Məhkəmə qərarları › İş №1(060)-122/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-122/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-122/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakları ilə, xx.xx.1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri 5ci mikrorayon, ev 132/16, mənzil 62-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, özgə əmlakını ələ keçirmək məqsədi ilə Sumqayıt şəhəri 12 saylı mənzil istismar sahəsinin rəisi işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə edərək Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində yerləşən 9 saylı yataqxananın 7 nömrəli otağını Zərərçəkmiş şəxs adına adına rəsmiləşdirəcəyinə inandıraraq onu aldatmaqla vahid niyyətlə 12 aprel 2019-cu ildə saat 08:30-da Sumqayıt şəhəri 41-ci məhəllə, yataqxana 1, otaq 56 ünvanında 2000 (iki min) manat, 15 aprel 2019-cu il tarixdə saat 17 radələrində həmin ünvanda 2000 (iki min) manat, 18 aprel 2019-cu il tarixdə saat 11 radələrində həmin ünvanda 1000 (bir min) manat, həmin günü saat 14 radələrində həmin ünvanda 1000 (bir min) manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 6000 (altı min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2016-cı il tarixdən Sumqayıt şəhəri 12 saylı mənzil komunal sahəsinin rəisi işləyir, həmin vaxtlarda ondan qabaq Tahirə 12 saylı mənzil komunal sahəsində sahə ustası işləyirdi. Zərərçəkmiş şəxs isə sonradan Tahirə vasitəsi ilə tanımışdır. 2016-cı ildə Sumqayıt şəhərində yerləşən 12 saylı mənzil komunal sahəsinin rəisi təyin edilmişdir. 2019-cu ilin təxminən aprel ayının əvvəllərində Tahirə ona tanışının yataqxanadan ev istədiyini bildirmiş, o, isə Tahirəyə yataqxananın 7 nömrəli otağını təxminən 6000 manat məbləğində verə biləcəyini ona edmişdir.Dəqiq tarixlər yadında qalmasa da 2019-cu ilin aprel ayında Tahirə ona həmin məbləği iki dəfə 2000 manat və iki dəfə 1000 manat olmaqla cəmi dörd dəfəyə çatdırmışdır.Onun həmin mənzili Nəzirəyə düzəltmək səlahiyyəti yoxdur.O, Nəzirəni aldadaraq ehtiyacı olduğundan ondan həmin məbləği almışdır. Tahirə isə ancaq onun tapşırıqlarını icra etmişdir.Həmin məbləğin hamısı ona çatmış, kənar şəxslərə verməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmişdir və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Sonuncu ondan şikayətçi deyildir. Əlavə olaraq dəymiş maddi ziyanın 25 faizini, yəni 1500 manat pulu dövlət büdcəsinə keçirtmişdir. Bu səbəbdən də barəsindəki iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2015-ci ildən həyat yoldaşı X1 ayrıldıqdan sonra valideynlərinin yanında, yəni Sumqayıt şəhəri 41-ci məhəllə, yataqxana 1, otaq 56-ya köçərək üç uşağı ilə bərabər yaşayır. Yaşadığı otaq dar olduğundan başqa bir yer tapıb oraya köçməyə məcbur olmuşdur. 2019-cu ilin aprel ayında anası Sevil Kələntərovanın iş yoldaşı Qubadlı rayon Mahmudlu məktəbində hərbi müəllim işləyən Cavidlə söhbət edən zaman anası ondan söz açıb və ona yataqxana lazım olduğunu Cavidə demiş, Cavid də anasına əli ilə yaxınlıqdakı Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində yerləşən 9 saylı yataqxananı göstərərək həmin yataqxanada bir otaqlı evin satıldığını, bununla bağlı MİS-in işçisi Tahirəyə müraciət etmək lazım olduğun demişdir.Anası ilə birlikdə Tahirə adlı şəxslə Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində yerləşən 28 May mədəniyyət evinin qarşısında görüşmüş və hər üçü birlikdə Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində yerləşən 9 saylı yataqxananın 7-ci otağına getmiş, qapını Tahirə özündə olan açarla açmış və onlar içəriyə keçib otağa baxmış, lakin otağın şəraiti yaxşı olmadığı üçün o, razılaşmamışdır. Səhəri günü, yəni 2019-cu ilin aprel ayının 12-də Tahirə ilə söhbət edərkən Tahirə ona evin qiymətinin 4000 manat olduğunu, sənədləşmənin isə 2000 manat olduğunu demişdir. O, Tahirəyə əgər evin sənədi yoxdursa həmin evi almayacağını demişdir. Tahirə isə ona o evi onun anasının adına sənədləşirəcəyini, onu həmin evə qeydiyyata salacağını demişdir. O da Tahirəyə nəyə görə onun adına sənədləşdirmədiyini dedikdə Tahirə “sənin yaşın azdır, onun anasının adına sənədləşdirəcək ki, guya 30 il əvvəl anası burda yaşayır” demişdir. O da razılaşmış və evdə 2000 manat pulu anasının yanında Tahirəyə vermiş, Tahirə ondan pulu götürüb getmiş və səhəri gün, yəni 13.04.2020-ci il tarixdə Tahirə yenə də onun evinə gələrək qalan pulları istəmiş, o da pulu olmadığını, gedib bankdan götürüb imkan daxilində verəcəyini demişdir. Tahirə razılaşıb getmiş, o da məcbur olub 15.04.2020-ci il tarixdə atası Əbdülhüseyinin adına Sumqayıt şəhəri ərazisində yerləşən «Uni Bank»dan 2000 manat pul götürmüş və həmin günü o Tahirə ilə əlaqə saxlamış Tahirə saat təxminən 17 radələrində onlara gəlmiş və o həmin pulu Tahirəyə anasının yanında verdikdən sonra Tahirə ondan təxminən 30 il əvvəlki şəklini istəmiş ki, sənədləşdirmə aparsın. O da anasının köhnə təxminən 30 yaşında olan şəkillərindən iki ədədini Tahirəyə vermiş, Tahirə ondan sənədləşmə üçün əlavə olaraq 2000 min manat pul istəmiş, O da Tahirəyə pulu olmadığını, borc tapacağını demişdir. Tahirə razılaşıb getmiş, o da məcbur olub Xaçmaz rayonunda yaşayan qaynanası Sevda Şeydayevaya zəng vurub ev almaq istədiyini və ona pul göndərməsini xahiş etmiş təxminən 2019-cu ilin aprel ayının 17-sində qaynanası Sevda axşam onlara gələrək ona 1000 manat pul verib getmiş, qqalan 1000 manatı tapmıq üçünsə qızıllarını lombarda qoyacağını fikirləşmişdir. Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən lombarddan qızıllarını qoyub oradan 900 manat pul götürmüş, yolda Tahirəyə zəng vuraraq bildirdirmiş ki, pul götürmüşdür. O evə gəlmiş özündə olan 100 manat pulu da lombarddan götürdüyü pulun üstünə qoyub 1000 manat düzəltmiş, saat təxminən 14 radələrində Tahirə ona zəng vurub onlara gəlmiş, o da anasının yanında Tahirəyə 1000 manat pul verib 6000 pulun hamısını verdiyi üçün onun sənədlərini düzəltməyi demişdir. Tahirə də ona 3 gündən sonra Sumqayıt şəhərində 4-cü mikrorayon ərazisində yerləşən 12 saylı Mənzil İstismar Sahəsinin rəisi işləyən Canpoladın yanına getməyi və həmin otağı aldığı üçün sənədinin nə vaxt veriləcəyini söyləməsini demişdir. O da Tahirənin dediyi kimi 3 gündən sonra Canpoladın yanına getmiş, Canpoladın iş otağında Canpolada demişdir ki, onu Tahirə göndərib, otaq almışdır. Həmin vaxt Canpolada pulun hamısını ödədiyini demişdir. Canpolad da öz mobil telefonu ilə Tahirəyə zəng vurmuş, Tahirə də telefonda pulun hamısının verilməsini təsdiqləmişdir. Bundan sonra Canpolad şkafın siyirtməsini açıb bir ədəd açarı ona verərək həmin evin açarı olduğunu demişdir. O da açarı Canpoladdan alıb sənədləri nə vaxt götürə biləcəyini soruşduqda, Canpolad sənədlərin 20 günə hazır olacağını demişdir. O da 20 gündən sonra Canpoladın yanına gəlmiş və evin sənədlərini istəmiş, Canpolad isə ona narahat olmamasını, iclas olduğuna görə o, sənədləri düzəldə bilmədiyini, 5-ci gün gəlməyini söyləmişdir. O da yenidən həftənin 5-ci günü Canpoladın yanına getmiş, lakin Canpolad yenə də başının qarışıq olduğunu ona bildirərək gedib sonra gəlməyini ona demiş, o bir neçə dəfə Campoladın yanında olsa da hər dəfə müxtəlif bəhanələr gətirmiş, o da bu barədə Tahirəyə dedikdə, Tahirə ona sənəd işinin Canpoladlıq olduğunu demişdir. Lakin hələ də onun pulunu nə dəki, evin sənədlərini Canpolad düzəltmədiyi üçün o Tahirəni də götürüb Canpoladın evinə getmiş, Tahirənin yanında Canpolad ona sənədləri düzəldəcəyinə söz vermişdir. Lakin sonradan Canpolad və Tahirə işdən çıxarılmış, o Tahirəyə “mənim danışığım səninlə olub, get Canpoladdan mənim pulumu al”. dedikdə Tahirə də ona dəfələrlə Canpoladdan pulu istədiyini, lakin Canpoladın işi həll edəcəyinə söz verdiyini demişdir. O, bu səbəbdən məcbur olub bu barədə polisə müraciət etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, o 2005-ci ildən Sumqayıt şəhəri 12 saylı mənzil istismar sahəsində sahə ustası kimi işlədiyi vaxtdan Nəzirənin valideynlərini tanıyırmış, o həmin vaxtlar Nəzirəni orada görsə də onunla heç bir münasibəti olmamışdır. 2016-cı ildə Canpolad İsmayılov o işlədiyi sahəyə rəis gəlmiş, qeyd olunan 9 saylı yataqxananın otaq 7-də hansısa qaçqın ailəsi ilə yaşayırdı. Qaçqınlara ev veriləndən sonra həmin şəxsə də Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisindən ev verilmiş, MİS-nin rəisinin göstərişinə görə yataqxanada yaşayan qaçqına ev verilirdisə həmin qaçqından evin açarları alınırdı. Həmçinin qeyd edilən otaqda yaşayan adını xatırlamadığı şəxsə də qaçqınlar şəhərciyindən ev verildiyi üçün o həmin şəxsdən açarı MİS-in rəisi almışdır. 2019-cu ilin aprel ayında tanışı Nəzirəyə ailəsi böyük olmasını və ona ev lazım olmasını Təqsirləndirilən şəxs yanında dedikdə o, da 9 saylı yataqxananın 7 saylı otağını onlara 6000 manat məbləğində verə biləcəyini demişdir. O da Canpoladın tapşırığına əsasən Nəzirə və anası ilə görüşmüş və onlara bu barədə demişdir. Nəzirə ona həmin məbləği 2 dəfəyə 2000 manat və iki dəfəyə 1000 manat olmaqla vermiş ,o da həmin pulu Canpolada çatdırmışdır. Canpolad açarın ondan alınmasını tapşırmış və sənədləşməni də özünün edəcəyini demişdir. O, açarı Nəzirəyə vermişdir. Aradan bir neçə ay keçəndən sonra Nəzirə ondan aldığı otağın sənədini istəmiş, o da Nəzirəyə sənəd düzəltmədiyini, bununla bağlı MİS-in rəisi Təqsirləndirilən şəxs müraciət etməli olduğunu bildirmişdir. Canpolad isə Nəzirəyə yalandan pul almadığını və sənədi verə bilməyəcəyini demişdir.Daha sonra isə Nəzirə polisə şikayət vermişdir.Ona həmin puldan hər hansı bir məbləğ çatmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş X3 və Şahid4 da Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmədə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 6000 (altı min) manat maddi ziyanın tam olaraq ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Həmçinin Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, cinayət işi üzrə özünü təqsirli bildiyini və Zərərçəkmiş şəxs vurduğu maddi zərəri tam olaraq ödədiyini göstərdi. Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında təqdim olunan və cinayət işi materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, 1500 (bir min beş yüz) manat cərimə (6000x25%) Təqsirləndirilən şəxs tərəfindən X2 (VÖEN **********) hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16.10.2020-ci il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş 126-13036 saylı, 02.11.2020-ci il tarixli məktubdan və ona əlavə olunmuş protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair barəsində qərar çıxarılmış Təqsirləndirilən şəxs 02.11.2020-ci il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində tutularaq İdarənin MSY-nə təhvil verilmişdir. Cinayət işi materiallarında olan 03 noyabr 2020-ci il tarixli MSY-dən azad edilmə və qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 20 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan qətimkan tədbiri seçmə barədə 20 noyabr 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03.11.2020-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar