Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-125/2025 05.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X2, Məhkəmə iclas katibi: X3, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı): Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs(eyni zamanda mülki cavabdeh): Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, digər bir cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriyalı, BD028030 seriya və nömrəli sürücülük vəsiqəsi, ƏN-Vİ№537425 seriya və nömrəli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə 31 avqust 2023-cü il tarixdə, saat 19:40 radələrində Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi ilə 13-cü mikrorayon istiqamətində təxminən 70 km/saat sürətlə hərəkətdə olan zaman "Yol hərəkəti haqqına” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni əgər piyada keçidində nəqliyyat vasitənin hərəkəti nizamlayıcı tərəfindən və ya svetfor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda bunları etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almalı olduğu halda heç bir tədbir görməyib hərəkətini davam etdirməklə idarə etdiyi avtomobillə piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə ehtiyatsızlıqdan sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, baş-beynin yüngül dərəcəli əzilməsi, baş beynin gicgah payında əzilmə ocaqları, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol ənsə-təpə nahiyyəsində dərialtı hematoma, sol qulağın otohemorragiyası, qarnın küt travması, sol bazu sümüyünün, boyunun pərçimlənmiş sınığı, sol dirsək nahiyyəsinin sıyrığı kimi dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir Məhkəmə istintaqı zamanı məhkəmə iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə axşam üstü olmuş, Pioner tərəfdən 13-cü mikrorayon istiqamətində saatda 50/60 km sürətlə hərəkətdə olarkən ağacların arası ilə bir nəfər şəxs yola çıxaraq, sağa-sola baxmadan yola qaçmış və o, avtomobili saxlaya bilməmiş və həmin şəxsi vurmuşdur. Bundan sonra o, avtomobildən düşərək DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, təcili tibbi yardım çağırmış və yaralını xəstəxanaya aparmışdır. Sənədləri qaydasında olmuş, hadisədən sonra tibbi müayinəyə aparılmış, onda sərxoşluq və narkotik vasitələrin əlamətləri aşkar olmamışdır. Xəsarət alan şəxsə xəstəxanada nə lazımdırsa köməklik göstərmişdir. Zərərçəkmiş şəxsə sığorta ödənişi edilmiş, lakin zərərçəkmiş şəxs ondan 5000 manat pul tələb edir. Hazırda özü həbsdə olduğu üçün əlavə heç bir köməklik göstərə bilmir. Sorğu zamanı o, idarə etdiyi avtomobilin “Opel Astra” olduğunu, texniki cəhətdən saz olduğunu, hadisə zamanı sürətinin 60 km olduğunu, hadisədən qabaq da işıqfordan hərəkətə başladıqdan az sonra olmuşdur. O, piyadanı qəflətən görmüş və hərəkəti dayandıra bilməmişdir. Hadisə baş verən yol 3 zolaqdan ibarət olmuş, o, hadisəni orta zolaqda törətmişdir. Piyada yola çıxarkən onun sağında avtomobil olmasını xatırlamır, lakin avtobus olduğunu görmüşdür. Piyada çıxan yerlə onun arasında az məsafə olmuş, lakin piyada əvvəlcə yola daxil olaraq avtomobilin qarşısına gəlmiş, sonra gözləmək istəmiş, lakin özünü itirmiş və hərəkətini davam etdirmişdir. O, əyləci sıxsa da hadisənin qarşısını ala bilməmişdir. İstintaq zamanı saatda 70 km sürətlə hərəkət etməsini bildirməsi, onun həyəcanlı olması ilə bağlı olmuşdur. Hadisə vaxtı onun sağında avtomobil olmuş, lakin solda olmamışdır. Piyada “Heydər” parkından üzü “Bank of Baku” tərəfə keçirmiş, hadisə keçiddən kənarda baş verib, hadisə təxminən axşam saat səkkizə qalmış, hava tam qaralmamış və yolun işıqları işlək vəziyyətdə olmuşdur. O, piyadanı 50/60 metr məsafədən görmüş, lakin hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Hadisədən sonra öz avtomobili hərəkət etmədiyi üçün təcili tibbi yardım çağıraraq zərərçəkmiş şəxsə yardım göstərərək xəstəxanaya aparmışdır. Hadisədən sonra avtomobil səkiyə dəyərək dayanmışdır. Zərərçəkmiş şəxsi avtomobilin sağ yan istiqamətindən vurmuş və avtomobilin ön şüşəsində zədə izləri yaranmışdır. Zərərçəkmiş şəxslə barışıq əldə etmiş, lakin sonradan ondan pul tələb etsə də o, imkanı olmadığını bildirmişdir. Sığorta şirkəti zərərçəkmiş şəxsə 2500 manart pul ödəmişdir. Piyada yola daxil olduqdan sonra o, tam əyləcə sıxmamışdır, düşünmüşdür ki, o geri qayıdar. Verilmiş mülki iddiaya münasibətdə isə göstərmişdir ki, qismən qəbul etsə də, halhazırda həbsdə olduğu üçün zərərçəkmiş şəxsə ümumiyyətlə heç bir məbləğdə pul ödəyə bilmir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 31 avqust 2023-cü il tarixdə o, avtobusdan düşərək yola baxmış və avtomobillərin işıqforda dayandığını görüb yolu keçməyə başlamışdır. Lakin qəza necə baş veribsə onu xatırlamır, nə qəza baş verən anı, nədəki ondan 1 həftə sonrakı günü bu günəcən də yadına sala bilmir. O, hadisədən sonra xəstəxanaya çatdırılmış və orada yatmışdır. Daha sonra müalicələr davam etdirilmək şərti ilə 11 sentybar 2023-cü il tarixdə travmatologiya xəstəxanasından həkim nəzarətində evə buraxılmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs və onun yaxın qohumları ona bildirmişdir ki, onu bağışlanmasını, qarşılığında müalicəsinə köməklik göstərəcəklərini bildirmişlər. Bu səbəbdən o, hadisəni törədən şəxsdən heç bir qarşılıq olmadan bağışlamışdır. Təhqiqatçı da barışıqla bağlı heç bir ərizə almamışdır. Beləliklə o, Təqsirləndirilən şəxs axtarmağa başlamış və ondan əməliyyat olunması üçün köməklik göstərməsini xahiş etmiş, lakin onlar yaxın gəlməmişlər. Nəhayət 2023-cü ilin oktyabr ayının 20-də o, Sumqayıt Şəhər Prokuorluğuna getmiş və şikayət etmişdir. Buna baxmayaraq prokuroluqdan ona bildirilmişdir ki, cinayət işinin başlanması rədd edildiyi üçün həmin qərardan məhkəməyə şikayət verə bilər. Ona görə də o, həmin qərardan məhkəməyə şikayət vermiş və məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv etmişdir. Barışmağa səbəb də hadisəni törədən şəxsin imkanın olmamasını, aylıq ödəniş edəcəyini bildirdi. Lakin sonradan heç bir köməklik göstərməmiş və təhqiqatçı ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ona heç bir köməklik göstərməyəcək, getsin onu tutdursun. Bundan sonra Apellyasiya şikayəti verilsə də, Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlamışdır. İş təhqiqata qayıtdıqdan sonra yenidən araşdırma başlamış, lakin heç bir şəxs onunla əlaqə saxlamamış və maraqlanmamışdır. Nəhayət 2024-cü ilin iyul ayında təhqiqat bitib istintaqa göndərilərkən Təqsirləndirilən şəxs ona sms yazmış və ona hədə qorxu gəlməyə başlamış, buna baxmayaraq yenə də ona köməklik göstərilməmişdir. Noyabr ayında iş məhkəməyə gəlmiş və o vaxtacan heç kim onla əlaqə saxlamamışdır. Lakin 2024-cü ilin dekabr ayında Ramilin 4-5 nəfər qohumları onlara gəlmiş və həmin vaxt o evdə olmamışdır. Qohumları onun valideyninə bildirmişdir ki, Səbinə hadisə ilə bağlı Ramili bağışlasın. Lakin o, Təqsirləndirilən şəxs bağışlamayacağını və son qərarı məhkəmənin verəcəyini bildirmişdir. Sorğu zamanı o, hadisə vaxtı heç nəyi xatırlamadığını, sadəcə yadında qalan hadisə olmamış yolu keçərkən yolun boş olduğunu bildirmişdir. Tərəfindən verilmiş mülki iddiaya münaibətdə isə iddiasını müdafiə edir, şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru Şahid ifadəsində göstərdi ki, hadisəni xatırlamır, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru Şahid elan edilmiş ifadəsindən görünür ki, 31 avqust 2023- cü il tarixdə, saat 20 radələrində xidməti vəzifəsi ilə əlaqədar olaraq xidməti avtomobillə Sumqayıt şəhəri ərazisində olduğu zaman Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yolnəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verilmişdir. Dərhal həmin əraziyə getmiş, həmçinin həmin yerə təhqiqatçı da gələrək hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi 31 avqust 2023-cü il tarixdə, təxminən saat 19:40 radələrində baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsidir. Hadisə həmin küçədə avtomobillərin hərəkət yolunun soldan 1-ci hərəkət zolağında qeydə alınmışdır. Hadisə baş vermiş yol iki tərəfli hərəkət istiqamətli olmaqla ümumi eni 21,20 metrdir, ümumilikdə 8 cərgəli, düz, quru, hamar və asfalt örtüklüdür. Yolun bir tərəfli hərəkət istiqamətinin eni 10,60 metr olmaqla 4 hərəkət zolağına bölünür. Yolun sağ və sol kənarlarına sarı düz xətt çəkilmişdir. Yolun sağ-sol kənar hissələrinə ağaclıqla əhatə olunmuş ehtiyat sahə birləşir. Piyadanın vurulduğu nöqtədən yolun sağ kənarı arasanıda 7,60 metr, yolun sol kənarı arasında 3 metr məsafə vardır. Hadisədə iştirakçı Təqsirləndirilən şəxs idarə etdiyi Opel-Astra markalı **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı həmin avtomobilin qabaq buferində və qabaq sol təkərində zədələnmələr müəyyən edilmişdir. Hadisə yerində işıqfor yoxdur, piyada keçidi vardır. Baxış zamanı hadisə yerindən heç bir əşya götürülmədi, ölçülmə 30 metrlik ruletka ilə süni işıqlandırma şəraitində aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, protokola əlavə edilmiş hadisə yerinin sxemi və fotoşəkillərindən görünür ki, baxış keçirilən vaxtı atmosfer şəraiti tutqun, görünüş məsafəsi 100 metr, yolun örtüyü, vəziyyəti quru asfalt və deffektsizdir. Hadisədə iştirakçı nəqliyyat vasitəsi hadisədən öncə texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Sumqayıt şəhəri, Z.Hacıyev küçəsində yerləşən avtomobillərin hərəkət yolunun soldan 1-ci hərəkət zolağında qeydə alınmışdır. Hadisə baş vermiş yol iki tərəfli hərəkət istiqamətli olmaqla ümumi eni 21,20 metrdir, ümumilikdə 8 cərgəli, düz, quru, hamar və asfalt örtüklüdür. Yolun bir tərəfli hərəkət istiqamətinin eni 10,60 metr olmaqla 4 hərəkət zolağına (1.5 yol nişanı) bölünür. Yolun sağ və sol kənarlarına sarı düz xətt (1.4 üfıqi nişanlama xətti) çəkilmişdir. Yolun sağ-sol kənar hissələrinə ağaclıqla əhatə olunmuş ehtiyat sahə birləşir. Piyadanın vurulduğu nöqtədən yolun sağ kənarı arasanıda 7,60 metr, yolun sol kənarı arasında 3 metr məsafə vardır. Hadisədə iştirakçı Opel-Astra markalı **-CL-***71 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı həmin avtomobilin qabaq buferində və qabaq sol təkərində zədələnmələr müəyyən edilmişdir. Baxış zamanı hadisə nəticəsində yol infrastruktuuna, ağaclıq sahəyə və digər tikilililərə maddi ziyan dəyməsi müəyyən edilməmiş, təhqiqata maraq doğuran digər izlər aşkar eidməmişdir. Hadisə yerində svetofor yoxdur, piyada keçidi vardır. Baxış zamanı hadisə yerindən heç bir əşya götürülməmiş, ölçülmə 30 metrəlik ruletka ilə süni işıqlandırma şəraitində aparılmışdır. - 4647 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yoxdur. - Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BD 028030 nömrəli, xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Opel Astra minik markalı, **-CL-*** qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. - Etibarnamədən görünür ki, X9 tərəfindən Opel Astra minik markalı, **-CL-*** qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarix daxil olmaqla etibarnamə verilmişdir. - Məhkəmə-tibbi ekspertizasının 1546 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X5 bədəni üzərində “qapalı kəllə beyin travması, baş-beynin yüngül dərəcəli əzilməsi, baş beynin gicgah payında əzilmə ocaqları, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol ənsə-təpə nahiyyəsində dərialtı hematoma, sol qulağın otohemorragiyası, qarnın küt travması, sol bazu sümüyünün, boyunun pərçimlənmiş sınığı, sol dirsək nahiyyəsinin sıyrığı” xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən qaydada və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 8/1319 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Astra markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “BC” kateqoriyalı BD028030 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143 və 264-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, baş vermiş hadisə nəticəsində ona dəymiş 4411 manat məbləğində maddi zərərin və 7200 manat məbləğində mənəvi zərərin, yəni ümumilikdə 11611 (on bir min altı yüz on bir) manat məbləğində pulun və ödənilmiş 124,83 manat məbləğində dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Konstitusiyasının: - 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” - 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” - 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” - 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” - 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin6 -2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” - 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” - 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” - 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” - 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini, cinayətin əlavə obyekti kimi insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” - 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. - 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən yuxarıda göstərilənlərə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: -263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır - 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 128,00 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-903/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1801/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım gösərilmiş vəkilin Hesabatında vəkilin dövlət büdcəsi hesabına göstərdiyi hüquqi yardımın toplam 25 saat olması göstərilsə də, məhkəmə bununla razılaşmır. Beləki, qeyd olunan cinayət işi üzrə xx.xx.2025-ci il tarixində məhkəmə hazırlıq iclası keçirilmiş, xx.xx.2025-ci il, xx.xx.2025-ci il,xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasları keçirilmişdir. EMİS vasitəsilə keçirilmiş məhkəmə iclaslarına baxış keçirilərək, məhkəmə Müdafiəçi ümumilikdə (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etməsinin daha ağlabatan olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Mülki iddiaçı-Zərərçəkmiş şəxs tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia barədə ərizəyə əsasən baş vermiş hadisə nəticəsində ona dəymiş 4411 manat məbləğində maddi zərərin və 7200 mant məbləğində mənəvi zərərin, yəni ümumilikdə 11611 (on bir min altı yüz on bir) manat məbləğində pulun və ödənilmiş 124,83 manat məbləğində dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CPM-nin: - 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. - 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Çünki mülki iddiaçı müalicəsi üçün iddia ərizəsində qeyd etdiyi məbləğdə xərc çəkməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Mülki iddiaçının təqdim etdiyi sənədlər, ödəniş qəbzlərindən görünür ki, onun müalicəsi üçün 3901,6 manat ödəniş edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin olunmalı, mülki cavabdeh (eyni zamanda) Təqsirləndirilən şəxs 3901,6 manat pul və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi tutularaq mülki iddiaçı (eyni zamanda) zərərçəkmiş şəxsə ödənilməlidir. Mənəvi zərərə gəldikdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra" markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə iddiaçı Zərərçəkmiş şəxs ağır bədən xəsarəti almışdır. Məhkəmə onu da vurğulayır ki, mənəvi zərərin təmin edilməsi mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə iddiaçıya təsəlli ola bilməsi üçün müəyyən edilir. Tələb üzrə mənəvi zərərə görə pul kompensasiyasının 7200 manat məbləğində müəyyən edilməsi cavabdehin əmlak vəziyyətinə uyğun deyil və tələb qeyd olunan məbləğdə təmin edilə bilməz. Məhkəmə, hadisənin ehtiyatsızlıq nəticəsində baş verməsini nəzərə alınaraq 1000 manat məbləğində idddia tələbinin mənəvi hissəsinin təmin edilməsini ağlabatan və ədalətli hesab edir. Mənəvi zərərin dəyərinin müəyyən edilməsi zamanı məhkəmə tərəfindən yuxarıda göstərilən əsaslarla yanaşı, təqsirləndirilən şəxsin davranışı da nəzərə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında hesab etmişdir ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Göstərilənləri məhkəmə nəzərə alaraq hesab edir ki, iddia tələbinin maddi ziyan hissəsi 3901,6 manat, mənəvi hissəsi 1000 manat təqsirləndirilən şəxs və mülki cavabdehdən tutularaq zərərçəkmiş şəxsə (mülki iddiaçıya) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 69.01 manat hissəsi mülki cavabdeh (eyni zamanda) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və digər cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128,00 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 3901,6 (üç min doqquz yüz bir manat altmış qəpik) manat, mənəvi zərərə görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun 69.01 (altmış doqquz manat bir qəpik) manat hissəsi tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-125/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-125/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver