Məhkəmə qərarları › İş №1(060)-131/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-131/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-131/2021 07.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun oğlu Şahid3 “xxxx” ASC-də işə düzəltmək məqsədi ilə vahid niyyətlə 13.08.2019-cu il tarixdə saat 16:00-da Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Soliton” mağazasının qarşısında 3500 (üç min beş yüz) manat, 18.08.2019-cu il tarixdə saat 15:00-da Sumqayıt şəhəri, 36-cı məhəllədə 3500 (üç min beş yüz) manat, yəni ümumilikdə 7000 (yeddi min) manat pulu etibardan sui istifadə etməklə və aldatmaqla ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qimsində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şahid2 ilə qohumdur, o, Esmiranın övladının kirvəsidir. Şahid2 2019-cu ilin avqust ayında onunla əlaqə saxlayaraq onun keçmiş arvadı Şahid4 ilə telefonda danışdığını, Ülviyyənin və onun xxxxdə tanışının olduğunu, Ülviyyənin xxxxdə işləyən Bəhruz adlı tanışları ilə danışdığını və Esmiraya yaxın bir adamın oğlunun işə düzəldə biləcəyinə söz verdiyini ona demişdir. Bundan sonra Ülviyyənin qadın olduğu üçün həmin şəxslə onun özünün görüşməyini xahiş etmişdir. O, Esmira ilə razılaşmışdır. Bundan sonra o, həmin şəxslə Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən “Dörd Qardaş” restoranının yanında görüşmüş və həmin şəxsə özünü təqdim edərək Esmiranın dediyi şəxs olduğunu demişdir. Həmin şəxs özünü təqdim etmiş və adının Rasim olduğunu demişdir. Bundan sonra həmin şəxslə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən kafelərin birinə gedib çay içərək söhbət etmişlər. Söhbət edən zaman Ülviyyə və Esmira ona ayrı ayrılıqda zəng etmişlər. Ülviyyə ilə telefon danışığı zamanı ona görüşdüyü adamdan düzələcək işin qarşılığında ilkin olaraq 3500 manat pul istəməyini, qalan heç bir şeyin ona aidiyyatı olmadığını demişdir. Sonra telefon danışığını bitirmişdir. Esmira ilə telefon danışığı zamanı ona bildirmişdir ki, Ülviyyə ilə Esmiranın telefon danışığında Ülviyyə Esmiraya da işin həll edilməsi üçün ilkin olaraq 3500 manat pul lazım olmasını demişdir. Sonra Esmira ilə də telefon danışığını bitirmişdir. Bundan sonra o, Rasimlə danışmış və işin həll edilməsi üçün ilkin olaraq 3500 manat pul istənildiyini demişdir. Rasim isə ona məsləhətləşib xəbər edəcəyini demişdir. Bundan sonra onlar Sumqayıt şəhərinə gəlmiş və sağollaşıb ayrılmışlar. Həmin görüşdən bir müddət keçdikdən sonra Esmira onunla telefon danışığı zamanı Ülviyyənin həmin işi görəcəyi barədə ondan soruşmuş və o da Ülviyənin özündən soruşmasını demişdir. Lakin, qohum olduğu üçün yenə də xxxxdə işləyən tanışı Bəhruzla danışıb maraqlandıqdan sonra bir söz deyəcəyini demişdir. Bir müddət keçdikdən sonra onun məlumatı olmuşdur ki, Rasimin oğlu Kənan xxxxin Sumqayıtda yerləşən ofisinə gedərək Bəhruzla görüşmüşdür. Təxminən bir müddət keçdikdən sonra o, öz övladlarını gəzməyə çıxaran zaman Ülviyyə Rasimdən pul götürmək lazım olduğunu ona demişdir. O, da maşını Ülviyyənin dediyi Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Soliton” mağazasının qarşısına sürmüşdür. Ora çatdıqda Rasim orada onları gözləmişdir. Sonra maşını saxlamış və Rasim maşına oturmuşdur. Bundan sonra açıq vəziyyətdə pulu ona vermiş və o da pulu Rasimin yanında saymadan arxada oturan Ülviyyəyə vermişdir. Bundan sonra o, Ülviyyə ilə uşaqlarını evə düşürüb öz işlərinin arxası ilə çıxıb getmişdir. Təxminən 3 gün keçdikdən sonra Sumqayıt şəhərində olan zaman Ülviyyə ona zəng edərək Rasimin verdiyi puldan Esmiraya pul verməli olduğunu və onu Esmiranın yanına apara biləcəyini soruşmuşdur. O, Ülviyyəyə etiraz etməmiş və Ülviyyəni Sumqayıt şəhərində yerləşən mərkəzi bazarın yanından götürüb Novxanı qəsəbəsinə Esmiranın işlədiyi işıq idarəsinə aparmışdır. Orada Esmira ilə görüşmüşlər və onun yanında Ülviyyə Esmiraya 200 manat vermiş və bundan əlavə də pul verəcəyini demişdir. Təxminən 2-3 gün keçdikdən sonra o, Ülviyyə ilə görüşdükdə Ülviyyə ona Rasimlə danışıb əlavə 3500 manat da pul almaq lazım olmasını demişdir. O, həmin günü Rasimlə danışmış və Ülviyyənin ona dediyini Rasimə çatdırmışdır. Həmin günün səhərisi o, uşaqları ilə görüşmək üçün Ülviyyənin yaşadığı ünvana gəlmişdir. Uşaqlarla vaxt keçirdikdən sonra Ülviyyə ilə geri qayıdan zaman Ülviyyə maşını saxlamağını və aptekə gedəcəyini, həmçinin onun da Rasimdən pulu götürməyini xahiş etmişdir. O, Ülviyyəyə etiraz etməmişdir. Rasimlə 36-cı məhəllə ərazisində görüşüb yenidən 3500 manat pul götürmüşdür. Sonra maşınla hərəkət edib Ülviyyəni götürmüş və yenidən verilən pulu saymadan Ülviyyəyə vermişdir. Ülviyyə pulu aldıqdan sonra həmin puldan 300 manatının Esmiraya çatacağını demişdir. Lakin, həmin puldan Esmiraya çatıb çatmaması barədə heç bir məlumatı olmamışdır. Rasimin oğlunun işi alınmadığı üçün Rasim onu dəfələrlə zəng edib narahat etmişdir. O, öz növbəsində bu məsələ ilə bağlı Ülviyyə ilə mübahisələr etmişdir. Həmçinin Bəhruzdan işin nə yerdə qaldığını soruşduqda Bəhruz ona hal hazırda yer olmadığını və yer olan kimi çağırıb işə götürəcəyini demişdir. Ülviyyə onunla telefon danışığı zamanı Bəhruzla danış bu işlə bağlı verdiyi 1600 manat pulunu qaytarsın demişdir. O da Bəhruza bu məsələ ilə bağlı demiş və Bəhruz həmin pulu qaytardıqdan sonra onunla telefon əlaqəsi saxlayaraq pulu qaytardığını demişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulan ziyandan məhkəmənin gedişində 1000 (bir min) manat məbləğində ödəniş etdiyini, qalıq məbləği ödəməyə maddi imkanının olmadığınını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Azərişıq ASC-də mühəndis vəzifəsində işləyir və iş yoldaşları ilə hal-əhval edərkən ailələlərinin durumu ilə də maraqlanırlar. Əvvəllər onunla birlikdə işləyən Şahid2 ilə 11.08.2019-cu il tarixdə telefon danışığı zamanı oğlu Şahid3 işsiz olduğunu demişdir. Esmira isə ona bir tanışının olduğunu və həmin şəxsin oğlunu müvafiq işə düzəldə biləcəyini demişdir. Bundan sonra o, Esmiradan həmin şəxsin mobil nömrəsini götürmüş və Esmira həmin şəxslə danışıb onu məlumatlandırdıqdan sonra o, həmin şəxslə danışmalı idi. Təxminən bir neçə saat sonra o, Esmiranın ona verdiyi mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs onu “Dörd Qardaş” restoranının yanına çağırmışdır. O, həmin şəxsin dediyi yerə getmiş, orada həmin şəxslə görüşmüş və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını demişdir. Bundan sonra o, Vəlinin maşınına əyləşmiş və onlar birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən dənizqırağı obyektlərin birində əyləşmişlər. Sonra çay sifariş vermişlər, çay gəldikdən sonra o, Vəlidən oğlunu hansı işə düzəldə biləcəyini soruşmuş, buna görə hörmət də edəcəyini, yəni pul da verəcəyini demiş, Vəli Mansurov ondan oğlunun təvəllüdünü, təhsilini, hərbi xidmətdə olub olmamasını soruşmuşdur. O, Vəliyə oğlu Kənanla bağlı məlumatları vermiş və Vəli oğlu Kənanı “xxxx” şirkətinin Bakı şəhərində yerləşən mərkəzi ofisinə düzəldəcəyini demişdir. Bundan sonra Vəli ona bununla bağlı 7000 manat pul lazım olduğunu demişdir. Bundan sonra o, Vəliyə fikirləşib bir söz deyəcəyini demişdir. Bundan sonra oradan çıxaraq ayrılmışlar. Evə gəldikdən sonra onu Vəli ilə görüşdürən tanışı Esmira ilə mobil telefon vasitəsi ilə danışmış və Vəli ilə olan söhbətini Esmiraya demişdir. Esmira ona nə üçün pulu çox istədiyini demişdir. Sonra Esmira ona “gözlə Vəli ilə danışıb bir xəbər deyirəm” demişdir. Bir neçə dəqiqə sonra Esmira onun telefonuna zəng edərək Vəli ilə danışdığını, Vəlinin əvvəl 3500 manat pul istəməsini, Kənan işə düzəldikdən sonra isə qalan 3500 manatı verməli olduğunu demişdir. O, Esmira ilə razılaşmışdır. 13.08.2019-cu il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 3-cü mikrorayon ərazisində yeləşən “Soliton” mağazasının qarşısında Vəlini gözləmiş, Vəli qeydiyyat nömrəsini xatırlamadığı göy rəngli “C” klass markalı avtomobillə onun olduğu yerə gəlmişdir. O, qapını açaraq qabaq oturacaqda əyləşmişdir. Maşına əyləşdikdən sonra arxada bir qadının olduğunu görmüş, lakin, çox fikir verməmişdir. Vəli ona həmin qadının arvadının olduğunu bildirmişdir. O, özü ilə gətirdiyi 3500 manat pulu maşında Vəliyə vermişdir. Vəli pulu ondan aldıqdan sonra arxaya arvadı kimi təqdim etdiyi şəxsə ötürmüşdür. Bundan sonra o, sağollaşmış və maşından düşüb çıxıb getmişdir. Daha sonra Esmira ilə əlaqə saxlayaraq Vəli ilə görüşdüyünü və 3500 manat pulu Vəliyə verdiyini bildirmişdir. Təxminən 2-3 gün keçdikdən sonra Vəli onunla əlaqə saxlayaraq oğlu Kənanın bütün sənədlərini yığaraq Sumqayıt şəhərində yerləşən “Azərsell”in ofisinə yaxınlaşaraq Bəhruz adlı şəxslə görüşüb sənədləri Bəhruza verməsini bildirmişdir. O, oğluna bunu demiş və oğlu deyilənləri etmişdir. Bu danışıqdan 2 gün keçdikdən sonra yəni 18.08.2018-cu il tarixdə Vəli onunla əlaqə saxlayaraq işin tez bir zamanda alınması üçün qalıq qalan 3500 manata da ehtiyac olduğunu demişdir. O, Vəliyə danışıqlarının belə olmadığını bildirmiş və onu gözləməsini demişdir. Sonra o, Esmira ilə əlaqə saxlamış və Vəlinin ondan 3500 manat pul istəməsini demişdir. Esmira ona gözləməsini bildirmiş, təxminən bir neçə dəqiqə sonra Esmira ona zəng edərək narahat olmamağını, heç bir problemin olmadığını bildirərək pulu Vəliyə verməyni məsləhət görmüşdür. Bundan sonra Vəli ona zəng etmiş, o evdən həyətə düşəndə Vəlini görüb onunla görüşmüşdür. Bundan sonra gətirdiyi qalıq 3500 manat pulu Vəliyə vermişdir. Bundan sonra Vəli ona narahat olmamığını deyib sağollaşmış və bir aya bir ay yarıma oğlunun işinin həll ediləcəyini demişdir. Oktyabr ayından o, Vəli ilə əlaqə saxlasa da narahat olmamağını ona demişdir. Lakin, sonradan işin düzəlmədiyini gördükdə ona məlum olmuşdur ki, Şahid2 vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs oğlu Şahid3 “xxxx”ə işə düzəldəcəyi adı ilə ondan ayrı ayrılıqda iki dəfə olmaqla 3500 manat, ümumilkdə 7000 manat pul alaraq ona qarşı dələduzluq etmişdir.Pulu Təqsirləndirilən şəxs vermiş və sonuncunun arvadını tanımamış və ona pul verməmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin biq qismi yəni 1000 (bir min) manatı məhkəmənin gedişində ödənilsə də, yerdə qalan məbləğin hələ də ödənilmədiyini bildirərək Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2016-cı ildə Azərbaycan Dillər Universitetini qurtarmışdır. 2016-2017-ci illərdə hərbi xidməti çəkib geri gəlmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra özünə davamlı olan iş axtarsa da tapa bilməmişdir. 2019-cu ilin avqust ayınının ortalarında atası Zərərçəkmiş şəxsla söhbət edən zaman atası onu işə çağıracaqlarını demişdir. O, atasından nə iş olduğunu soruşduqda atası ona xxxx şirkətinə işə düzəldəcəklərini demişdir. Bundan sonra atası ona mobil nömrə vermiş və həmin nömrənin Bəhruz adlı şəxsə məxsus olduğunu bildirmişdir. Atası ilə söhbət etdikdən bir müddət keçdikdən sonra həmin şəxs onunla əlaqə saxlamış və onunla görüşmüşdür. Onlar görüşdükdən sonra həmin şəxsə öz diplomunun və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Bundan sonra həmin şəxs ona rus və ingilis dillərində hazırlaşmağını ona tapşırmışdır. Lakin, onun iş məsələsinin alınmadığı üçün atasından problemin nə olduğunu soruşmuşdur. Atası ona demişdir ki, onun işinin həll edilməsi üçün ayrı ayrılıqda iki dəfə olmaqla hər dəfəsində 3500 manat pulu Vəli adlı şəxsə vermiş, lakin, Vəli verdiyi vədə əməl etməyərək atasına qarşı dələduzluq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Onların birgə nigahlarından iki övladları vardır. Zərərçəkmiş şəxs ərizəsində qeyd etdiyi tarixdə o, Xızı rayonunda olmuşdur. Bunu təsdiq edən qohumları vardır. Şahid2 universitet oxuduğu illərdən tanımışdır. 2019-cu ilin dekabr ayında xaricdə yaşayan bacısı Könül zəng edərək bildirmişdir ki, Esmira ona bildirib ki, bir nəfər Vəliyə pul vermiş, indi isə həmin pulu ala bilmir, onlarla danışsın ona yazığı gəlsin. Sonradan Esmiradan öyrənmişdir ki, Vəli Esmiranın tanışı Rasim adlı şəxsdən oğlunu işə düzəltmək məqsəd ilə müəyyən miqdarda pul almışdır. Sonradan bilmişdir ki, Vəli həmin şəxsin oğlunu “xxxx”ə işə düzəltmək üçün pul almışdır. O, bunu öyrəndikdən sonra bununla bağlı Vəli ilə onun ortaq tanışı olan və xxxxdə işləyən Bəhruza zəng vurub danışmışdır. Bəhruzla telefon danışığı zamanı Bəhruz ona işə düzəltməklə bağlı heç kimə söz vermədiyini və heç kimdən pul almadığını demiş, həmçinin sadəcə Vəliyə deyib ki, uşaq gözləsin vakant yer olanda düzələ bilər. X8 Rasimdən pul alaraq oğlunu işə düzəltmək məsələsinə heç bir aidiyyatı yoxdur. Sadəcə Esmira ona zəng edərək arada qaldığını və Vəli ilə danışaraq Rasimin ona yaxın olduğunu və Rasimin yanında pis olmaması üçün Vəlinin pulu geri qaytarması üçün Vəli ilə söhbət etməsini ondan xahiş etmişdir.Həmin puldan ona hər hansı bir məbləğ çatmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və arvadı Şahid4 ilə qohumluq əlaqələri var. Belə ki, Təqsirləndirilən şəxs oğlu X1. Onların qohumluq münasibətləri həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxsla isə o, əvvəllər birlikdə “Sumqayıt Elektrik Şəbəkə”də işləmişdir. 2019-cu ilin avqust ayında Rasim onunla əlaqə saxlayaraq hal əhval etdikdən sonra ondan oğluna iş düzəltməkdə kömək edə bilən şəxsin olub-olmamasını soruşub, müsbət halda kömək edən şəxsin kim olduğunu soruşmuşdur. O, Rasimə işdən çıxdıqdan sonra işlərini Vəli adlı qohumunun həll etdiyini bildirmişdir. Bundan sonra, Rasim ondan Vəlinin nömrəsini istəmiş və iş üçün istədiyini demişdir. O, etiraz etməyib Vəlinin arvadı və onun yaxın rəfiqəsi olmuş Ülviyyə ilə danışıb nömrəni aldıqdan sonra Rasimə vermişdir. Bir neçə gün keçdikdən sonra Rasim yenidən ona zəng edərək hal əhval etmişdir. Telefon danışıqları zamanı o, Rasimdən nə üçün Vəlinin nömrəsini istədiyini soruşduqda Rasim ona demişdir ki, oğlu universiteti bitirdikdən sonra işsiz qalmışdır və Vəlidən oğlunu işə düzəltmək üçün kömək istəmişdir. Təxminən bir müddət keçdikdən sonra Rasim ona zəng edərək Vəliyə oğlunu işə düzəltməsi üçün ayrı ayrılıqda iki dəfə 3500 manat olmaqla 7000 manat pul verdiyini, lakin, Vəli pulu götürsə də oğlunu işə düzəltmədiyni demişdir. Bundan sonra o, Vəlinin arvadı Ülviyyə ilə əlaqə saxlayaraq Ülviyyəyə demişdir ki, Vəliyə desin ki, işi düzəldə bilməyəcəksə Rasimdən aldığı pulu qaytarsın. Ülviyyə isə ona cavabında bildirmişdir ki, Rasimlə danışıblar, yaxın günlərdə iş düzəlməlidi, əgər düzəlməsə Vəli aldığı pulu geri qaytaracaqdır. Bu danışıqdan bir neçə gün keçdikdən sonra Rasim yenidən ona zəng edərək demişdir ki, Vəlidən verdiyi pulu ala bilmir. O, isə Rasimə bildirmişdir ki, əgər pulu vermirsə Vəli barəsində ərizə ilə hüquq mühafizə orqanlarına müraciət etsin. Rasim də Vəlidən polisə şikayət etmişdir. Vəli bundan sonra ona zəng edərək demişdir ki, istintaq zamanı pulu Ülviyyənin aldığını bildirsin, əgər elə etməsə yalandan pulu Ülviyyə ilə onun birlikdə aldığını deyəcəkdir.Həmin puldan ona hər hansı bir məbləğ çatmamışdır. Şahid1 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla işlədiyi yerdə tanış olmuşdur. Belə ki, Vəli o, işlədiyi “xxxx” ASC-nin Sumqayıt şəhər arxiv idarəsi ilə üzbəüz yerləşən şirkətin mühafizə rəisi kimi işləyirdi. Onların münasibətləri sonradan yaxın dostluq münasibətlərinə çevrilmiş və onlar ailəvi yaxın olmuşlar. 2019-cu ilin avqust ayının ortalarında Vəli onunla əlaqə saxlayaraq yaxın bir dostunun oğlunun universiteti qurtardıqdan sonra heç bir yerdə işləmədiyini və onun həmin oğlanı işə düzəltməyini istədiyini bildirmişdir. O, Vəliyə hal-hazırda vakant yerin olmadığını, vakanat yer olacağı halda həmin uşağı Bakı şəhərində yerləşən baş ofisə yönləndirə biləcəyini demişdir. Çünki, işə qəbul baş ofisdə gedir və onun işə işçi götürmək səlahiyyəti olmadığını qeyd etmişdir. Sonra sağollaşıb telefon danışığını bitirmişdir. Bir neçə gün sonra Vəli, sonradan tanıdığı Rasim və oğlu Kənan onun işlədiyi ofisə gəldiklərini bildirmişdir. Rasim və Vəli çöldə qalmış, Kənan isə içəri girmişdir. O, Kənanla biraz təhsili ilə bağlı soruşmuşdur. Bundan sonra Kənandan diplomunun və şəxsiyyət vəsiqəsinin surətini götürmüş, sonra sağollaşmamışdan öncə o, Vəlinin yanında Rasim və Kənana işə götürənin o, olmadığını, hər bir halda işə qəbul üçün götürülən sənədlərin Bakıda yerləşən baş ofisə göndəriləcəyini bildirmişdir. 2019-cu ilin sonlarına yaxın Rasim onun mobil nömrəsinə zəng edərək oğlunun işinin nə yerdə qaldığını soruşmuş o, Rasimə hal hazırda heç bir vakansiya olmadığı üçün işə qəbulun dayandırıldığını bildirmişdir. Sonra ona bəs pulun nə olacağını, o isə Rasimə nə pulundan danışdığını soruşmuşdur. Rasim isə ona demişdir ki, oğlunun işə düzəltməsi üçün Vəliyə pul verib. Bundan sonra o, Rasimdən harada olduğunu soruşmuşdur. Rasim ona 3-cü mkr ərazisində olan 12 mərtəbəli binanın qarşısında olduğunu demişdir. O, Rasimə orada gözləməsini bildirmişdir. Bundan sonra o, Rasimlə dediyi yerdə görüşmüş, bir az söhbət etdikdən sonra Rasim ona demişdir ki, oğlu Kənanı işə düzəltməsi üçün Vəliyə ayrı ayrılıqda hər dəfəsində 3500 manat olmaqla ümumilikdə 7000 manat pul verib. O, Rasimə doğru etmədiyini, oğlunun işə düzələcəyi təqdirdə 500-600 manat maaş alacağını və belə bir işə görə bu qədər pulun verilməsinin yanlış olduğunu demişdir. Sonra o, Rasimlə sağollaşıb getmişdir. Aralandıqdan sonra Vəliyə zəng edərək Vəlini danlamışdır. Rasimin Vəliyə 7000 manat pul verməsini, bu barədə məlumatının olmasını Vəliyə dediyini və dərhal Rasimdən aldığı pulu geri qaytarmasını bildirərək telefonu söndürmüşdür. Bu danışıqdan sonra Vəli bir neçə dəfə onunla danışaraq ailəsinin dağıldığını, bu məsələdə kömək etməyini istədiyini bildirmişdir. Lakin, o, Vəliyə razılıq verməmiş, bundan sonra onun nə Vəli, nə Rasim nə də Kənanla münasibəti olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid4 üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı ifadələrində göstərmiş xüsusatları bir daha deyərək Təqsirləndirilən şəxs ifşa etmişlər. Sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 32.4, 312 və 312 -ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaqları- 24.11.2006-cı il təvəllüdlü X4 və 27.07.2013-cü il təvəllüdlü X3 vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini və əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, vurulmuş maddi zərəri qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə qismən təqsirli bilməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. ( maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, məhkəmə baxışından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 17.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin 01.06.2021-ci il tarixli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 04.06.2021-ci il tarixli məktublarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 01.06.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 04.06.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına aparılmışdır. Təqsirləndirilən şəxs tutulduğundan cinayət işi üzrə icraat 16.06.2021-ci ildə təzələnmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 01 iyun 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03.12.2020-ci il tarixdə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 04.12.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət və təqdimat təmin olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə təyin ediləcək cəzadan çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 24 yanvar 2021-ci il tarixli (iş № 1(060)-131/2021) qərarını icra edərək, 27 yanvar 2021-ci il tarixli 29 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu 01 iyun 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar