Məhkəmə qərarları › İş №1(060)-136/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-136/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-136/2023 24.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-ci ildə Ermənistan Respublikası, Yexeqnadzor şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivi, fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay,işləməyən, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 3 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən 22 nömrəli məktəbin yaxınlığında satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,423 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 5 (beş) manata əldə edib üzərində saxlayaraq daşımış, 25 avqust 2022-ci il tarixdə saat 19:34-də Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 22 nömrəli məktəbin yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,423 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin şalvarının sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kimyəvi komponentlərinə görə eyni olan 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,570 qram və 0,423 qram, ümumi təmiz çəkisi 0,993 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində daşıyaraq saxlamış, 25 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən 22 nömrəli məktəbin yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,423 qram narkotik vasitə heroini 5 (beş) manata satmış, 25 avqust 2022-ci il tarixdə saat 19:34-də Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən 22 nömrəli məktəbin yaxınlığında Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nin, 3-cü PB-nə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan şalvarının sağ arxa cibində saxlamış olduğu 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,570 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə il olar ki, narkotik vasitə heroindən istifadə edir. Narkoman kimi rəsmi olaraq qeydiyyatdadır. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə almaq qərarına gəlmişdir. 25 avqust 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən 22 nömrəli məktəbin yaxınlığında görüşmüşdür. Təqsirləndirilən şəxs2 üzərində 2 bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs2 5 manata bir bükümdə narkotik vasitə heroin almış, digər bükümü isə Təqsirləndirilən şəxs2 üzərində qalmışdır. Həmin gün saat 19-20 radələrində 22 nömrəli məktəbin yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib onu və Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəsində üzərlərində gəzdirməklərində şübhəli olduqları üçün Sumqayıt şəhər 3-cü polis bölməsinə dəvət etmişlər. Xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əynindəki şalvarının sağ yan cibinin kiçik cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşmandır. İİİ dərəcə əlilliyi olan şəxsdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə heroindən istifadə edir. Əvvəllər məhkum olunmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 2 gün əvvəl Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən 20 manat dəyərində 2 bükümdə narkotik vasitə heroin almış və üzərində saxlamışdır. 25 avqust 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən 22 nömrəli məktəbin yaxınlığında görüşmüşdür. Təqsirləndirilən şəxs1 bədənində ağrı olduğundan ondan narkotik vasitə heroin istəmişdir. O, da hər hansı qanzanc etmədən aldığı bir bükümünün qiyməti, yəni 5 manata ona vermişdir. Digər bükümü isə üzərində qalmışdır. 25 avqust 2022-ci il tarixdə axşam saatlarında 22 nömrəli məktəbin yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, onu və Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəsində üzərlərində gəzdirməklərində şübhəli olduqları üçün Sumqayıt şəhər 3-cü polis bölməsinə dəvət elmişlər. Onlarda etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişlər. Orada xidməti otaqda onu ora gəlirən polis işçiləri və ona dövlət hesabına ləyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim elməyi təklif olunmuş, o, da əynindəki şalvarının sağ arxa cibində olan bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 25 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi barədə, həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə etməsi, gəzdirməsi, saxlaması və satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin, 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşları Şahid2 və X8 iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən 22 nömrəli məktəbin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə ilk öncə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs1 də əynində olan şalvarının sağ yan kiçik cibində saxlamış olduğu 1 ədəd siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ilə aparılan şifahi sorğu zamanı o, bildirmiş ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur, saxlanıldığı gün, yəni 25 avqust 2022- ci il tarixdə onunla birlikdə saxlanılan tanışı Teymur adlı şəxsdən öz istifadəsi üçün 5 manata almışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə olan narkotik vasitə olan heroinə bənzər maddə qablaşdırılmış və möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bundan sonra videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi Ələsgər Məmmədovun iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Temur Quliyev də əynində olan şalvarının sağ arxa cibində saxlamış olduğu 1 ədəd siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 ilə aparılan şifahi sorğu zamanı o, bildirmiş ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur, saxlanılmamışdan 2 gün əvvəl Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən 20 manata 2 ədəd bükümdə narkotik vasitə almış, 1 ədəd bükümdə narkotik vasitə heroini 25 avqust 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 5 manata Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən 22 nömrəli məktəbin yaxınlığında satmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə olan narkotik vasitə olan heroin qablaşdırılmış və möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin və Təqsirləndirilən şəxs2 əməlində həmin məcəllənin 234.2-ci maddəsinin əlamətləri olduğundan barələrində ********* nömrəliı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 9-cu mikrorayonda xx.xx.2022-ci il tarixdə saat 19:34-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən əvvəlcə ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmadığı soruşulmuş, belə əşya və predimet varsa könüllü şəkildə çıxarıb təqdm etməsi təklif edilmiş, təklif əsasında Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarın sağ yan kiçik (piston) cibindən gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etdi. Verilən şifahi suallara cavab olaraq əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik (piston) cibindən çıxarıb təqdim etdiyi 1 büküm kütlənin narkotik vasitə “kakos” olduğunu bildirdi. Həmin gümüşü rəngli siqaret kağızı bükümü açıldıqda onun içərisində tünd qəhvəyi rəngli maddə imzası müəyyən edildi. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, üzərindən aşkar olunmuş 01 bükümdə “kakosu” bu gün, yəni xx.xx.2022-ci il tarixdə tanışı Teymur adlı şəxsdən bükümünü 5 (beş) manata Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirildi və üzərindən hər hansı əşya və predmet aşkar edilmədi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş ümumilikdə 01 ədəd gümüşü rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli maddə gümüşü kağızla birlikdə elektron tərəzidə çəkildi və çəkisi 0,49 qram oldu. Həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı və DİN-nin 127 saylı möhürü ilə möhürləndi, zərfin üzərində müvafiq qeydlər aparıldı və imzalandı. İş materiallarında olan məhkəmə ekspertizasının 6/4546 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 127” möhür əksi, “Təqsirləndirilən şəxs1 üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,423 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Tədqiqata tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,373 qram heroin qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı MKS tərəfindən verilmiş 558 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailə tərkibi anası-1956-cı il təvəllüdlü X9, bacısı-1980-ci il təvəllüdlü X7, bacısı-1984-cü il təvəllüdlü X6, qardaşı-1986-cı il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2001-ci il təvəllüdlü İsayev Canpolad adlı övladı vardır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 4843 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərinin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal- hazırda Təqsirləndirilən şəxs1 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇSlə Mübarizə Mərkəzi tərəfindən verilmiş 04-01/08-180 saylı, xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Respublika QİÇS-lə Mübarizə Mərkəzində xx.xx.2013-cü il tarixdən İİV-13/011 kodu ilə qeydiyyata götürülmüşdür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, 22 nömrəli məktəbin yaxınlığında xx.xx.2022-ci il tarixdə saat 19:34-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-361/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona narkotik vasitələrin istifadəsində, saxlanmasında və Məhəmməd adlı şəxsə satmasında şübhəli bilindiyi üçün saxlanıldığı bildirildi, daha sonra isə hüquq və vəzifələr barədə bildiriş, tutulması barədə protokol, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim olundu, video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanıldı və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etdi, verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd qara rəngli siqaret kağızında olan bükümdəki maddənin kakos olduğunu, həmin maddəni 2 gün əvvəl Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını, təxminən 15 ildir ki, inyeksiya yolu ilə narkotik vasitə istifadə etdiyini, bugün ağrıları olduğu üçün Məhəmməd adlı dostuna 5 manat məbləğində satdığını bildirdi, Həmin büküm açılan zaman onun içərisindən narkotik vasitə olan heroinə bənzər maddə aşkar olundu. Eyni zamanda Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa əşya və ya predment aşkar olunmadı. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş maddə elektron tərəzidə çəkildi, qara kağızda olan narkotik vasitə olan heroinə bənzər maddə kağızla birlikdə çəkisi 0,83 qram oldu, həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-nin 127 saylı möhürü ilə möhürləndi, üzərində qeydlər aparılaraq imzalandı. İş materiallarında olan məhkəmə ekspertizasının 6/4547 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 127” möhür əksi, “Təqsirləndirilən şəxs2” oğlunun üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,570 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş heroin kütləsi ilə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş heroin kütləsi (maddə barədə xx.xx.2022-ci il tarixli 4546 saylı ekspert rəyi verilmişdir) kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,520 qram heroin qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 4857 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, birinci diskə daxil olduqda 01 ədəd qovluq olduğu müəyyən edilir. Həmin qovluqda olan videogörüntüdə 25 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri. 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən 22 nömrəli məktəbin yaxınlığında saxlanılmış ünvan 7 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı, polis başleytenantı Taleh Şahbazov tərəfindən Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd siqaret kağızına bükülmüş bir bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunduğu, həmin bükümün siqaret kağızı ilə birlikdə çəkisi 0.49 qram olduğu müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin aşkar olunmadığı görünür, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, 25 avqust 2022-ci il tarixdə tanışı Teymur adlı şəxsdən 5 manata aldığını bildirmişdir. Bundan sonra ikinci diskə daxil olduqda 01 ədəd qovluq olduğu müəyyən edilir. Həmin qovluqda olan videogörüntüdə 25 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyoc küçəsində yerləşən 22 nömrəli məktəbin yaxınlığında saxlanılmış Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev pr. ev 48 üvanında yaşayan Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı, polis baş-leytenantı Taleh Şahbazov tərəfindən Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd siqaret kağızına bükülmüş bir bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunduğu, həmin bükümün siqaret kağızı ilə birlikdə çəkisi 0.83 qram olduğu müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin aşkar olunmadığı görünür, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, saxlanılmamışdan 2 gün qabaq Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən 20 manata iki bükümdə narkotik vasitə aldığını, bir bükümünü 25 avqust 2022-ci il tarixdə tanışı Məhəmməd adlı şəxsə 5 manata satdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspetizasından sonra qalıq qalmış təmiz çəkisi 0,373 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və məhkəməkimyəvi ekspetizasından sonra qalıq qalmış təmiz çəkisi 0,520 qram narkotik vasitə heroin, üzərlərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək 2 ədəd DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarında olan "şəxsi axtarış və götürmə haqqında” protokollardan və protokollara əlavə edilmiş DVD disklərdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə narkotik vasitə heroinin kağız ilə birlikdə çəkisi 0,49 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə narkotik vasitə heroinin kağız ilə birlikdə çəkisi 0,83 qram olmuşdur. Lakin cinayət işinin materiallarında olan məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi 0,423 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi 0,570 qramdır. Belə ki, narkotik vasitənin çəkisindəki fərqin polis əməkdaşları tərəfindən həmin küllənin büküm ilə birlikdə elektron tərəziyə qoyularaq miqdarının hesablandığı nəzərə alınmaqla daha yüksək dəqiqlikli ekspert tədqiqatları göstəricisi mötəbər sübut kimi qəbul edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən diskdən, məhkəməkimyəvi ekspertizasının rəyindən, digər təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs1 müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspetizasından sonra qalıq qalmış təmiz çəkisi 0,373 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspetizasından sonra qalıq qalmış təmiz çəkisi 0,520 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərinin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 110,00 (bir yüz on) manat Təqsirləndirilən şəxs1, 110,00 (bir yüz on) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-847/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1642 saylı orderə əsasən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1, xx.xx.2022-ci il tarixli 1662 saylı oderə əsasən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 216 (iki yüz on altı) manat (108+108) dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivi, fərdi yaşayış evini tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspetizasından sonra qalıq qalmış təmiz çəkisi 0,373 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspetizasından sonra qalıq qalmış təmiz çəkisi 0,520 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110,00 (bir yüz on) manat Təqsirləndirilən şəxs1, 110,00 (bir yüz on) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat, Təqsirləndirilən şəxs2 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar