Məhkəmə qərarları › İş №1(060)-126/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-126/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-126/2024 17.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 07 avqust 1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üzərində “M-40” göstəricisi olan 1/2 hissədə, təsir maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edən narkotik vasitə metadon həbini əldə edib, daşıyaraq yaşadığı ünvan 1 ünvanında saxlamış, 02 avqust 2023-cü il tarixdə saat 15 radələrində Sumqayıt şəhər polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 3 ünvanda yerləşən evinə Sumqayıt şəhər Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərarına əsasən baxış keçirilən zaman evin qonaq otağında olan masanın altından üzərində “Nivea” sözləri yazılmış dəmir qabın içərisindən üzərində “M-40” göstəricisi olan 1/2 hissədə, təsir maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edən həmin narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixində polis əməkdaşları tərəfindən 16:00 radələrində yaşadığı evin həyətində olduğu zaman evin qapısının döyüldüyünü eşitmiş və qapıya tərəf gedib qapını açdıqda gələn şəxslərin Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları olduqlarını bilmişdir. Onlar özlərini təqdim etdərək yaşadığı evdə narkotik vasitələr saxladığına və evinin həyətyanı sahəsində qanunsuz narkotik tərkibli bitkiləri əkib-becərməyində şübhələndiklərinə görə Sumqayıt şəhər Məhkəməsinin qərarı əsasında yaşadığı evə və evinin həyətyanı sahəsinə daxil olmaqla baxış keçirmək istədiklərini bildirmişlər və videoçəkiliş vasitəsilə evinə və evinin həyatyanı sahəsində baxış keçiriləcəyi bildirərək evində və evinin həyətyanı sahəsində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın, predmetin və maddənin olub-olmaması, olduğu təqdirdə onlara göstərməyini və həmin sahəyə baxış keçirilməsinə etiraz edib-etməməyini soruşmuşlar. O, polis əməkdaşlarının evinə və evinin həyətyanı sahəsinə baxış keçirmələrinə etirazının olmadığını söyləyib onları özü həyətə dəvət etmiş və evinin otaqlarını, elecə də evin həyətyanı sahəsini onlara göstərib evinin qonaq otağında yerləşən jurnal masasının alt hissəsində saxladığı və xəstəliyi ilə əlaqədar olaraq istifadə etdiyi narkotik vasitə sayılan marixuananın və narkotik vasitə sayılan yarım həb şəklində olan metadonun olduğunu bildirib həmin maddələri saxladığı dəmir qabı masanın alt hissəsindən çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi dəmir qabı açaraq içərisindən bir ədəd şəffaf sellofana bükülmüş halda olan bir büküm içərsində narkotik vasitə marixuananı, 1/2 ədəd üzərində M-40 sözləri yazılmış həb, 4 ədəd üzərində «Karbamazepitilin» sözləri yazılmış həblər, 2 ədəd «Fenzepin» sözləri yazılmış həblər, 2 ədəd kapsulda həblər və 01 ədəd «Açetilsal» sözləri yazılmış həb dərman vasitələri aşkar edilmişdir. Bir büküm içərisində olan narkotik vasitə marixuananı tərəziyə qoyulub çəkilən zaman onun çəkisinin 1 qramda biraz artıq olduğu müəyyən olunmuşdur. Yaşadığı evdən aşkar edilmiş maddələr bir ədəd zərfə qablaşdırmışlar və möhürlədikdən sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı bildirmişdir ki, yaşadığı mənzildən aşkar edilmiş marixuana, 1/2 ədəd üzərində M-40 sözləri yazılmış həbi təxminən iki ay bundan əvvəl Adil adlı şəxsdən xəstəliyi ilə əlaqədar olaraq şəxsi istifadəsi üçün almış, üzərində M-40 sözləri yazılmış həbi bütöv halda almış, həmin həbin yarı hissəsini artıq istifadə etmiş, hazırda Adil adlı şəxs vəfat etmişdir. Mənzilindən aşkar edilmiş 4 ədəd üzərində «Karbamazepitilin» sözləri yazılmış həblər, 2 ədəd «Fenzepin» sözləri yazılmış həblər və 01 ədəd «Açetilsal» sözləri yazılmış həb dərman vasitələrini xeyli müddətdir ki, alıb evində saxlamış, xəstəliyi ilə əlaqədar olaraq ağrıları olduqda qəbul edir. Sonra polis əməkdaşlarının dəvəti ilə Sumqayıt ŞPİ-yə gəlmişlər və Sumqayıt ŞPİ-də o, şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Məhkəmədən barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin cinayət-axtarışı şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 Zellabdin oğlu ifadəsində göstərdi ki, 01 avqust 2023-cü il tarixdə qərəzsiz və etibarlı mənbədən Təqsirləndirilən şəxs şəxsiyyəti əməliyyata məlum olmayan İran İslam Respublikasının vətəndaşından külli miqdarda narkotik vasitə əldə edərək yaşadığı ünvan 5 ünvanında saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması, həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməsi, yetişdirməsi və kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumat ilə bağlı Sumqayıt şəhər Məhkəməsinin 02 avqust 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi məqsədə müvafiq hesab edilmişdir. Bundan sonra rəhbərlik tərəfindən o, CAŞ-nin kiçik inspektorları Şahid3 və Şahid2, Təhqiqat şöbəsinin təhqiqatçısı Zaur Cəfərov, Kriminalistik Tədqiqatlar bölməsinin kriminalisti Rasim Paşayevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupu ilə birlikdə 02 avqust 2023-cü il tarixdə saat 15 radələrində ünvan 5 ünvanının qarşısına gedilmişdir. Həmin ünvanın qarşısında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı evin giriş darvazasının qapısı döyülmüş, qapını açan Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin qərarı da təqdim olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş və sonuncu buna etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq yarım dənə metadon, bir papiros narkotik vasitə «nəşə» vardır, xəstəliyinə görə aldığını, həmin narkotik vasitələri rəhmətlik Adil adlı şəxsdən aldığını, yarısını istifadə etdiyini, Adil adlı şəxsin də narkotik vasitə istifadə etdiyini, onları təqdim edə biləcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmuş və evdə olan masanın alt hissəsindən bir ədəd üzərində «Nivea» adlı dəmir qabı çıxarıb qapağını açaraq içərisindən bir ədəd blisterdə yarım həb narkotik vasitə metadon həbini, bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı, 4 ədəd üzərində karbamazepilin yazılmış həbləri, 2 ədəd üzərində “fenzepin” yazılmış həbləri, 01 ədəd üzərində acetilsalicovaya kislota yazılmış həbi, 2 ədəd kapsulda həbləri təqdim etmişdir. Təqdim olunmuş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzi vasitəsilə ölçülmüş və təxminən 1 qramdan biraz artıq çəkidə olması müəyyən olunmuşdur. Təhqiqatçı tərəfindən təqdim olunmuş həblər və marixuana qablaşdırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs tərəflərindən Sumqayıt ŞPİ-yə dəvət olunmuş və birlikdə Sumqayıt ŞPİ-yə gəlmişlər. Sumqayıt ŞPİ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmuşdur. Vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin cinayət-axtarış şöbəsinin kiçik inspektoru Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin cinayət-axtarış şöbəsinin kiçik inspektoru Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılamsı üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında xx.xx.2023cü il tarixdə saat 16:16-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana daxil olduqda həmin yaşayış sahəsinin ümumilikdə 4 sot torpaq sahəsinin daxilində inşa edilmiş və dörd tərəfdən mişar daşlarla hasar alınmış vəziyyətdə olmaqla, giriş qapısı dəmirdən olmaqla, həyət daxil olduqda sol tərəfdə birmərtəbəli it saxlamaq üçün əldamı və bir hamam və bir sanitar qovşağı, sonra sol tərəfdə birmərtəbəli iki otaqdan və bir mətbəxdən ibarət olmaqla yaşayış evi yerləşmişdir. Həmin yaşayış evinin girişi taxta qapıdan olmaqla girişdən sonra eni 2,5 metr, uzunluğu 5 metr təşkil edən dəhliz, dəhlizdən sonra isə eni 4 metr, uzunluğu 8 metr təşkil edən qonaq otağı, həmin otaqdan açılan və sol istiqamətində yerləşən eni 2,5 metr, uzunluğu 5 metr təşkil edən yataq otağı, həmin otağın sol hissəsində yerləşən eni, 2 metr, uzunluğu 3 metr təşkil edən mətbəxt yerləşmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana və həyətyanı sahəsinə baxış keçirməzdən əvvəl videoçəkiliş vasitəsilə baxış keçiriləcəyi bildirilərək, həmin andan onun şübhəli şəxs qismində tutulduğu elan olunaraq, sonuncuya yaşadığı ünvanda və həyətində hər hansı bir əhəmiyyət kəsb edən qanunsuz olaraq narkotik vasitələr və tərkibində narkotik maddələr olan bitkilərin olub-olmaması, əgər vardırsa həmin maddələri saxladığı yeri və narkotik tərkibli bitkilərin əkildiyi yerləri göstərməyi təklif edildi. Təqsirləndirilən şəxs özü yaşadığı ünvanda narkotik vasitə sayılan bir büküm marxuananın və yarım həb şəklində olan psixotorop maddəni saxladğını bildirərək özü yaşadığı ünvana daxil olaraq həmin ünvanın qonaq otağında yerləşən jurnal masasının alt hissəsindən bir ədəd göy rəngli üzərində «Nıvea» sözləri yazılmış dəmir qabı çıxardıb masanın üzərinə qoyaraq içərisində narkotik maddələr olduğunu bildirdi. Həmin dəmir qabı açıldıqda içərisindən bir ədəd şəffaf sellofana bükülmüş halda olan bir büküm içərsində narkotik vasitə marixuanaya bənzər bitki mənşəli ot kütləsi, 1/2 ədəd üzərində «M-40» sözləri yazılmış həb, 2 ədəd kapsulda həblər, 4 ədəd üzərində «Karbamazepitilin» sözləri yazılmış həblər, 2 ədəd «Fenzepin» sözləri yazılmış həblər və 01 ədəd «Açetilsal» sözləri yazılmış həb dərman vasitələri aşkar edildi. Aşkar edilmiş bir ədəd şəffaf sellofana bükülmüş halda olan bir büküm içərsində narkotik vasitə marixuanaya bənzər bitki mənşəli ot kütləsi elektron tərəzidə çəkilən zaman həmin maddənin büküldüyü sellofanla birlikdə çəkisinin 1,27 qram olduğu müəyyən olundu. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddələr Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada bir ədəd zərfə qabşlaşdırılaraq DİN-in möhrü ilə möhürləndi və tərəflərindən götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, yaşadığı mənzildən aşkar edilmiş bir ədəd şəffaf sellofana bükülmüş halda olan bir büküm içərsində narkotik vasitə marixuanaya bənzər bitki mənşəli ot kütləsini, 1/2 ədəd üzərində M-40 sözləri yazılmış həbi təxminən iki ay bundan əvvəl qohumu Adil adlı şəxsdən xəstəliyi ilə əlaqədar olaraq şəxsi istifadəsi üçün almış, üzərində M-40 sözləri yazılmış həbi bütöv halda almış, həmin həbin yarı hissəsini artıq istifadə etmişdir, hazırda Adil adlı şəxsin vəfat etmişdir. Mənzilindən aşkar edilmiş 4 ədəd üzərində «Karbamazepitilin» sözləri yazılmış həblər, 2 ədəd «Fenzepin» sözləri yazılmış həblər, 2 ədəd kapsulda həblər və 01 ədəd «Açetilsal» sözləri yazılmış həb dərman vasitələrini xeyli müddətdir ki, evində saxlamış, xəstəliyi ilə əlaqədar olaraq ağrıları olduqda qəbul edir. Təqsirləndirilən şəxs yaşadığı ünvana və həmin ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman, onun yaşadığı mənzildən və evin həyətyanı sahəsindən qanunla qadağan olunmuş başqa hər hansı maddə, narkoti tərkibli bitki, əşya və digər predmet aşkar edilmədi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edildi. Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri qanuni maddənin və əşyanın olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı sonuncunun üzərindən maraq kəsb edən saxlanması və daşınması qadağan olunmuş hər hansı maddə və əşya aşkar edilmədi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/4130 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən üzərində “M-40” göstəricisi olan 1/2 hissə qəhvəyi rəngli həbdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edir. Təqdim olunmuş ümumi sayı 2 ədəd olan qırmızı-ağ rəngli dərman kapsulanın tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,1 qram (bir ədəd kapsulda tramadolun təsir maddəsinin miqdarı 0,05 qramdır) olduğu müəyyən edildi. Təqdim edilmiş üzərində “фензепин” göstəricisi olan 2 ədəd ağ rəngli həbdə fenazepamin təsir maddəsinin miqdarı 0,002 qram təşki edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Fenazepam “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİİ) daxildir. Təqdim edilmiş üzərində “Карбамазепина” və “Aцетилсалициловoй” göstəricisi olan dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razıhq) tələb olunan prekursorların siyahıları” na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları’na daxil deyildir. Tədqiqata 1/4 hissə sərf edildikdən sonra ¼ hissə metadon həbi, 1 ədəd sərf edildikdən sonra 1 ədəd tramadol kapsulası, 1 ədəd sərf edildikdən sonra 1 ədəd fenazepam həbi, 1 ədəd sərf edildikdən sonra 3 ədəd karbamazepina həbi, ½ hissə sərf edildikdən sonra ½ hissə açetilsaliçilovoy həbi qalıq qalmışdır. İş materiallarında olan məhkəmə fiziki-bioloji ekspertizasının 3-16-16/2-7/1111 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 0,939 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra 0,919 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə olan «00018» sözləri yazılan MP4 formatlı videogörüntü açıldıqda 27 dəqiqə 02 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov 02 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanın qarşısında özünü təqdim edir, daha sonra baxışda iştirak edən şəxslər özünü təqdim edir, sonra təhqiqatçı qeyd olunan ünvana gəlmə səbəbini bildirir, sonra təhqiqatçı evin giriş darvazasının qapısını döyür və qapını açan şəxsə özünü təqdim etməklə həmin şəxsdən özünü təqdim etməsini deyir, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat ilə bağlı Sumqayıt şəhər Məhkəməsinin qərarını təqdim edir və yaşadığı ünvana baxış keçiriləcəyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarını evin həyətinə dəvət edir, orada Təqsirləndirilən şəxs arvadı X2 da baxışda iştirak edir, sonra baxış iştirakçıları bir daha özlərini təqdim edir, təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs yaşadığı evdə xəstəliyi ilə bağlı yarım dənə narkotik vasitə metadon və bir papiros narkotik vasitə «nəşə» olduğunu, xəstəliyinə görə aldığını, həmin narkotik vasitələri rəhmətlik Adil adlı şəxsdən aldığını, həmin şəxsin Nasosnuda yaşadığını və 2 ay əvvəl vəfat etdiyim, 25 ay olar ki, narkotik vasitələri aldığını, onların yarısını istifadə etdiyini, onları təqdim edə biləcəyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs baxış iştirakçıları ilə yaşadığı evə daxil olur və evdə masanın alt hissəsindən bir ədəd üzərində «Nivea» yazılmış dəmir qabı çıxarıb qapağını açaraq içərisində bir ədəd sellofan bükümlə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, bir ədəd blisterdə üzərində «M/40» yazılmış yarım həbi, 4 ədəd üzərində «карбамазепитилин» yazılmış həbləri, 2 ədəd üzərində “фензепин” yazılmış həbləri, 01 ədəd üzərində «ацетилсалициловая кислота» yazılmış həbi və 2 ədəd kapsulda həbləri təqdim edir. Sonra təhqiqatçı tərəfindən təqdim olunmuş həblərə və kütləyə baxış keçirilir, sonra narkotik vasitə qurudulmuş marixuana olan sellofan büküm elektron tərəzi vasitəsilə ölçülür və çəkisinin 1,27 qram olması müəyyən edilir. Sonra təhqiqatçı tərəfindən aşkar olunmuş dərman həbləri və sellofan büküm bir ədəd zəridə qablaşdırılır və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanır. Sonra təhqiqatçı tərəfindən evə və həyətyanı sahəyə baxılır, lakin başqa heç bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmur. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. Diskdə olan «00019» sözləri yazılan MP4 formatlı videogörüntü açıldıqda 04 dəqiqə 21 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı, Sumqayıt ŞPİ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib idarəyə hansı səbəbdən gətirilməsini izah edir və hüquq və vəzifələrinə dair olan bildirişi şübhəli şəxsə təqdim edir. Sonra təhqiqatçı şübhəli şəxsdən üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olubolmamasını soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs isə üzərində qanunsuz əşya olmadığını bildirir. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar olunmur. Sonra müdafiəçi şübhəli şəxsə sual verir, şübhəli şəxs isə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını bildirir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmünə əsasən CM-nin 226-cı maddəsinin 2-ci hissəsi, 277-ci maddəsinin 1-ci hissəsi, 38-ci maddələri ilə əmlakı müsadirə olunmaqla 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2006cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək narkomaniyadan məcburi müalicə tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Quba rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Miilli Məclisin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuş, lakin narkomaniyadan məcburi müalicə bitdikdən sonra azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015ci il tarixli qərarı ilə əməlində cinayətlərin residivi olması müəyyən edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmış, Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 03 ay 05 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2017-i il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində nümayəndəliyi tərəfindən verilmiş 33 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 7170 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan Asılılıq Sindiromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs evindən 0,939 qram narkotik vasitə qurudulmuş marixuana və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”-in siyahısına daxil olan tərkibində psixotrop maddə fenazepamın təsir maddəsinin miqdarı 0,002 qram təşkil edən 2 ədəd dərman həbinin aşkar olunması xüsusatında sonuncunun əməlində cinayət tərkibi olmadığından, həmin xüsusat üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati icraatın başlanılmasmdan İXM-nin 53.1.7-ci maddəsinə əsasən imtina edilmiş, Təqsirləndirilən şəxs evindən 02 avqust 2023-cü il tarixdə aşkar olunmuş 1/2 ədəd narkotik vasitə metadon həbi, 0,939 qram narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd tramadol kapsulları və 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, narkotik vasitə metadon həbinin ekspertiza tədqiqatından sonrakı 1/4 qalığı, tramadol kapsulunun ekspertiza tədqiqatından sonrakı 1 ədəd qalığı, Fenazepam həbinin ekspertiza tədqiqatından sonrakı 1 ədəd qalığı, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 0,919 qram qalığı təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 01 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, iş üzrə maddi sübut olmayan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1/2 ədəd «ацетилсалициловой» dərman həbi, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3 ədəd «карбамазепина» həbləri saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış ¼ hissədə metadon həbi, 1 ədəd tramadol kapsulu, 1 ədəd fenazepam həbi, 0,919 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut olmayan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış ½ ədəd “ацетилсалициловой” dərman həbi və 3 ədəd «карбамазепина» həbləri hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi və məhkəmə-bioloji ekspertizalarının dəyəri 65,00 (altmış beş) manat və 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli (iş № 1(060)-959/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 2001 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış ¼ hissədə metadon həbi, 1 ədəd tramadol kapsulu, 1 ədəd fenazepam həbi, 0,919 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut olmayan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış ½ ədəd “ацетилсалициловой” dərman həbi və 3 ədəd «карбамазепина» həbləri hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi və məhkəmə-bioloji ekspertizaları tədqiqatının dəyəri 65,00 (altmış beş) manat və 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar