza)” yazısı və imzalar olan zərfdəki 08 (səkkiz) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,149 qram, 0,228 qram, 0,268 qram, 0,214 qram, 0,200 qram, 0,124 qram, 0,205 qram, 0,127 qram, ümumi təmiz çəkisi 1,515 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 1,515 qram olmuş, tədqiqata 0,16 qram sərf edilmiş, 1,355 qram qalıq qalmışdır. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 97-98-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 1,355 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6406 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında xx.xx.2024-cü il tarixli raportlardan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan və əməliyyat-axtarış qrupunun yaradılması barədə əmrdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq istifadəsi və üzərində gəzdirməsi barədə əməliyyat orqanına məlumatar daxil olmuşdur. Cinayət işinin 80-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ayrı-ayrılıqda hər birində təmiz çəkiləri – 0,149 qram, 0,228 qram, 0,268 qram, 0,214 qram, 0,200 qram, 0,124 qram, 0,205 qram, 0,127 qram, ümumi təmiz çəkisi 1,515 qram psixotrop maddə olan metamfetamini əldə edib özündə gəzdirib saxlamışdır. Həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Müəyyən edilmişdir ki, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edərkən, yalnız psixotrop maddənin 08 büküm olmasını əsas götürmüşüdür. Lakin, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddəni əldə etməsi və ya satması ilə bağlı heç bir sübut əldə edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı şəxs (şəxslər) ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Onun əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə prosesində şahid kimi ifadə vermiş əməliyyat tədbirində iştirak edən polis əməkdaşları ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs psixotrop maddələri və ya narkotik vasitələrin satışı barədə əməliyyat məlumatı olmamışdır, əməliyyat məlumatı yalnız narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin satış məqsədi ilə əldə edilib gəzdirməsi barədə nəticəyə gəlmək üçün həmin psixotrop maddənin ayrı-ayrı bükülülərdə olması kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, psixotrop maddələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Psixotrop maddənin ayrı-ayrı bükülülərdə olması yalnız satışla bağlı şübhə yarada bilər, həmin şübhələrin real olmasını isə konkret sübutlar əsasında müəyyən etmək olar. Müvafiq sübutlar olmadan yalnız şübhə əsasında şəxsə ittiham elan edilə bilməz. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan şəxsi axtarışın keçrilməsi barədə protokoldan, həmçinin şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərdən də görünür ki, şəxsi axtarış zamanı təhqiqatçı da Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi ilə bağlı şübhəli olmasını bildirmişdir. Göründüyü kimi işin halları ilə də, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə üzərində saxlaması öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6406 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Qeyd edilən hallar da bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni mütamadi istifadə edən şəxsdir, narkomaniya xəstəliyindən əziyət çəkir, psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İndiki halda isə narkotik vasitənin xırda bükümlərdə olmasından əlavə başqa sübutlar mövcud deyil. Yuxarıda da qeyd edildyi kimi yalnız bu halın mövcud olması şəxsə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün kifayət edə bilməz. Təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması, onun narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olması faktını bir daha möhkəmləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində psixotrop maddə olmaması, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə psixotrop maddələri şəxsi istifadəsi məqsədi ilə əldə etməsini və üzərində gəzdirməsini tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, saxlanılan gün polis əməkdaşları onu döymüşlər. Müstəntiq tərəfindən isə ona qarşı hər hansı təsir və ya təyiq olmamışdır. Saxlanıldığı gün döyülməsi nəticəsində hər hansı xəsarətləri olmamış, döyülməsi ilə bağlı heç bir yerə müraciət etməmişdir. O, indiyədək heç bir orqana qanunsuz hərəkətlər barədə şikayət verməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin saxlanılan zaman və ya daha sonra hər hansı təsir və təzyiqlərə məruz qalması faktı məhkəmə tərəfindən müəyyən edilməmişdir, bu hal yalnız təqsirləndirilən şəxsin iddialarından ibarət olmuş və həmin iddianın doğruluğu öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o psixotrop maddə olan metamfetaminə bənzər səkkiz ədəd bükümdə olan kütlələri təqdim edərək, onu tanmadığı şəxsdən şəxsi istifadəsi üçün 70 manata aldığını bildirmişdir. Vəkil Qoşqar şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı təsirə-təzyiqə məruz qalıb qalmaması, psixotrop maddənin ona məxsus olub-olmaması barədə suallar vermiş, Təqsirləndirilən şəxs isə cavabında heç bir təsir və təzyiqə məruz qalmadığını, aşkar edilmiş psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində psixotrop maddə olmaması, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsassən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsini cəzanı yüngülləşdiriən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6406 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,355 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkil Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,355 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-118/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-118/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver