Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-128/2025 27.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Cəbrayıl rayonu, Sofulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İİ qrup əli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Sarıyataq kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 24 saylı uşaq bağçasının inzibati binasında yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-9/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində vahid qəsdlə sonuncudan 2023-cü ilin iyul ayının əvvəllərində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən kafedə 1000 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Versage” adlı kafedə 1800 manat məbləğində nağd pulu ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, o, Bəhruzu 02 ildən artıqdır ki, tanıyır. O, ürəyindən əməliyyat olunması üçün 2023-cü ilin iyun ayında Bəhruza pula ehtiyacı olduğunu demiş və Bəhruz da ona faizə pul verə biləcəyini bildirmişdir. O, Bəhruzdan aylıq 10 faiz vermək şərti ilə 1000 manat borca pul götürmüşdür. O, həmin məbləğin faizini hər ay ödəmiş, lakin əsas məbləği ödəməmişdir. Onun 2023-cü ilin dekabr ayında yenidən pula ehtiyacı olduğu üçün yenidən Bəhruzdan faiz vermək şərti ilə 1800 manat pul borca götürmüşdür. Həmin pul üçün isə hər ay əsas məbləğin 20 faizini ödəməli olmuşdur. Səhhətində problemlər olduğu üçün pulu qaytara bilməmişdir. O, Bəhruzdan təqaüd düzəltmək üçün pul almamış, aldığı pulları borc müqabilində Bəhruz ona vermişdir. Daha sonra Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qsimən etirafı və səs yazıları ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 02 ildən artıqdır ki, tanıyır. O, xx.xx.2022-ci tarixdə avtomobil ilə qəza keçirtmiş və xəsarət almışdır. Qəza nəticəsində onun sol qolu işləmir. 2023-cü ilin may ayında Malik ona təqaüd düzəltməyi təklif etmiş və buna görə də ondan ilk öncə 1000 manat pul istəmişdir. Malik ona təqaüd düzəltdikdən sonra təqaüd pulundan hissə-hissə olaraq ödəniş edəcəyini bildirmiş və o da bununla razılaşmışdır. O, Malikə 2023-cü ilin iyul ayının əvvələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən kafedə Malikə 1000 manat pul vermişdir. Bundan sonra 2023-cü ilin dekabr ayında Malik ona 1800 manat pul da verməli olduğunu bildirmişdir. Malik ona sonuncu verdiyi pulun müqabilində ona düzəldəcəyi təqaüd pulunu yüksək məbləğdə rəsmiləşdirəcəyini demişdir. O da xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Versage” adlı kafedə Malikə vermişdir. Lakin, Malik onun işini düzəltməmiş və hər dəfə bu məsələnin nə vaxt həll olunacağını soruşan zaman müxtəlif bəhanələr gətirmişdir. Buna görə də o, Malikdən pulunu geri tələb etməyə başlamış, sonradan Malik ona 2800 manat puldan 1750 manat pul qaytarmış, Malikin ona 1050 manat borcu qalmışdır. Malik ilə onun arasında olan söhbətin səs yazıları da var, həmin səs yazılarını istintaqa təqdim etmişdir. Bir müddətdən sonra o, Malik qalıq 4500 manat pulu qaytarmadığı üçün sonuncu barəsində polisə şikayət etmişdir. Hal-hazırda ödənilməmiş qalan məbləğ Malik tərəfindən tam ona qaytarılmışdır. Daha sonra məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəməsini bildirmişdir. Cinayət işinin 52-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskdə olan səs yazılarına məhkəmə iclasında baxış keçirilərkən şəxs Təqsirləndirilən şəxs məxsus aşağıdakı səsyazılarının olması müəyən edilmişdir: “qardaş qonaq getmişdim ona görə telefona cavab verə bilmirdim, səhər 11-də zəng edərsən”, “qoy yığıram səni 5 dəqiqə gözlə 10 dəqiqə gözlə”, “zəng etdim müəllimə dedi bu gün vurmalıdırlar, qoy yollasınlar yollayacam, təzə qanunla 1 ay müddətinə yollayacaqlar, kartı götürəcəksən, qoy gəlsin Allah qoysa zəngləşib gedərik”, “gəl Rafaelin obyektinə burdayam”, “sən gözlə gedib düzüb qoşub gələcəm gözlə qurban sənə”, “Bəhruz VTEK işləmir, Sumqayıtın VTEK-i bir nəfər tanışım var ondan xahiş etdim, VTEK tezliklə həll edəcək”, “inşaallah sabah gedib 100 faiz, 99 faiz həll edəcəm, sabah gedib həll edib gələcəm”, “Bəhruz axşamın xeyir necəsən sabah üçə on dəqiqə işləmiş zəng vurarsan mənə”, “Bəhruz səhər 8-də tezdən gedib düzüb qoşub gələcəm”, “Qardaş mən gəlib çatdım bura, burda millət var xarabadır, it yiyəsin tanımır”, “İnşaallah sabah gedib 100 faiz, 99 faiz həll edəcəm, sabah gedib həll edib gələcəm”, “Bəhruz VTEK işləmir, Sumqayıtın VTEK-i bir nəfər tanışım var ondan xahiş etdim”, “qardaş mən gəlib çatdım bura, burda millət var xarabadır, it yiyəsin tanımır”, “Bəhruz axşamın xeyir necəsən sabah üçə on dəqiqə işləmiş zəng vurarsan mənə”. Cinayət işinin 63-65-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ləğv edilmiş, CM-in 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 66-79-cu vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-9/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 27 fevral 2025-ci il tarixli məkrubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-9/2024 nömrəli hökmü üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən qeydiyyata alınaraq cəzasını çəkir, hökm üzrə cəzasının 11 ay 14 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 16 gün təşkil edir. Cinayət işinin materiallarında olan elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün qismən etirafı, səs yazıları, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 178.1-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni İİ qrup əlil olmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-9/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökm qanuni qüvvəsini almış, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alınaraq cəzasını çəkir, bu günə kimi hökm üzrə cəzasının 11 ay 14 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 16 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-9/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədəkdəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 24 saylı uşaq bağçasının inzibati binasını tərk etməmək, Sumqayıt şəhərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-9/2024 nömrəli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 24 saylı uşaq bağçasının inzibati binasını tərk etməmək, Sumqayıt şəhərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 22 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-128/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-128/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver