Məhkəmə qərarları › İş №1(060)-127/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-127/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-127/2021 05.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı Beynəlxalq Avtovağzalında baş nəzarətçi işləyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04 avqust 2020-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi S.Vurğun küçəsi “Xəzər bağçılıq yoldaşlığı” “Maral göl” yaşayış massivi ərazisində yerləşən yeni inşa edilmiş fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs tikinti işlərinin aparılmasına etirazını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun qolundan tutub itələməklə başını yeni inşa edilmiş divara vurub, Zərərçəkmiş şəxs QKBT. Baş-beyin silkələnməsi, alın nahiyəsinin və sağ təpə nahiyəsinin qançırları kimi xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs ilk dəfə 04.08.2020-ci il tarixdə görüb tanımışdır. 2014-cü ildə qardaşı Şahid2 fərdi yaşayış evi tikmək məqsədilə Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi S.Vurğun küçəsi “Xəzər bağçılıq yoldaşlığı” “Maral göl” yaşayış massivi ərazisində Şahid1 və Zərərçəkmiş şəxs 3500 manat pul ödəməklə, onlardan 0.6 ha torpaq sahəsi alıb fərdi yaşayış evi tikmiş, ancaq İlqarın maddi imkanı olmadığından o, sonradan tikintini yarımçıq saxlamış və işləri dayandırmış, sonradan qardaşı tikinti işlərini davam etdirmək istədiyindən, 04.08.2020-ci il tarixdə qardaşı İlqar və Rəşad adlı usta ilə tikinti işlərini davam etdirməyə getmiş, ora getməkdə məqsədi təmir tikinti işlərini aparmaqda İlqar və ustaya kömək etmək olmuş, həmin əraziyə getdikdən sonra, saat təxminən 11 radələrində Maya gəlib səs-küy salaraq, nalayiq ifadələr işlədib İlqara cəmi 0.15 ha torpaq sahəsi satdığını iddia edərək, digər torpaq sahəsinin ona və ailə üzavülərinə məxsus olduğunu bildirmiş və onun göstərdiyi torpaq sahəsində işlərini davam etdirmələrini tələb etmiş, daha sonra o zəng vurub hadisə yerinə polis əməkdaşları çağırmış, polis əməkdaşları hadisə yerinə gəldikdən sonra Mayanı sakitləşdirib ordan aparmış, bundan sonra işlərini davam etdirmişlər. Maya birdə həmin gün saat 17 radələrində ora gəlmiş və yenidən səs-küy salıb mübahisə yaratmış, ilk olaraq yerdə olan tikinti alətlərini götürüb İlqarın üstünə cumaraq onu vurmağa cəhd etmiş, ancaq orda olan Rəşad adlı usta ona mane olmuş, bundan sonra Maya başını İlqarın tikdiyi evin ətrafına çəkilmiş hasara vurmağa başlamış, sonra isə zəng vurub yenidən hadisə yerinə polis əməkdaşlarını dəvət etmiş, polis əməkdaşları hadisə yerinə gəldikdən sonra yenidən Mayanı sakitləşdirib ordan uzaqlaşdırmış, onlara isə səhər Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə izahat vermək üçün getmələri tapşırılmışdır. Mayanın göstərdiyi tarixdə yəni, 04.08.2020-ci il tarixdə nə o, nə də qardaşı İlqar Mayanı təhqir etməmiş, nə də onu vuraraq ona hər hansı bədən xəsarəti yetirməmişlər, Zərərçəkmiş şəxs bununla bağlı qərəzli və yalan ifadə vermiş, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətləri başını hasara vurması nəticəsində almış, Maya onlarla mübahisə edəndə başını hasara vurmuş, sonra isə barələrində şikayət edib onları tutduracağını bildirirmiş, hadisə qardaşı İlqara məxsus Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi “Xəzər bağçılıq yoldaşlığı” “Maral göl” yaşayış massivi ərazisində yerləşən torpaq sahəsində inşa edilmiş evin qarşısında baş vermiş, orda həmin vaxt qardaşı İlqar, Elşad adlı usta, Maya, həyat yoldaşı Məhəmməd, azyaşlı övladları, birdə yaranmış səs küyə oraya gəlmiş adlarını bilmədiyi bir neçə qonşu olmuşdur. Təqsirləndirilən şəxs heç bir təqsirinin olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs 18.02.2021-ci il tarixdə ifadəsində göstərmişdir ki, Şahid2 ilk dəfə təxminən 4 il əvvəl görüb tanımış, həyat yoldaşı Şahid1 Qubadlı rayonu Zilanlı kəndindən məcburi köçkün olduğundan, o Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində məskunlaşaraq ona verilmiş 0.7 ha torpaq sahəsində iki otaqlı ev tikib orda yaşamağa başlamış, təxminən 17 il əvvəl Məhəmmədlə ailə həyatı quraraq onunla birlikdə yaşamağa başlamışdır. Təxminən 04 il əvvəl İİ qrup əlil olan həyat yoldaşının müalicəsi üçün pula ehtiyacları olduğundan, məskunlaşdıqları torpaq sahəsinin 0.2 ha hissəsini həyat yoldaşı Məhəmmədlə İlqar arasında yaranmış şifahi razılığa əsasən Şahid2 satmış, İlqar ona satdıqları həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş, ancaq sonradan tikinti işlərini yarımçıq saxlayaraq, daha həmin əraziyə gəlməmiş, təxminən 2020-ci ilin avqust ayının əvvələrində İlqar və ailə üzvüləri ona satdıqları torpaq sahəsində inşa edilmiş evə gələrək, tikinti işlərini davam etdirməyə başlamış, İlqar həmçinin ona satdıqları torpaq sahəsindən əlavə, ailə üzvülərinə məxsus torpaq sahəsini də hasarlamağa cəhd etmiş, ailə üzvüləri ilə buna etiraz etdikdə isə, İlqar ailə üzvlərinə məxsus bütün torpaq sahəsini aldığını, tikinti işləri apardığı ərazinin bütövlükdə ona məxsus olduğunu bildirmiş, bu səbəbdən aralarında bir neçə dəfə mübahisə yaranmışdır. Sonuncu dəfə 04.08.2020-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı evdə olarkən azyaşlı oğlu yaşadıqları evə gələrək, həyat yoldaşı Məhəmmədlə İlqarın mübahisə etdiklərini bildirmiş, bundan sonra dərhal həyat yoldaşının yanına gedib nə baş verdiyi ilə maraqlanmaq istədikdə, Məhəmməd İlqarın ailə üzvlərinə məxsus olan torpaq sahəsinin ona satıldığını iddia edərək, həmin torpaq sahəsini hasarlamaq istədiyini bildirmiş, bu səbəbdən İlqara etirazını bildirdikdə o, ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş və əli ilə onu itələyərək başını hasara vurmuş, bu vaxt sağ qolu divara sürtünmüş və qolundan sıyrıq xəsarətləri almış, bunu görən İlqarın yanında olan idmançı bədən quruluşlu, adının sonradan Anar oluğunu bildiyi şəxs isə həyat yoldaşı Məhəmmədi təhqir edərək torpaq sahəsindən çıxmalarını tələb etmiş, bu səbəbdən zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra hadisə yerinə polis əməkdaşları gəldikdə isə İlqar və yanında olan şəxsin qanunsuz hərəkətləri barədə məlumat verib, şikayət ərizəsi yazmış, daha sonra həmin gün saat 17 radələrində İlqar və yanında olan şəxslərin ərazidə işlədiklərini görüb, İlqara yaxınlaşmış və yerdən daş parçası götürüb ona satdıqları torpaq sahəsinin sərhəddinə qoyaraq, həmin işarələnmiş hissədən yaşadıqları evə qədər olan məsafədə torpaq sahəsinin ailə üzvlərinə məxsus olduğunu bildirmiş, bunu görən İlqarın yanında olan Anar adlı şəxs həmin daş parçasını götürüb kənara tullamış və həmin ərazinin hamısının onlara məxsus olduğunu, həmin ərazini tam olaraq hasarlayacaqlarını bildirmiş, həmin şəxsin üstünə gedib onun bu hərəkətinə etiraz etdikdə İlqar üstünə gəlib ünvanına nalayiq ifadələr işlətmiş və çiynindən tutub itələməklə başını inşa etdiyi evin divarına vurmuş, bu zaman sağ qaş nahiyəsinin üstü divara dəymiş və həmin nahiyəsindən xəsarət almış, İlqar bundan sonra da ünvanına nalayiq ifadələr işlətməkdə davam etmiş, həmin vaxt İlqarın qardaşı Anar üstünə gəlib qolundan tutaraq qəsdən itələməklə başını qəsdən divara vurmuş, bu zaman isə sağ alın nahiyəsi divara dəydiyindən alın nahiyəsindən xəsarət almışdır. İlqar isə onu təhqir etmiş və o da sonuncunun bu hərəkətindən sonra əsəblərini cilovlaya bilməmiş və İlqarın üstünə gedib onu vurmaq istədikdə oraya gəlmiş qonşuluqda yaşayan Nadir və Nofəl araya girib, onu sakitləşdirərək həmin ərazidən uzaqlaşdırmaq istəmiş, ancaq huşunu itirərək yerə yıxılmış, daha sonra kimsə hadisə yerinə təcili tibbi yardım çağırmış, hadisə yerinə gəlmiş tibb işçiləri ona tibbi yardım göstərmiş, huşunu itirdiyini görən həyat yoldaşı isə zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, yaşadığı evə polis əməkdaşları gəldikdən sonra şikayət əriəzsi yazaraq onu döyüb bədən xəsarəti yetirmiş və təhqir etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hadisə yaşadığı evin qarşısında baş vermiş, həmin vaxt orda həyat yoldaşı Məhəmməd, azyaşlı övladları, qonşuluqda yaşayan şəxslərdən Nadir, Nofəl adlı şəxslər olmuş, tibb müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş “QKBT. Baş beyin silkələnməsi, sağ təpə nahiyəsinin qançırı xəsarətlərini Anar adlı şəxsin qolundan tutub itələməklə, başını divara vurması nəticəsində almış, bədəni üzərində olan digər xəsarətləri isə İlqar ona yetirmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, ona vurulmuş maddi zərərin ödənilmədiyini göstərərək Təqsirləndirilən şəxs barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Şahid2 ilk dəfə təxminən 4 il əvvəl görüb tanımış, Qubadlı rayonu Zilanlı kəndindən məcburi köçkün olduğundan, Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən boş torpaq sahəsində məskunlaşaraq, 0.7 ha torpaq sahəsini əlavə torpaq tökərək hamarlayıb iki otaqlı ev tikib orda yaşamağa başlamış, təxminən 17 il əvvəl Zərərçəkmiş şəxs ilə ailə həyatı quraraq onunla birlikdə yaşamağa başlamışdır. Təxminən 04 il əvvəl pula ehtiyacı olduğundan, məskunlaşdığı torpaq sahəsinin 0.2 ha hissəsini İlqarla arasında yaranmış şifahi razılığa əsasən 3500 manata Şahid2 satmış, İlqar ona satılmış həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş, ancaq sonradan tikinti işlərini yarımçıq saxlayaraq, daha həmin əraziyə gəlməmiş, təxminən 2020-ci ilin avqust ayının əvvələrində İlqar və ailə üzvləri aldığı torpaq sahəsində inşa edilmiş evə gələrək, tikinti işlərini davam etdirməyə başlamış, İlqar həmçinin ona satılmış torpaq sahəsindən əlavə, ailə üzvülərinə məxsus torpaq sahəsini də hasarlamağa cəhd etmiş, ailə üzvüləri ilə buna etiraz etdikdə isə, İlqar bütün torpaq sahəsini aldığını, torpaq sahəsinin bütövlükdə ona məxsus olduğunu bildirmiş, bu səbəbdən aralarında bir neçə dəfə mübahisə yaranmış, sonuncu dəfə 04.08.2020-ci il tarixdə saat təxminən 11 radələrində İlqar və yanında gəlmiş şəxslərin ailə üzvülərinə məxsus torpaq sahəsini hasarlamaq istədiyini, orda tikinti işləri aparmağa cəhd etdiyini görüb onlara mane olmaq istəmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, sonradan ora həyat yoldaşı Maya da gəlib nə baş verməsi ilə maraqlanmış, İlqarın ailə üzvülərinə məxsus olan torpaq sahəsinin ona satıldığını iddia edərək, həmin torpaq sahəsini hasarlamaq istədiyini öyrəndikdə isə Maya İlqara etirazını bildirmiş, İlqar isə nalayiq ifadələr işlədərək onları təhqir etmiş və əli ilə Mayanı itələmiş, Maya həmin vaxt hasara çırpıldığından qolundan xəsarət almış, bunu görən İlqarın yanında olan idmançı bədən qurluşlu, adının sonradan Anar oluğunu bildiyi şəxs isə onu təhqir edərək torpaq sahəsindən çıxmalarını tələb etmişdir. Bu səbəbdən Maya zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra hadisə yerinə polis əməkdaşları gəldikdə isə İlqar və yanında olan şəxsin qanunsuz hərəkətləri barədə məlumat verib, şikayət ərizəsi yazmışlar, daha sonra həmin gün saat 17 radələrində Maya ilə İlqar və yanında olan şəxslərin ərazidə işlədiklərini görüb, İlqara yaxınlaşmış, Maya yerdən daş parçası götürüb ona satdıqları torpaq sahəsinin sərhəddinə qoyaraq, həmin işarələnmiş hissədən yaşadıqları evə qədər olan məsafədə torpaq sahəsinin ailə üzvülərinə məxsus olduğunu bildirmiş, bunu görən İlqarın yanında olan Anar həmin daş parçasını götürüb kənara tullamış və torpaq sahəsinin hamısının onlara məxsus olduğunu, torpaq sahəsini tam olaraq hasarlayacaqlarını bildirmiş, Maya həmin şəxsin üstünə gedib onun bu hərəkətinə etiraz etdikdə İlqar Mayanın üstünə gəlib ünvanına nalayiq ifadələr işlətmiş və onun çiynindən tutub itələməklə başını inşa etdiyi evin divarına vurmuş, həmin vaxt Anar adlı şəxs də Mayanın üstünə gedib onun qolundan tutaraq itələməklə qəsdən Mayanın başını divara vurmuş, İlqar daha sonra arvadını ifadə olunmaz sözlərlə təhqir edərək torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, fiziki imkanları məhdud olduğundan onlara mane ola bilməmiş, oraya gəlmiş şəxslər Mayanı sakitləşdirib ordan uzaqlaşdırmaq istədikdə, Maya huşunu itirərək yerə yıxılmış, daha sonra kimsə hadisə yerinə təcili tibbi yardım çağırmış, hadisə yerinə gəlmiş tibb işçiləri Mayaya tibbi yardım göstərmişlər. Bundan sonra zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, yaşadıqları evə polis əməkdaşları gəldikdən sonra isə Maya şikayət ərizəsi yazaraq onu döyüb bədən xəsarəti yetirmiş və təhqir etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hadisə yaşadıqları evin qarşısında baş vermiş, həmin vaxt orda həyat yoldaşı Maya, azyaşlı oğlanları, qonşuluqda yaşayan kim olmalarını xatırlamadığı şəxslər olmuş, qonşular yaranmış səs küyə oraya gəlsələr də, kənarda dayanıb onlara baxmış, ancaq onlara yaxınlaşmamışlar. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilk dəfə təxminən 2014-cü ilin avqust ayının sonlarında və ya sentyabr ayının əvvələrində görüb tanımış, həmin ərəfədə özünə torpaq sahəsi alaraq, fərdi yaşayış evi tikmək istədiyindən, maraqlanıb Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi S.Vurğun küçəsi “Xəzər bağçılıq yoldaşlığı” “Maral göl” yaşayış massivi ərazisində Şahid1 və Zərərçəkmiş şəxs tərəfindən 3500 manata satışa çıxarılmış torpaq sahəsini almaq üçün həmin şəxslərə müraciət etmiş, bu zaman Maya və həyat yoldaşı Məhəmmədlə tanış olmuş, Maya və həyat yoldaşı Məhəmməd satdıqları torpaq sahəsinin onlara məxsus olduğunu bildirsələrd ə, ancaq torpaq sahəsinin onlara məxsus olmasına dair hər hansı sənəd təqdim etməmişlər. Maya və Məhəmmədlə torpaqla bağlı aralarında şifahi razılığa gəldikdən sonra onlara 3500 manat pul vermiş, bununla bağlı aralarında rəsmi müqavilə bağlanmasa da, Maya və Məhəmməd qeyri rəsmi olaraq kağıza yazaraq ondan pul aldıqlarını və torpaq sahəsi satdıqlarını təsdiq etmiş, daha sonra Sumqayıt Bələdiyyəsinə müraciət edərək aldığı torpaq sahəsinin adına sənədləşdirilməsini xahiş etmiş, bununla bağlı dövlət rüsumunu ödədikdən sonra, Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi S.Vurğun küçəsi “Xəzər bağçılıq yoldaşlığı” “Maral göl” yaşayış massivi ərazisində torpaq sahəsinin olmasına dair sənəd təqdim edilmiş, ancaq həmin vaxt maddi imkanı olmadığından, ancaq aldığı torpaq sahəsinin 0.4 ha sənədləşdirə bilmiş, digər 0.2 ha torpaq sahəsinə isə sənəd ala bilməmiş, bundan sonra aldığı torpaq sahəsində fərdi yaşayış evi tikmiş, ancaq maddi imkanı olmadığından sonradan tikintini yarımçıq saxlayıb, işləri dayandırmış, bir də 04.08.2020-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs və Rəşad adlı usta ilə tikinti işlərini davam etdirməyə getmiş, həmin gün saat təxminən 11 rdələrində Maya gəlib səs küy salaraq, nalayiq ifadələr işlədib ona cəmi 0.15 ha torpaq sahəsi satdığını iddia edərək, digər torpaq sahəsinin ona və ailə üzavülərinə məxsus olduğunu bildirmiş və onun göstərdiyi 0.15 ha torpaq sahəsində işlərini davam etdirmələrini tələb etmiş, daha sonra o zəng vurub hadisə yerinə polis əməkdaşları dəvət etmiş, polis əməkdaşları hadisə yerinə gəldikdən sonra Mayanı sakitləşdirib oradan aparmış, bundan sonra işlərini davam etdirmiş, Maya bir də həmin gün saat 17 radələrində ora gəlmiş və yenidən səs küy salıb mübahisə yaratmış, başını tikdiyi evin ətrafına çəkdiyi hasara vurmuş, sonra isə zəng vurub yenidən hadisə yerinə polis əməkdaşlarını dəvət etmiş, polis əməkdaşları hadisə yerinə gəldikdən sonra yenidən Mayanı sakitləşdirib aparmış, onlara isə səhər Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə izahat vermək üçün getmələri tapşırılmışdır. Mayanın göstərdiyi tarixdə yəni, 04.08.2020-ci il tarixdə nə özü, nə də qardaşı Anar Mayanı təhqir etməmiş, nə də onu vuraraq ona hər hansı bədən xəsarəti yetirməmişlər, Zərərçəkmiş şəxs bununla bağlı qərəzli və yalan ifadə vermiş, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətləri başını hasara vurması nəticəsində almış, Maya onlarla mübahisə edəndə başını hasara vurmuş, sonra isə barələrində şikayət edib onları tutduracağını bildirirmiş, hadisə ona məxsus Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi S.Vurğun küçəsi “Xəzər bağçılıq yoldaşlığı” “Maral göl” yaşayış massivi ərazisində yerləşən torpaq sahəsində inşa edilmiş evin qarşısında baş vermiş, orda həmin vaxt qardaşı Anar, Elşad adlı usta, Maya, həyat yoldaşı Məhəmməd, azyaşlı övladları, birdə yaranmış səs küyə oraya gəlmiş adlarını bilmədiyi bir neçə qonşu olmuşdur. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddət əvvəl tanımış, onunla qonşuluqda yaşamış, münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və pis münasibətləri olmamış, Zərərçəkmiş şəxs 04.08.2020-ci il tarixdə saat 17 radələrində Şahid2 və Təqsirləndirilən şəxs adlı şəxslər tərəfindən döyülməsini, təhqir olunmasını görməmiş, ümumiyyətlə Şahid2 və Təqsirləndirilən şəxs adlı şəxsləri tanımamış, eləcədə başqa hər hansı digər şəxslə Zərərçəkmiş şəxs arasında dava-dalaş olmasını, Zərərçəkmiş şəxs hər hansı şəxs tərəfindən döyülüb, təhqir olunmasını görməmiş, Zərərçəkmiş şəxs dava-dalaş etdiyi şəxslərə aralamağa cəhd etməmiş, yaşadığı ərazidə və qonşuluqda yaşayan başqa bir “Nofəl” adlı şəxsi tanımamış, yaşadıqları Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi “Gecə Qondu” adlandırılan ərazidə yerləşən fərdi evlərdən ondan başqa “Nofəl” adlı, qardaşı Nadirdən başqa “Nadir” adlı şəxs yaşamamışdır. Məhkəmədə təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətinə əsasən dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və Şahid2 qardaşlarını tanıyır, Zərərçəkmiş şəxs ilk dəfə 04.08.2020-ci il tarixdə görüb tanımışdır. Belə ki, o, həmin gün Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi S.Vurğun küçəsi “Xəzər bağçılıq yoldaşlığı” “Maral göl” yaşayış massivi ərazisində Şahid2 məxsus fərdi yaşayış evində usta kimi işləyən vaxt Zərərçəkmiş şəxs onların yanına gəlmiş, palçıq düzəltmələri üçün gətirdikləri suları vurub aşırmış və yerdən lapatqanı götürərək İlqarın üzərinə hücum çəkmiş, onlar həmin vaxt Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs qolundan tutaraq onun İlqara xəsarət yetirməsinin qarşısını almışlar. Həmin vaxt Zərərçəkmiş şəxs onun sifət nahiyyəsindən bir sillə zərbəsi də vurmuşdur. Bundan sonra, Zərərçəkmiş şəxs başını hasara çırpmış və DİN-nin 102 zəng xidmət mərkəzinə zəng edərək hadisə barədə düzgün olmayan məlumat vermişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 14.08.2020-ci il tarixli 906 saylı rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “QKBT. Başbeyin silkələnməsi, sağ bazunun, alın nahiyəsinin, sağ təpə nahiyəsinin qançırları, sağ bazunun sıyrıqları”. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl qərarda göstərilən 04.08.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərdən “QKBT. Baş-beyin silkələnməsi, alın-təpə və sağ bazunun qançırları vət. Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Sağ bazunun sıyrıqlarının xarakterlərinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlər həm özüözünə, həm də kənar şəxs tərəfindən yetirilə bilərdilər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş əlavə məhkəmətibbi ekspertizasının 25.09.2020-ci il tarixli 43/906 əlavə saylı rəyindən görünür ki, 1978ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYSnın 1557 nömrəli arayışına əsasən qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: “QKBT. Baş-beyin silkələnməsi, sağ bazunun, alın nahiyəsinin, sağ təpə nahiyəsinin qançırları, sağ bazunun sıyrıqları”. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən 04.08.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə QKBT. Baş-beyin silkələnməsi, alın nahiyəsinin və sağ təpə nahiyəsinin qançırları ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir, sağ bazunun qançır və sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarətlərdən QKBT. Baş-beyin silkələnməsi, alın nahiyəsinin və sağ təpə nahiyəsinin qançırları qərarda göstərilən şəraitdə, yəni vət. Zərərçəkmiş şəxs özü başını daş hasara çırpması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. Müdafiə tərəfinin vəsatəti əsasənda şahid X4 hadisə zamanı istifadəsində olan telefon nömrələrinə daxil olan və çıxan zənglərə, anten və digər məlumatlara dair “Bakcell” və "xxxx" MMC-dən daxil olmuş disklərə məhkəmə iclas zalında keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, X4 istifadəsində olan telefon nömrəsinin anten dairəsi 04.08.2020-ci il tarixdə hadisənin baş verdiyi yerdə, yəni Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi S.Vurğun küçəsi “Xəzər bağçılıq yoldaşlığı” “Maral göl” yaşayış massivi ərazisində Şahid2 məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidə olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, şahidlər Rəşad Şirinov və Şahid2 ifadələrində Zərərçəkmiş şəxs özü tərəfindən başını hasara vuraraq xəsarət almasına dair göstərdikləri işdə olan müvafiq məhkəmə tibbi ekspertizasının rəyləri ilə tam təkzib edilmiş və zərərçəkmiş şəxsin bədəni üzərində aşkar edilmiş QKBT. Baş-beyin silkələnməsi, alın nahiyəsinin və sağ təpə nahiyəsinin qançırları Zərərçəkmiş şəxs özü başını daş hasara çırpması nəticəsində əmələ gəlməsi az inandırıcı hesab edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, tərəflər arasında torpaq mübahisəsi olmuş, həmin mübahisə nəticəsində Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən xəsarətləri yetirmişdir. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, şahid qismində dindirilmiş X8 və Şahid2 verdiyi ifadələr işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən həmin ifadələr ittihamı təkzib edən sübut kimi qiymətləndirilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25.09.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 az yaşlı uşaqları-02.04.2011-ci il təvəllüdlü X2, 30.07.2012-ci il təvəllüdlü X3 və 20.08.2014-cü il təvəllüdlü X6 vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09.02.2018-ci ildən hazıra kimi "xxxx" MMC-də baş məzarətçi vəzifəsində işləyir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hgimayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxs izah olunmalıdır ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs çəza çəkmənin əvvəli qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs izah olunsun ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar