Məhkəmə qərarları › İş №1(060)-121/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-121/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-121/2022 24.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçilər-Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 180.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18.07.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 02 ay 25 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, Abşeron Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.01.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin 1(012)-106/2021 saylı, 20.08.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 21-ci məhəllədəki fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Republikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımaqla saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, 19.05.2021-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehak miqdarından artıq miqdarda 5,874 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 19.05.2021-ci il tarixdə saat 20:00-da Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində yerləşən “Daş Bazarı” yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib, orada xidməti otaqların birində, üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı, üzərində “Luxury Perfume” sözləri yazılmış boz rəngli parça torbadan 5 ədəd şəffaf rəngli sellofona bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri; 1,061 qram, 1,103 qram, 1,202 qram, 1,399 qram, 1,109 qram olan ümumi xalis çəkisi 5,874 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Bundan başqa, o, 27.05.2021-ci il tarixdə saat 16:00 radələrində özgə əmlakını talama məqsədi ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8/5A saylı binanın qarşısında 22.09.2008-ci il təvəllüdlü X3 yaxınlaşıb onunla söhbət etdikdən sonra sonuncunun sol əlində saxladığı üzərində 5 manat dəyərində ***-***-**-** saylı gsm nömrəsi olan 620 manat dəyərində **********57361 və **********72369 imei kodlu “Redmi Note 9” markalı mobil telefon aparatını Hüseyn İsmayılovun əlindən dartmaqla, ələ keçirib açıq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 625 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 19.05.2021-ci il tarixdə Sumqayıt şəhəri, Daş bazarı adlanan yerə yaxın ərazidə piyada it gəzdirən vaxt onu polis əməkdaşları saxlamışlar. Həmin vaxt əynində qısa ətəkli şalvar və qısa qol köynək olmuşdur. Onu polis əməkdaşları polis idarəsinə gətirmişlər və orada ona bildirmişlər ki, o, hansısa bir narkotik satan şəxslə dalaşmışdır. O, polis əməkdaşlarına bildirmişdir ki, kimliyindən asılı olmayaraq hər hansı bir şəxs narkotik satacaqsa o, həmin şəxslə dalaşacaqdır. Sonra polis əməkdaşları ona narkotik maddə verib bildirmişdir ki, həmin narkotik maddənin ona məxsus olmasını və hansısa uşağın əlindən telefon alaraq qaçması barədə ifadə verərsə ona CM-nin 234.1-ci maddəsi ilə iş başlayacaqlar. Əks halda onun barəsində küllü miqdarda narkotik maddənin üzərindən aşkar olunması ilə bağlı cinayət işi başlanacaqdır. O, da məcbur qalıb polis əməkdaşları ilə razılaşmışdır. Sonra o polis idarəsinin MSY-nə aparılmış və orada olarkən bilmişdir ki, ona küllü miqdarla cinayət işi başlanmışdır. Bundan sonra, o narazılıq etmiş, səlahiyyətli şəxslərlə görüşmüş və ona istintaqın davam etdiyi bildirilmişdir. İstintaqın gedişində əməli CM-nin 234.1-ci maddəsinə tövsif edilmişdir. Bundan sonra etirafedici ifadələr vermişdir. Bundan başqa, o, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində olmuş, oradan mağazaya girərək enerjili su alaraq çıxmış, lakin hər hansı bir şəxsin əlindən telefon almamış və belə bir cinayət törətməmişdir. İbtidai istintaq zamanı o, zərərçəkmiş şəxslə üzləşdirilməmişdir. Bundan başqa, onu polis əməkdaşları saxlayaraq üzərinə baxış keçirən zaman orada müdafiəçi olmuş, lakin o, polis əməkdaşları ilə danışıb razılaşdığı üçün çəkiliş zamanı narkotik maddənin ona məxsus olduğunu və Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində uşağın əlindən telefonu alıb qaçması barədə etirafedici ifadə vermişdir. O, narkotik maddə istifadə etsə də, onun üzərindən heç bir narkotik maddə aşkar olunmamış, həmin narkotik maddəni ona polis əməkdaşları vermiş və o, hər hansı bir şəxsin əlindən telefon alıb qaçmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaqdakı ifadəsinə məhkəmə iclasında münasibət bildirərkən qeyd etmişdir ki, soyğunçuluq cinayəti ilə bağlı müstəntiq ondan ifadə almamış, ümumiyyətlə 2021-ci ilin oktyabr ayında həbsdə saxlanıldığı 3 saylı İT-dan Sumqayıt şəhər Polis İdarəsinə etap olunmamış, müstəntiqə elə bir ifadə verməmiş, bundan əlavə həmin soyğunçuluq cinayəti törədilən zaman onun üzərində ***-***-**-** nömrəli mobil telefon olmuş, həmin telefon işlək vəziyyətdə olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, son 3 ildir ki, mütəmadi olaraq narkotik vasitə, el arasında “kakos” adı ilə tanınan, heroindən istifadə edir. 19.05.2021-ci il tarixdə səhər saatlarında şəxsi işi ilə bağlı Abşeron rayonu Novxanı qəsəbəsinə getmişdir. Sumqayıt şəhərinə qayıtmaq üçün Novxanı qəsəbəsində məscidin yaxınlığında dayandığı vaxt üzdən tanıdığı, adını bilmədiyi şəxs yaxınlaşıb onunla söhbətləşməyə başlamışdır. Söhbət əsnasında həmin şəxs ona özündə narkotik vasitə olan heroin olduğunu, istədiyi təqdirdə ona satacağını bildirərək əlində saxladığı şəffaf rəngli bükümü ona göstərmişdir. Kənar şəxslər olduğu üçün həmin sellofanın açıb içərəsinə baxa bilməmişdir. Keyfiyyətinin necə olduğunu soruşanda onu əmin etmişdir ki, ondan narazı qalmayacaqdır. Deməsinə görə əlində tutduğu heroin 1.5 qram çəkisindədir və 20 manata satır. O, razılaşıb 20 manat pul verib həmin narkotik vasitə heroini almışdır. Yol marşurutu ilə Sumqayıt şəhərinə qayıtmışdır. Həmin gün, Saat 17:15-də Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olduqlarını, orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O, etiraz etmədiyi üçün xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına getmişdir. Xidməti otaqlardan birinə daxil olanda təqhiqatçı polis kapitanı Rəhman Qurbanov özünü təqdim edib, onun narktotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, gəzdirilməsi və daşınmasına şübhəli olduğunu bildirib üzərinə videçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirib ona hüquq və vəzifələrinə dair tərtib olunmuş bildirişi təqdim etməklə, hüquqlarının Sumqayıt şəhər Regional vəkil bürosunun üzvi X5 tərəfindən qorunacağını demiş, bildirdiklərinə etirazının olub-olmamasını soruşmuşdur. O, heç bir etirazının olmadığını dedikdən sonra hüquq və vəzifələrinə dair ona bildiriş təqdim edilmişdir. Bildirişlə tanış olmuşdur. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmamasını əgər varsa təqdim etməsini bildirmişdir. O, əynimdəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sellofanın içərisi yoxlanılan zaman içərisindəki qəhvəyi rəngli kütləni görən təhqiqatçı ondan həmin kütlənin tərkibi barədə soruşmuşdur. O, həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən çıxan həmin büküm qablaşdırılıb möhürlənmişdir. Üzərindən çıxan alışqan əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmışdır. Videoçəkiliş sonlandırılıqdan sonra sənədləşmə işləri aparılıb şəxsi axtarışa dair protokol tərtib edilmişdir. Həmin protokol onun tərəfindən imzalanmışdır. Saxlanılarkən və ya polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən həmçininin sonradan polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Bundan başqa 27.05.2021-ci il tarixdə şəxsi işi ilə bağlı olaraq Sumqayıt şəhərində yerləşən Mərkəzi Bazar deyilən yerə getmişdir. Saat 15:30 radələrində bazardan çıxıb 1-ci mikrorayonun ara məhəllələrinə gəzə-gəzə getmişdir. Saat 16 radələrində bir nəfər azyaşlı uşağın skameykada əyləşib mobil telefonla oynadığını görmüşdür. Maddi vəziyyətinin yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Ətrafda kimsənin olmadığını və uşağın azyaşlı olması səbəbindən rahatlıqla oğurluq edə biləcəyini düşünüb sonradan adının Hüseyn olduğunu bildiyi uşağın yanına yaxınlaşıb onun yanında skameykada əyləşmişdir. Ətrafda uşağın yaxınlarından kimsənin ola biləcəyindən ehtiyyat edib bir qədər sakit dayanmışdır. Lakin kimsənin olmadığını görmüşdür. Oğurluq etməyə qəti qərar verdikdən sonra uşağın başını qatıb xəlvətcə telefonu götürmək istəmişdir. Bu məqsədlə onunla söhbət etməyə başlamış, lakin uşağın telefondan ayrılmadığını görüb planının bu şəkildə baş tuta bilməyəcəyini fikirləşmişdir. Odur ki, uşaqdan vacib zəng etməli olduğunu lakin telefonunun olmadığını deyib mobil telelfonunu bir-iki dəqiqəlik ona verməsini xahiş etmişdir. Bununla telefonu aldatmaqla ələ keçirib oradan uzaqlaşmaq istəyirmiş. Lakin Hüseyn telefonu ona verməkdən imtina etmişdir. O, başqa yolunun qalmadığını yanız telefonu uşağın əlindən məcbur da olsa alıb qaçmalı olduğunu fikirləşmişdir. Anidən o, telefonu iki əli ilə tutub özünə tərəf dartmışdır. Hüseyn telefonu özündə saxlamağa çalışsa da gücüçatmadığı üçün telefonu buraxmalı olmuşdur. Telefonu ələ keçirən kimi ara məhəllələr istiqamətində qaçmağa başlamışdır. Hüseyn arxasınca dayanmağını tələb edən məzmunda qışqırsa da o uşağa əhəmiyyət verməmişdir. 10-15 saniyə ərzində o, Hüseynin olduğu yerdən tamamilə uzaqlaşmışdır. Bir qədər də qaçıb tamamilə uzaqlaşdıqdan sonra dayanmışdır. Mobil telefona diqqətlə baxmış, həmin telefonun Redmi Not 9 markalı olduğunu görmüşdür. Telelfonu söndürmüş, üzərində olan mobil nömrəni çıxarıb sındırmaqla xatırlamadığı yerdə tullamışdır. Bundan sonra Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən Heydər Park ərazisinə daxil olmuşdur. Mobil telefonu açmış və içərisində olan şəkilləri, nömrələri eləcə də digər məlumatları silmişdir. Telefonu formatlayıb zavod məlumatlarını təzələmişdir. Bundan sonra Heydər Parkı adlanan ərazidə bir nəfər 40-45 yaşlarında təxminən 170-175 sm hündürlüyündə, orta bədən quruluşlu kişinin skameykada əyləşdiyini görüb ona yaxınlaşmışdır. Həmin şəxsə mobil telefon satdığını deyib telefonu ona göstərmişdir. Həmin şəxs telefonun kimə məxsus olduğunu deyəndə, o, həmin şəxsə telefonun özünə məxsus olduğunu, lakin işlətmək istəmədiyini bildirib satmaq qərarına gəldiyini demişdir. Həmin şəxs mobil telefonun oğurluq yolu ilə ələ keçirdiyindən xəbəri olmamışdır. Razılaşıb telefonu 100 manata həmin şəxsə satdıqdan sonra oradan uzaqlaşıb yaşadığı evə qayıtmışdır. Əldə etidiyi 100 manat pulu maddi təlabatlarından ötrü xərcləmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə hər iki cinayət əməlini törətdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, dayısı X6 İ Qarabağ müharibəsində iştirak edərək şəhid olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 20 sentyabr 2020-ci il tarixdə arvadı Şahid1 620 manata “Redmi Note 9” markalı **********57361 və **********72369 imei kodlu mobil telefon alıb ona hədiyyə etmişdir. O həmin mobil telefonda 5 manata aldığı ***-***-**- ** saylı mobil nömrədən istifadə edirdi. 27.05.2021-ci il tarixdə arvadı Şahid1 evdə olmamış, o isə 22.09.2008-ci il təvəllüdlü oğlu Hüseyn İsmayılov ilə birlikdə evdə tək olmuşlar. 27.05.2021-ci il tarixdə saat 16 radələrində oğlu Hüseyn ondan arvadı Könülün hədiyyə olaraq ona verdiyi, onun özünün istifadə etdiyi həmin “Redmi Note 9” markalı mobil telefonu istəmişdir ki, telefonda oyunlar oynasın. O da oğluna etiraz etməyib telefonunu ona vermişdir. Oğlu Hüseyn isə telefonu götürüb oyun oynamaq üçün evin həyətinə çıxmışdır. Hüseyn evdən çıxdıqdan təxminən 30-40 dəqiqə sonra evə qayıdıb bildirmişdir ki, evin həyətində telefonla oynayan zaman təxminən 25-30 yaşlarında bir nəfər cavan oğlan ona yaxınlaşaraq onu söhbətə tutmuş, söhbət zamanı oğlunun əlində olan ona məxsus “Redmi Note 9” markalı mobil telefonu baxmaq üçün istəmiş, oğlu Hüseyn telefonu vermək istəmədikdə isə həmin cavan oğlan Hüseynin əlindən telefonu alaraq sürətlə qaçaraq oradan uzaqlaşmışdır. O dərhal həyətə çıxsa da həyətdə heç kimin olmadığını görmüşdür. Bundan sonra, digər mobil telefonu ilə ***-***-**-** saylı nömrəyə zəng etsə də telefonun söndürüldüyünü görmüşdür. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək bu barədə məlumat vermiş, daha sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedib bu barədə ərizə yazmışdır. Məhkəmənin təşəbbüsü ilə dəvət olunaraq qanuni nümayəndəsi Şahid1 və mütəxəssis X1 iştirakı ilə dindirilmiş X8 ifadəsində göstərdi ki, 27.05.2021-ci il tarixdə anası Şahid1 evdə olmamış, o isə atası Azərlə birlikdə yaşadıqları evdə olmuşlar. 27.05.2021-ci il tarixdə saat 16 radələrində o, atası Azərə məxsus “Redmi Note 9” markalı mobil telefonu istəmişdir ki, telefonda oyunlar oynasın. Atası da etiraz etməyib telefonunu ona vermişdir. O, isə telefonu götürüb oyun oynamaq üçün evin həyətinə çıxmışdır. O, həyətdə telefonla oyun oynayan zaman təxminən 25-30 yaşlarında bir nəfər cavan oğlan ona yaxınlaşaraq onu söhbətə tutmuş, söhbət zamanı onun əlində olan atasına məxsus “Redmi Note 9” markalı mobil telefonu baxmaq üçün istəmiş, o, telefonu vermək istəmədikdə həmin cavan oğlan onun əlindən telefonu alaraq sürətlə qaçaraq oradan uzaqlaşmışdır. O dərhal yaşadığı mənzilə qalxaraq bu barədə atasına demiş, atası Azər həyətə çıxsa da həyətdə heç kimin olmadığını görmüşdür. Bundan sonra atası 102 zəng xidməti mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Ona polisdə bir neçə şəkil təqdim olunmuş və o, həmin şəkillərə baxdıqda onun əlindən telefonu alıb qaçmış şəxsin şəkilii göstərərək, onun əlindən telefonu həmin şəxsin alıb qaçdığını bildirmişdir. Həmin hadisədən sonra o, həyacan keçirdiyi üçün valideyinləri onu müalicə etdirmişdir. Bu səbəbdən də hazırda bəzi şeyləri dəqiq xatırlamır. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Ona dair düşmənçilik və ədavət münasibətləri olmamışdır. 19.05.2021-ci il tarixdə etibarlı və qərəzsiz mənbədən ona Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Məlumatı raportu vasitəsilə rəhbərliyə məruzə etdikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib Sumqayıt ŞPİ-nin NMB-in əməkdaşı Şahid3 və CAŞ-nin əməkdaşı Şahid4 ibarət tərkibdə qrup yaradılmışdır. Qrup üzvləri ilə birgə xidməti avtomobillə Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisinə getmiş və Daş Bazarının yaxınlığında pusqu qurmuşlar. Həmin gün, saat 20:00-da bir nəfər şəxsin Ceyhun adlı şəxsin əlamətləri ilə üst-üstə düşmüşdür. Təqsirləndirilən şəxs bənzər şəxsə yaxınlaşıb özlərini təqdim edib Ceyhuna özünü təqdim etməsini xahiş etdikdə, Ceyhun özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığını izah edərək saxlanıldığı yerdə müvafiq şərait olmadığı üçün sənədləşməni davam etdirmək və üzərinə şəxsi axtarış keçirmək üçün ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin TŞ-nə dəvət olunmuş və sonuncu buna etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs etirazının olmamasını bildirmiş və xidməti avtomobilə əyləşdirilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Pİ-nin TŞ-nə gətirilmişdir. Sumqayıt şəhər Pİ-nin TŞ-də xidməti otaqlarının birində Sumqayıt Şəhər Polis İdarəsinin tədqiqatçısı polis mayoru Zaur Cəfərov saxlanılan şəxsə özünü təqdim edib, saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu, Sumqayıt şəhəri 21-ci məhəllə fərdi ünvanda yaşadığını, xx xxx 1987-ci il tarixdə anadan olduğunu bildirmişdir. Tədqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Sumqayıt Şəhəri polis idarəsinin əməkdaşları tərəfindən 19.05.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq, Polis idarəsinin inzibati binasına gətirildiyini bildirmişdir. Təhqiqatçı Azərbaycan Respublikası CPM-nın 90-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrə dair tərtib olmuş bilidirişi saxlanılan şəxsə təqdim etmişdir. Saxlanılan şəxs hüquq və vəzifələri ilə tanış olduğu müddətdə tədqiqatçının göstərişi ilə şəxsi axtarış istintaq hərəkətində iştirak edən polis əməkdaşları bir-bir özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt Şəhər regional vəkil bürosunun vəkili X4 ona təqdim edib, etirazının olub olmamasını soruşmuşdur. Saxlanılan şəxs heç bir etirazının olmadığını bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyi təklif etmişdir. Saxlanılan şəxs sağ əlini əynindəki boz rəngli cins şalvarının sağ yan cibinə salıb, cibindən 01 ədəd boz rəngli parça torba çıxarıb stolun üzərinə qoymuşdur. Tədqiqatçı tərəfindən boz rəngli torba açılmış və torbanın daxilində 01 ədəd elektron tərəzi, 05 ədəd şəffaf rənglı sellofan bükümlər çıxarılıb stolun üzərinə qoyulmuşdur. Ceyhun həmin bükümlərin içərsində narkotik vasitə heroin olduğunu bildirmiş və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 80 manat müqabilində tanımadığı şəxsdən aldığını demişdir.Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış bükümlər bir-bir elektron tərəzinin üzərinə qoyulub ümumi çəkisinin 6,99 qram olduğu müəyyən edilmişdir. Saxlanılan şəxs şalvarının sol yan cibindən özünün istifadə etdiyini bildirdiyi 01 ədəd mobil telefonu çıxarıb təhqiqata təqdim etmişdir. Təhqiqatçı tərəfindən saxlanılan şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Aşkarlanmış bükümlər və elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılıb, möhürlənmişdir. Zərf saxlanılan şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdikləri həqiqəti əks etdirmir və təqsirləndirilən şəxsin dedikləri həqiqətə uyğun deyildir. Məhkəmədə şahidlər Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3, Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektoru Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdirlər. İş materiallarında olan “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” 04 oktyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə yetkinlik yaşına çatmayan şahid X9 qanuni nümayəndəsi Şahid1 və mütəxəssis X1 iştirakı ilə tanınmada istifadə edilən masa üzərinə düzülmüş oxşar 4 şəxsin fotoşəkillərinin arasından Təqsirləndirilən şəxs fotoşəkilini tanıyaraq əlindən atası Zərərçəkmiş şəxs məxsus mobil telefonu alıb qaçan şəxsin həmin fotoşəkildəki şəxs olduğunu bildirmişdir. İş materiallarında olan 19 may 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin tədqiqatçısı polis mayoru Zaur Cəfərov saxlanılan şəxsə özünü təqdim edib, saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu, Sumqayıt şəhəri 21-ci məhəllə fərdi ünvanda yaşadığını, xx xxx 1987-ci il tarixdə anadan olduğunu bildirirmiş, tədqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Sumqayıt Şəhəri polis idarəsinin əməkdaşları tərəfindən “bugün”, yəni 19.05.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq, Polis idarəsinin inzibati binasına gətirildiyini bildirmiş, saxlanılan şəxs “necə?” Deyə soruşanda tədqiqatçı “narkotik vasitələrin əldə edilməsinə və saxlanılmasında şübhəli bilindiyiniz üçün saxlanılmısınız” deyə cavab vermiş, tədqiqatçı Azərbaycan Respublikası CPM-nın 90-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrə dair tərtib olmuş bilidirişi saxlanılan şəxsə təqdim etmiş, saxlanılan şəxs hüquq və vəzifələri ilə tanış olduğu müddətdə tədqiqatçının göstərişi ilə şəxsi axtarış istintaq hərəkətində iştirak edən polis əməkdaşları bir-bir özlərini təqdim etmiş, tədqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt Şəhər regional vəkil bürosunun vəkili X4 ona təqdim edib, etirazının olub olmamasını soruşmuş, saxlanılan şəxs heç bir etirazının olmadığını bildi0miş, tədqiqatçı saxlanılan şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyi təklif etmiş, saxlanılan şəxs “var” deyib sağ əlini əynindəki boz rəngli cins şalvarının sağ yan cibinə salıb, cibindən 01 ədəd boz rəngli parça torba çıxarıb stolun üzərinə qoymuş, tədqiqatçı “nədir bu?” soruşmuş, saxlanılan şəxs “özüm də xəstəyəm, çəkirəm, almışam, “kakos” deyirlər, narkotikdir” deyə bildirmiş, tədqiqatçı tərəfindən boz rəngli torba açılmış və torbanın daxilində 01 ədəd elektron tərəzi, 05 ədəd şəffaf rəngli sellofan bükümlər çıxarılıb stolun üzərinə qoyulmuşdur. Vəkil saxlanılan şəxsdən “yəni özünüz etiraf edirsiniz ki, bu sizə məxsusdur?” “Yəni, əməkdaşlar tərəfindən sizə təziq, nəsə işgəncə olmayıb ki?” soruşmuş, saxlanılan şəxs “çəkəniyəm, xəstəyəm, almışam” demiş, vəkil saxlanılan şəxsdən “bunlar hamısı sizdə olubdur?” soruşanda saxlanılan şəxs təkrarən “həri, həə” demişdir. Vəkil “Burda artıq heçnə yoxdur ki?” soruşanda saxlanılan şəxs başını sağa sola edib “yox, yox” deyə cavab vermiş, tədqiqatçı tərəfindən 5 ədəd sellafon büküm bir-bir açılmış, bükümlərin hər birinin daxilində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə müşahidə edilmiş, bükümlər açıldığı müddətdə vəkillə saxlanılan şəxs arasında aşağıdakı məzmunda dialoq olmuş, Vəkil: “Neçə ildir istifadə edirsiniz?” Ceyhun: “2 aydır” Vəkil: “2 aydır istifadə edirsiniz bu qədər üstünüzdə gəzdirirsiniz?” Ceyhun bu suala cavab vermir. Vəkil: “satışı ilə məşğul olursunuz?” Ceyhun: “xeyr xeyr özüm istifadə edirəm. 80 manata tanımadığım şəxsdən özüm üçün almışam.” Vəkil: “Yəqin ki peşmansınızdırda?” Ceyhun: “Həə.” Görüntünün 04:58 anından etibarən Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış bükümlər bir-bir elektron tərəzinin üzərinə qoyulub və ayrı ayrılıqda çəkilərinin 1,33 qram 1,39 qram, 1,60 qram 1,46 qram, 1,25 qram, ümumi çəkisinin isə 6,99 qram olduğu müəyyən edilmişdir. Saxlanılan şəxs şalvarının sol yan cibindən özünün istifadə etiyini bildirdiyi 01 ədəd mobil telefonu çıxarıb təhqiqata təqdim etmiş, tədqiqatçı tərəfindən saxlanılan şəxsin üzəri yoxlanılıb və digər əşya aşkar edilməmiş, tədqiqatçı saxlanılan şəxsdən vəkilə “hər hansı bir sualının olub olmamasını” soruşmuş, saxlanılan şəxs “xeyr” cavabını vermiş, aşkarlanmış bükümlər və elektron tərəzi tədqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş, zərf saxlanılan şəxs tərəfindən imzalandıqdan sonra video görüntü yekunlaşdırılmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 20.05.2021-ci il tarixli, 6/1984 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124 dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd kağız paketdə içərisindən 5 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,061 qram, 1,103 qram, 1,202 qram, 1,399 qram, 1,109 qram olan ümumi təmiz çəkisi 5,874 qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmammışdır. (Heroinin təmiz çəkisi 5,874 qram, tədqiqata sərf edildi-0,2 qram, qalıq 5,674 qram). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16.08.2021-ci il tarixli, 2889 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindorumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azəbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 2027 №li 04.06.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin Dispanserdə 2021-ci ilin mart ayından “Narkotik maddələrin epizodik qəbulu” diaqnozi ilə qeydiyyatdadır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 28.01.1994-cü ildə İ Qarabağ müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs anası X13 10.07.1961-ci ildə Gorus rayonunda anadan olmuş və ailə həyatı qurduqdan sonra Hadıyeva soyadını qəbul etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş və şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Həmçinin təqsirləndirilən şəxs məhkəməyə son sözlə müraciət edən zaman əməlindən peşman olduğunu bildirmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadə işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxs kimi ibtidai istintaqda vermiş olduğu ifadə sübut kimi qiymətləndirilməlidir. Məhkəmə təqsriləndirlən şəxsin məhkəmə baxışında istidai istintaq zamanı 2021-ci ilin oktyabr ayında Sumqayıt polisinə etap olunmaması və istifadəsində olan telefon nömrəsinin anten məlumatların götürülməsinə dair göstərilən xüsusatların aydınlaşdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına soğru vermiş və "xxxx" MMC-ən anten məlumatların əldə olunması barədə qərar qəbul etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 31.01.2022-ci il tarixli məktubda Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Prokurorluğunun 19.10.2021-ci il tarixli qərarı ilə 19.10.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-nə etab edilməsi və 23.10.2021-ci il tarixdə isə 3 saylı İstintaq təcridxanasına geri qaytarılması qeyd olunmuş və "xxxx" MMC-dən məhkəməyə 14.02.2022-ci il tarixdə daxil olmuş məktubda ***-***-**-** saylı nömrənin qərarda göstərilən müddətddə, yəni 19.05.2021-ci il və 27.05.2021-ci il tarixlərdə Azercell şəbəkəsində deaktiv olduğu üçün istifadəsi aşkar edilməmişdir. Nömrə 18.07.2021-ci il tarixlərində yenidən aktiv edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar oz təsdiqni tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamış, törətdiyi cinayət əməllərini etiraf etməmişdir. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dayısı X6 İ Qarabağ müharibəsində şəhid olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 01.06.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 180.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18.07.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 02 ay 25 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, Təqsirləndirilən şəxs 04.08.2020-ci il tarixdə Abşeron RPİ-nin İŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və 12.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, məhkumluğu ödənilməmiş və gotürülməmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən həbs etmənin əvvəli 04.06.2021-ci il tarixdən hesablanmaqla 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.01.2022-ci il tarixli qərarının surətindən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin 1(012)-106/2021 saylı, 20.08.2021-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Elvin Yusifovun apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-106/2021 saylı, 20.08.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan 19.05.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və 21.05.2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının 21 may 2021-ci il tarixli qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın əvvəli 04.06.2021-ci il tarixdən hesablanmalı və cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli və hazırki hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 5,674 qram qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli (iş № 1(060)-755/2021) qərarını icra edərək, 16 noyabr 2021-ci il tarixli 1395/2021 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)- 106/2021 saylı, 20.08.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs 04 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın əvvəli 04.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin və onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 5,674 qram qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar