Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-136/2022 12.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) bükümdə, təmiz çəkisi 1,309 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 28 avqust 2021-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 23-cü məhəllə, keçid 7, ev 11/206 ünvanının qarşısında saxlanılaraq Polis İdarəsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümdə və çəkidə olan narkotik vasitə olan heroin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur. Evlidir. xx.xx.2021-ci il tarixdə səhər saat 09:00 radələrində polis əməkdaşları onun yaşadığı evə daxil olaraq onu Sumqayıt ŞPİ-nə aparmışlar. O üzərində narkotik vasitə olmadığını, bir gün əvvəl əmisinin yoldaşı ilə mübahisə etdiyini və əmisinin yoldaşının DİN-nin 102 zəng xidmətinə zəng edərək polis əməkdaşlarını onun yaşadığı evə çağırdığını bildirmişdir. Sumqayıt ŞPİ-də polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunmuş və ona görə də, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu demişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat və ilkin məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur. Evlidir. Təxminən 9 aya yaxındır ki, narkotik vasitə heroini zərdə yandırmaq üsulu ilə tüstüsünü qəbul edir. xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimdə 03 nəfər şəxs ona yaxınlaşmış və özlərinin polis işçisi olduğu bildirdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Həmin vaxt üç nəfərdən biri onun əllərindən möhkəm yapışdığına görə o, öz istifadəsi üçün gəzdirdiyi heroini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən polis idarəsinə aparılmışdır. Sumqayıt ŞPİ-də xidməti otaqların birində onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, daha sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, həmin bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə narkotik vasitə heroinin elektron tərəzidə çəkilmiş və həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Sumqayıt ŞPİ-nə gətirilən zaman və Polis İdarəsinin özündə ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə heroindir, ona məxsusdur və həmin narkotik vasitə olan heroini xx.xx.2021-ci il tarixdə günorta saatlarında Novxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 (on beş) manat verib almış, öz istifadəsi üçün üzərində gəzdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. 28 avqust 2021-ci il tarixdə ünvan 3 ünvanda yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı idarə rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşları Şahid1 və Şahid3 iştirak etmişlər. xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi Zoya Hüseynovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Götürülmüş bükümə baxış zamanı həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmiş ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur, 25 avqust 2021-ci il tarixdə Novxanı qəsəbə ərazisində tanımadığı şəxsdən 15 (on beş) manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İlkin əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə qeyri dəqiq məlumat daxil olsa da, lakin əməliyyat axtarış tədbirlərinin davamında onun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. O, polis əməkdaşları tərəfindən tutulan zaman onlar evdə olmadığını və nəvəsinin ad günü olduğuna görə Bakı şəhəri, Hövsan qəsəbəsində olmuşlar. Əvvəllər də 2-3 dəfə polis əməkdaşları onu tutub aparmışlar, lakin bir neçə gün sonra yenə də çıxıb gəlmişdir. Axırıncı dəfə tutulmağı yadında qalmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqda videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, ondan aşkar olunan maddəni 03 (üç) gün bundan əvvəl Novxanı qəsəbə ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 (on beş) manata almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə sellofanla birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman, həmin bükümün içərisindəki maddə ilə birlikdə çəkisinin 1,53 qram olduğu müəyyən edilmiş, həmin büküm zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİNnin 124 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs vəkil Zoya Hüseynovanın suallarını cavablandraraq polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir zor və təziqlə qarşılaşmadığını, şikayəti olmadığını bildirir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 avqust 2021 -ci il tarixli, 6/3744 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: « Vət...Təqsirləndirilən şəxs aşkar olunmuş...» yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,309 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi - 1,309 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 1,259 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının 27 sentybar 2021ci il tarixli, 3653 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,309 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,259 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-136/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx/xx-4307 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Sumqayıt Mənzil Kommunal X1 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağı vardır (xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-352/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 352/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 02 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də 270 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaslı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 1,309 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,259 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkizi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,259 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ013501**********6944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-136/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-136/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver