Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-124/2022 10.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ndə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd qara rəngli sellofan torbanın içərisinə yerləşdirilmiş 01 ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 450,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 17 avqust 2021-ci il tarixdə saat 16:15 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsində Səməd Vurğun küçəsi ilə Sülh küçəsinin kəsişməsində yerləşən “Corat” abidəsinin yaxınlığında, Sülh küçəsi istiqamətində piyada hərəkətdə olduğu zaman saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bağlamada olan narkotik vasitə qurudulmuş marixuana əlində saxladığı sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər məhkum olunmamış və hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təxminən 4 aydır ki, narkotik vasitə qəbul edir və onda asılılıq yaranmışdır. 16.08.2021-ci il tarixdə Xızı rayonuna orada yaşayan tanışıgilə getmiş, həmin tarixdə təxminən axşam saatlarında tanışıgildən çıxaraq Xızı rayonu ərazisində gəzdikdə tanımadığı bir şəxslə söhbət əsnasında onun da narkoman olduğunu bilmişdir. Ondan narkotik vasitə olan marixuana olub-olmadığını soruşmuş, həmin şəxs də hazırda üzərində olmadığını, təşkil edə biləcəyini bildirmişdir. O, həmin şəxsə yarım kiloya yaxın marixuana ona lazım olduğunu demişdir. Fikirləşmişdir ki, fürsət düşmüşkən oradan çox alıb özü yavaş-yavaş istifadə edər. Yaşadığı Sumqayıt şəhərindən tez-tez narkotik vasitə almaq risklidir. O, həmin tanımadığı şəxsdən təxminən yarım kilo marixuananı 150 manata almaq barədə razılaşmışdır. Həmin şəxsi təxminən 10-15 dəqiqə gözləyib və sonradan qara rəngli sellofonda marixuananı gətirib ona verib, qarşılığında həmin şəxsə 150 manat pul vermişdir. Həmin şəxsə ona adını deməsini, telefon nömrəsini verməsini xahiş etmişdir ki, lazım olduqda yenə də ondan alsın. Həmin şəxs ondan ehtiyat etdiyi üçün adını deməyib və telefon nömrəsini də verməmişdir. Həmin qara rəngli sellofonda olan torbanı həmin günü tanışıgilə gəldikdə onların həyətində gizlədib ki, görməsinlər. Çünki onlar əlində sellofon gördükdə nə olduğunu soruşacaqdılar, həmçinin də onlar onun narkoman olduğunu bilməmişdirlər. Həmin günü tanışıgildə qalmışdır. 17.08.2021-ci il tarixdə təxminən 14 radələrində tanışıgildən Sumqayıt şəhərinə gəlmək üçün çıxmışdır. Onu heç kəs görmədən yenidən marixuananı gizlətdiyi yerdən götürüb, yoldan keçən dövlət qeydiyyat nişanını bilmədiyi ağ rəngli “Vaz 07” markalı taksi ilə Sumqayıt şəhərinə gəlmişdir. Sumqayıt şəhəri, “Avtovağzal” adlanan yerdə düşərək dövlət qeydiyyat nişanını xatırlamadığı boz rəngli “Opel” markalı taksiylə yaşadığı Corat qəsəbinə gəlmişdir. Əlindəki sellofanı çox adam görməsin deyə taksiylə hərəkət etmişdir. Təxminən saat 16:15 radələrində Corat qəsəbəsində abidənin yanında düşərək yaşadığı evə getdikdə 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq onu saxlayıb özlərinin Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməkdə şübhəli olduğunu, üzərinə video çəkiliş ilə şəxsi axtarış keçiriləcəyini deyərək Polis İdarəsinə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə polis idərəsinə gəlmişdir. Polis İdarəsinin xidməti otaqlarının birində video çəkiliş ilə polis formasında olan şəxs özünü təqdim edərək təhqiqatçı olduğunu bildirmiş və ona özünü təqdim etməyini demişdir. O da onlara özünü təqdim edərək ad, soyadını, yaşadığı yeri və təvəllüdünü demişdir. Təhqiqatçı sonra ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməkdə şübhəli olduğunu, ona görə də polis əməkdaşları tərəfindən saxlanıldığını deyərək hüquq və vəzifələri ilə tanış etmişdir. Daha sonra Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili Tahir Abbasovu təqdim edərək hüquqlarını onun müdafiə edəcəyini deyib və ondan etirazın olub-olmadığını soruşmuşdur. O da etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları daha sonra ona video çəkiliş ilə üzərində şəxsi axtarış keçiriləcəyini deyərək üzərində hər hansı qanunla qadağan olunmuş əşya olub-olmadığını soruşmuşlar. O da onsuz da şəxsi axtarış zamanı bilinəcəyini fikirləşərək əlində saxladığı qara rəngli sellofona bükülmüş marixuananı təqdim etmişdir. Təhqiqatçı ondan bağlamada nə olduğunu soruşduqda içərisində narkotik vasitə olan “marixuana” olduğunu bildirmişdir. Ondan narkotik vasitəni nə məqsədlə üzərində gəzdirdiyini, kimdən, nə vaxt, neçəyə aldığını soruşduqda həmin narkotik vasitə olan marixuananı özü istifadə etmək üçün Xızı rayonu ərazisində tanımadığı şəxsdən 150 manata aldığını demişdir. Üzərindən çıxan narkotik vasitə tərəzidə çəkilmiş və çəkisi 538 qram olduğu müəyyən edilmişdir. Daha sonra isə həmin kütləni müvafiq qaydada qablaşdırılaraq, o və digər iştirakçılar imza çəkmişlər. Onu polis əməkdaşları Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlayan zaman ona hər hansı zor tətbiq olunmamış, o, narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru vəzifəsində işləyir. Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 icraatına ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü Şahid1 tərəfindən idarə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibəti olmamışdır. 17 avqust 2021-ci il tarixdə, saat 16:15 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən abidənin yaxınlığında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib, ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində, barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməli olduqlarını bildirmişlər və onu idarəyə dəvət etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi deyildikdə o da əlində saxladığı 01 ədəd sellofan torbanın içərisində olan üzəri yapışqan lentlə sarılmış 01 ədəd polietilen bağlamanı təqdim edərək içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, sonradan təhqiqatçı sellofan bağlamaya baxıb özü həmin kütləni aşkar etmişdir. Həmin təqdim edilmiş kütlə götürülərək elektron tərəzidə çəkilmiş, çəkisi 538 qram olmuşdur. Daha sonra narkotik vasitə qurudulmuş marixuana ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılılıb zərfə qoyularaq möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini, aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı 16 avqust 2021-ci il tarixdə Xızı rayon ərazisində olduğu zaman şəxsən tanımadığı şəxsdən 150 manata aldığın bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitətələrin satışı ilə məşğul olması, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı haradan və ya kimdən əldə etməsi barədə əməliyyat aparatına hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 17.08.2021-ci il tarixdə təqsirləndirilən şəxs X2 Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2021-ci il tarixli 7/805 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 450,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi-450,0 qram, tədqiqata sərf olundu-0,2 qram, qalıq 449,8 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 16 oktyabr 2021-ci il tarixli 3998 nömrəli saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan mütafetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən səmimi peşimançılığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 04.10.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi A.Piriyevin 19.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla o, MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 07.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 12.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuş 24.12.2021-ci li tarixli 17/40-5291 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 21.12.2021ci il tarixdə tutularaq 23.12.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun təqsirləndirilən şəxs kimi axtarışa verilib tutulduğu vaxtdan, yəni 21 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata olınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 449,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 78,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli (iş № 1(060)-758/2021) qərarını icra edərək, 16 noyabr 2021-ci il tarixli 1407 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 21 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 449,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78,82 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-124/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-124/2022
10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver