Məhkəmə qərarları › İş №1(060)-131/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-131/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-131/2025 12.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-452/2024 saylı hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, fərdi evdə yaşamış, barəsində Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 27 may 2024-cü il tarixdə, saat 22 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evinin giriş qapısının açıq olmasından istifadə edərək evin həyətinə qanunsuz daxil olub, oradan 3.000 (üç min) manat dəyərində, 10 litr tutumlu 01 ədəd odun samovarı gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs1 3.000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısının açıq olmasından istifadə edərək oraya qanunsuz daxil olub, həyətdən 2.250 manat dəyərində, 10 litr tutumlu 01 ədəd odun samovarı və 200,0 manat dəyərində, 6 litr tutumlu 01 ədəd odun samovarı gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs2 2450,0 (iki min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxıb Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivi ərazisinə getmişdir. Həmin ərazidə yerləşən dəmir yol xəttinin yaxınlığındakı evlərdən birinin giriş qapısının açıq olması diqqətini çəkmişdir. Adının sonradan Şahin olduğunu öyrəndiyi şəxsin yaşadığı evin giriş qapısının açıq olmasından istifadə edərək qapını açıb həyətə baxdıqda, evin həyətinin sol hissəsində çardağın altında bir ədəd samovarın olduğunu görərək həmin samovarı oğurlamaq qərarına gəlmişdir. Bundan sonra bir qədər dayanıb ətrafa və evin həyətinə nəzər yetirdikdə, ətrafda və evin həyətində heç kimin olmadığına əmin olduqdan sonra evin həyətinə daxil olaraq həmin samovarı götürüb dərhal evin həyətindən çıxaraq oradan uzaqlaşmışdır. Oğurladığı samovar təxminən 7-8 litr həcmində, odun samovarı idi. Bundan sonra səhəri gün Sumqayıt şəhəri, Şərq Bazarı adlanan əraziyə gedib, ikinci əl əşyaların alqı-satqısı ilə məşğul olan Raci adlı şəxsə oğurladığı samovarın özünə məxsus olduğunu bildirərək həmin samovarı 60,0 manata satmışdır. Əldə etdiyi pulu isə sonradan şəxsi ehtiyacları üçün xərcləmişdir. Raci adlı şəxsə oğurladığı samovarı satarkən həmin samovarı cinayət yolu ilə əldə etməsi barədə hər hansı məlumat verməmişdir. Samovarın özünə məxsus olduğunu və pula ehtiyacının olduğundan satdığını demişdir. Bundan başqa 09 avqust 2024-cü il tarixdə saat 17 radələrində çimmək üçün dənizə getmişdir. Bir neçə saat dənizdə vaxt keçirtdikdən sonra axşam saat 20 radələrində sahildən ayrılmışdır. Piyada yeriyərək Yeni Corat qəsəbəsinə getmişdir. Yeni Corat qəsəbəsində adını dəqiq xatırlamadığı küçələrdən birində yerləşən həyət evinin giriş qapısının açıq olduğunu görmüşdür. Qapıya yaxınlaşaraq içəri boylanmış və evin həyətində heç kimin olmadığına əmin olmuşdur. Bundan istifadə edərək həyətə daxil olmuş, həyətdə quraşdırılmış əl-üz yuyanın yanına qoyulmuş 02 ədəd samovarı görmüş, samovarlardan birini götürərək həyəti tərk etmiş, evin giriş qapısından bir neçə addım kənarlaşmış, bir neçə dəqiqə sonra yenidən o həyətə daxil olaraq ikinci samovarı da götürmüşdür. Hər iki samovarı açıq şəkildə əlinə alaraq oradan uzaqlaşmışdır. Bundan sonra əvvəldən tanıdığı dəmir alqı-satqısı ilə məşğul olan Raci adlı şəxsə zəng edib iki ədəd samovarının olduğunu və həmin samovarları satmaq istədiyini bildirmiş, Raciyə samovarların özünə məxsus olduğunu, rayondan ailə üzvlərinin göndərdiyini və hər ikisini cəmi 100 manata satdığını demişdir. Raci samovarlara baxdıqdan sonra hər ikisinə cəmi 80,0 manat verə biləcəyini bildirmişdir. Raci ilə razılaşıb 80 manat müqabilində 02 ədəd samovarı ona satmışdır. Əldə etdiyi pulu öz tələbatlarına xərcləmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları evdə olsalar da, evin həyətə giriş qapısını bağlamağı unutmuşlar. Bundan istifadə edən naməlum şəxs evin giriş qapısının açaraq həyətə daxil olmuş və həyətdəki çardağın altında olan bir ədəd 1870-ci ildə istehsal edilmiş, təxminən 3000 (üç min) manat dəyərində, 10 litrlik, üzərində 18 ədəd möhür yeri, ayaq hissəsində "Stepan Pataşeviçə hədiyyə" və sair sözləri yazılmış samovarı oğurlamışlar. O samovarın oğurlanmasını səhəri gün aşkar etmişdir. Bundan sonra bu barədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək oğurluq hadisəsini törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Bundan sonra yaşadıqları küçədə qonşular tərəfindən quraşdırılmış müşahidə kameralarının çəkdiyi video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, oğurluq hadisəsini xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində təxminən 35-40 yaşlarında əynində ağ rəngli qısaqol köynək, qolsuz jilet, boz rəngli şalvar və qara rəngli ayaqqabı olan şəxsin əli boş vəziyyətdə küçədə hərəkət etdikdən sonra yaşadıqları evin açıq olan giriş qapısından evin həyətinə daxil olduğu, sonra isə yəni bir neçə dəqiqədən sonra həmin şəxsin əlində qara rəngli sellofan torba ilə həyəti tərk etdiyi müəyyən edilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmiş, lakin ona qarşı şikayəti var. Bundan başqa Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, ona cəmi 500 manat dəyərində samovar verilmiş, lakin onun oğurlanan samovarının dəyəri 3000 manatdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə və həmin tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə o müraciət etmişdir. Müraciətinə səbəb adının sonradan Renad olduğunu bildiyi şəxsin yaşadığı evin həyət qapısının açıq olmasından istifadə edərək həyətə daxil olub oradan ona məxsus 02 ədəd samovarı oğurlaması olmuşdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, samovarlardan birini ona bir neçə il bundan əvvəl dostu pay vermiş və həmin samovar antik əşyalar qrupuna aid olduğundan dəyəri yüksəkdir. Digər samovarı isə “Əşya Bazarı” adlanan ərazidən 2024-cü ilin yanvar ayında 350 manata almışdır. O yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birgə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Renad onların evinin həyət qapısının açıq olmasından istifadə edərək həyətə daxil olmuş və həyətdə yerləşən əl-üz yuyanın yanında olan 02 ədəd samovarı gizli yolla talayaraq onlara maddi ziyan vurmuşdur. Bununla bağlı onlar aidiyyatı orqanlara məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində bildirmişdir ki, Sumqayıt şəhər 9-cu mkr ərazisində yerləşən Şərq bazarında elektrik alətlərinin təmiri ilə məşğul olaraq maddi qazanc əldə edir, eyni zamanda işlənmiş elektrik, eləcə də ev əşyaları alıb satır. 2024-cü ilin may ayının axırlarında sonradan adının Renad olduğunu bildiyi şəxs işlədiyi bazara gəlib ikinci əl 1-ədəd odun samovarı satdığını demiş, samovara baxdıqda samovarın 7-8 litrlik, yararlı samovar olduğunu görmüş, samovar qızılı rəngdə və üzərində 6-7 ədəd möhür olmuşdur. O həmin şəxsdən samovarın kimə məxsus olduğunu və neçəyə satdığını soruşduqda Renad samovarın özünə məxsus olduğunu və 60 manata satdığını bildirmişdir. O samovarı almaq qərarına gəlib bazarda Renada 60 manat pul vermişdir. Renaddan şəxsiyyət vəsiqəsinin surətini tələb etdikdə sonuncu şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirib əl yazma yazaraq samovarın ona məxsus olmasını göstərmişdir. Renad samovarı ona satan zaman yanlarında kənar şəxs olmamışdır. O Renaddan samovarı aldıqdan sonra işlədiyi yerdə vitrinə qoymuş və bir həftə sonra tanımadığı müştəri qismində yaxınlaşan şəxs samovarı ondan 120,0 manat ödəyərək almışdır. Bundan başqa bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Renad ona telefonla zəng edərək əlində iki ədəd samovarının olduğu və həmin samovarları satmaq istəyir. Saat təxminən 21 radələrində Renad əlində iki ədəd samovarla onun işlədiyi dükana gəlmiş, Renaddan samovarları haradan aldığını soruşduqda Renad samovarların rayondan göndərildiyini və özünə məxsus olduğunu bildirmişdir. Renada inanmış və sonuncu ondan samovarların müqabilində 100 manat məbləğində pul istəmişdir. O isə həmin məbləğin samovarlar üçün çox olduğunu qeyd edib ona yalnız 80 manat məbləğində pul verə biləcəyini bildirmişdir. Renad onunla razılaşmış və o Renaddan samovarları 80 manata almışdır. xx.xx.2024-cü il tarixdə o samovarları yanına gələn əvvəllər müştəri kimi tanıdığı, adını xatırlamadığı bir şəxsə 120 manat müqabilində satmış və həmin şəxs samovarları götürüb Masallı rayonuna aparmışdır. X4 yenidən dindirilməsi üçün məhkəmə iclasına çağırılmış, Şahid ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ziyanın ödənilməsi ilə bağlı zərərçəkmişə və polis əməkdaşına hər hansı məbləğdə pul verməmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarda görsənir ki, cinayət işinin başlanılmasına əsas və səbəb Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə müraciət edərək ona məxsus fərdi yaşayış evinin həyətindən 02 ədəd samovarın oğurlanması ilə bağlı etdiyi müraciət əsasında Sumqayıt ŞPİ-nin 1-ci PB-də toplanmış təhqiqat materialları olmuşdur. Cinayət işinin 30-cu vərəqəsində şəxsin tutulması haqqında 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Cinayət işinin 72-76-cı vərəqələrində olan Sumqayıt Şəhər Məkəməsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 6-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətidir. Cinayət işinin 97-99-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətidir. Cinayət işinin 23-25-ci vərəqələrində olan “Təqdim etmə və götürmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid xx.xx.2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs almış olduğu 02 ədəd odun samovarını təqdim etmiş, həmin samovarlar iş üçün əhəmiyyət kəsb etdiyindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis leytenantı Nicat İmranlı tərəfindən götürülmüşdür. Cinayət işinin 158-161-ci vərəqələrində olan “Təqdim etmə və götürmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid xx.xx.2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs almış olduğu 01 ədəd odun samovarını təqdim etmiş, həmin samovarlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin 182-183-cü vərəqələrində olan 20 oktyabr 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, iş üzrə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd samovar və iş üzrə Zərərçəkmiş şəxs2 məxsus 02 ədəd samovar iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü sahiblərinə təqdim edilmişdir. Həmçinin, iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi hadisəni törətmiş şəxs Təqsirləndirilən şəxs görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 147-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, mərkəzdə bədii əhəmiyyət kəsb edən əntiq (qədimi) təyinatlı tədqiqat obyektlərinin ekspertiza tədqiqatı aparılmır. Cinayət işinin 162-ci vərəqələrində olan 26 sentyabr DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Həmin DVD diskə Sumqayıt ŞPİ-nin İŞ-nin inzibati binasınsın 3-cü mərtəbəsində yerləşən “311” nömrəli xidməti otağımda otaq şəraitində baxış keçirilmiş. Baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində WhatsaApp İmage 2024-06-07 at 15.03.11 (1), WhatsaApp İmage 2024-06-07 at 15.03.11 (2), WhatsaApp İmage 2024-06-07 at 15.03.11 (3), WhatsaApp Video 2024-06-07 at 15.03.10, WhatsaApp Video 2024-06-07 at 15.03.11 (1), WhatsaApp Video 2024-06-07 at 15.03.11, WhatsaApp Video 2024-06-07 at 15.03.12 (1), WhatsaApp Video 2024-06-07 at 15.03.12 (2), WhatsaApp Video 2024-06-07 at 15.03.12 sözləri yazılmış qovluqlar aşkar edildi. “WhatsaApp İmage” sözləri yazılmış qovluqlarda Təqsirləndirilən şəxs fotoşəkilləri, “WhatsaApp Video” adlı qovluqlarda isə Təqsirləndirilən şəxs hərəkət etməsinin görüntüləri əks olunur. Cinayət işinin 185-188-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16- 16/2-9/8325/2024 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd təxminən 6 litr tutumlu odun samovarın (üzərində başlığı yoxdur) istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 200,0 manat müəyyən edilir. 01 ədəd təxminən 5 litr tutumlu üzərində “ФАБРИКА Б.Г.ТЕИЛЕ” yazıları olan ştamplı samovar tarixi bədii əhəmiyyət kəsb etdiyindən, Mərkəzdə bu kateqoriyalı tədqiqat obyektləri üzrə tədqiqat və qiymətləndirilmə aparılmır. Cinayət işinin 186-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 163-164-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli sorğudan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Sumqayıt Şəhər Probasiya Şöbəsindən əldə edilmiş arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin hökmü ilə ona 02 il 01 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata aınmış və xx.xx.2024-cü il tarixədək qeyd edilən cəzanın 03 ay 17 günü hissəsini çəkmiş, cəzanın çəkilməmiş hissəsi 01 il 09 ay 03 gün təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.20211-ci il tarixli Fərid Qafarov adlı övladı var. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, ondan şikayətçi deyil və onunla barışmışdır. Qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Hazırda ölkə xaricində olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir. İbtidai istintintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Qeyd etdiklərini nəzərə alaraq məhkəmə iclaslarının iştirakı olmadan davam etdirilməsini, ərizəsinin çıxışı olaraq qəbul edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 19-cü bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət və cinayət-prosessual qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 dəymiş ziyanın tam ödənilməsini, Zərərçəkmiş şəxs2 ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar kimi müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-452/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3cü maddəsində əsasən onun həbsdə saxlanıldığı 11 (on bir) ay müddət ona təyin edilmiş 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış, qəti olaraq üzərində 02 (iki) il 01 (bir) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-452/2024 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 10 (on) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin həbs edildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış kimi tanınmış 03 ədəd samovarın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat isə Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 09 (doqquz) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 10 (on) ay 16 (on altı) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq həmin müddəti X2 hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 02 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 avqust 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar