Məhkəmə qərarları › İş №1(060)-136/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-136/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-136/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsi, ev 50 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,239 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 31.10.2020-ci il tarixdə saat 20:59-da Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində saxlanılaraq 2-ci PB-ə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd “Vinston” markalı siqaret qutusunun içərisində şəffaf sellofana bükülmüş 0,239 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təqribən 1 ay olardı narkotik vasitə olan heroin istifadə edirdi. 31.10.2020-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar metrostansiyasının ətrafından üzdən tanıdığı, lakin, adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata narkotik vasitə olan “heroin” əldə edib üzərində olan “Vinston” siqaretinin qutusunun içərisində saxlamış, sonra Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə qayıtmış, 31.10.2020-ci il tarixdə saat 20:55 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yolun kənarı ilə piyada hərəkətdə olan zaman mülki geyimli və polis geyimində olan şəxslər tərəfindən saxlanılmış, həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, daha sonra ondan özünü təqdim etməyi xahiş etmişlər. O, özünu təqdim etdikdən sonra polis əməkdaşları onun hüquq və vəzifələrini izah edərək, üzərində narkotik vasitələrin qanunsuz saxlamaq, daşımaqda şübhəli olduğu üçün saxlanmağını ona demişlər. Sonra əlverişli şərait olmadığı üçün şəxsi axtarış aparılmasından ötrü onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparmışlar. Polis əməkdaşları razılığı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını, axtarış aparılmazdan əvvəl üzərində hər hansısa qanunsuz əşya və ya maddənin olub-olmamasını soruşaraq olduğu halda təqdim etməyini demişlər. O, da əynində olan qara rəngli gödəkcənin sol yan cibindən “Vinston” siqaret qutusunun içərisində şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Onun iştirakı ilə üzərindən aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilərək, çəkisinin 0,38 qram olması müəyyən olunmuşdur. Həmin büküm zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və o, da protokolu, eyni zamanda zərfi imzalamışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunan narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxladığını və həmin narkotik vasitədən heç kimə satmadığını və ya hədiyyə vermədiyini bildirmiş və narkotik vasitəni tanımadığı şəxsdən, Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-də əməliyyat müvəkkili kimi xidmət edir, rütbəsi polis leytenantıdır. 31.10.2020-ci il tarixində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, ev 7, mənzil 31-də qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, K.Pereküşkül qəsəbəsi, ev 50-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nın kiçik əməliyyat müvəkkilləri, polis baş serjantı X5, Şahid3, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı X3, kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis mayoru X6 ibarət əməliyyat qrupu təşkil etmiş və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakını təmin etmişlər. Saat 20:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsinə gəlmişlər və orada olan zaman inspektor-kriminalist Rasim Paşayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Saat 20:59 radələrində Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs görüb saxlamış və özlərini təqdim etdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmiş, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün videoçəkiliş dayandırılmadan PB-nə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə videoçəkiliş dayandırılmadan Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən “vinston” markalı bir qutu siqaret çıxartmış, həmin siqaret qutusunun içərisində 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükülünün içərisində nə olduğu soruşulmuş, Təqsirləndirilən şəxs həmin 01 ədəd şəffaf sellofan bükülünün içərisində narkotik vasitə olan «heroin» olduğunu bildirmişdir. Həmin 01 ədəd şəffaf sellofan bükülünün içərisinə baxarkən qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 31.10.2020-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında tanımadığı bir şəxsdən 10 manata özü istifadə etmək üçün aldığını, aldığı narkotik vasitəni üzərində saxlayaraq istifadə etmək üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək və protokol tərtib olunmasına şərait olmadığından həmin kütlə tərəflərindən götürülmüş və videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin gümüşü rəngli siqaret kağızları ilə birlikdə 0,38 qram olması müəyyən olunmuş və bu barədə telefonun kamerasından istifadə edilməklə fotoşəkillər çəkilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, onun həmin narkotik maddəni 31.10.2020-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar metrostansiyası ətrafından adını bilmədiyi və tanımadığı şəxsdən 10 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektorları, polis baş serjantı Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 31.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01.11.2020-ci il tarixli, 6/2350 №li məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №126”dairəvi möhür əksi olan və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,239 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan - heroindir(heroinin təmiz çəkisi-0,239 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,189 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 19.11.2020-ci il tarixli 3252 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 04.12.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 02.11.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,189 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 23.01.2021-ci il tarixli (iş № 1(060)-136/2021) qərarını icra edərək, 27 yanvar 2021-ci il tarixli 26 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsi, ev 50 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,189 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar