Məhkəmə qərarları › İş №1(060)-129/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-129/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-129/2023 03.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1981-ci ildə Ağdam rayonu, Sarıhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-756/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,1772.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, Ağdam rayonu, Seyidli ərazi dairəsi, Sarıhacılı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən fərdi bağ evinin hasarından həyətə qanunsuz keçərək həyətyanı sahədən 06 (altı) ədəd 02 (iki) metr uzunluğunda ümumilikdə 36 (otuz altı) manat dəyərində olan 32 mm-lik metal boruları, 01 (bir) ədəd 2-3 il əvvəl alınmış 20 (iyirmi) manat dəyərində olan əl arabasını, 01 (bir) dəst 15 (on beş) manat dəyərində olan müxtəlif təmir açarlarını və hər biri 06 (altı) manat olmaqla ümumilikdə 108 (bir yüz səkkiz) manat dəyərində 18 (on səkkiz) ədəd dəmir künclükləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 179 (bir yüz yetmiş doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. İşləmədiyi üçün pula ehtiyacı olmuşdur. Buna görə də, oğurluq etmək qərarına gəlmişdir. O, oğurluq etmək üçün Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən həyət evləri olan əraziyə gəlmişdir. Fərdi evlər olan ərazidə biraz gəzib oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 06:00 radələrində evlərdən birinə girmək qərarına gəlmişdir. O, hasardan keçərək həyətə daxil olmuş, həyətdə olan 01 (bir) ədəd əl arabasını, 06 (altı) ədəd 02 (iki) metr uzunluğunda dəmir boruları, 18 (on səkkiz) ədəd dəmir künclükləri və müxtəlif təmir açarlarını görüb onları oğurlamaq qərarın gəlmişdir. O, arabanı və digər əşyaları götürüb hasarın yanına gətirmiş və oradan sakit şəkildə küçəyə keçirmişdir. Sonra isə həmin əşyaları arabaya yığıb yaşadığı ev istiqamətində aparmışdır. Səhər açıldığı üçün o, oğurladığı əşyaları küçələrin birində bir tərəfə yığıb saxlamışdır. O, oğurladığı əşyaları həmin gün küçədən keçən tanımadığı metal alveri ilə məşğul ola bir şəxsə 45 (qırx beş) manata satmışdır. Oğurluq etdikdən sonra hasardan keçərək həmin yeri tərk etmiş və küçədə heç kim olmamış, onu heç kim görməmiş və qeyd edilən evdən oğurluğu lək etmişdir. O, oğurladığı əşyaları satarkən həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmiş, həmin əşyaların oğurluq olduğunu bildirməmişdir. Əməlindən peşman olmasını, himayəsində 03 (üç) azyaşlı uşağının olamasını, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, işi ilə əlaqədar olaraq evdən çox tez, yəni səhər saatlarında çıxır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında evdən çıxıb işə getmişdir. Həmin gün axşam evə qayıdanda həyətyanı sahəyə baxarkən aşkar etmişdir ki, evin yan tərəfinə yığdığı bəzi əşyaları oğurlamışlar. Bundan sonra o, həyətdə olan kamera görüntülərinə baxıb görmüşdür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə naməlum şəxs hasardan həyətə keçərək həyətdən dəmir boruları, 01 (bir) ədəd əl arabasını, dəmir künclükləri, təmir açarlarını oğurlamışdır. Evinin həyətindən 06 (altı) ədəd 02 (iki) metr uzunluğunda hər birinin metri 04 (dörd) manat olan 32 mm-lik borular, bir metri 06 (altı) manat olan 01 (bir) metr uzunluğunda 18 (on səkkiz) ədəd dəmir künclüklər, 01 (bir) ədəd 2-3 il əvvəl alınmış 120 (bir yüz iyirmi) manat dəyərində əl arabası və 20 (iyirmi) manat dəyərində müxtəlif təmir açarları oğurlanmışdır. O, hadisədən sonra rayona getmiş, rayondan qayıdan kimi şikayət ərizəsi yazmağı fikirləşmişdir. Lakin rayonda işləri çox olduğundan Sumqayıt şəhərinə gec qayıtmışdır. Bundan sonra o, bu barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşdirmə işlərini aparmışlar. Kamera həyətdə ancaq videogörünlüdə görsənən yerləri əhatə edir. O, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Ona görə də, onun barəsində aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, onun barəsində aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs tərəfindən təqdim edilmş CD-R diskdə olan görüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, kişi cinsindən olan bir nəfər sakit şəkildə yaxınlaşaraq 01 (bir) ədəd əl arabasını yanı üstə çevirir və arxa tərəfə keçir. Sonra yenidən əl arabasının yanma qayıdıb yerdən borunu götürüb aparır. Sonra təkrar qayıdıb yerdən başqa əşyalar və arabanı götürüb aparır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki. görüntüdəki oğurluq edən şəxs odur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7234 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 03 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 71.00 manat müəyyən edilir. Digər 18 metr uzunluğunda dəmir künclüklər haqqında ətraflı məlumat (ölçüləri, divarının qalınlığı və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 18 metrlik uzunluğunda dəmir künclüyün 01 (bir) metrinin orta bazar qiyməti 06 (altı) manat təşkil edir. Beləliklə 18 (on səkkiz) metr uzunluğunda dəmir künclüyün bazar qiyməti 108 (biryüz səkkiz) manatdır. İş materiallarında olan zərərçəkmiş şəxs tərəfindən təqdim edilmş 01 (bir) ədəd CD- R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-756/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,1772.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan çıxarışların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşaq vardır (xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-756/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,1772.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O məkmumluğu olan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 180.2.1, 180.2.4 və və 181-ci maddələrinin tərkib əlamətlərinin olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, törətdiyi əməli səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-756/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,1772.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 50.00 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-756/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,1772.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar