Məhkəmə qərarları › İş №1(060)-123/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-123/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-123/2023 27.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1974-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci ıl tarixdə saat 13:50 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində küçədə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs qəsdən vuraraq ona YÜNGÜL dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o təxminən 42 il olar ki, öz ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Yaşıl dərə bağları ərazisində fərdi evdə yaşayır. Eldar onlarla eyni qəsəbədə qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Eldara zəng edərək ondan ona olan 05 (beş) manat borcunu istəmişdir. O da gəlib onunla mübahisə edərək ona nalayiq ifadələr işlətmişdir. Həmin vaxt spirtli içkili vəziyyətdə olduğu üçün o ona bir söz deməmişdir. Ertəsi gün saat 13:00 radələrində o ona zəng etmiş və onlar küçədə görüşmüşlər. O, ona üzr istəməyini demiş, lakin o, yenə onunla mübahisə etdiyi üçün onun təpiklə sifətinə vurmuşdur. Daha sonra 2-3 dəfə də yumruq və təpik vurub yaşadığı ünvana getmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o təxminən 20 (iyirmi) ilə yaxındır öz ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Yaşıl dərə bağları ərazisində fərdi evdə yaşayır. Onlarla eyni ərazidə qonşuluqda Vaqif adlı bir şəxs yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 13:00 radələrində Vaqif ona zəng edərək onu küçəyə çağırmış, o da küçəyə çıxmışdır. O, təxminən 01 (bir) ay yarım bundan əvvəl Vaqifdən 10 (on) manata 06 (altı) metr uzunluğunda plastik boru alarkən 05 (beş) manatını vermiş, lakin 05 (beş) manatını borclu qalmışdır. Vaqif küçədə ondan həmin 05 (beş) manatı istəmişdir. O, həmin vaxt küçədə mişar daşının üstündə oturmuş, Vaqif isə qarşısında ayaqüstə dayanmışdır. Söhbət əsnasında onu nalayiq ifadələrlə təhqir etmiş və sağ ayağı ilə təpiklə sol gözünün altından başına vurmuş və o yıxılmışdır. Sonra Vaqif təpik və yumruqlarla onun sifətinə və başına vurmağa davam etmiş və sonra evlərinə getmişdir. Daha sonra o da yerdən qalxıb DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və əsəbi olduğu üçün yaxınlıqda olan marketdən spirtli içki - araq alıb evə getmiş, evdə yemək yeyib içki içərkən polis əməkdaşları onlara gəlmişlər. Həmin gün o Neftçala rayonu, Həsənabad qəsəbəsində yaşayan anası Şahid zəng edib məlumat vermiş və ertəsi gün anası Sumqayıt şəhərinə gəlmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1601 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün yerdəyişməyən sınığı, QKBT, baş beyin silkələnməsi, sol gözətrafının dərialtı hematoması, burun belinin yumşaq toxumalarının şişkinlik fonuna əziyi, sol almacıq nahiyyəsinin sıyrığı vardır. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmiş şəxsin TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 4048 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhəri, 2-ci məhəllə, 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X4 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 509 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispenser müşahidəsində yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi X1 məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar