Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-135/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində qeydiyyatda olan və ünvan 3də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 20.07.2021-ci il tarixdə, saat 19 radələrində fəhlə kimi işlədiyi və sərbət surətdə hərəkət etdiyi Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivində yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən yataq otağına daxil olaraq orada olan sonuncuya məxsus saxlanc yeri hesab edilən seyfin qapısını əvvəlcədən surətini çıxartdırdığı açarla qanunsuz olaraq açmaqla oradan milli məzənnə ilə 9180 manat təşkil edən 5400 ABŞ dolları məbləğində nağd pulu gizli talamaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, heç bir psixi xəstəlik keçirməmiş, daimi olaraq heç bir yerdə işləməmiş, 2-ci qrup əlildir, sağ qolu uşaqlıqdan keçirdiyi qəza nəticəsində amputasiya olunmuş, hazırda ailə üzvləri ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi C.Məmmədquluzadə küçəsində fərdi yaşayış evində kirayədə yaşayır. Zərərçəkmiş şəxs tanımış, onunla ədavət və düşmənçiliyi yoxdur. Təxminən 2017-ci ilin iyun-iyul aylarından etibarən o və atası Şahid2 Sumqayıt şəhərində Qurd Dərəsi bağlar massivi adlanan yerdə yerləşən “Maestro Ceyhun” adı ilə tanınan Zərərçəkmiş şəxs məxsus bağ evində fəhlə kimi işləmişlər, onların işləri bağdakı ağacları sulamaq, bağa və evə qulluq etməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs evin giriş qapısının açarının bir nüsxəsini çıxarıb atasına vermişdir ki, onlar sərbəst evə daxil olub işlərini görə bilərlər. Həmçinin Ceyhun onlara nəzarət edə bilək deyə evin bütün otaqlarının qapısını da açıq qoymuşdur. Onlar orda işlədikləri müddətdə Zərərçəkmiş şəxs demək olar ki, hər 1-2 gündən bir bağ evinə tək, qohumları və ya ailə üzvləri ilə gəlib 5-6 saat, bəzən də gecəni qalıb səhəri gün çıxıb getmişlər. O atası Novruz və anası X1 ilə birlikdə həmin bağ evindən təxminən 1-2 kilometr aralıda kirayədə yaşamışlar. Atası Novruz orada həm bağban həmdə gözətçi kimi işləmiş və gecəni bağ evinin həyətində yerləşən tikilidə qalmışdır. O Zərərçəkmiş şəxs evində işlədiyi dövr ərzində evin kombisinə və digər texnikasına da nəzarət etmişdir. Təxminən 2020-ci ilin sentyabr ayının ortalarına yenədə Ceyhunun evində olduğu zaman evdəki kombilərə nəzarət edib hər hansı nasazlığın olub-olmamasını yoxlamışdır. O evin 2-ci mərtəbəsinə qalxdıqdan sonra oradakı otaqlarda yerləşən kombilərə də baxmağa başlamışdır. 2-ci mərtəbəyə qalxdıqdan sonra sol tərəfdə yerləşən yataq otağına daxil olub orada olan kombiyə baxan zaman otağın küncündə olan ağ rəngli seyfi görmüş və maddi çətinliyi olduğundan həmin seyfdə pul və ya qiymətli əşya ola biləcəyini düşünüb oğurluq etmək qərarına gəlmişdir. Sonra isə seyfin qapısını əli ilə yoxlayıb bağlı olduğunu görmuşdur. O seyfin qapısını açmaq barədə düşünmüş və qərara gəlmiş ki, seyfin açarını Ceyhunda gördüyü halda həmin açarı əldə edib seyfi açsın. Sonra isə xatırlamışdır ki, evin ikinci mərtəbəsində olan qonaq otağındakı şkafda açarlar var. Ona gördə də seyfin açar dəliyinə diqqətlə baxıb gedib həmin açarları götürmüş və açarlara baxanda təxmin etmişdir ki, həmin açarlardan biri seyfin açarıdır. Qərara gəlmişdir ki, evdə heç kim olmayanda açarı götürüb aparıb surətini çıxartdırsın və imkan tapdığı təqdirdə seyfi açıb baxar. 2020-ci ilin noyabr ayının sonlarında Ceyhun evində olmadığı vaxt o yenədə atası ilə evdə iş gördüyü zaman 2-ci mərtəbədə yerləşən qonaq otağına girib orada olan şkafdakı açarları götürdükdən sonra isə Sumqayıt şəhərinin mərkəzi bazarında “Karvan ticarət mərkəzi”nin yanında açar ustası kimi tanıdığı Bayram adlı şəxsə verib həmin açarın surətini çıxarmasını istəmiş, o ondan şəxsiyyətini təsdiq edən sənədin surətini istəmiş, o da şəxsiyyətini təsdiq edən sənədin surətini çıxardıb gətirərək təqdim etmiş, Bayram onun ona göstərdiyi açarın surətini çıxartdıqdan sonra o açarları gətirib götürdüyü yerə qoymuşdur. Açarın surətini isə cibinə qoymuş, o açarın surətini çıxartdıqdan sonra 2021-ci ilin fevral ayından may ayına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs xarici ölkəyə səfərə getdiyindən və həmin evdə olmadığından o açarla seyfin qapısını açmış, lakin orada nə pul nədə qiymətli heç bir əşya tapmamışdır. 2021-ci ilin may ayında isə Ceyhun həmin bağ evinə arabir gəlib-getmiş, o gedəndən sonra o bir neçə dəfə seyfi açıb yoxlasada seyfdə qiymətli heçnə tapmamışdır. Təxminən 05-06 iyul 2021-ci il tarixdə Ceyhun ailə üzvləri ilə birlikdə bağ evinə gəlmişlər və orada yaşamağa başlamışlar. 20.07.2021-ci il tarixdə Ceyhun səhər saatlarında harasa getmiş, təxminən saat 18 radələrində isə ailə üzvləri də evdən çıxıb harasa getmişlər. O təxminən saat 19 radələrində onların evdə olmadıqlarını görüb evin 2-ci mərtəbəsinə qalxmış və seyfi açmış, seyfi açanda orada bir ədəd qutu olduğunu və qutunun içərisində üç hissəyə bölünmüş ABŞ dollarları olmasını görmüş, o düşünmüşdür ki, hər bağlamadan bir qədər pul götürsün və Ceyhun ilk baxışda pulların əksik olduğunu bilməsin. Ona görə də elə edib hər bağlamadan müəyyən məbləğdə pul götürmüş, sonradan həmin pulları sayanda 5400 (beş min dörd yüz) ABŞ dolları olmasını bilmiş, həmin pulları götürdükdən həmin gün üzərində saxlamış, səhəri gün isə təxminən yarısını valyuta dəyişmə məntəqəsində manata çevirib ödəmə terminalı vasitəsi ilə öz adına olan Kapital Bank kartına köçürtmüş, ABŞ dollarlarını isə Ceyhunun evinin yaxınlığında həyətdə gizlətmiş, 23.07.2021-ci il tarixdə Ceyhun evinə qayıtdıqdan sonra seyfinə baxmış və pulların orada olmadığını görüb onu və atasını yanına çağırmış, o ondan və atası Novruzdan pulları götürüb götürmədikləri soruşanda onlar pulları götürmədiklərini demişlər. 09 avqust 2021-ci il tarixdə atası Novruz ona demişdir ki, Ceyhuna müəyyən məbləğdə pul ödəməlidirlər ki, onlardan şikayət etməsin. O da Kapital Bankın Sumqayıt şəhərinin 41-ci məhəlləsində yerləşən filialında təxminən 3000 manat kredit borcunu ödəyib yenidən 2500 manat kredit götürmüş, həmin pulu gətirib atası Novruza vermiş, atası isə 800 manat borc pul taparaq həmin pulun üzərinə qoymuş və 3300 manat pulu aparıb Ceyhuna vermişdir. Bankda kreditini bağladıqdan sonra yerdə qalan pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etməyi tək planlaşdırmış və oğurluq edən zaman da tək olmuş, seyfi açıb oradan pul götürən zaman onu heç kim görməmiş, Bayrama açarın surətini çıxardan zaman Bayram ondan açar barədə heç nə soruşmamış və o da bu barədə ona heçnə deməmiş, yəni Bayramın onun oğurluq etməsindən məlumatı olmamışdır. Həmçinin ailə üzvlərinin də Ceyhunun evindən oğurluq etməsi barədə məlumatları olmamışdır. O seyfi açıb pulları oğurladıqdan bir neçə gün sonra dəniz kənarına gedib açarı dənizə tullamış, ona görə də həmin açarı istintaqa təqdim edə bilməmişdir. Zərərçəkmiş şəxs evindən oğurlamış olduğu pullardan təxminən 3000 manatını banka olan kreditini ödəmiş, qalan hissəsini isə şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o daimi olaraq ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, lakin yay aylarında Sumqayıt şəhəri, Qurd dərəsində yerləşən bağ evində yaşayırlar. Təxminən 4 ildir ki onun bağ evində Şahid2 bağbanlıq etmiş, o həyat yoldaşı Ruhiyyə ilə birlikdə daimi olaraq bağda yaşayıb bağında olan işləri görmüşlər. Onun oğlu Kamal isə əvvəlllər hərdən gəlib-getmiş, lakin sonradan Novruz əməliyyat olduğundan oğlu Kamal da gəlib bağda qalaraq atasına köməklik etməyə başlamış, Novruz həyat yoldaşı Ruhiyyə və oğlu Kamal ilə birlikdə bağında olan ayrıca tikilidə yaşamışlar. O Novruza tam etibar etdiyindən evinin, qarajın, istixananın və digər qapıların açarını ona vermiş, o özü də ailəsi ilə birlikdə hərdən bağa gələrək qalmışlar. 2020-ci ilin dekabr ayından “covid 19” viurusu ilə bağlı ailəsi ilə birlikdə bağa gələrək orada qalmağa başlamışlar, onlar evə heç vaxt daxil olmamışlar, lakin o bir iki dəfə evində olan vanna otağından istifadə edildiyini gördükdə kimin girdiyini soruşduqda sonradan Kamalın girdiyini bilmiş və əsəbiləşmişdir. Hətta Novruz da oğluna birdə evin içərisinə girməməsini tapşırmış, o bağda qaldığından özünə məxsus sənədləri, pulları yataq otağında olan ağ rəngli köhnə dəmir seyfə qoymuş, həmçinin oğlu Kanadada işlədiyindən o da hərdən ona pul göndərmiş və o həmin pulları da seyfə qoymuş, o iyul ayının sonlarında Rusiya Federasiyasına gedəcəyi üçün iyul ayının 19-da yataq otağında həyat yoldaşı Şəlalə ilə birlikdə seyfdə olan pulları saymış və 28700(iyirmi səkkiz min yeddi yüz) ABŞ dolları pulu və özünə məxsus xarici pasportu seyfin yuxarı gözünə qoymuş, o pulları 10000 ABŞ dolları, 10000 ABŞ dolları və 8700 ABŞ dolları olmaqla üç yerə bölüb seyfin yuxarı gözünə qoymuş və xarici pasportunu da onların yanına qoymuş, həmin günün səhərsi yəni 20.07.2021-ci il tarixdə o dostları və yeznəsi Əjdər Əliyev ilə birlikdə Xızı rayonuna gəzməyə getmişdir. Həmin günü bağda ailəsi və bacısı Könül İsmayılova və uşaqları olmuşdur. Əlavə olaraq da Kamal olmuşdur. Novruz və həyat yoldaşı Ruhiyyə Bərdəyə yas mərasiminə getmişdilər. Həmin günü ailəsi və bacısıgil evdə darıxmasınlar deyə, həmçinin qutab yemək istədiklərindən o onlara Novxanı qəsəbəsinə qutab yeməyə getməklərini demiş, onlar da təxminən 3-4 saatlıq Novxanı qəsəbəsinə qutab yeməyə getmişdilər. O həmin günü axşam saat 22 radələrində bağa gəlmiş və bağda hər şey qaydasında olmuş, o evə girdikdən bir qədər sonra ailəsi və bacısıgil də evə gəlmiş, o onlardan nə vaxt getdiklərini soruşduqda onlar ona 18:00 və 18:30 arası hava sərinləşdikdən sonra getdiklərini demişlər, o 23.07.2021-ci il tarixdə günorta saatlarında Rusiya Federasiyasına yola düşmək üçün evdən çıxdıqda seyfi açmışdır ki, pul və xarici pasportunu götürsün, seyfi açdıqda seyfdə olan sənədlərin dağınıq olduğunu və pul bağlamalarının da nazikləşdiyini hiss etmiş, tez pulları götürüb saydıqda bir 10000 min ABŞ dolları olan bağlamadan 1200 ABŞ dollarının, digər 10000 ABŞ dolları olan bağlamadan 900 ABŞ dollarının, digər 8700 ABŞ dolları olan bağlamadan 3300 ABŞ dollarının, ümumilikdə 5400 ABŞ dollar pulun olmadığını görmüş və tam dəqiq heç nə fikirləşmədən bir mənalı olaraq Kamalın oğurladığını anlamış, o dərhal Novruz və Kamalı çağırmış, Kamal Bakıda olduğundan o Novruza Kamalı çağırmasını demiş və təxminən 1 saatdan sonra Kamal evə gəlmiş, o Kamala seyfdən oğurladığı pulları qaytarmasını demişdir. Kamal həmin vaxtı özünü itirmiş, çünki görmüşdür o bir mənalı onun etdiyini bilir. O, yalandan pulunu oğurlamadığını deyərək ağlamağa başlamış, o onu dərhal bağdan qovaraq bağa gəlməməsini demişdir. Novruz və arvadı da ona Kamalın oğurluq etdiyindən xəbərlərinin olmadığı demişlər, o Novruza hazırda xaricə getdiyi üçün tələsdiyini, qayıdan kimi oğlunun pulunu verməsini demiş və Rusiya Federasiyasına getmişdir. O Novruza arvadıyla birlikdə pulunu qaytarana və təzə bağban tapana kimi bağda qalmasını demişdir. O 30.07.2021-ci il tarixdə ölkəyə qayıtmış və bağa gəlmişdir. Novruza oğlunun oğurladığı pulları qaytarmasını demiş, Novruz isə oğlunun oğurluq etmədiyini bildirmiş, o da məcbur olub ərazi üzrə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət etmiş, Novruzla oğlunu bölməyə çağırdıqları üçün Novruz onun polisə müraciət etdiyi günün səhərsi, yəni 01.08.2021-ci il tarixdə onun yanına gələrək oğlunun bir səhv etdiyini, 1 həftə möhlət verməsini, pulunu qaytaracağını demiş, o da etiraz etməyərək gözləmiş, 09.08.2021-ci il tarixdə Novruz ona 3300 manat pul düzəltdiyini, bölməyə verdiyini demiş, sonra həmin 3300 manat pul da ona qaytarılmışdır. Onun evindən oğurluq yataq otağında olan seyfdən olmuş, beləki seyfin qapısı açarla açılaraq orada olan pulların içərisindən 5400 ABŞ dolları oğurlanmış, o bir mənalı olaraq oğurluğu Kamalın etdiyini bilmiş, çünki onun evində həmişə adam olmuş, onlar olmayanda belə Novruz və ailəsi olmuş, özü də 19.07.2021-ci il tarixdə pulları sayaraq seyfə qoymuş və hər şey qaydasında olmuş, yalnız 20.07.2021-ci il tarixdə Xızı rayonunda olmuş, Novruz və arvadı da Bərdə rayonuna yas mərasiminə getmişlər, onun ailəsi də saat 18:00-18:30 arası evdən çıxaraq Novxanı qəsəbəsinə qutab yeməyə getmişlər və 3-4 saat evdə olmamışlar. Həmin müddətdə Kamal evdə tək olmuş, o fikirləşmişdir ki, onun seyfinin açarının dublikartını əvvəlcədən çıxardaraq 20.07.2021-ci il tarixdə seyfi açaraq oğurluq etmişdir. O bağa gəldikdə bütün açarları qonaq otağında olan mebelin üzərinə qoymuş və özü də həyətdə olmuş, yəni bir neçə saat həyətdə olub, evə girməmişdir. Ehtimal etmişdir ki, Kamal həmin vaxtı onun açarını götürərək kiməsə verib dublikartını çaxartdırmışdır. Atası da oğlunun oğurluq etdiyini bildiyi üçün onun pulundan 3300 manat pulu qaytarmış, bundan başqa Kamal bir neçə dəfə icazəsiz onun evinə girərək vanna otağından istifadə etmiş, o da bildikdə əsəbiləşmiş və Novruz da xəbəri olmadığını desə də Kamal özü etiraf etmişdir. Onun seyfindən konkret olaraq 5400 ABŞ dolları(9180 manat) pul oğurlanmış və ona 9180(doqquz min yüz səksən) manat maddi ziyan dəymiş, həmin puldan 3300 manatını ibtidai istintaq dövründə qaytarılmış, qalıq məbləği isə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qaytarmışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini bildirərək sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o uzun illərdir ki, Sumqayıt şəhəri mərkəzi bazarında “Karvan ticarət mərkəzi”nin yanında yerləşən açar sexində açar ustası işləyir. 2020-ci ilin noyabr ayının sonlarında bir nəfər şəxs onun iş yerinə gələrək açarın surətini çıxartmasını xahiş etmiş, o da ondan şəxsiyyət vəsiqəsini istədikdə həmin şəxs gedib şəxsiyyət vəsiqəsinin surətini çıxarıb gətirib ona təqdim etikdə, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Daha sonra o Kamalın ona verdiyi açarın surətini çıxarıb ona təqdim etmiş və Kamal çıxıb getmişdir. İstintaqa dəvət edilərkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 20.07.2021-ci il tarixdə həmin açarla gedib kiminsə evindən pul oğurlamışdır. Onun bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, təxminən 2017-ci ilin iyun-iyul aylarından etibarən o və oğlu Təqsirləndirilən şəxs Sumqayıt şəhərində Qurd Dərəsi bağlar massivi adlanan yerdə yerləşən “Maestro Ceyhun” adı ilə tanınan Zərərçəkmiş şəxs məxsus bağ evində fəhlə kimi işləmişlər, onların işləri bağdakı ağacları sulamaq, bağa və evə qulluq etməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs evin giriş qapısının açarının bir nüsxəsini çıxarıb ona vermişdi ki, onlar sərbəst evə daxil olub işlərini görə bilsinlər. Həmçinin Ceyhun onlar nəzarət edə bilsinlər deyə evin bütün otaqlarının qapısını da açıq qoymuşdur. Onlar orda işlədikləri müddətdə Zərərçəkmiş şəxs demək olar ki, hər 1-2 gündən bir bağ evinə tək, qohumları və ya ailə üzvləri ilə gəlib 5-6 saat, bəzən də gecəni qalıb səhəri gün çıxıb getmişlər. O oğlu Kamal və arvadı X1 ilə birlikdə həmin bağ evindən təxminən 1-2 kilometr aralıda kirayədə yaşamışlar. O orada həm bağban həmdə gözətçi kimi işləyib gecəni bağ evinin həyətində yerləşən tikilidə qalmışdır. Oğlu Kamal Zərərçəkmiş şəxs evində işlədiyi dövr ərzində evin kombisinə və digər texnikasına da nəzarət etmişdir. Təxminən 2020-ci ilin sentyabr ayının ortalarına yenədə Ceyhunun evində olarkən oğlu Kamal evdəki kombilərə nəzarət edib hər hansı nasazlığın olubolmamasını yoxlayırdı. Kamal evin 2-ci mərtəbəsinə qalxdıqdan sonra oradakı otaqlarda yerləşən kombilərə də baxmağa başlamışdır. Təxminən 05-06 iyul 2021-ci il tarixdə Ceyhun ailə üzvləri ilə birlikdə bağ evinə gəlmişlər və orada yaşamağa başlamışlar. 20.07.2021-ci il tarixdə o bağdan çıxıb getmiş, arvadı isə işə getmişdir. Həmin gün axşam saatlarında bağa qayıtmışdır. Sonra ona məlum olmuşdur ki, Ceyhun öz tanışları ilə rayona istirahətə getmiş və axşam ailə üzvləri ilə evə qayıtmışlar. 23.07.2021-ci il tarixdə Ceyhun bağda olarkən onu yanına çağırmışdır. Kamal Bakıda olduğundan Ceyhun ona Kamalı da çağırmasını demiş, o da Kamala zəng edib ora çağırmışdır. Təxminən 1 saatdan sonra Kamal həmin bağ evinə gəlmişdir. Ceyhun Kamala seyfdən oğurladığı pulları qaytarmasını demiş, Kamal pulu oğurlamadığını deyərək ağlamağa başlamışdır. Ceyhun da onu dərhal bağdan qovaraq ora getməməsini demişdir. O və arvadı Ruhiyyə ona Kamalın oğurluq etdiyindən xəbərinin olmadığını demişlər. Ceyhun ona hazırda xaricə getdiyi üçün tələsdiyini, qayıdan kimi Kamalın onun pulunu verməsini, vermədiyi halda polisə şikayət edəcəyini demiş və Rusiya Federasiyasına getmiş, Ceyhun həmçinin ona demişdir ki, pulunu qaytarana və təzə bağban tapana kimi bağda qalsınlar. Sonradan o Kamalla söhbət edərkən sonuncu ona etiraf etmişdir ki, ondan xəbərsiz həmin evdən açarı götürərək aparıb onun surətini çıxarıb, Ceyhuna məxsus seyfdən ümumilikdə 5400 ABŞ dolları məbləğində pulu götürüb, həmin puldan 3000 manatını aparıb «Kapital Bank»da kreditini bağlamış, qalanın isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. O da onu danlayaraq düzgün hərəkət etmədiyini, Ceyhunun onu həbs etdirəcəyi ilə hədələdiyini deyib, gedib Ceyhunla müəyyən məbləğdə pul ödəyəcəkləri ilə razılaşmalarının lazım olduğunu demişdir. Bunu da ona görə də demişdir ki, Ceyhun Kamaldan polisə şikayət etməsin. 01.08.2021-ci il tarixdə o Ceyhunun yanına gedərək oğlunun bir səhv etdiyini, 1 həftə möhlət verməsini, pulunu qaytaracaqlarını demişdir. O da etiraz etməyərək gözləmişdir. Sonra gəlib Kamala demişdir ki, Ceyhuna müəyyən məbləğdə pul ödəməlidirlər ki, şikayət etməsin. Kamal da Kapital Bankdan 2500 manat kredit götürüb, həmin pulu gətirib ona vermiş, o da 800 manat borc pul taparaq həmin pulun üzərinə qoymuş və 09 avqust 2021ci il tarixdə aparıb 3300 manat pulu Ceyhuna vermişdir. Oğlu Kamalın oğurluq etməsindən onun heç bir məlumatı olmamışdır. Sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi zərər tam olaraq ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03.11.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri könüllü olaraq tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 21.08.2021ci il tarixli qərarla CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24.11.2021-ci il tarixli (iş № 1(060)- 774/2021) qərarını icra edərək, 02.12.2021-ci il tarixli 1538/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-135/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-135/2022
07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver