Məhkəmə qərarları › İş №1(060)-135/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-135/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-135/2025 04.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X3, X8, Hüseynov İsfahan Abbas oğulunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X6, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Dəvəçi rayonu Kolanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi X13 ev 6 mənzil 22 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “Həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, X1 məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 300,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən 16 avqust 2024-cü il tarixdə, saat 20:50 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, X13ndə yerləşən 6 saylı binanın yaxınlığında olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bağlamada olan narkotik vasitə qurudulmuş marixuana əynindəki köynəyin altına yerləşdirilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş ifadəsində göstərmişdir ki, o, narkotik vasitə alüdəçisidir. Əsasən narkotik vasitə olan heroindən istifadə etmiş, narkotiki tanımadığı şəxslərdən əldə etmişdir. Belə ki, bir müddət əvvəl qonşusu ilə dalaşmış, sonuncu ondan polisə şikayət etmişdir. Həmin gün səhər o, evdən çıxaraq işə getmiş, axşam evə qayıtdıqda 2 nəfər polis əməkdaşı gəldiyini onu axtardıqlarını ona demişlər. Səbəbini soruşduqda qonşusunun polisə verdiyi şikayət olduğu bildirmişlər. Dalaşdığı qonşusu ilə barışdığı üçün, polisə getməmiş, qonşusu şikayətini geri götürdüyünü ona bildirmişdir. Həmin hadisədən bir neçə gün keçməsinə baxmayaraq yaşadığı binanın yaxılığında yerləşən “All Marketin” yanında quraşdırılmış ödəmə terminalından pul köçürmək istəyərkən arxasında kimlərinsə olduğunu hiss etmiş, çevrildikdə PB-nin iki nəfər əməkdaşı İsmayıl və Zaur adlı əməliyyatçıların olduğunu görmüşdür. Onlar ona PB-nə getməli olduğunu bildirmiş, o, səbəbini soruşduqda çağırışlara gələmədiyi üçün getməli olduğunu izah etmişir. O, polis əməkdaşlarına artıq şikayətçinin şikayətini geri götürdüyünü, bu səbəbdən gəlmədiyini bildirmişdir. Bundan sonra onlar PB-nə getmiş, rəis tərəfindən qəbul edilmiş, nədən çağırışlara gəlmədiyi ondan soruşduqda, o, hörmətsizlik etmədiyini sadəcə dalaşdığı şəxsin ondan şikayətçi olmadığı üçün gəlmədiyini bildirmişdir. Eyni zamanda 1 il olar ki, azadlığa çıxdığını bildirmişdir. Bundan sonra onu Zaur adlı əməliyyatçının oatğına aparmışlar. Orada ona sellofan torbada olan marexuananı verərək həmin narkotikin ona məxsus olmasını boynuna almasını tələb etmişlər. Əks halda daha artıq çəkidə narkotiklə onu rəsmiləşdirəcəklərini bildirmişlər. O, bundan sonra razılaşmış, verilən sənədlərə imza atmaqla narkotikin ona məxsus olmasını etiraf etmişdir. Halbuki saxlanılarkən onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir k, narkotik vasitə olan heroindən çəkmək üsulu ilə istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 1 həftə öncə narkotikdən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən ona edilmiş təzyiq barədə heç bir yerə şikayət etməmişdir. Belə ki, azadlıqda olduğu üçün polis əməkdaşlarının dediklərini edə biləcəklərindən ehtiyat etmiş, bu səbəbdən narkotikin ona məxsus olmasını etiraf etmişdir. İbtidai isatintaq zamanı bu barədə hətta müstəntiqə və vəkilinə də deməmişdir. Saxlanıklarkən və PB-də olarkən polis əməkdaşları tərəfindən döyülməmişdir. Qeyd edir ki, hal-hazırda həbsdədir, yəni təhlükəsiz şəraitdədir. Bu səbədən narkotikin ona məxsus olmamasını, yüklənildiyini sərbəst surətdə ifadə edə bilir. Məhkəmədən ədalətli qərarın qəbul edilməsini xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitə alüdəçisi olmaqla, narkotik vasitəni tanımadığı şəxslərdən əldə etmişdir. Belə ki, 14 avqust 2024-cü il tarixdə, səhər saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Xızı rayonunda olarkən üzdən tanıdığı, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasından başqa barəsində məlumatı olmayan şəxslə qarşılaşmış, həmin şəxsdən 50 manata 01 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana almışdır. Aldığı sellofan bağlamanı əynindəki köynəyin altına yerləşdirib gizlədərək Sumqayıt şəhərinə, yaşadığı ünvana gəlmiş, həmin qurudulmuş marixuanadan istifadə etməyib yaşadığı ünvanda gizlətmişdir. 16 avqust 2024-cü il tarixdə, axşam saatlarında bədənində ağrılar başlamış və o, əldə eldiyi marixuanadan istifadə etmək qərarına gəlmişdir. Valideyni ilə birlikdə yaşadığı üçün narkotik vasitədən heç vaxt evdə istifadə etməmişdir. Buna görə də, əldə etdiyi qurudulmuş marixuanadan istifadə etmək və tapacağı yerdə gizlətmək niyyəti ilə marixuananın olduğu 01 ədəd sellofan bağlamanı əynindəki köynəyin altında yerləşdirərək gizlədib yaşadığı ünvanı tərk etmiş, həmin gün saat 20:50 radələrində yaşadığı binanın yəni Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, X13ndə yerləşən 6 saylı binanın yaxınlığında piyada olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ondan narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu üçün 2-ci PB-nə dəvət etmişlər, o qarşılıq vermədən polis əməkdaşları ilə birlikdə PB-nə gəlmiş, xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş, o da, əynindəki köynəyin altından 01 ədəd bağlamanı çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair əşya aşkar olunmamış və götürülməmişdir. Aşkar olunmuş həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona nə fiziki, nə də psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Belə ki, 16 avqust 2024-cü il tarixdə Bölmənin sabiq baş əməliyyat müvəkkili Şahid1 icraatına Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, X13 ev 6, mənzil 22 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuş, həmin məlumatlar icra olunması üçün bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılmış, qrupa rəhbərliyi Şahid1 etmişdir. Qeyd edir ki, yuxarıda göstərilən tarixdə, saat 20:50 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, X13ndə yerləşən 6 saylı binanın yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildiəirək 2-ci PB-nə dəvət etmişlər. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı sonuncuya üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, o, əynindəki köynəyin altında yerləşdirdiyi 01 ədəd polietilen bağlamanı çıxardaraq təqdim edib içərisində “nəşə”, yəni marixuana olduğunu demişdir. Həmin kütlə bağlama ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmiş, ekspertizaya təqdim olunması üçün zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında Şahid2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs nə o, nə də digər polis əməkdaşı tərəfindən təzyiq edilməmişdir. Aşkar edilmiş narkotik vasitə təqsirləndirlən şəxsin özünə məxsus olmuşdur, sonuncu özünü müdafiə etmək və məsuliyyətdən boyun qaçırmaq məqsədilə məqsədilə bu məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 2-ci PB-nin sabiq baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 avqust 2024-cü il tarixdə (saat 15:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 16 avqust 2024-cü il tarixdə, saat 20:50 dəqiqədə Elsevər İbrahimov CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19); 18 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 44-45) “təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 18 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:20-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 54-56); 18 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X7 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 58-59) “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 avqust 2024-cü il tarixli haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:50 dəqiqədə 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq PB-nin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki köynəyin altından 01 ədəd qara rəngli polietilen bağlama çıxardaraq təqdim etmiş, bağlamanın içində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, kütlə bağlama ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 325 qram olduğu müəyyən edilmiş, həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq möhürlənib imzalanmış, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuana kütləsinin ona məxsus olduğunu, Xızı rayonunda, üzdən tanıdığı şəxsdən istifadəsi üçün 50 manata əldə etdiyini, polis əməkdaşları tərəfindən ona fiziki, psixi zor tətbiq edilmədiyini bildirmişdir. (i.v 26-27). AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 17 avqust 2024-cü il tarixli 7/1372 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs imza Məhərəmmov Elsevər...” sözləri yazılmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 300,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 33-36). AR Səhiyyə Nazirliyi Respublika X9 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 21 avqust 2024-cü il tarixli 5747 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixastimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 85-86). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. AR DİN BƏSİİ alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin müxtəlif maddələri bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, o, sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin 28 aprel 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1, 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 25 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v.88-90) CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Elsevər Məhərrmov bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. “Sübutların qiymətləndirilməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Elsevər Məhərrmov CM-nin 234.1-ci maddəsilə ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Elsevər Məhərrmovun üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 300.0 qram (qalıq 299.5 qram) narkotik vasitə qurudulmuş marexuana, həmçnin sonuncunun üzərinə şəxsi axtarış və götürməni keçrilməsini əks etdirən 01 ədəd “DVD” diskdəki görüntünün maddi sübut hesab edilməsi nəzərə alınmış və həmin diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.94-98); Təqsirləndirilən şəxs məhkəmə çağırışlarından yayındığı üçün Sumqayıt şəhər məhkəməsinin 1(060)-135/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. AR ƏN Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, əvvəllər narkotik vasitə istifadə etsə də, 16 avqust 2024-cü il tarixdə tutulduğu vaxt üzərində qanunla qadağan olunmuş hər hansı maddə olmadığını barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Elsevər Məhərrmov ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə iclasında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə vermək Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. Belə ki, iş materiallarını tədqiq edərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bundan əvvəl də bir neçə dəfə CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda hətta məhkəmə proseslərinin davam etdiyi müddətdə narkotik vasitədən istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və PB-nə gətirilərkən onun üzərində narkotik vasitə olmamış, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş marexunana ona məxsus olmamışdır. Həmin narkotiki polis əməkdaşları onu təhdid etdiyi üçün çarəsiz qalıb boynuna götürmüş, sənədləri imzalamışdır. Saxlanılarkən və PB-nə gətirilərkən polis əməkdaşları tərəfindən döyülməmişdir. Təzyiq yalnız təhdiddən ibarət olmuşdur. Lakin bu barədə nə ibtidai istintaq müddətində, nə də sonraki mərhələdə heç bir orqana şikayət etməmişdir. Şikayət etməməsinə səbəb isə barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi olmuşdur ki, çöldə olduğundan hər an polis əməkdaşlarının dediklərini edə biləcəklərindən ehtiyat etmişdir. Yalnız barəsində həbs qətimkan tədbiri seçildikdən sonra özünü təhlükəsiz hiss etmiş, bu səbəbdən baş verənləri olduğu kimi danışmaq qərarına gəlmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu məzmunda ifadəsi özünün uydurma mexanizm əsasında qurduğu təxəyyülünün məhsuludur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Göründüyü kimi hazırkı iş üzrə təqsirləndirilən şəxs təhdid edilməsi ilə ilə bağlı heç bir orqana şikayət etməmiş, ibtidai istintaq zamanı ifadəsində əməlini etiraf etmiş, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər edilmədiyini, heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Lakin məhkəmə istintaqı zamanı o, saxlanılarkən təhdid edildiyini bildirmiş və ifadəsini dəyişmişdir. Halbuki Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək azadlıqda olmuş, barəsində edildiyini iddia etdiyi hərəkətlər barədə aidiyyatı üzrə şikayət verməyə kifayət qədər geniş imkanları olmuşdur. Onun hal-hazıda özünü təhlükəsiz hiss etməsi barədə verdiyi ifadəsi ağlabatan olmamaqla, qəbul edilən hesab edilməməlidir. Təqsirləndirilən şəxs özünün də etiraf etdiyi kimi o, hal hazırda da narkotikdən istifadə etmiş, hətta sonuncu dəfə xx.xx.2025-ci il tarixdə narkotik vasitə heroindən istifadə etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hər bir hal məhkəmə tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz ibitdai istintaq zaman verdiyi ifadəsi onun bu cinayət əməli ilə təqsirli olması ilə bağlı sübut növlərindən biri kimi qəbul edilməlidir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən marexunanın 0.5 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməlin cinayət olmasını aradan qaldıran və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halı müəyyən etməmişdir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisini, bundan əvvəl də qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etdiyi üçün məhkum olunmasını, buna baxmayaraq islah olunmamasını və yenidən narkotik vasitələri qanunsuz olaraq əldə etməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-in 65.2ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 299,95 qram narkotik vasitə qurudulmuş marexuana məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdən 18 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 10 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 299,95 qram narkotik vasitə olan qurudulmuş marexuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar