Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-13/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir müddət əvvəl Lənkəran şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,312 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 16 mart 2021-ci il tarixdə saat 18:15 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 1-ci PB-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd elektron tərəzi, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofanın içərisində 04 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,055 qram, 0,065 qram, 0,041 qram və 0,088 qram, ümumi təmiz çəkisi 0,312 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 16.03.2021-ci il tarixdə gecə saatlarında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Polis əməkdaşları ərazidə oğurluq hadisəsi olduğundan şübhəli bilindiyi üçün saxlanıldığını ona bildirmişlər. Sumqayıt ŞPİ-nin 1-ci PB-də onun üzərinə baxış keçirilərkən narkotik vasitə və tərəzi olmamışdır. Eyni zamanda o Lənkəran rayonuna getmədiyini bildirmişdir. Narkotik vasitə və tərəzi polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər oğurluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və cəzasını çəkib azadlığa çıxmışdır. Bir müddət əvvəl Lənkəran şəhərinə getmişdir. Orada tanımadığı şəxslə söhbət edən zaman onda narkotik vasitə olduğunu bildirmişdir. Həmin şəxsə 150 manat verib özü istifadə etmək üçün 05 bükümdə olan narkotik vasitə olan heroini ondan almışdır. Sonra o, oradan Sumqayıt şəhərinə qayıtmışdır. 16.03.2021-ci il tarixdə təxminən saat 18:15 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon qəsəbəsində piyada hərəkətdə olan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşandan sonra ona bildirmişlər ki, narkotik vasitələrin qanunsuz daşınmasında və satışında şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçiriləcəkdir. O, polis əməkdaşlarına özünü təqdim etmiş və onlara heç bir etiraz etməmişdir. Bundan sonra video çəkiliş davam etməklə onlar avtomobilə əyləşmiş və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqların birində ona vəkil Müdafiəçi təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyisi təklif olunmuşdur. O, əynindəki qara rəngli gödəkçənin sağ yan cibində olan özünə məxus 01 ədəd elektron tərəzini, əynindəki göy rəngli cins şaların sol yan cibindən 01 ədəd və gödəkçənin sol yan cibində olan 01 ədəd bükümün içərisində olan 04 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümlərin içərisindəki narkotik vasitə olan heroindir və özü istifadə etmək üçün üzərində saxlamışdır. Eyni zamanda bildirmişdir ki, həmin narkotik vasitə olan heroini bir müddət əvvəl Lənkəran şəhərində olarkən tanımadığı şəxsdən 150 manata öz şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin bükümləri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra narkotik vasitə olan heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Tərəzini narkotik vasitəni satarkən istifadə etmək üçün əldə etmiş və narkotik vasitə olan heroindən istifadə etsə də, bəzən biraz satıb pul əldə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16.03.2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2, polis leytenantı Şahid3 və Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 18:15 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində olan zaman kriminalist Rasim Paşayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Xəyal adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Xəyal nə üçün saxlanıldığını soruşmuş, onlar ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs əvvəlcə etiraz etsə də, sonradan heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs xidməti avtomobilə mindirilmiş və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Polis Bölməsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim olunmuşdur. O, vəkilə etiraz etməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd elektron tərəzini, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülü açılarkən içərisində 04 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükülüyə baxarkən orada qəhvəyi rəngdə narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni bir müddət əvvəl Lənkəran şəhərində olarkən əvvəllər tanımadığı şəxsdən 150 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdəki maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs çəkiyə etiraz etməmişdir. Məhkəmədə ifadələri tədqiq edilərək elan edilmiş şahidlər 1-ci PB-nin əməliyyat müvəkkilləri, Şahid2, Şahid3 və KTB-nin inspektoru Rasim Paşayev də Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Baxış zamanı 16.03.2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. Məlumat əsasında saat 18:15 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində olan zaman kriminalist Rasim Paşayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Xəyal adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Xəyal nə üçün saxlanıldığını soruşmuşdur. Onlar ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs əvvəlcə etiraz etsə də sonradan heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs xidməti avtomobilə mindirilmiş və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Polis bölməsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs Sumqayıt regional vəkil bürosunun vəkili Müdafiəçi təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd elektron tərəzini, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülü açılarkən içərisində 04 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükülüyə baxarkən orada qəhvəyi rəngdə narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni bir müddət əvvəl Lənkəran şəhərində olarkən əvvəllər tanımadığı şəxsdən 150 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdəki maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs çəkiyə etiraz etməmişdir. Həmçiinin verilən suallara cavab olaraq bildirmişdir ki, tərəzini narkotik vasitəni satarkən istifadə etmək üçün əldə etmiş və narkotik vasitə olan heroindən istifadə etsə də, bəzən biraz satıb pul əldə etmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddələr və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 17.03.2021-ci il tarixli, 6/1087 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,055 qram, 0,065 qram, 0,041 qram, 0,088 qram; ümumi təmiz çəkiləri 0,312 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 05 bükümdəki heroin kütlələri tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; elektron tərəzinin səthində heroin işləri müəyyən edildi. Tərəzinin səthində heroin az miqdarı olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Rspublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0,312 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 0,212 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20.05.2021-ci il tarixli, 1543 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,312 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,212 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16.03.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 16.03.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Saray qəsəbə İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt Apellyasiya Məhkəməsinin 26.12.2017-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 06.10.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 68.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 26.12.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 02 il 01 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 04.12.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, məhkəmə iclasında dindirilmiş və ifadələri elan edilərək tədqiq edilmiş şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 16.03.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,312 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,212 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd DVD- R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,212 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-13/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-13/2022
28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver