Məhkəmə qərarları › İş №1(060)-124/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-124/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-124/2021 22.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, X2 katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X4 Məhkəməsində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə 06 ay müddətinə azadlığın məhtudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, yataqxana 6, 2-ci paralel küçə, məhəllə 9-da qeydiyyatda olan, Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs x xxxxxxxx 2020-ci il tarixdə saat 11:00-radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi Kərkük küçəsi deyilən yerdə yaşadığı evin qarşısında qonşusu Zərərçəkmiş şəxs oun qarşısını kəsərək xx.xx.2020-ci ildə arvadı Şahid1 ilə aralarında olan ailə münaqişəsini nə üçün mobil telefonla zəng edərək DİN-in 102 zəng xidmətinə məlumat verdiyni deyərək ona iradını bildirdikdə bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı yerdən götürdüyü daşla Zərərçəkmiş şəxs baş nahiyyəsindən vuraraq ona «başın alın nahiyyəsinin yarası kimi» sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığna yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Əvvəllər onların münasibətləri yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində o yaşadığı evə gedərkən görmüşdür ki, qonşu Nazimin həyat yoldaşı Aygün azyaşlı uşağı ilə birlikdə «Esmira» şadlıq evinin qarşısında dayanmışdır, ötüb keçmək istəyəndə Aygün ona yaxınlaşıb ondan mobil telefonunu istəmişdir, o da soruşmuşdur ki, bu vaxt burada nə işiniz var? Aygün demişdir ki, əri Nazim əsəbləşib onu döymək istədiyindən evdən qaçıb çıxmışdır, teleonunu da polisə zəng vurmaq üçün istəyir. O Aygünə demişdir ki, lazım deyil polisə məlumat versin, gedib Nazimlə danışar. Aygün orada qalmış, o isə Nazimin evinə gedərək Nazimə demişdir ki, Aygün uşaqla bərabər bayırda qalıb onu evə buraxsın. Nazim onu söyərək əlində olan mətbəx bıçağı ilə hədələyərək qarışmamağını bildirmişdir. Nazimdən ayrılıb yenidən Aygünün yanına gələrək demişdir ki, “Nazim əsəbidir, burda qalma, gedək bizə sabah gedib Nazimlə danışarsan”. Aygün razılaşmış və onlara getmişdir, həmin vaxt evdə anası Arifə, atası İsgəndər və bacısı Fəzilə olmuşdur. Aygün həmin günü gecə onlarda qalmış, səhər açılanda saat təxminən 09 radələrində Nazim onların evinə gələrək hayküy salıb demişdir ki, nəyə görə o Aygünü evinə gətirmişdir. Nazim onları söyüb təhqir edəndə o bu barədə polisə, yəni DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir ki, qonşu Nazim arvadını döymək istəyir, onları təhqir edir. Nazim də arvadı Aygünü götürüb aparmış, xx.xx.2020-ci il tarixdə, saat təxminən 10 radələrində o yaşadığı evdən çıxıb şəxsi işləriylə əlaqədar olaraq gedərkən Kimyaçılar qəsəbəsi ərazisində təsadüfən Nazimlə qarşılaşmış, həmin vaxt Nazim ona demişdir ki, nəyə görə sən 102-yə zəng vurmusan, məni polis çağırır. O da boynundan atmışdır ki, o zəng vurmamışdır. Bu vaxt Nazim şillə ilə sifətindən 1-2 dəfə vurub onu söydüyündən onların arasında mübahisə yaranmış, Nazim onların evinə tərəf getmiş və bildirmişdir ki, “gedirəm sənin atanla danışam”. Nazim onların evinin qarşısında küçədə atası ilə qarşılaşmış və atasını söyüb təhqir etmiş, səsə anası, Nazimin arvadı Aygün, Nazimin anası və bacısı gəlmişdir. Nazimin onun atasını təhqir etməsi ona pis təsir etdiyindən yenə də onların arasında mübahisə yaranmış, mübahisə zamanı Nazim onun boğazından tutub sifətinə yumruqla vurmuş, o görmüşdür ki, Nazimə gücü çatmayacaqdır, ona görə də yerdən daş götürüb Nazimin başından vurmuş və oradan qaçıb uzaqlaşmışdır. Sonradan o bilmişdir ki, Nazim başından xəsarət aldığı üçün polisə şikayət edibdir. Hazırda əvvəlki cinayətinə görə azadlığın məhdudlaşdırılması növündə cəza çəkir, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazisində müxtəlif işlərdə işləyərək ailəsini və özünü dolandırır, əməlindən peşmandır, məhkəmədən ağır ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Yadigar İsgəndərovla qonşuluqda yaşayır. Yadigarla əvvəllər heç bir ədavəti düşmənçiliyi olmayıb. xx.xx.2020-ci il tarixdə gecə saatlarında onunla həyat yoldaşı Şahid1 arasında ailə-məişət mübahisəsi yaranmışdır. Onun əsəbi olduğunu görən yoldaşı azyaşlı oğlunu da götürərək küçəyə çıxmışdır ki, o sakitləşəndən sonra evə gəlsin. Həmin vaxt qonşu Yadigar gecə saat 2-3 radələrində küçədə “Esmira” şadlıq sarayının qarşısında yoldaşını görmüş və burada nəyə görə dayanmasını soruşmuşdur. Aygün də bildirmişdir ki, həyat yoldaşı əsəbləşib, aralarında mübahisə yaranıb, gözləyir ki, hirsi soyusun, evə qayıtsın. Yadigar əl çəkməyərək yoldaşını öz evinə aparmış və oradan da onların evinə gələrək ona demişdir ki, nəyə görə mübahisə etmisiniz. O da Yadigara demişdir ki, “sən get işinlə məşğul ol, ailə işinə qarışma”. Yadigar getmiş və həmin gecə Aygün evə gəlməmişdir, səhərisi günü, yəni xx.xx.2020-ci il tarixdə o bilmişdir ki, Aygün Yadigarın evindədir, Yadigarın evinə getmiş, qapını döymüş, Yadigarın anası Arifə qapını açmış, o Aygünü soruşanda Arifə ona demişdir ki, Aygün onlardadır. O Yadigarın evinə keçəndə görmüşdür ki, Aygün Yadigarın bacıları ilə bir otaqdadır. Aygünü evə aparmış və aralarında heç bir mübahisə yaranmamışdır. xx.xx.2020-ci il tarixdə, səhər saat təxminən 09 radələrində Sumqayıt şəhəri 2-ci PB-dən təhqiqatçı Fərhad onu və yoldaşını polis bölməsinə dəvət etmişdir, o Fərhaddan nəyə görə polis bölməsinə çağırılmağını soruşmuş, Fərhad ona bildirmişdir ki, ailə mübahisəsinə görə qonşu Yadigar DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Fərhad bildirmişdir ki, Aygün şikayət etməyibdir, Yadigarın ondan şikayət etməsi ona pis təsir etmişdir. O evə gedirmiş ki, həyat yoldaşını da götürüb bölməyə getsin. Bu vaxt Kimyaçılar qəsəbəsində Kəşkül küçəsində təsadüfən Yadigala qarşılaşmış, Yadigardan nəyə görə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verməsini soruşmuş, Yadigar küçə söyüşü işlədərək onun zəng vurmadığını deyəndə o söyüş söyməsinə, yalandan DİN-nin 102 xidmətinə zəng vurmasına görə Yadigarın sifətindən bir dəfə şillə ilə vurmuş, Yadigarın yaşadığı evə gedərək atasına və anasına bildirmişdir ki, “oğlunuza deyin bizim ailə işimizə qarışmasın”. Yadigar bu vaxt evinin qarşısında küçədə onu küçə söyüşləri ilə söydüyünə görə onların arasında sözlə mübahisə yaranmış, Yadigar yerdən daş götürərək ona tərəf atmış, daş onun sağ gicgahına dəyib yaralamış və həmin yerdən qan gəlmişdir, anası və yoldaşı onları ayırmış, o da evə gəlmiş və bundan sonra bölməyə gedərək ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ancaq onun azadlıqdan məhrum edilməsini istəmir, məhkəmədən qanuni qərar verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 və X8 ifadələrində Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verərək onun xəsarət alması ilə bağlı göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında şahid X3 göstərdi ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Onların münasibəti yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində yaşadığı evdə ailəsi ilə birlikdə olan vaxt oğlu İsgəndər qonşu Nazimin həyat yoldaşı Aygün və azyaşlı uşağı ilə birlikdə evə gəlmişlər. İsgəndər bildirmişdir ki, qonşu Nazim arvadı ilə mübahisə edib, Aygün də acıq edib evdən çıxıbdır və gecə onlarda qalacaqdır. Onlar razılaşmış və Aygün azyaşlı uşağı ilə birlikdə onlarda qalmış, səhər açılanda saat təxminən 09 radələrində Nazim onların evinə gələrək hay-küy salıb demişdir ki, nəyə görə Yadigar Aygünü evinə gətirmişdir. Nazim Yadigarı və onları söyüb təhqir edərək arvadı Aygünü götürüb aparmışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 10 radələrində o evdə olan vaxt Nazimin bayırdan səsinin gəldiyini eşitmiş Nazim əsəbi halda onları söyüb təhqir edərək nəyə görə polisə zəng vurmasını demiş, bunu görən oğlu Yadigar əsəbləşmiş və Nazimlə oğlu Yadigarın arasında mübahisə yaranmış, mübahisə zamanı Nazim oğlu Yadigarın boğazından tutub sifətinə yumruqla vurmuş, o da onları ayırmağa çalışarkən oğlu Yadigar yerdən daş götürüb Nazimin başından vurmuş və oradan qaçıb uzaqlaşmış, həmin vaxt Nazimin başından qan gəlmiş və Nazim evinə getmiş, sonradan o bilmişdir ki, Nazim başından xəsarət aldığı üçün polisə oğlundan şikayət etmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1069 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın alın nahiyyəsinin yarası. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törədilmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən daşla vurma nəticəsində əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığı yüngül zərərvurmaya aid edilir. Xəsarətin özü tərəfindən özünə yetirməsi inkar olunur. .(i.v 19-21) Məhkəmə Psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 2213 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs təsvir olunan əməli törədərkən onda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Y.İ.İsgəndərovda «Qarışıq tiplişəxsiyyət pozuntusu» qeyd olunmuşdur. Təqsirləndirilən şəxs İskəndən oğlunda qeyd olunan «Qarışıq tiplişəxsiyyət pozuntusu» onun törətdiyi əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtitarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk ktmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təsvir olunan cinayət əməlini törədərkən öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. .(i.v 61-63) Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 təqdim edilən tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 128; 332.2.1; 66.3;68.2-ci maddəsi ilə 03 il azadlıqdan məhrum edilmiş və 100 manat cərimə olunmuşdur, xx.xx.2014-cü ildə cərimə tam ödənilmişdir. Sumqayıt şəhər Pİ-nin İŞ-də AR CM-nin 128-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmış və xx.xx.2018-ci il tarixdə AR CPM-nin 39.1.11-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilmişdir. Sumqayıt şəhər Pİ-də AR CM-nin 128-ci maddəsi ilə araşdırma aparılmış və xx.xx.2019-cu il tarixdə CPMnin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə 06 ay müddətinə azadlığın məhtudlaşdırılması cəzasına məhkum edilmişdir. (49-51, 58-60) Sumqayıt Şəhər Probasiya Şöbəsinin 491 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə 06 ay müddətinə azadlığın məhtudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs bu günədək ona təyin olunmuş cəzadan 03 ay 24 gün çəkmiş, çəkilməmiş cəzası 02 ay 04 gün təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Sumqayıt Şəhər Probasiya Şöbəsinin məlumatına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə 06 ay müddətinə azadlığın məhtudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs bu günədək ona təyin olunmuş cəzadan 03 ay 24 gün çəkmiş, çəkilməmiş cəzası 02 ay 04 gün təşkil edir. Hazırda da cəza çəkir. Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən bu iş üzrə təqsirli bilindiyi əməl Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə məhkum edilməzdən əvvəl törədildiyindən Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda artıq qeydiyyata alındığı və cəza çəkməsi, eyni zamanda "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003cü il tarixli qərarındakı (17-ci bənd) hüquqi mövqeyi nəzərə alınaraq cəza çəkilməsinin əvvəli xx xxxxxx 2021-ci ildən hesablanmalıdır. İşdə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu üzrə qismən toplanılsın və ona qəti olaraq 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çəkdiyi 03 ay 24 gün ona cinayətlərin məcmusu üzrə təyin edilən qəti cəzadan çıxılsın və üzərində 07 (yeddi) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkilməsinin əvvəli xx xxxxxx 2021-ci ildən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi, fərdi evi tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla), cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar