Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-12/2023 10.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1968-ci il Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 06 (altı) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,135 qram, 0,105 qram, 0,159 qram, 0,154 qram, 0,138 qram, 0,127 qram, ümumi təmiz çəkisi 0,818 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd elekton tərəzi əldə edib daşıyaraq üzərində saxlamış, 14 avqust 2021-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının ünvan 2 ünvanının yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroin onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən, üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi isə əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 14 avqust 2021-ci il tarixdə səhər saat 10-11 radələrində polis əməkdaşları onun yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 41 ünvanının qarşısında tutaraq evə aparmışlar. Tutulduğunu arvadı, oğlu və qızı görmüşdür. Günorta saatlarında onlar onun evində axtarış aparmış və evdə anasına məxsus işlək vəziyyətdə olmayan tərəzi tapmışlar. O, narkotik vasitə istifadəçisi olsa da, polis əməkdaşları onu tutduqları zaman onun üzərində narkotik vasitə olmamışdır. Bölmədə polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilmiş və onun ayağı yaralanmışdır. Polis əməkdaşları onu aldadaraq üzərində narkotik vasitə olduğunu etiraf etməsini, istifadəçi kimi sənədləşdirəcəklərini bildirmişlər. O da təzyiq altında məcbur olub onların təklifini qəbul etmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və həmin şəxsə dair düşmənçilik, eləcə də ədavət münasibətləri olmadığını bildirərək, işin mahiyyəti üzrə göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə ona Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 41 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuş, məlumat raport vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o da əlavə edilmişdir. Həmin gün saat 16:40 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində, sözügedən əməliyyat qrupunun üzvləri tərəfindən pusqu qurulmuş, saat 16:50 radələrində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun gələn bir nəfər şəxs ara küçə ilə hərəkətdə olarkən əməliyyat qrupunun üzvləri həmin şəxsi saxlamışdır. O və digər polis əməkdaşları özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olacağlarını bildirib, Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş və Təqsirləndirilən şəxs avtomobilə əyləşdirmişlər. Bir neçə dəqiqəyə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının həyətinə çatdıqdan sonra xidməti otaqlardan birində Sumqayıt ŞPİ-nin 1-ci PB-də təhqiqatçı Elşad Məmmədov özünü təqdim edərək, saxlanılan şəxdən də özünü təqdim etməsini xahiş etmiş və saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 1-ci PB-nə gətirildiyini demişdir. Daha sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmiş, təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təyin olunduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızında olan bükümləri, sol cibindən isə 01 (bir) ədəd qara rəngli elektron tərəzini və 01 (bir) ədəd alışqanı təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümlərin nə olduğunu, haradan, nə vaxt, neçiyə əldə etdiyini və tərəzinin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərin narkotik vasitə “kakos” olduğunu, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən hər bükümünə 10(on) manat olmaqla, ümumilkdə 60 (altmış) manat ödəyərək aldığını və şəxsi istifadəsi üçün üzərində saxladğını, təqdim etdiyi tərəzini isə aldığı narkotik vasitənin miqdarında narkotik vasitə aldığı şəxsin onu aldatmaması üçün narkotik vasitənin çəkisini ölçmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər bükümləri ardıcıllıqla elektron tərəziyə qoyaraq çəkmiş, həmin bükümlər və eyni zamanda sonuncunun üzərindən aşkar olunmuş 01 (bir) ədəd tərəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Eləcə də o, ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə əməliyyat məlumatları daxil olduğunu, lakin keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı həmin şəxsin kimə, hansı miqdarda, nəyin qarşılığında narkotik vasitə satmasını müəyyən etmək mümkün olmadığını, əgər Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxs və ya şəxslər məlum olarsa dərhal istintaqa məlumat veriləcəyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş X4 ifadəsində göstərdi ki, 14 avqust 2021-ci il tarixdə səhər saat 12:00 radələrində yaşadıqları Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 41 ünvanının hasarında kiminsə həyətə tulladığını görmüş və tez anasına zəng etmişdir. İlk öncə qardaşı Əhməd, sonra da anası gəlmiş, ona evdən çölə çıxmamasını və qorxmamasını bildirmişlər. Həyətdə 10 nəfərə yaxın şəxs olmuşdur. Onlar evi axtarmışlar və nəsə tapdıqlarını görməmişdir. Məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 14 avqust 2021-ci il tarixdə səhər saat 10-11 radələrində qızı Aybəniz ona zəng edərək həyətdə adamlar olduğunu bildirdi. O da oğlu Əhmədə zəng edərək həyətdə adamlar olduğunu və tez evə getməsini demişdir. Evə gəldikdə oğlu Əhmədin və qızının evdə olduğunu və həyətdə 7-8 nəfər polis əməkdaşları olduğunu görmüş və evə keçərək qızı ilə evdə oturmuşdur. Məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 14 avqust 2021-ci il tarixdə səhər saat 10-11 radələrində anası Gülxarın ona zəng edərək həyətdə adamların olduğunu bildirərək evə getməsini demişdir. O, evə gəldikdə həyətdə polis əməkdaşları olduğunu görmüşdür. Polis Əməkdaşları evdə axtarış aparmışlar və evdə olan işlək vəziyyətdə olmayan tərəzini aşkar edərək götürmüşlər. Həmin vaxt evdə o, anası və bacısı olmuşdur. Məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə qonşudur. 14 avqust 2021-ci il tarixdə səhər saat 10-11 radələrində məhlədə səs-küy eşitdiyini, məhləyə çıxdıqda polis əməkdaşları olduğunu və onların İlqarı tutduqlarını gördüyünü bildirdi. Bu zaman İlqar polis əməkdaşlarına “mən neynəmişəm axı” dediyini eşitmişdir. Sonra polis əməkdaşları İlqarı aparmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Diskə baxış zamanı məlum olmuşdur ki, Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də təhqiqatçı Elşad Məmmədov xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etdi. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdi. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 1-ci PB-nə brildiyini dedi. Daha sonra təhqiqatçının göstərişi ilə mülki geyimli polis əməkdaşları özlərini təqdim etdi. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təyin olunduğunu bildirdi. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir banın olub-olmamasını soruşdu. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızında olan bükümləri, sol cibindən isə 01 qara rəngli elektron tərərzini və 01 ədəd alışqanı təqdim etdi. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümlərin nə olduğunu, haradan, nə vaxt, neçiyə əldə etdiyini və tərəzinin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş narkotik vasitə “kakos”dur, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən hər bükümünə 10 manat olmaqla, ümumilkdə 60 (altmış) manat ödəyib aldığını və şəxsi istifadəsi üçün üzərində saxladğını və təqdim etdiyi tərəzini isə narkotik vasitəni alan zaman, aldığı narkotik vastələrin ona az çəkidə verməmələri üçün üzərində saxladğını bildirdi. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər bükümləri ardıcıllıqla tərəziyə qoyulub çəkilən zaman həmin bümlərin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisinin, 1-ci büküm 0,26 qram, 2-ci büküm 0,23 qram, 3-cü büküm 0,35 qram, 4-cü büküm 0,29 qram, 5-ci büküm 0,24 qram, 6-cı büküm isə 0,30 qram olduğu və həmin bükümlər ümumilikdə tərəziyə qoyulub çəkilən zaman 61,69 qram olduğu müəyyən olundu. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd tərəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3518 №li rəyində göstərilmişdir ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 125 nömrəli dairəvi möhür əksi olan, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə 06 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,135 qram, 0,105 qram, 0,159 qram, 0,154 qram, 0,138 qran, 0,127 qram ümumi təmiz çəkisi 0,818 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisinin müəyyən edilməsi və Təqsirləndirilən şəxs aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümükün deyildir. Qeyd: heroinin təmiz çəkisi: 0,818 qram, tədqiqata sərf edildi: 0,24 qram, qalıq 0,578 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzininin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2021-ci il tarixli, 3861 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-405/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, 0,818 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,578 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan sahidlərin istifadəsində olan mobil telefon nömrələrinin anten dairələrini özündə əks etdirən CD formatlı disklərdən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşları Şahid1 istifadəsində olan 055 ***-**-** nömrəli, Şahid2 istifadəsində olan 070 ***-**-** və 055 ***-**-** nömrəli və Şahid3 istifadəsində olan 055 ***-**-** və 050 ***-**-** nömrəli mobil telefonların 14 avqust 2021-ci il tarixdə anten dairələrinin müəyyən edilməsi üçün məhkəmə qərarı çıxarılmış və “BAKCELL”, “AZERFON” və "xxxx" MMC-dən gələn çıxarışlarda Şahid2 istifadəsində olan 070 ***-**-** mobil nömrəsinin saat saat 10-12 radələrində anten yeri Sumqayıt şəhəri, Corat qəsəbəsi, saat 16:00 radələrində isə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisi, Şahid1 istifadəsində olan 055 ***-**-** mobil nömrənin saat 16:00 radələrində anten yeri Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisi göstərilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-nə gətirilərkən sağ ayağında şiş və yara aşkar olunmuş, lakin Təqsirləndirilən şəxs şikayəti olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-417/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünün və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 417/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək təyin edilmiş cəzası 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etməyə endirilib, xx.xx.2018-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 21.3-ci maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş, CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmçinin CPM-nin 351.2-ci maddəsinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.4-cü maddəsində isə göstərilmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat sərf etmişdir. Ona görə də, 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,135 qram, 0,105 qram, 0,159 qram, 0,154 qram, 0,138 qram, 0,127 qram, ümumi təmiz çəkisi- 0,818 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elekton tərəzi əldə edib daşıyaraq üzərində saxlamış, 14 avqust 2021-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının ünvan 2 ünvanının yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PByə gətirilib üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroin onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən, üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi isə əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, ittiham aktında və məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə saat 16:00 radələrində tutulduğu göstərildə də, əlavə şahid qismində dindirilmiş X1, Şahid6, Şahid4 və Şahid5 ifadələrində onun səhər saat 10-11 arası tutulduğu bildirilmişdir. Eyni zamanda Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları Şahid1 istifadəsində olan 055 ***-**-** nömrəli, Şahid2 istifadəsində olan 070 ***-**-** və 055 ***-**-** nömrəli və Şahid3 istifadəsində olan 055 ***-**-** və 050 ***-**-** nömrəli mobil telefonların 14 avqust 2021-ci il tarixdə anten dairələrinin müəyyən edilməsi üçün məhkəmə qərarı çıxarılmış və “BAKCELL”, “AZERFON” və "xxxx" MMC-dən gələn çıxarışlardan da görünür ki, Şahid2 istifadəsində olan 070 ***-**-** mobil nömrəsinin saat saat 10-12 radələrində anten yeri Sumqayıt şəhəri, Corat qəsəbəsi, saat 16:00 radələrində isə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisi, Şahid1 istifadəsində olan 055 ***-**-** mobil nömrənin saat 16:00 radələrində anten yeri Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisi göstərilmişdir. Belə ki, məhkəmə iclasında şahid və əlavə şahid qismində dindirilmiş şəxslər bir-birinə zidd ifadələr vermiş, Təqsirləndirilən şəxs tutlduğu yeri və vaxtı barədə də ziddiyyət yaranmışdır. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamı müdafiə etmək üçün heç bir mötəbər dəlil və sübutlar təqdim edə bilməmişdir. Cinayət Prosessual Məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bununlada məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza tədqiqatları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə keçirildiyindən və hazırda ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verildiyindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65.00 (altmış beş) manat dövlət büdcəsinə aid edilməli və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə maddi sübut olan 0,578 (ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan) qram çəkidə heroin cinayəti törətmiş şəxs müəyyən edilmədiyindən Sumqayıt şəhər Polis İdarəsində saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 (bir) ədəd DVD-R formatlı və şahidlərə məxsus mobil telefon nömrələrinin anten dairəsi məlumatlarını özündə əks etdirən 05 (beş) ədəd CD formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.4, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilsin və o təqsirsiz elan edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin o dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 65.00 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olan 0,578 (ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan) qram çəkidə heroin həmin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Sumqayıt ŞPİ-də saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 (bir) ədəd DVD-R formatlı və şahidlərə məxsus mobil telefon nömrələrinin anten dairəsi məlumatlarını özündə əks etdirən 05 (beş) ədəd CD formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-12/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-12/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver