Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-123/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə CM-nin 69.3-cü maddəsinə əsasə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı ilə təyin olunmuş cəzanın qalan 03 ay 10 gün hissəsi 01 ay 20 gün müddətinə azadlıqdan mərhumetmə ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, axşam saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,157 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərlərində saxlamış, xx xxxxxxxx 2020-ci il tarixində, saat 00:20 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərlərinə şəxsi axtarış keçirilərkən Adigözəlov Elçin Cəmil oğlunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində olan 0,157 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,621 qram çəkidə narkotik vasitə olan heroin və 0,069 qram çəkidə narkotik vasitə olan metafitamin əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 12:40-da Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına aparıldıqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd sarı rəngli “Kinder” şokolad qutusunun içində 12 ədəd bükümlərdə ayrılıqda 0,057 qram, 0,025 qram, 0,124, qram 0,084 qram, 0,031 qram, 0,064 qram, 0,047 qram, 0,025 qram, 0,026 qram, 0,054 qram, 0,042 qram, 0,042 qram çəkidə ümumi təmiz çəkisi 0,621 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 2018-ci ilin sonlarından narkotik vasitə qəbul edir. xx xxxxxxxx 2020-ci il tarixdə, axşam saatlarında Abşeron rayonu, Saray qəsəbəsinə getmişdir. Saray qəsəbəsində olan zaman tanımadığı bir nəfərlə söhbət etməyə başlamış, söhbət zamanı həmin şəxs üzərində narkotik vasitə olan heroin olduğunu və onu satmaq istədiyini bildirəndə, o heroini neçəyə satmasını soruşmuşdur. Həmin şəxs narkotik vasitə olan heroini 15 manata satdığını deyəndən sonra o, 15 manat ödəyib 2 büküm narkotik vasitə olan heroini ondan almış və əynində olan göy cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün gecə saatlarında yaşadığı Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisinə gələrək həmin narkotik vasitədən istifadə etmək üçün münasib yer axtaran zaman saat 00:20 radələrində mülki geyimdə və polis geyimində olan şəxslər videoçəkilişlə ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib bununla əlaqədar olaraq videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deməklə hüquq və vəzifələri barədə ona bildiriş təqdim etmiş, sonra onun icazəsi ilə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq polis əməkdaşları üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O da əynindəki göy rəngli cins şalvarın sağ yan iç cibində gəzdirdiyi, siqaret kağızına bükülmüş 2 büküm heroini təqdim etmişdir. Polis əməkdaşları bükümü açıb içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik kütləni gördükdə o bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir və həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə Abşeron rayonu, Saray qəsəbəsinə tanımadığı şəxsdən 15 manata almışdır. Bundan sonra sənədləşmə işlərinin görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nə gəlmiş və iki ədəd büküm tərəzidə çəkilmiş və qablaşdırılmış, protokol tərtib olunmuş, o da protokola imza etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında Bakı şəhərinə getmişdir. Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında tanımadığı bir nəfərlə söhbət etməyə başlamış, söhbət zamanı həmin şəxs üzərində narkotik vasitə heroin və metafitamin olduğunu və onu satmaq istədiyini bildirmiş, o, 40-50 manat ödəyib 12 büküm heroini və 2 büküm metafitamini ondan alıb Sumqayıt şəhərinə gəlmişdir. xx.xx.2020-ci ildə saat təxminən 12:40 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində olarkən 2 nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları ona barəsində aparılan cinayət işi ilə bağlı axtarışda olduğunu demiş və onu Sumqayıt şəhəri 1-ci polis bölməsinə dəvət etmişlər. O polis əməkdaşlarının dəvəti və müşaiəti ilə bölməyə gəlmişdir və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyini deməklə hüquq və vəzifələri barədə ona bildiriş təqdim etmiş, sonra onun icazəsi ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən qabaq polis əməkdaşları üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O da onlara əynindəki göy rəngli idman gödəkçəsinin sol yan cibindən 1 ədəd sarı rəngli “Kinder” qutusunu əqdim etmişdir. O, həmin qutunu açaraq içərisindən 14 ədəd siqaret kağızına bükülmüş bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, 12 ədəd bükülüdəki kütlə narkotik vasitə heroini və 2 büküm metafitamini özü istifadə etmək məqsədilə Bakı şəhərindən tanımadığı şəxsdən 40-50 manata almışdır. Üzərindən aşkar olunan həmin narkotik vasitələr həmin bölmədə tərəzidə çəkilərək qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq imza etmişdir. Həmin narkotik vasitələri özünə məxsus olan pulla almış, ondan özü istifadə edəcəkdi. İstintaqda narkotok vasitənin az hissəsinin ona aid olması, qalan hissəsinin ona aid olmaması ilə bağlı bildirir ki, indi verdiyi ifadəsi düzdür, istintaqda vəziyyətinin pisləşməməsi üçün təqsirini qismən etiraf etmişdir. Hazırda etdiyi əmələ görə peşmandır, məhkəmədən ağır ailə vəziyyətini nəzərə almağı xahiş etmişdir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 Tahir oğlu göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantıdır. O Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və kiçik inspektor, polis serjantı Rauf Quliyevin iştirakı ilə xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 00:20 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsinə və saxlamasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs videoçəkilişlə təhqiqatçının iştirak ilə üzərinə şəxsi axtarış keçirəcəklərini deyib ona hüquq və vəzifələrinə dair bildiriş təqdim etmişlər. Təqsirləndirilən şəxs icazəsi ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamamışdan qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan iç cibində gəzdirdiyi 2 büküm heroini onlara təqdim etmiş, bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitəni Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən 15 manata, şəxsi istifadəsi üçün almışdır. Bundan sonra sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə dəvət olunmuş, orada Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə kiçik elektron tərəziyə qoyularaq çəkilmiş, həmin kütlənin çəkisinin 0,103 qram və 0,109 qram olması müəyyən olunmuşdur. Həmin kütlələr ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmışdır. Bu barədə Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunduqdan sonra düzgün olduğu üçün Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək digər Şahid1 Tahir oğlunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru vəzifəsində işləyir, polis sıravisidir. CAŞ-nin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs barəsində müstəntiq Turan Hacıyevin qərarına əsasən xx.xx.2020-ci il tarixdə axtarış işi açılmış və onun olduğu yerin müəyyən olunub ərazi üzrə təhvil verilməsi tapşırılmışdır. O və Sumqayıt ŞPİ-nin CAŞ-nin kişik inspektoru, polis serjantı Rüfət Tahirovun iştirakı ilə 07.11 2020-ci il tarixdə, təxminən saat 12:40 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində Təqsirləndirilən şəxs müəyyən etmiş, barəsində axtarış işi olduğu üçün ona yaxınlaşaraq özlərini təqdim edib onu Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs 1-ci PB-nə daxil olan zaman üzərində narkotik vasitə olduğunu demiş, bundan sonra ŞPİ-nin kriminalisti, polis kapitanı Orxan Aslanov tərəfindən videoçəkilişlə təhqiqatçı Ruslan Vəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini deyib ona hüquq və vəzifələrinə dair bildiriş təqdim etmiş, Təqsirləndirilən şəxs icazəsi ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamamışdan qabaq ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur.Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd sarı rəngli “Kinder” şokolad qutusunu təqdim etmişdir. Ondan içərisində nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs həmin qabın içərisində narkotik vasitə olan heroin və metafetamin olduğunu demişdir. Həmin qutunun içərisinə baxış keçirilərkən 14 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələrin 12 bükümü narkotik vasitə heroin və 2 bükümü isə metafitamindir. Həmin narkotik vasitəni Bakı şəhəri, “20 Yanvar” ərazisində olan zaman tanımadığı şəxsdən 40-50 manata şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə kiçik elektron tərəziyə qoyularaq çəkilmiş və 12 ədəd bükümlərdə ayrılıqda 0,057 qram, 0,025 qram, 0,124, qram 0,084 qram, 0,031 qram, 0,064 qram, 0,047 qram, 0,025 qram, 0,026 qram, 0,054 qram, 0,042 qram, 0,042 qram çəkidə, ümumi təmiz çəkisi 0,621 qram olan qəhvəyi rəngli maddə və iki ədəd bükümlərdə 0,45, qram 0,45 qram olması müəyyən olunmuşdur. Bu barədə onların və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Vahid oğlu və X1 Hafiz Məmi oğlu ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1976 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “içərisində iki büküm heroin...” əl yazıları olan 1 ədəd zərfdə qablaşdırılmış iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,77 qram, 0,080 qram ümumi təmiz çəkisi 0,157 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2418 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs ...” sözlər və imzalar olan bir ədəd zərfdəki 12 ədəd bükümdəki ayrı-ayrılıqda 0,057 qram, 0,025 qram, 0,124, qram 0,084 qram, 0,031 qram, 0,064 qram, 0,047 qram, 0,025 qram, 0,026 qram, 0,054 qram, 0,042 qram, 0,042 qram çəkidə ümumi təmiz çəkisi 0,621 qram narkotik vasitə olan heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2697 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsindəasılılıq sindromu ( narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs götürülmüş 0,157 qram çəkidə narkotik vasitə olan iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra yerdə qalan 0,097 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs götürülmüş ümumilikdə 0,621 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra yerdə qalan 0,537 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən iki ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan "Sübutların qiymətləndirilməsi haqqında" qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilmiş və ayrılmış material saxlanması üçün şəhər prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə CM-nin 69.3-cü maddəsinə əsasə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı ilə təyin olunmuş cəzanın qalan 03 ay 10 gün hissəsi, 01 ay 20 gün müddətinə azadlıqdan mərhumetmə ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə, saat 00:20-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat rədd edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seşilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin məktubundan və protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə saxlanılmış və tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində öz razılığı ilə axtarış keçirilmiş və üzərində olan bir ədəd sarı rəngli “Kinder” şokolad qutusunun içində 12 ədəd bükümlərdə ayrılıqda 0,057 qram, 0,025 qram, 0,124, qram 0,084 qram, 0,031 qram, 0,064 qram, 0,047 qram, 0,025 qram, 0,026 qram, 0,054 qram, 0,042 qram, 0,042 qram çəkidə ümumi təmiz çəkisi 0,621 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş 2 ədəd diskdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulan və saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitələrin heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs mart 2013-cü il tarixdən Sumqayıt Şəhər Narkoloji Dispanserində “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Beləliklə, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 83.3.2-1 və 83.3.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmin Məcəllənin 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallardır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə CM-nin 69.3-cü maddəsinə əsasən 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı ilə təyin olunmuş 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının qalan 03 ay 10 gün hissəsi, 01 ay 20 gün müddətinə azadlıqdan mərhumetmə ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Ondan əvvəlki cinayəti isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Təqsirləndirilən şəxs əvvəlki cinayətinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun əvvəlki məhkumluğu residivin müəyyən edilməsi və cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, onun artıq ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci ildə, saat 00:20-də şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat rədd edilmiş, dərhal həbsdən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx xxxxxx 2020-ci ildə Təqsirləndirilən şəxs tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, onun tutularaq saxlandığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən, təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 284,80 (iki yüz səksən dörd manat cəkcən qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,097 qram və 0,537 qram narkotik vasitə olan heroinlər məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 284,80 (iki yüz səksən dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,097 qram və 0,537 qram narkotik vasitə olan heroinlər məhv edilsin. İş üzrə maddi sübut - əməliyyat-axtarış tədbirini özündə əks etdirən 02 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-123/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-123/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver