Məhkəmə qərarları › İş №1(060)-129/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-129/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-129/2021 16.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində yaşadıqları Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 6/2a, 42 saylı mənzilin yataq otağında rəsmi nikahda olduğu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət və baş nahiyəsinə əli ilə zərbələr vuraraq qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının əziyi, hematoması, sol gözətrafı bahiyənin qançırı kimi dərəcəsinə görə sağlamlığlın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Xəlil Rza küçəsi, fərdi evdə yaşayır. Hal hazırda daimi olaraq heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, onunla münasibəti həmişə normal olmuş, aralarında heç bir ədavət olmamışdır. Onlar 2013-cü ildə ailə həyatı qurmuş, birgə nikahlarından 3 azyaşlı övladları doğulmuşdur. Onun evi Yevlax şəhərində olduğu üçün onlar ailə həyatı qurduqdan sonra 2013-cü ildən 2019-cu ilin dekabr ayına kimi Yevlax şəhərində qeydiyyatda olduğu ünvanda yaşamışlar. O, özü mebel ustası işləyir, Bakı şəhərində iş tapdığı üçün Sumqayıt şəhərinə köçmüşlər, qaynanasıgil Sumqayıt şəhərində qaldıqları üçün o, da Sumqayıt şəhərində kirayə ev tutmuşdur. 2020ci ilin may ayından etibarən ünvan 5 ünvanda yaşadıqları müddətdə əvvəllər heç vaxt aralarında dava-dalaş olmamışdır. Son vaxtlar onun maddi durumu yaxşı olmadığı üçün o, işləyə bilməmiş, evin kirayə pulunu da ödəyə bilməmişdir. Evin kirayə pulunu İntizarın anasıgil ödəmiş və ondan kirayənin pulunu istəmişlər. O, isə pulu ödəyə biməmişdir. Maddi durumları yaxşı olmadığı üçün həyat yoldaşı İntizar da Sumqayıt şəhərində “Ordubad” marketdə işə düzəlmişdir. 05 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində o, həyat yoldaşını Sumqayıt şəhərində işlədiyi Ordubad mağazasından işdən götürməyə getmiş, onlar birlikdə bazarlıq etmiş və evə gəlmişlər. Evə gələn zaman evin qapısı bağlı olmuş, İntizar anası Dilşada zəng edərək evdə olmadığını və qapının bağlı olduğunu demişdir. Qaynanası isə İntizara uşaqlarla birlikdə qıraqda olduğunu və açarı qardaşı İlkinin gətirəciyini bildirmişdir. Bir neçə dəqiqə sonra İlkin ona zəng edərək onun İntizarın yanında olub-olmadığımı soruşmuş və o, da İntizarın yanında olduğunu demiş, İlkin də 5 dəqiqəyə açarı gətirəcəyini bildirmişdir. Bu səbədən onlar 4-cü mərtəbədən binanın həyətinə düşmüşlər və aşağıda oturmuşlar. İlkinin İntizarın onun yanında olmasını soruşması ona pis təsir etmiş, bu sözə görə o, İntizardan “əgər sən mənim yanımda olmasaydın mənə evin açarın gətirməyəcəkdilər ki,” soruşmuş, elə bu ərəfədə İlkin açarı gətirib onlara vermiş və heç bir söz demədən çıxıb getmişdir. Bundan sonra onlar evə qalxmışlar, onların açar üstündə mübahisələri yaranmış, mübahisə vaxtı İntizar ona demişdir ki, ev sahibi onların yaşadığı evin açarını ev pulunu vermədikləri üçün götürmək istəmiş, anası da bu səbəbdən açarı özündə saxlamışdır. Onların belə mübahisələri davam etmişdir. O, İntizarı işdən götürüb evə gələndə spirtli içki olan “GO” içkisi də alıb içmişdir. İntizar onunla mübahisə etməsinə görə o, əsəbiləşib əli ilə İntizarın sifətinə və başına şillə ilə vurmuş, İntizar da anası Dilşada zəng etmiş, o, yenə İntizarın sifətindən bir şillə vurmuş və anasına zəng edib onlara gəlməməsini demişdir. Təxminən 20 dəqiqədən sonra qaynanası 3 azyaşlı övladı ilə birlikdə evə gəlmiş və İntizarın ağlamağını görmüş, qaynanası nə baş verdiyini soruşduqda İntizar onun tərəfindən döyüldüyünü demiş və boşanmaq isdədiyini bildirmişdir. O, da həmin vaxt İntizara “boşanmaq istəyirsənsə mən boyük qızım Aysunu götürüb gedəcəm” demişdir. Bundan sonra o, əsəbiləşib böyük qızı Aysunu götürüb Sumqayıt şəhərində yaşayan bibisiqızıgilə getmişdir. Sabahısı gün o, eşitmişdir ki, İntizarın başı ağrıdığı üçün xəstəxanaya aparıblar. O, da İntizarla barışmaq üçün İntizarın yanına getmiş, ondan üzr istəmiş, qızı Aysunu da anasının yanında qoyub çıxıb getmişdir. O, sonradan bilmiş ki, İntizar onun barəsində şikayət etmişdir. 05.09.2020-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə mübahisə edən zaman evdə heç kim olmamış, yalnız o və həyat yoldaşı Zərərçəkmiş şəxs olmuş, aralarında olan mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmaqla zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini və zərərçəkmiş şəxslə barışdığının nəzərə alınaraq, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 6/2a, mənzil 42-də üç azyaşlı övladı, atası Mirsəlim Abbasov və anası Şahid ilə birlikdə yaşayır. 2013-cü ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş, 2014-cü il tarixdə rəsmi olaraq birgə nigaha girmişlər. Onların bu nigahdan 3 azyaşlı övladları doğulmuşdur. Həyat yoldaşı Vasif Yevlax rayon sakini olduğu üçün onlar 2013-cü ildən 2019-cu ilin dekabr ayınadək Yevlax şəhərində xalası Gülnarəyə məxsus evdə yaşamışlar. 2020-ci ilin may ayından etibarən Sumqayıt şəhəri, 3-cü mikrorayon, bina 6/2a, mənzil 42də yaşamışlar. Birgə yaşadıqları müddət ərzində əvvəllər heç vaxt aralarında dava-dalaş olmamış və Vasif onu döyməmişdir. 05 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhərində işlədiyi Ordubad mağazasından işdən çıxarkən həmişəki kimi Vasif onu aparmağa gəlmiş, onlar birlikdə bazarlıq etmiş və evə gəlmişlər. Evə gələn zaman evin qapısının bağlı olduğunu görmişlər, o, anası Dilşada zəng edərək evdə olmadığını və qapının bağlı olduğunu demiş və anasl ona uşaqları ilə birlikdə qıraqda olduğunu və açarı qardaşı İlkinin gətirəciyini bildirmişdir. Bir neçə dəqiqə sonra qardaşı İlkin Vasifə zəng edərək onun Vasifin yanında olub-olmadığını soruşmuş və Vasif də onun yanında olduğunu və 5 dəqiqəyə açarı gətirəcəyini bildirmişdir. Bu səbəbdən onlar 4-cü mərtəbədən binanın həyətinə düşmüşlər və aşağıda oturmuşlar. Qardaşı İlkinin bu sözünə görə Vasif ona “əgər sən mənim yanımda olmasaydın mənə evin açarın gətirməyəcəkdilər ki” demişdir. O, da qardaşının sözü o mənada demədiyini bildirsə də Vasif ona inanmamış və onlar söz mübahisəsi etmişlər. Elə bu ərəfədə İlkin açarı gətirib onlara vermiş və heç bir söz demədən çıxıb getmişdir. Bundan sonra onlar evə qalxmışlar, yenə də həyat yoldaşı Vasif onunla açar söhbətinə görə mübahisə etməyə davam etmişlər. Vasif mübahisə zamanı anidən üzərinə gələrək əli açıq formada sifətinə və baş nahiyəsinə vurmuşdur. O, qorxduğu üçün ağlamağa başlamış və anası Dilşada zəng etmişdir. Anasından evə gəlibgəlməyəcəyini soruşduqda biraz sonra gələcəyini bildirmişdir. Daha sonra bundan əsəbiləşən Vasif yenidən əli açıq formada sifətinə zərbə vurmuş və bundan sonra anasıgilə onlara gəlib-getməməsi üçün zəng etməyini demişdir. Vasif anasına zəng edərək onlara gəlməsini demiş, təxminən 20 dəqiqədən sonra anası 3 azyaşlı övladı ilə birlikdə evə gəlmiş və onun ağlamağını görmüş, anası ondan nə baş verdiyini soruşduqda o, Vasifin onu döydüyünü demiş və boşanmaq isdədiyimi bildirmişdir. Elə həmin vaxt Vasif ona əgər boşanacaqlarsa böyük qızı Aysunu götürüb özüylə aparacağını demiş və Aysunu da götürüb Sumqayıt şəhərində yaşayan bibisi qızı Röyanın evinə getmişdir. Məhz buna görə anası bu barədə DİN-nin 102 zəng mərkəzi sisteminə məlumat vermiş və polis əməkdaşları gəlib ondan şikayətlə bağlı ərizə almışlar. Elə həmin gecə onun baş ağrıları olduğu üçün onu Sumqayıt şəhər TTY-na gətirmişlər. O, 3 gün xəstəxanada yatdıqdan sonra evə buraxılmış, o, xəstəxanada yatan günün səhəri Vasif qızı ilə bir yerdə yanına gəlmişdir. Ondan üzr istəsə də o, Vasifə heç bir şey deməmiş, Vasif qızı Aysunu onun yanında qoymuş və özü çıxıb getmişdir. O, xəstəxanadan çıxan günün gecəsi saat 01 radələrində evdə olarkən Vasif onlara gəlmiş, həmin vaxt atası Mirsəlim ondan niyə bu vaxt onları narahat etdiyini soruşduqda Vasif onu axtardığını və söhbət edib barışmaq istədədiyini demişdir. 05.09.2020-ci il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxsla mübahisə edən zaman evdə heç kim olmamış, yalnız o və həyat yoldaşı Təqsirləndirilən şəxs olmuş və mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin olmadığını bildirərək qeyd olunanların nəzərə alınmaqla sonuncu barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya X2 09.09.2020-ci il tarixli 1087 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi. Sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının əziyi, hematoması. Sol gözətrafı nahiyyəsinin qançırı. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğ vaxtdan bir qədər əvvəl olmaqla 05.09.2020-ci il tarixə uyğun əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs ərizə verərək, Təqsirləndirilən şəxs qarşı şikayətinin olmamasını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığının nəzərə alınaraq sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 05.10.2020-ci il tarixli arayışdan (tələbnaməsindən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin 19.11.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X3 10 (on) saat iştirak etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2021-ci il tarixli (iş № 1(060)-129/2021) qərarını icra edərək, 27 yanvar 2021-ci il tarixli 27 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi İftixar oğlu məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar