Məhkəmə qərarları › İş №1(060)-127/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-127/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-127/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzanın çəkilməyən 02 (iki) ay 03 (üç) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Umbakı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2024cü il tarixdə, səhər saat 06 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Eyvaz” marketin yaxınlığında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs sinə nahiyəsindən yumruqla itələyərək ona fiziki ağrı yetirib əynində olan şalvarının arxa sol cibindən 1150 (bir min yüz əlli) manat pulunu götürüb qaçmaqla açıq talayaraq, Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona 1150 (bir min yüz əlli) manat dəyərində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 06:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən Eyvaz marketdə olan zaman tanışı X1 görmüş, həmin vaxt onun yanında ilk dəfə gördüyü, sonradan adının Soltan olduğunu bildiyi şəxs də olmuşdur. Onlar marketdən siqaret almışlar. O, Gülnarədən nə üçün Soltanla görüşməyini irad bildirib onunla mübahisə etmişdir. Gülnarə ilə Soltan adlı şəxs əxlaqsız hərəkətlər etdiyi üçün o, onlara irad bildirmiş və Soltanın sinəsindən itələmişdir. Onu bu söhbətdən beş gün sonra polislər öz məhəlləsindən tutmuşlar. O, narkotik vasitədən istifadə edir, lakin soyğunçuluq etməmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində polis əməkdaşı onu belindən və başından vurmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini o yazmamış və imza etməmişdir. Yalnız bir kağıza qol çəkmişdir. Eyni zamanda polis əməkdaşları ona psixi zor tətbiq etməklə ifadəsində 500-600 manat pul götürməsini yazmağını və onu cərimə edəcəklərini bildirmişlər. O, MSY-də heç bir sənədə qol çəkmədiyini, yalnız bir ədəd ağ kağızı imzaladığını bildirmişdir. Əmələ görə təqsirinin olmamasının, iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü qismən təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək ittiham üzrə təqsirli bilmədiyini, hadisə baş verdiyi tarixdə, yəni xx.xx.2024-cü ildə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid Corat qəsəbəsində yerləşən marketdə görməsi və yalnız onlara əxlaqsız hərəkətlər etdikləri üçün irad bildirməsi baradə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan əlavə, Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, aparılmış istintaq hərəkətləri zamanı tərtib edilmiş protokollar və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsində özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 06:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən Eyvaz marketdə olan zaman tanışı Şahid görmüş, həmin vaxt onun yanında ilk dəfə gördüyü, sonradan adının Soltan olduğu bildiyi şəxs də olmuş, onlar marketdən siqaret alarkən o, onlarla salamlaşmışdır. Həmin vaxt Gülnarə Soltandan ona da siqaret almasını xahiş etmiş, Soltan da ona siqaret almış, ödənişi etmək üçün Gülnarəyə 50 manat pul vermişdir. Daha sonra Soltan çölə çıxmışdır. O Gülnarədən nə üçün Soltanla görüşdüyünə irad bildirib onunla mübahisə etmişdir. Həmin vaxt Soltan Gülnarəyə getmək istədiyini və qalan xırda pulu verməsini xahiş etmiş, o, Soltana yaxınlaşıb yumruqla onun sinəsindən itələmişdir. Soltan əyilən zaman o Soltanın əynində olan qara rəngli cins şalvarının arxa sol yan cibində olan, dəqiq məbləğini bilmədiyi pulu götürüb qaçaraq oradan uzaqlaşmışdır. O, sonradan həmin pulu sayan zaman pulun məbləğinin 155 manat olduğunu görmüş, həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, hadisə vaxtı yanında heç kim olmamış, onlar üçü olmuşlar. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlar barəsində bildirmişdir ki, Soltanı hədələməmiş, ona cibində bıçaq olduğunu, həmin bıçağı çıxarıb onu deşik-deşik edəcəyini deməmiş, onun cibində ümumiyyətlə bıçaq olmamışdır. O Soltanın cibindən 155 manat pul götürmüş, başqa pul götürməmiş, Soltan yalan danışmışdır. Hadisə vaxtı o, Soltanı ancaq yumruqla sinəsindən itələmiş, onu vurmamış, döyməmişdir. Soltan siqaret almaq üçün cibindən 50 manat pul çıxarıb Gülnarəyə verdiyi üçün, o elə zənn etmişdir ki, Soltanın cibində başqa pul da var. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Sumqayıt şəhərində yerləşən kafelərin birinə gedərək yeyibiçmiş, pivə və spirtli içki qəbul etmiş, həmin kafedə özünü Gülü kimi təqdim edən qızla tanış olmuşdur. Həmin qız onu öz evlərinə dəvət etmiş və o, onunla birlikdə onun yaşadığı ünvana getmişdir. O, həmin qızın evində olduqdan sonra birlikdə siqaret almaq üçün evdən mağazaya getmişlər. Həmin gün saat 06 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Eyvaz” marketdə olan zaman Gülünün tanışı olan, əvvəllər tanımadığı, sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs görmüşlər. Həmin qız Azərə də siqaret almasını istədiyi üçün həmin oğlana da siqaret almış, ödənişi etmək üçün Gülüyə 01 ədəd 50 manatlıq əskinas vermişdir. Onlar çölə çıxdıqdan sonra Gülü və onun tanışı Azər öz aralarında danışmağa başlamış, aralarında mübahisə olmuşdur. O, Gülüyə getmək istədiyini və qalan xırda pulu verməsini xahiş etmişdir. Həmin vaxt Azər ona yaxınlaşıb yumruqla sinəsindən itələmişdir. O, əyilən zaman isə həmin şəxs əynində olan qara rəngli cins şalvarının arxa sol yan cibində olan 1150 manat pulu götürüb qaçaraq oradan uzaqlaşmışdır. O və Gülü ondan pulu istəyən zaman həmin şəxs onlara fikir vermədən qaçıb uzaqlaşmışdır. Bundan sonra o, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə müraciət etmişdir. İlkin ərizə və izahatında o, Azərin hərəkətlərinə əsəbləşərək hadisə vaxtı Azərin onu yumruqla sinəsindən vurduğunu yalandan göstərmiş, əsl həqiqətdə o onu yumruqla sinəsindən vurmamış, sadəcə itələmişdir. Hadisə vaxtı ətrafda heç kim olmamışdır. Ancaq onlar üçü olmuşlar. Hadisə vaxtı Azər yumruqla onu sinəsindən itələmiş, bundan başqa Azər onu vurmamış, döyməmişdir. Həmin vaxt da o, heç bir bədən xəsarəti almamışdır. Bundan başqa, qeyd etdiyi kimi hadisə vaxtı Azər ona cibindən bıçaq çıxarıb onu bıçaqla vuracağını deyib hədələsə də, ona bıçaq çıxartmamış, onun üzərində bıçaq olduğunu da o özü görməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəyən ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, adını unutduğu şəxs ilə xx.xx.2024-cü il tarixdə tanış olmuş və həmin gün onunla birlikdə Corat qəsəbəsində yerləşən marketə getmiş, marketdə həmin şəxs siqaret almış və bu vaxt Azərin də orada olduğunu görmüşlər. O, Azərlə salamlaşmışdır. Daha sonra onlar marketdən çıxmış və Azər onları söhbət edərək Corat qəsəbəsində dar yola doğru aparmış və narkotik almaq üçün pul lazım olduğunu, kiməsə zəng etdiyini, onu gözlədiklərini bildirmiş və pul istəmişdir. Azər marketdə həmin şəxsin cibində pul olduğunu görmüş və o, pul vermədikdə onu sinəsindən itələyib cibindən bir topa pulu götürüb qaçaraq getmişdir. Bu zaman 100 manatlıq əskinas da cırılıb yerə düşmüşdür. O, getdikləri marketin adını unutduğunu, həmin marketin Corat qəsəbəsində yolun kənarında, köhnə kitabxananın yanında yerləşdiyini bildirmişdir. Hadisə vaxtı Azər zərərçəkmiş şəxsi ancaq yumruqla sinəsindən itələmiş, bundan başqa onu vurmamış, döyməmiş, bədən xəsarəti yetirməmişdir. O, üzərindən çox vaxt keçdiyi üçün zərərçəkmiş şəxsin adını və getdikləri marketin adını dəqiq xatırlamadığını, həmin marketin Corat qəsəbəsində yerləşdiyini bildirmişdir. Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Sumqayıt şəhərində yerləşən kafelərin birində tanış olmuş və birlikdə yeyibiçmişlər. Onlar bir neçə saatdan sonra birlikdə onun yaşadığı ünvanın yaxınlığına gəlmiş, siqaret almaq üçün yaxınlıqda olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Eyvaz” marketə getmişlər. Həmin vaxt orada əvvəldən tanıdığı Azəri görmüşlər. O, Azərlə salamlaşmış, həmin vaxt Soltandan Azərə də siqaret almasını xahiş etmişdir. Soltan da Azərə siqaret almış, ödənişi etmək üçün ona 01 ədəd 50 manatlıq əskinas vermiş, daha sonra Soltan çölə çıxmışdır. Azər ona nə üçün Soltanla görüşməsinə irad bildirib onunla mübahisə etmişdir. Həmin vaxt Soltan ona getmək istədiyini və qalan xırda pulu verməyini xahiş etmişdir. Bu zaman Azər Soltana yaxınlaşıb, cibində bıçaq olduğunu, çıxarıb onu deşik-deşik edəcəyini bildirib onu hədələyib yumruqla sinəsindən itələmişdir. Soltan əyilən zaman isə Azər onun əynində olan şalvarının arxa cibindən nə qədərsə məbləğdə pul götürüb yanından uzaqlaşmışdır. Hadisə vaxtı Azər Soltanı ancaq yumruqla sinəsindən itələmiş, başqa onu vurmamış, döyməmiş, bədən xəsarəti yetirməmişdir, Azərin cibində bıçaq olduğunu görməmişdir. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, hadisə vaxtı yanında başqa heç kim olmamış, onlar üçü olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (i.v.1) xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ünvanlanmış ərizəsindən görünür ki, o, həmin tarixdə PB-yə müraciət edərək xx.xx.2024-cü il tarixdə təxminən saat 06:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Eyvaz” marketin yaxınlığında olan zaman əynində ağ rəngli qısaqol köynək, göy rəngli cins şalvar, ayağında qara-ağ rəngli idman ayaqqabısı olan, üzü çopurlu, qara saçlı, təxminən 33-35 yaşı olan bir nəfər şəxs (kişi) yumruqla sinəsinə vurub, onun əynində olan qara rəngli cins şalvarının arxa sol yan cibində olan 1150 manat pulu götürüb qaçaraq oradan uzaqlaşmışdır. (i.v. 5) Şəxsin zərərçəkmiş şəxs kimi tanınması barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs zərəçəkmiş şəxs qismində tanınmışdır. (i.v.18) Zərərçəkmiş şəxsin dindirilməsi protokoluna əsasən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v.23-24) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:40-da Sumqayıt ŞPİ-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.35) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsində nəzərdə tutula ittiham elan edilmişdir. (i.v.47-48) Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X5 oğlu xx.xx.2014-cü il tarixdə, X2 xx.xx.2015-ci il tarixdə doğulmuşlar. (i.v. 57-60) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.61-62) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokoluna əsasən Təqsirləndirilən şəxs ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs həmin tarixdə üzləşdirmə aparılmaqla ifadə vermişlər. (i.v. 63-64) Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-264/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v.70-72) Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.73-74) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 03 ay 03 gün cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzanın çəkilməyən 02 ay 03 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. (i.v.78-80) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzanın çəkilməyən 02 ay 03 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmşdir. (i.v.81-82) Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-in 180.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuş və barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177, 178, 181, 182-ci maddələrinin tərkibi olmadığı müəyyən edildiyindən, onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bununla bağlı material ayrılaraq Sumqayıt şəhər prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs məhkum olunmuş şəxs hesab olunmaqla, əməlində cinayətlərin residivinin olması nəzərə alınmış, cinayət işi üzrə zərərçəkmiş şəxsin, şahidin ifadələri, üzləşdirmə protokolu və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.88-92) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CMnin 180.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v.97-98) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.107-108) İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, Zərərçəkmiş şəxs məxsus 5402689******1157 nömrəli kartdan xx.xx.2024-cü il tarixdə 1506 manat məbləğində vəsait məxaric edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-480/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-734/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 01 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Beləliklə, məhkəmə iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, istər məhkəmə icraatında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinin dispoziyasında nəzərdə tutulan həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talama, soyunçuluq cinayətini törədilməsində təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talama törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 03 gün cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin, o, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində 180.2.4-cü maddəsinin sanksiyası həddində Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bundan əlavə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-734/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 04 gün tutulduğu müddət nəzərə alınaraq üzərində qəti olaraq 02 il 01 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-734/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)- 734/2024 nömrəli iş üzrə şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)- 734/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq Təqsirləndirilən şəxs 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(060)-734/2024 nömrəli iş üzrə tutulduğu 04 (dörd) gün müddət təyin edilən cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Umbakı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 44 saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar