Məhkəmə qərarları › İş №1(060)-122/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-122/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-122/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə2, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağlarında fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17.05.2021-ci il tarixdə ünvan 4 saylı binanın arxasında 960 (doqquz yüz altmış) manat dəyərində diametri 4 sm olan 2(iki) ədəd, 1200 (bir min iki yüz) manat dəyərində diametri 6 sm olan 2 (iki) ödəd tuya cinsli ağaclarını və 600 (altı yüz) manat dəyərində diametri 6 sm olan 01 (bir) ədəd söyüd cinsli ağacını yaş kök üstə qanunsuz olaraq satmaq məqsədilə kəsərək 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ümumilikdə 2760 (iki min yeddi yüz altmış) manat - xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 1-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağlarında fərdi evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və fəhləlik etməklə ailəsini dolandırır. 17 may 2021-ci il tarixdə, axşam saat 21 radələrində bekarçılıq olduğundan, küçələri gəzmiş, həmin vaxtı ünvan 3 ünvanındakı binanın arxa tərəfindən keçərkən binanın arxa tərəfində kökü üstə ağaclar olduğunu görmüş və həmin ağacları kəsib həyətinə aparıb daha sonra satmağı qərara almışdır. Bu məqsədlə yaşadığı evə qayıtmış və ağacları kəsməkdən ötrü həyətindən mişarı götürüb həmin yerə qayıtmışdır. O, orada gizli olaraq kökü üstə olan 5 (beş) ədəd ağacı kəsmiş, lakin ağacları həyətinə apararkən insanlar tərəfindən görüləcyindən ehtiyyat etdiyindən həmin ağacları bir qədər aralıda qaracların qarşısında qoymuşdur ki, sonra gəlib götürər. O, ağacları orada qoyduqdan sonra yaşadığı ünvana gəlmiş, həmin günün sabahısı günü, yəni 18 may 2021-ci il tarixdə o, ağacları götürüb həyətinə aparmaq üçün həmin yerə getsə də , kəsdiyi ağacların orada olmadığını görmüşdür. O, həmin ağacların zibil maşınları tərəfindən qoyduğu yerdən götürülərək zibilliyə atıldığını fikriləşmişdir. Sonradan mişarla kəsdiyi kökü üstə olan ağacların 4 ədəd tuya ağacı və 1 ədəd söyüd ağacı olduğunu bilmişdir. Həmin ağacların ümumilikdə qiyməti 2760 manat dəyərindədir. O, qeyd etdiklərindən başqa ağac kəsməmiş və ona həmin ağacların kəsilməsində heç kim köməklik etməmişdir. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, idarəyə daxil olmuş şikayət əsasında məlum olmuşdur ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsi, 40/16 saylı binanın arxasında 17 may 2021-ci il tarixdən 20 may 2021-ci il tarixədək müddət ərzində naməlum şəxs və ya şəxslər diametri 4 sm olan iki ədəd, diametri 6 sm olan iki ədəd tuya cinsli ağacları və diametri 6 sm olan bir ədəd söyüd cinsli ağacı kəsərək ümumilikdə 2760 manat dəyərində təbiətə ziyan vurmuşdur. Bu barədə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş fotoşəkillər çəkilmiş akt və həcm qiymət cədvəli tərtib edilmişdir. Sumqayıt polis idarəsində məlum olmuşdur ki, həmin ağacları Sumqayıt şəhər sakini, Təqsirləndirilən şəxs kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, X2 Xidmətinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparacı məsləhətçi müfəttiş vəzifəsində işləyir. İdarəyə daxil olmuş şikayət əsasında məlum olmuşdur ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsi, 40/16 saylı binanın arxasında 17 may 2021-ci il tarixdən 20 may 2021-ci İİ tarixdək müddət ərzində naməlum şəxs və ya şəxslər diametri 4 sm olan iki ədəd, diametri 6 sm olan iki ədəd tuya cinsli ağacları və diametri 6 sm olan bir ədəd söyüd cinsli ağacı kəsərək ümumilikdə 2760 manat dəyərində təbiətə ziyan vurmuşdur. Hadisə yerinə baxış keçirilən zaman həmin ağaclar bir qədər aralıda aşkar olunsa da, lakin istifadəyə yararsız olduğundan götürülməmişdir. Sumqayıt şəhər polis idarəsində ona məlum olmuşdur ki, həmin ağacları Sumqayıt şəhər sakini, Təqsirləndirilən şəxs kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 29.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” iltizam qətimkan tədbiri seçilmişdir.(i.v 53-55) 02.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək dayandırılmış, 25.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Sumqayıt ŞPİ-nin İŞ-nə təhvil verildiyi üçün iş üzrə icraat həmin tarixdə təzələnmiş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 01.03.2022-ci il tarixli, 1(060)-122/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş 3 saylı istintaq təcridxanasının 04.04.2022-ci il tarixli, 17/40-1523 məktubundan görünür ki, Sumqayıt səhər məhkəməsinin 01.03.2022-ci il tarixli, 1(060)-122/2022 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, AR CMnin 259.1 maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 30.03.2022-ci if tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq 01.04.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarına əlavə olunmuş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi 20.05.2021-ci il tarixli aktdan və hesabat cədvəlindən görünür ki, təbiətə dəymiş ziyanın miqdarı 2760 (iki min yeddi yüz altmış) manat təşkil edir.(i.v 4-6) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27.09,2021ci il tarixli, 9/6439 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 saylı RETSİ-NİN İdarəsi tərəfindən tərtib edilmiş 20.05.2021-ci il tarixli, 69529 №-li akt və ona əlavə edilmiş hesabata əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsi, ev 40/16, mənzil 46 ünvanındaki binanın arxa tərəfində qanunsuz kəsilmiş köküstə yaş 2 ədəd d=0.4 sm, 2 ədədd-0.6 sm olmaqla 4 ədəd tuya ağacı, 1 ədəd d=0.6 sm olan söyüd ağacı olmaqla, ümumilikdə 5 ədəd ağacın kökboğaz nahiyəsindən qanunsuz kəsilməsinə görə tikinti və abadlaşdırma məqsədilə təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 2760 manat müəyyən edilir.(i.v 93-95) İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 37) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 56-57) İş materiallarında olan cinayət işinin ibtidai istintaqı zamanı əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, ünvan 4 saylı binanın arxasından diametri 4 sm olan 2(iki) ədəd, diametri 6 sm olan 2 (iki) ədəd tuya cinsli ağaclarını və diametri 6 sm olan 01 (bir) ədəd söyüd cinsli ağacını 17.05.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev İ32də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağlarında fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs tək kəsmiş, ona həmin ağacların kəsilməsində heç kim köməklik etməmişdir. O, həmin ağacları satmaq məqsədi ilə kəsmişdir. (i.v 21) Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 02 (iki) ay 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 5 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 120 (yüz iyirmi) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun nəfinə köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar