Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-134/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsi ərazisində 5 saylı xətt marşrut avtobusunda olarkən avtobusda sərnişin olan Zərərçəkmiş şəxs əynindəki “jaketin” sağ yan cibindən sonuncuya məxsus 300 (üç yüz) manat dəyərində, üzərində ***- ***-**-** nömrəsi olan “Redmi Note 11” markalı mobil telefonunu, həmin telefonun arxasında olan 300 (üç yüz) manat pul və “Express bank” kartını gizli yolla çıxararaq talayıb Zərərçəkmiş şəxs 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, heç bir yerdə işləmir və maddi vəziyyəti yaxşı deyildir. Elə buna görə də pulu olmur, dolana bilmir. xx.xx.2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Sumqayıt şəhəri, “Karvan” ticarət mərkəzinin yaxınlığından 5 nömrəli marşruta minmiş və Nəsimi heykəli olan əraziyə getmək istəmişdir. Avtobusda adam çox olduğundan, sıxlıq olmuşdur. Həmin vaxt ön tərəfdə bir orta yaşı qadın olmuş, sıxlıq zamanı onun çantasını ön tərəfində durduğundan içərisini görmüş və bu zaman orada mobil telefon olduğunu görüb, ətrafdan heç kimin görmədiyindən əmin olduqdan sonra həmin telefonu əli ilə gizlin götürüb cibinə qoyaraq avtobusdan düşmüş və dostu Aydının yaşadığı ünvana getmişdir. Həmin telefonu özü istifadə etməsi üçün cibində saxlamışdır. Telefon kodlu olduğundan aça bilməmiş, telefonu aça bildikdə istifadə etməyi üçün üzərində gəzdirmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq telefon oğurlamaqda şübhəli olduğunu bildirdikdə özü törətdiyi əməli etiraf edərək, telefonu könüllü təqdim etmişdir. Lakin pul olmamışdır. Telefonun arxasında “Ekspress bank” bank kartı olmuş, kartı “Karvan' ticarət mərkəzi ətrafında tullamışdır. Bundan başqa hər hansısa oğurluq etməmişdir. Telefonu götürməzdən əvvəl ətrafa baxmış, heç kimin görmədiyindən əmin olduqdan və çantanın sahibinin hiss etməyəcəyindən, görməyəcəyindən əmin olduqdan sonra həmin telefonu oğurlamışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindən 5 saylı marşruta minmiş, marşrut hərəkət edərək dəniz kənarında stadionun yaxınlığında saxlamış, həmin ünvanda əlində olan telefonunu “jaketinin” cibinə qoymuş, jaketinin digər cibindən qəpikləri çıxararaq gediş haqqını ödəyib marşrutdan düşmüşdür. Əlini əynində olan “jaketin” cibinə saldıqda özünə məxsus “Redmi Note 11” markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefonunun cibində olmadığını aşkar etmiş və buna görə də DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan polis əməkdaşları ona məxsus mobil telefonu oğurlamış şəxsi aşkar etmiş və bu barədə ona məlumat verilmişdir. Həmin mobil telefonu təxminən 06 (altı) ay əvvəl “Soliton” mağazasından 699 (altı yüz doxsan doqquz) manata almış və bundan başqa həmin vaxt telefonunun üzlüyünün içərisində 300 (üç yüz) manat nağd pul, 01 (bir) ədəd isə içərisində pul olmayan “Express bank” bank kartı olmuşdur. Avtobusda ayaq üstə dayandığından kiminsə arxa tərəfdən keçdiyini hiss etsə də, cibindən nəsə oğurlandığını hiss etməmiş, telefonunun oğurlandığını avtobusdan düşdükdən sonra hiss etmişdir. Həmin vaxt tək olmuş, avtobusda tanımadığı şəxslər olmuşdur. Kart boş olmuş, karta görə maddi ziyan dəyməmiş, bundan başqa 300 (üç yüz) manat nağd pul və 500 (beş yüz) manat maddi ziyan dəymişdir. Telefonunun üzərində olan üzlüyü telefonu aldığı zaman ona pulsuz vermişlər və bir hissəsi də cırıq vəziyyətdə olmuşdur. İş üzrə Şahid onun anasıdır və halhazırda xəstə olduğundan məhkəmə iclaslarına gələ bilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir. Ona qarşı hec bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir. Ona qarşı hec bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7190 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, aparılmış tədqiqat nəticəsində ekspertizaya fotoşəkilləri təqdim edilmiş 01 (bir) ədəd “X1 11” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq təyinatı üzrə istifadəyə yararlı ( normal) vəziyyətdə 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 300 (üç yüz) manat müəyyən olunur. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 18 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus 01 (bir) ədəd “X1 11” model mobil telefon ona geri qaytarılmışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 180-cı maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.5ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, zərərçəkmiş şəxsə məxsus 01 (bir) ədəd “X1 11” model mobil telefon ona geri qaytarılması nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 12/55, mənzil 13 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-134/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-134/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver