Məhkəmə qərarları › İş №1(060)-135/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-135/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-135/2023 01.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Tumaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2021ci ilin may ayının ilk həftəsində Zərərçəkmiş şəxs ilə tanış olub sonuncuya Salyan rayonunda yerləşən N saylı hərbi hissənin hərbi qulluqçusu kimi xidmət edən qardaşı X2 xidmət yerini Sumqayıt şəhəri ərazisində yerləşən hərbi hissələrdən birinə dəyişdirəcəyi adı ilə yalan vədlər verib aldadaraq həmin işin görülməsi müqabilində 2021-ci ilin may ayının ilk həftəsində Bakı şəhəri 20 Yanvar dairəsi adlanan ərazidə çayxanada, ilkin olaraq 6000 (altı min) manat, 2021-ci ilin may ayının ilk həftəsində özünə məxsus "xxxx"a aid “**********824078” nömrəli hesab nömrəsinə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə köçürülmüş 3000 (üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda – 9000 (doqquz min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs tanışı Şahid2 vasitəsilə tanımışdır. Belə ki, İlhamla bir məclisdə tanış olub bir-birlərinin mobil telefon nömrələrini götürmüş, 2021-ci ilin aprel-may aylarında İlham ona zəng edib onun ailəvi yaxını olan Vüqar adlı şəxsin qardaşı Vüsalın Müdafiə Nazirliyinin X4 gizirlik kursundan Sumqayıt şəhərində yerləşən N saylı, 415 və ya Salyan rayonu N saylı hərbi hissənin nəzdində olan Sumqayıt şəhərində yerləşən rabitə bölüyünə ailə vəziyyəti ilə əlaqədar olaraq təyinatını dəyişmək istədiyini demiş və bu işdə onlara köməklik etməsinin mümkünlüyünü soruşmuşdur. O, bu məsələnin həll edilməsindən ötrü 9.000 manat pul lazım olduğunu İlhama bildirmiş, söhbətləri 2021-ci ilin may ayının ilk günlərində baş tutmuşdur. Daha sonra 2021-ci ilin may ayının ilk həftəsində dəqiq gününü xatırlamadığı tarixdə təxminən saat 18 radələrində İlham yanında olan Elşad və Vüqarla birlikdə onunla Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında yerləşən kafedə görüşərək 6000 manat pulu ona vermiş, yerdə qalan 3000 manatın isə karta yükləyəcəyini bildirmişlər. O, onlara özünə məxsus "xxxx" ASC-yə aid **********824078 nömrəli hesab nömrəsi vermiş, bundan bir gün sonra Vüqar həmin hesab nömrəsinə bu məsələ ilə bağlı 3000 manat pul göndərmişdir. Pulun müqabilində Zərərçəkmiş şəxs hərbçi olan qardaşı Vüsalın Sumqayıt şəhərində hərbi hissələrin birinə yerinin dəyişilməsini təmin edə bilməmiş, Vüqardan aldığı pulun müqabilində heç bir iş görməmiş, aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Vüqarın təqdim etdiyi əlyazma ona məxsus olmuş, Vüqardan aldığı pulu qaytaracağı ilə öz xətti ilə əlyazma yazıb Vüqara təqdim etmiş, maddi vəziyyəti yaxşı olmadığı üçün Vüqarın pulunu qaytara bilməmiş, bu işdə ona hər hansı başqa şəxs köməklik etməmişdir. Məhkəmə iclasının davamında Təqsirləndirilən şəxs göstərdi ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı məhkəmə zamanı tam şəkildə ödəmişdir. Bundan əlavə, zərərçəkmiş şəxsə vurulmuş ziyanın iyirmi beş faizi (2250,00 manat) miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs yeznəsi Şahid1 görə tanımış, Vüsal Aslanov onun doğma qardaşıdır, o, hazırda Salyan rayonunda yerləşən N saylı hərbi hissənin hərbi qulluqçusudur. Ailə vəziyyəti ilə əlaqədar olaraq qardaşı Vüsalın xidmət yerini Sumqayıt şəhəri ərazisində yerləşən hərbi hissələrdən birinə dəyişdirmək istəmişlər. Həmin ərəfələrdə, yəni 2021-ci ilin may ayında yeznəsi Elşad tanışı İlham adlı şəxsin tanışlarının olduğunu bildirib onunla görüşməklərini təklif etmişdir. Elşad və İlham sonuncunun tanışı olan işi düzəldəcək Ziya adlı şəxslə görüşdükdə, Ziya bu məsələni həll edə biləcəyini deyib ondan qardaşının anket məlumatlarını aldıqdan sonra təyinatının dəyişdirilməsinin mümkün olduğunu demiş, bu işin müqabilində ondan 9000 manat pul istəmişdir. Ziya ilə görüşü 2021-ci ilin may ayının ilk həftəsinə təsadüf etmiş, Ziya qeyd edilən məbləği tam aldıqdan sonra təyinatın bir ay ərzində həll olunacağına söz vermiş, bundan sonra, yəni 2021-ci ilin may ayının ilk həftəsində dəqiq gününü xatırlamadığı tarixdə ilkin olaraq 6000 manat məbləğində pulu Elşad və İlhamın iştirakı ilə Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında "xxxx" ASC-nin inzibati binası ilə üzbəüz yerləşən adını xatırlamadığı çayxanaların birində Ziyaya vermiş, qalan 3000 manat pulu isə ertəsi gün Ziyaya Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “MilliÖn” aparatından Ziyanın ona vermiş olduğu özünə məxsus "xxxx" ASC-yə aid **********824078 nömrəli hesab nömrəsinə yükləmiş, qəbzi də cırıb atmış, bu məsələləri qardaşına deməmişdir. Ziya söz verdiyi vaxtda işi görə bilmədiyindən ona zəng edib məsələ ilə bağlı maraqlandıqda, sonuncu müxtəlif bəhanələr gətirməyə başlamış, sonradan isə işin alınmayacağını deyib pulu qaytaracağına söz vermiş, öz əl yazısı ilə pulu qaytaracağına dair kağız yazıb imza etməklə də ona vermiş, həmin əlyazmanı ilkin izahatını verən zaman təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 9000 manat pulu qardaşı Vüsalın xidmət yerini dəyişməyi üçün 2021-ci ilin may ayının ilk həftəsində gününü xatırlamadığı tarixlərdə vermiş, pulu verən zaman və ya həmin söhbətlər barədə Vüsala heç bir söz deməmiş, Vüsalın hadisə barədə Ziyanın onları aldatmasından sonra məlumatı olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim olunmuş, notarial qaydada verilmiş 02 fevral 2023-cü il tarixli ərizəsində göstərilmişdir ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Şahid1 göstərdi ki, X3 onun qaynıdır, Vüsal hazırda Salyan rayonunda yerləşən N saylı hərbi hissənin hərbi qulluqçusudur. Digər qaynı Vüqar anası ilə birlikdə Vüsalın Salyan rayonundan təyinatını Sumqayıt şəhəri ərazisində yerləşən N saylı hərbi hissəyə və ya Sumqayıt şəhəri ərazisində yerləşən hərbi hissələrin birinə dəyişdirmək istəmişlər. Bu işdə qohumu İlhamın əlaqələri olduğunu güman edib ona müraciət etmiş, İlham isə tanıdığı Ziya adlı şəxsin vasitəçiliyi ilə bu işi həll etməyi təklif etmişdir. Bundan sonra Ziya adlı şəxslə İlham və Vüqarla birlikdə görüşmüş, Ziya onlarla söhbət edən zaman Vüsalın anket məlumatlarını aldıqdan sonra təyinatını həll edəcəyini demişdir. Bu işin müqabilində Vüqardan 9000 manat pul istəmiş, Ziya ilə görüşləri 2021-ci ilin may ayına təsadüf etmiş, Ziya qeyd edilən məbləği verdikdən sonra təyinatın bir ay ərzində həll olunacağına söz vermiş, Vüqar isə bundan sonra ilkin olaraq 6000 manat məbləğində pulu onun və İlhamın iştirakı ilə Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında yerləşən çayxanaların birində Ziyaya vermiş, yerdə qalan 3000 manat pulu isə ertəsi gün Vüqarla birlikdə Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “MilliÖn” aparatı vasitəsilə Ziyanın vermiş olduğu özünə məxsus "xxxx" ASC-yə aid bankomat kartına yükləmiş, Vüqar qardaşı Vüsala bu məsələni danışmamışdır. Ziya söz verdiyi vaxtda işi görə bilmədiyindən Vüqar ona zəng edib məsələ ilə bağlı maraqlandıqda, Ziya müxtəlif bəhanələr gətirməyə başlamış, sonradan işin alınmayacağını deyib pulu qaytaracağına söz vermiş, hətta Ziyanın öz yazısı və imzası ilə pulu qaytaracağına dair kağız vermişdir. Şahid2 istintaqa verdiyi ifadəsində (məhkəmə istintaqında iştirakı təmin edilmədiyindən ibtidai araşdırma zamanı verdiyi ifadə tədqiq edilmişdir) göstərmişdir ki, Təqsirləndirilən şəxs təsadüfən bir məclisdə görüb onunla tanış olmuş, onunla əvvəllər heç bir iş birliyi və s. kimi münasibətləri olmamışdır. O, Ziyanın hərbi xidmətdə işlədiyini bilmiş, Ziya özü də hərbi strukturda yaxşı tanışlarının olduğunu ona demişdir. 2021-ci ilin may aylarında tanışı Elşad qaynı Vüsalın xidmət yerinin dəyişdirilməsi məsələsinin həll edilməsini ona dedikdə, Ziya adlı şəxs vasitəsilə danışıb söhbət etməyi ona təklif etmiş, daha sonra Ziya ilə danışmış və Elşad və Vüqarla birlikdə Ziya ilə görüşmüşdür. Ziya bu məsələni həll edə biləcəyini, bu işin müqabilində Vüqardan 9000 manat pul istəmişdir. Ziya ilə görüşləri 2021-ci ilin may ayına təsadüf etmiş, Ziya qeyd edilən məbləği verdikdən sonra təyinatın bir ay ərzində həll olunacağına söz vermişdir. Vüqar isə bundan sonra ilkin olaraq 6000 manat məbləğində pulun onun və İlhamın iştirakı ilə Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında yerləşən çayxanaların birində Ziyaya vermiş, yerdə qalan 3000 manat pulu isə ertəsi gün Vüqar ona Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “MilliÖn” aparatından Ziyanın vermiş olduğu özünə məxsus "xxxx" ASC-yə aid bank kartına göndərmişdir. Vüqar qardaşı Vüsala bu məsələni danışmamış, Ziya söz verdiyi vaxtda işi görə bilmədiyindən Vüqar ona zəng edib məsələ ilə bağlı maraqlandıqda Ziyanın müxtəlif bəhanələr gətirməyə başlamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən, həmçinin Zaqatala rayon məhkəməsinin 1(033)-23/2022 saylı, xx.xx.2022ci tarixli qərarından və Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-33/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün Zaqatala rayon məhkəməsinin xx.xx.2022-ci tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Bundan əlavə, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyinin 121 saylı mənzil-kommunal istismarı sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində mənzil kommunal istismarı sahəsinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin (terminal nömrəsi: K0243013, əməliyyat İD: 1********) 806 saylı, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2250,00 (iki min iki yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabına köçürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədə o, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əsasən, Zaqatala rayon məhkəməsinin xx.xx.2022-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Hazırkı cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməlini isə o, 2021-ci ilin may ayının ilk həftəsində törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli Zaqatala rayon məhkəməsinin qərarı ilə cinayət məsuliyyətindən azad edildiyi tarixdən əvvəl törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ərizələrini, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun olan hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar