Məhkəmə qərarları › İş №1(060)-132/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-132/2021

12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-132/2021 12.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittiham müdafiəsi şöbəsinin prokuroru Nəbiyev Tural Hüseyn oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri Kotec qəsəbəsi, 22-ci məhəllə, ev 24-də yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, koronovirus infeksiyasına yoluxduğu halda 08.07.2020-ci il tarixdə saat 09:30-radələrində Sumqayıt şəhəri Sahil küçəsində «Balıqçı» restoranının qarşısında xüsusi karantın rejimi dövründə epidemiya əleyhinə rejimin eləcə də sanitariya-gigiyena və karantin rejim qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaradarkən Qubadlı RPŞ-in əməkdaşları tərəfindən aşkar olunmuşdur. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi müəyyən edilməmiş, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, iyun ayının əvvəllərində həyat yoldaşı ilə birlikdə hərarətləri olduğu üçün ilkin olaraq ev şəraitində müalicələr almağa başlamış, vəziyyətin yaxşı olmadığını görüb Covid 19 virusundan şübhələri yaranmış və analiz vermişdir. 16.06.2020-ci il tarixdə mərhum həyat yoldaşı ilə bu virusa yoluxduğu məlum olduğundan Sumqayıt şəhər 1 saylı xəstəxanaya yerləşdirilmiş və orada müalicə almağa başlamışlar. 27.06.2020-ci il tarixdə evə buraxılmağa hazırlaşdığı anda həyat yoldaşı vəziyyəti qəfildən ağırlaşmış və xəstəxanada vəfat etmişdir. O, isə sağalaraq səhhəti düzəldiyindən evə buraxılmışdır. Lakin artıq sağlam olduğu halda ona özünü 17 gün ərzində təcrid olunması ilə bağlı iltizama imza etdirilmişdir. Həyat yoldaşının vaxtsız vəfat etməsi onu çox sarsıtmış və evdə dayana bilməyərək 08.07.2020-ci il tarixdə sübh tezdən özünə məxsus velosipedlə həyat yoldaşı Sədaqət Kərimovanın dəfn olunduğu Sumqayıt şəhəri Corat qəbirstanlığına gələrək onun ruhunun şad olması üçün yasin oxumuşdur. Eyni zamanda yolda sağlam olduğu halda hər kəsdən kənar hərəkət etmiş, sübh tezdən olduğu üçün qarşısına heç kim çıxmamış, geri qayıdan zaman qarşısına ilk çıxan polis əməkdaşları olmuşdur. Polis əməkdaşları ondan icazəsinin olub olmamasını soruşduqda o, icazəsinin olmadığını Covid-19 dan müalicə aldığını və vəfat etmiş həyat yoldaşının qəbrini ziyarət etməyə gəldiyini demişdir. Onlar yaxınlaşmadan oradan mərkəzə məlumat vermiş, dayandığı Sahil küçəsi Balıqçı restoranının yanına təcili tibbi yardım maşını və digər polislər gəlmiş, təcili tibbi yardım maşınına əyləşdirilib evinə gətirmişdirlər.17 iyul 2020-ci il tarixində ondan TTYX-nin köməkliyi ilə yaxma nümunəsi götürülmüş və 20 iyul 2020-ci il tarixdə onun yaxması neqativ çıxmışdır. O,cinayət əməli törətməmişdir.Belə ki, polis tərəfindən tutulduğu zaman o sağlam olmuşdur.Təqsirsizdir və bu səbəbdən də ona Məhkəmə tərəfindən barəsində bəraət hökmünün çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirdi ki, o, 2015-ci il tarixdən DİO-da 2018-ci il tarixdən isə Qubadlı RPŞ-in Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru vəzifəsində işləmiş və polis kapitanıdır. Mövcud epidemiya ilə əlaqədar Nazirlər Kabinetinin yanında olan Operativ qərargah tərəfindən elan edilmiş karantin rejimi ilə bağlı 01.04.2020-ci il tarixdə Sumqayıt şəhər ərazisində xidmət aparmış, 08.07.2020-ci il tarixdə Sumqayıt şəhəri Sahil küçəsi ərazisində xidmətdə olarkən, “Balıqçı” kafesinin qarşısında təxminən 55 yaşında bir nəfər şəxsin velosipedlə Corat abidəsi istiqamətində hərəkət etdiyini görüb həmin şəxsə yaxınlaşaraq onun icazəsinin olub olmadığını yoxlamaq qərarına gəlmiş və ona təxminən 3-4 metr məsafədə dayanıb onu səsləyərək dayanmasını xahiş etmiş, həmin şəxs çağırışa cavab olaraq hərəkətini dayandırmış, ondan icazəsinin olub olmadığını soruşduqda o, icazəsinin olmadığını bildirərək dünyasını dəyişmiş həyat yoldaşının məzarını ziyarət etdiyini eyni zamanda “Covid-19” epidemiyasından əziyyət çəkdiyi üçün 14 gün Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində olan xəstəxanada müalicə aldığını bilmişdir. Saxlanılan şəxsin 1963-cü il təvəllüdlü Sumqayıt şəhəri Kotec qəsəbəsi 22-ci məhəllə, ev 24-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən etdikdən sonra xidmət etdiyi əraziyə yaxın xidmət aparan Qubadlı RPŞ-in polis nəfəri polis baş serjantı Şahid2 köməyə çağırmış, eyni zamanda Sumqayıt ŞPİ-in Növbətçi hissəsinə məlumat vermişdir. Bundan sonra həmin şəxsi Sumqayıt şəhər TTY xəstəxanasına məxsus olan təcili tibbi avtomobillə yaşadığı ünvana yerləşdirildikdən sonra Sumqayıt ŞPİ-yə bu barədə raportla müraciət etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Qubadlı ŞPİ-in İTB-in polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -cinayət işinin materiallarında olan cinayət işinin başlanması haqqında 08.07.2020-ci il tarixli qəradan görünür ki, ilkin yoxlama materialı üzrə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanaraq Sumqayıt ŞPİ-nin İŞ-nin rəis müavini Elşad Şahbazov tərəfindən icraatına qəbul edilmişdir. -cinayət işinin materiallarında olan 27 iyun 2020-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2020-ci il tarixində xəstəxanaya qəbul olunaraq müşahidə olunduğunu və qalan təcridetmə müddətində 17 gün ərzində fərdi təcrid olunma haqqında razılıq formasındakı qaydalara riayət edəcəyini bildirmişdir. -Sumqayıt 1 saylı şəhər Xəstəxanasından daxil olmuş 16 iyul 2020-ci il tarixli 159 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 16-27 iyun 2020-ci il tarixlərində COVİD 19 diaqnozu ilə stasionar müalicədə olmuşdur. -2 nömrəli şəhər poliklinkası tərəfindən verilmiş 21 iyul 2020-ciil tarixli 398 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2020-ci il tarixdə götürülmüş əsnək yaxmasından PZR testi neqativ çıxmışdır və 21 iyul 2020-ci il tarixdə sağalma ilə ambulator müşahidədən çıxarılmışdır. -cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 070 393 68 79 saylı mobil telefon nömrəsinə e-Təbibdən 15 iyun 2020-ci il tarixli saat 19:50-də daxil olmuş laboratoriya analizlərinin nəticələrindən görünür ki, onun verdiyi analizdə Covid 19 virusu aşkarlanmışdır. -1 nömrəli Sumqayıt şəhər poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, Səadət Kərimova 27 iyun 2020-ci il tarixdə vəfat etmişdir. -cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən verilmiş 01.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. -cinayət işinin materiallarında olan 01 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir (maddə 8.0.3, 8.0.5). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət Prosessual Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək, işdəki sübutları işin halları ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən ictimai təhlükəli əməl törədilməmişdir, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmir və Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün sübutlar toplanmamışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vermiş olduğu vəsatət əsasında Məhkəmə tərəfindən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə vət Təqsirləndirilən şəxs tətbiq olunmuş müalicədən sonrakı 17 günlük fərdi təcridetmə qaydalarının Covid 19-un yetkin xəstələrin müalicəsi protokol qaydalarına uyğun olub-olmamasına, həmin şəxsin hansı tarixdən yenidən əsnək yaxmasından Covid 19 testi verməli olmasına dair sorğu verilmişdir. Verilmiş sorğuya Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB Publik Hüquqi şəxsi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli, PHŞ/1.1-2-2021- 1668 saylı cavabdan görünür ki, Koronavirus (covid19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin özünü təcrid qaydaları bir qayda olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli sərəncamı ilə tənzimlənir. Həmin Sərəncamla təsdiq edilmiş COVİD 19 infeksiyası ilə yoluxma halı təsdiq olunmuş şəxslə təmasda olanların dairəsinin müəyyən edilməsinə dair Tövsiyələrin 8.1-ci maddəsinə əsasən laboratoriya testinin nəticəsi pozitiv olduqda yoluxma faktı təsdiq olunmuş şəxslərdə Covid 19 infeksiyasının ağırlıq səviyyəsi qiymətləndirilir və bu əsasda onların xəstəxanaya (stasionar müalicə) yerləşdirilməsi və yaşayış yerində və ya olduğu yerdə 14 (on dörd) gün müddətinə təcrid olunması ilə bağlı qərar qəbul edilir. Sərəncamda vətəndaşın ambulator nəzarətdə olduğu müddətdə əsnək yaxmasından SARS COV-2 PZR testi götürülməsinə dair qaydalar nəzərdə tutulmamışdır. Vətəndaş Təqsirləndirilən şəxs yalnız Sumqayıt ŞPİ-nin 16 iyul 2020-ci il tarixli 123-23360-122 nömrəli sorğusuna əsasənfərdi qayda tətbiq edilərək sağalmanın tam təsdiqi məqsədi ilə 17 iyul 2021-ci il tarixində Təcili təxirəsalınmaz X3 briqadası tərəfindən SARS COV 2PZR testi üçün əsnəkdən yaxma götürülmüş, 20 tyul 2021-ci il tarixdə neqativ testi nəticəsindən sonra 21 iyul 2020-ci il tarixdə ambulator nəzarətdən çıxarılmışdır. Həmçinin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB Publik Hüquqi şəxsi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, PHŞ/1.1-2-2021-1950 saylı cavabdan görünür ki, hazırda Koronavirus (covid19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin özünütəcrid qaydaları bir qayda olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli sərəncamı ilə tənzimlənir. Sərəncamın qüvvəyə mindiyi 21 iyul 2020-ci ilədək isə COVİD-19 a yoluxmuş vətəndaşların təcrid edilməsi ilə bağlı icrası məcburi olan heç bir normativ sənəd olmamışdır. Həmin sərəncamla təsdiq edilmiş Covid 19 infeksiyası ilə yoluxma halı təsdiq olunmuşşəxslə təmasda olanların dairəsinin müəyyən edilməsinə dair Tövsiyələrin 8.1-ci maddəsinə əsasən laboratoriya testinin nəticəsi pozitiv olduqda yoluxma faktı təsdiq olunmuş şəxslərdə Covid 19 infeksiyasının ağırlıq səviyyəsi qiymətləndirilir və bu əsasda onların xəstəxanaya (stasionar müalicə) yerləşdirilməsi və ya yaşayış yerlərəində və ya olduğu yerdə 14 (on dörd) gün müddətinə təcrid olunması barədə qərar qəbul edilir. Maddədən də göründüyü kimi 14 (on dörd) gün təcridetmə müddəti kimi nəzərdə tutulmuşdur. Təcridetmə müddətinin bitməsi ilə bağlı münasibətlər Tövsiyələrin 9-cu maddəsində təsbit edilmişdir. Həmin maddədə qeyd edilir ki, təcridetmə müddətinin başlandığı gündən (testin nəticəsi pozitiv olduğu tarix) 14 gün keçdikdən sonra yoluxma faktı təsdiq olunmuş şəxsə SMS bildirişi göndərilir. Bildirişin göndərildiyi gün şəxsin özünütəcrid müddətinin bitdiyi gün hesab olunur. Yuxarıda qeyd olunan müddəalardan savayı Covid 19 infeksiyasına yoluxmuş xəstələrintəcridetmə müddəti ilə bağlıhər hansı qayda nəzərdə tutulmamışdır. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş ******* saylı İbrahimov kənan ramazan oğluna məxsus xəstəlik tarixinin 5-ci səhifəsindəki qeyddən görünür ki, xəstə sağalma ilə evə yazılmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs onun PZR testinin nəticəsinin pozitiv olmasına dair SMS bildiriş 15 iyun 2020-ci il tarixində saat 19:50də daxil olmuşdur.16-27 iyun tarixlərində isə Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 N-li xəstəxanada müalicədə olmuşdur. Ümumiyyətlə iş materiallarından da göründüyü kimi, Koronavirus (covid19) infeksiyası ilə yoluxmahalı təsdiqlənmiş şəxslərin özünü təcrid qaydaları bir qayda olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli sərəncam il tənzimlənir. Sərəncamın qüvvəyə mindiyi 21 iyul 2020-ci ilədək isə COVİD-19 a yoluxmuş vətəndaşların təcrid edilməsi ilə bağlı icrası məcburi olan normativ hüquqi akt olmamışdır. Yəni Təqsirləndirilən şəxs Covid 19 diaqnozu təsdiq olunduqdan, hətta o, xəstəxanada müalicədən çıxdıqdan sonra COVİD-19 a yoluxmuş vətəndaşların təcrid edilməsini tənzimləyən və onun fərdi təcrid edilməli olmasını məcburi edən normativ hüquqi akt mövcud olmamışdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun 87.3-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Bundan başqa cinayət işinin materiallarında olan vət. Təqsirləndirilən şəxs tətbiq olunmuş müalicədən sonrakı 17 günlük fərdi təcridetmə qaydalarının Covid 19-un yetkin xəstələrin müalicəsi protokol qaydalarına uyğun olub-olmamasına, həmin şəxsin hansı tarixdən yenidən əsnək yaxmasından covid 19 testi verməli olmasına dair sorğuya Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB Publik Hüquqi şəxsi tərəfindən verilmiş 18 iyun və 09 iyul 2021-ci il tarixli cavablardan görünür ki, Covid 19 diaqnozu təsdiqlənmiş şəxslərin xəstəxanaya (stasionar müalicə) yerləşdirilməsi və ya yaşayış yerlərəində və ya olduğu yerdə 14 (on dörd) gün müddətinə təcrid olunması barədə qərar qəbul edilir. 14 (on dörd) gün təcridetmə müddəti kimi nəzərdə tutulmuşdur. Təcridetmə müddətinin bitməsi təcridetmə müddətinin başlandığı gündən (testin nəticəsi pozitiv olduğu tarix) 14 gün keçdikdən sonra yoluxma faktı təsdiq olunmuş şəxsə SMS bildirişi göndərilməsi ilə sona çatır. Cinayət işinin materiallarından isə göründüyü kimi Təqsirləndirilən şəxs 16-27 iyun 2020-ci il tarixlərində 11 gün ərzində Sumqayıt şəhər 1 saylı xəstəxanada müalicədə olmuşdur. Şəxsə məxsus xəstəlik tarixindən də göründüyü kimi şəxs sağalma ilə evə yazılmış, evə yazıldıqdan daha 11 gün, ümumiyyətə isə testin nəticəsi pozitiv çıxdığı gündən 22 gün sonra polis nəfərləri tərəfindən saxlanılmışdır. Hətta nəzəri olaraq 377 S saylı Sərəncam əsasında verilmiş tövsiyələrin bəndlərinin Təqsirləndirilən şəxs tətbiq olunmalı olduğunu hesab etsək belə onun fərdi təcrid etmə müddəti 30 iyun 2020-ci il tarixində başa çatır. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarından da göründüyü kimi,14 gün fərdi təcridetmə müddəti bitdikdən sonra şəxsdən əsnək yaxmasının alınması yuxarıda adı qeyd olunmuş 377 s saylı Sərəncama əsasən verilmiş Təlimat və Tövsiyələrdə tənzimlənməmişdir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs yalnız onda Covid 19 diaqnozu aşkar olunduğu gündən 01 ay 01 gün sonra,17 iyul 2020-ci il tarixində polisin təşəbbüsü əsasında TTYX-nin vasitəsi ilə təkrar əsnək yaxması götürülmüş və ondan əsnək yaxması neqativ çıxdığından o, 21 iyul 2020-ci il tarixində ambulator nəzarətdən çıxarılmışdır. Bu da bir daha vət. Təqsirləndirilən şəxs tətbiq olunmuş müalicədən sonrakı 17 günlük fərdi təcridetmə qaydalarının Covid 19-un yetkin xəstələrin müalicəsi protokol qaydalarına uyğun olmadığını göstərir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərini pozaraq xəstəliklərin yayılmasına səbəb oması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratması cinayət işinin materialları ilə sübuta yetmir və verilmiş ittiham istintaq orqanının ehtimallarına əsaslanır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirliliyi müəyyən edilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Bu mövqedən yanaşaraq Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək, işdəki sübutları işin halları ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən ictimai təhlükəli əməllərin törədilməsi sübuta yetirilmir. Bu səbəbdən də sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində irəli sürülmüş ittiham toplanmış sübutların məcmusu ilə sübuta yetirilmədiyindən həmin ittihamın əsaslı hesab edilə bilməz. Həmçinin Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış təcrübəsinə əsasən Barberra, Messege və Habordo İspaniyaya qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, təqsirli şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələbinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəziələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə hesab edir ki, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Qafqen Almaniyaya qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Hərtərəfli və səmərəli istintaqın aparılmasına dair tələblə əlaqədar Məhkəmə təkrarlayır ki, hər hansı şəxs polis və ya digər dövlət nümayəndəsinin sərəncamında olarkən onlar tərəfindən Konvensiyanın 3-cü maddəsinə zidd olan pis rəftara məruz qaldığı barədə inandırıcı iddia irəli sürürsə, Dövlətlərin “yurisdiksiyası altında olan hər kəs üçün ... Konvensiyada ... müəyyən olunmuş hüquq və azadlıqları təmin etməkdən” ibarət ümumi öhdəliyini nəzərdə tutan Konvensiyanın 1-ci maddəsi ilə birlikdə götürülməklə, 3-cü maddə dolayısı ilə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Konvensiyanın 2-ci maddəsi əsasında aparılan araşdırma kimi bu araşdırma da məsuliyyət şəxslərin müəyyən edilməsi və cəzalandırılması ilə nəticələnməlidir (bax: inter alia, yuxarıda qeyd edilən “Assenov və digərləri Bolqarıstana qarşı”, 102-ci bənd; yuxarıda qeyd edilən “Labita İtaliyaya qarşı”, 131-ci bənd; yuxarıda qeyd edilən “Çamdərəli Türkiyəyə qarşı”, 36-37-ci bəndlər və yuxarıda qeyd edilən “X1rşı”, 81-ci bənd). Təcrübədə istintaqın səmərəli aparılması üçün Konvensiyanın 3-cü maddəsinə zidd olan davranışın cəzalandırılması məqsədilə Dövlət tərəfindən cinayət hüquq normalarının tətbiqi zəruri şərt hesab edilir (müqayisə et: mutatis mutandis, “M.C. Bolqarıstana qarşı” M.C. v. Bulgaria, no. 39272/98, §§ 150, 153 and 166, ECHR 2003-Xİİ; yuxarıda qeyd edilən “Nikolova və Veliçkova Bolqarıstana qarşı”, 57-ci bənd və yuxarıda qeyd edilən “Çamdərəli Türkiyəyə qarşı”, 38-ci bənd). Odur ki, Məhkəmə cinayət işinin baxılmasının nəticələrinə dair Sumqayıt şəhər Polis İdarəsinin İŞ-nin rəisi müavini Elşad Şahbazovun barəsində xidməti fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı xüsusi qərar çıxarılmalıdır. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Sumqayıt şəhər 1 saylı vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 15.12.2021-ci il tarixli (iş № 1(060)-568/2020) qərarını icra edərək, 28.12.2020-ci il tarixli 1273 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Kapitalbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə bəraət verilsin. Məhkəmədə cinayət işinin baxılmasının nəticələrinə dair Sumqayıt şəhər Polis İdarəsinin İŞ-nin rəis müavini Elşad Şahbazov barəsində xidməti fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı xüsusi qərar çıxarılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar