Məhkəmə qərarları › İş №1(060)-123/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-123/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-123/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1958-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Kürdəmir rayon, Atakişili kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, J 70-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 0,350 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, 08.09.2021-ci il tarixdə saat 18:45 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsində yerləşən 19 saylı orta məktəbin inzibati binasının yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş halda 0,350 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kürdəmir rayon, Atakişili kəndində qeydiyyatdadır, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, J 70-də yaşayır. Bir il olar ki, narkotik vasitə kakosdan istifadə edir. Narkotik vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edib narkotikə olan tələbatını ödəmişdir. Sonuncu dəfə narkotikə olan tələbatını ödəmək üçün Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən bir bükümdə siqaretin qızılı rəngli kağızına bükülmüş halda kakosu 10 manata almış, əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuş, üzərində saxlamışdır. 08.09.2021-ci il tarixdə saat 18:45 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsində yerləşən 19 saylı orta məktəbin inzibati binasının yaxınlığında küçədə olarkən ona polis əməkdaşları yaxınlaşmış və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. O etiraz etməmişdir. Bölmənin inzibati otaqlarının birində polis əməkdaşları videoçəkilişlə üzərinə baxış keçirəcəklərini bildirmişlər, o etiraz etməmişdir. Sonra ona hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional Vəkil Bürosundan dəvət etdikləri müdafiəçi X1 təqdim etmişlər. Etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra bildirmişdir ki, üzərində narkotik vasitə var, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bülükmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları sonra bükümü nəzərdən keçirmişlər, bükümü açıldıqda içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə siqaretin qızılı rəngli kağızı ilə birlikdə tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Həmin narkotiki almaqda məqsədi özü istifadə etmək olmuşdur, narkotik satmaq niyyəti olmamışdır. Narkotik vasitəni aldığı şəxsi tanımır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, J 70-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları Şahid1 və Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində 08.09.2021-ci il tarixdə saat 18:45 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsində yerləşən 19 saylı orta məktəbin inzibati binasının yaxınlığında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Polis Bölməsinə Sumqayıt Regional Vəkil bürosunun vəkili X1 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləyəcini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi bir ədəd bükümdə narkotik vasitədir. Həmin bir bükümdə olan narkotik vasitəni Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Sonra təqdim olunan büküm açılmış, maddə büküldüyü kağızla birlikdə tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılmış və 126 saylı möhürlə möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin Cinayət Axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 oğlu da Şahid3 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xidməti otaqlarının birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş vəziyyətdə büküm polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin bükümü Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 10 manata almışdır. Sonra təqdim etdiyi bükümdəki kütlə üzərində olan kağız ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Çəkisi 0,53 qram olduğu müəyyən olunaraq “panasonik” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Sonra həmin büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, digər iştirakçılar ilə birlikdə imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti Orxan Aslanov tərəfindən aparılmışdır. Videoçəkiliş protokola əlavə edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının 09.09.2021ci il tarixli 6/3963 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün 126” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən ...“ və s. yazıları, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,350 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 0,350 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,3 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 18.09.2021-ci il tarixli 3511 saylı rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,350 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,3 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.09.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 10.09.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyətinin Atakişili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 08.09.2021-ci il tarixdən 10.09.2021-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,350 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,3 qram heroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 08.09.2021-ci il tarixdən 10.09.2021-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, J 70 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,3 qram heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar