Məhkəmə qərarları › İş №1(060)-136/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-136/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-136/2025 25.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Ağdaş rayonu, Ağdaş şəhəri, H.Əliyev prospekti 1/6 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə 2024-cü ilin yanvar ayı ərzində kirayə yaşadığı X5ma məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 25, 4 nömrəli evdən ev sahibinin qardaşı Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 400 (dörd yüz) manat dəyərində olan işlənmiş “Javel 312” markalı soyuducunu, 01 ədəd 350 (üç yüz əlli) manat dəyərində olan işlənmiş “LG” markalı, 3D smart tipli, 42LW5500 model olan televizoru, 01 ədəd 400 (dörd yüz) manat dəyərində olan işlənmiş “LG” markalı, LG 422 model olan kondisioneri, 01 ədəd 350 (üç yüz əlli) manat dəyərində olan təzə “Javel 6230FCDE” modelli qaz sobasını. 01 ədəd 250 (iki yüz əlli) manat dəyərində olan təzə “Javel 45°qara şüşəli” modelli aspiratoru, hər biri 250 (iki yüz əlli) manat dəyərində olan, ümumilikdə 750 (yeddi yüz əlli) manat dəyərində 03 ədəd təzə yataq dəstini, hər biri 100 (bir yüz) manat dəyərində olan, ümumilikdə 400 (dörd yüz) manat dəyərində 04 ədəd təzə yataq dəstini, 01 ədəd 120 (yüz iyirmi) manat dəyərində olan təzə qaşıq dəstini, 01 ədəd 110 (yüz on) manat dəyərində təzə termus samovarı, 01 ədəd 160 (yüz altmış) manat dəyərində təzə blenderi, 01 ədəd 100 (bir yüz) manat dəyərində təzə pakrovah, 01 ədəd 300 (üç yüz) manat dəyərində təzə pakrovah 01 ədəd 55 (əlli beş) manat dəyərində təzə süfrəni və 01 ədəd 391 (üç yüz doxsan bir) manat dəyərində üzərində “Allah” sözü yazılmış təzə suveniri gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 4136 (dörd min yüz otuz altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində 523 saylı marşrut avtobusuna minərək avtobusda olan sərnişin Zərərçəkmiş şəxs2 çantasının ağız hissəsini açıb əlini çantanın içərisinə salaraq, oradan içərisində 400 (dörd yüz) manat pul, "xxxx" ASC-yə məxsus bank kartı, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi olan qırmızı rəngli, 05 manat dəyərində olan pul kisəsini çantasından çıxarmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 405 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024- cü il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində 523 saylı marşrut avtobusunda olan sərnişin Zərərçəkmiş şəxs2 məxsus çantadan pul kisəsini gizli olaraq talayıb pul kisəsinin içərisindəki Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş 5315 **** **** 3000 nömrəli “Bolkart” plastik kartını əldə etdikdən sonra, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən "xxxx" ASC-nə məxsus ATM-in qarşısına gələrək kartın üzərində olan dörd rəqəmli kodu daxil edib ATM-dən istifadə elməklə sonuncunun kart hesabından 550 (beş yüz əlli) manat məbləğində nağd pulu çıxardaraq Zərərçəkmiş şəxs2 550 (beş yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla informasiya texnologiyalarından istifadə edərək oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, keçmiş həyat yoldaşı Şahid ilə birlikdə ünvan 2 ünvanında kirayədə yaşamışdır. Xəstələndiyi üçün bir müddət işləyə bilməmişdir. Pula ehtiyacı yarandığı üçün o, kirayə yaşadığı evin əşyalarını satmaq qərarına gəlmişdir. O, təxminən 2024-cü ilin yanvar ayı ərzində evdə olan 01 ədəd LG markalı televizoru, 01 ədəd Javel markalı soyuducunu və 01 ədəd LG markalı kondisioneri “İnstaqram” sosial şəbəkəsindən əldə etdiyi telefon nömrələri ilə əlaqə saxlayaraq həmin əşyaları ümumilikdə 500 manata satmış və həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Həmin evdən əlavə hər hansı əşya götürməmişdir. Keçmiş həyat yoldaşı Türkana əşyaları servisə aparmasını bildirmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində o, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Bolmarket”ə gedərkən yolda qırmızı rəngli pul kisəsi tapmışdır. O, pul kisəsini açmış və həmin pul kisəsinin içərisində şəxsiyyət vəsiqəsi, bir neçə ədəd bank kartı olmuşdur. Kartlardan birinin üzərində kod olmuşdur. O 5-ci mikrorayon ərazisində yerləşən “Unibank”a yaxınlaşıb orada olan bankomatdan 550 manat pul çıxarmış və həmin pulları da öz ehtiyacı üçün xərcləmişdir. Pul kisəsini isə kirayə yaşadığı evə aparmışdır. O, həmin evdən başqa əşya götürüb satmamışdır. Pul kisəsini tapanda içərisində pul olmamış, ancaq şəxsiyyət vəsiqəsi və kartlar olmuşdur. O, bundan başqa yerdən oğurluq etməmişdir. O, Zərərçəkmiş şəxs2 çantasından pul kisəsini oğurlamamışdır. O, pul kisəsini tapmış və orada olan kartdan 550 manat pul oğurlamışdır. Bankomatdan pul çıxardıqdan sonra şəxsiyyət vəsiqəsini və bank kartlarını yolun kənarında bir yerə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Saray qəsəbəsi ərazisində “Saray körpüsü” adlanan yerdən iş yerinə getmək üçün 523 nömrəli marşrut avtobusuna minmişdir. O, avtobusa minəndə sağ çiynində çanta olmuşdur. O, Sumqayıt şəhəri, 17-ci mikrorayon dairəsi ərazisində çantanın düyməsi açıq olduğunu görmüşdür. O, heç bir şeydən şübhələnməmiş və çantanın düyməsini bağlamışdır. O, “Şərq Bazarı”nın yaxınlığında avtobusdan düşmüş və 7 nömrəli avtobusa minmişdir. O, “Göyçay” marketin qarşısında avtobusdan düşmüş və pul vermək üçün çantanı açan zaman çantasında olan qırmızı rəngli pul kisəsinin çantada olmadığını aşkar etmişdir. Bundan sonra ona pul kisəsinin oğurlandığı məlum olmuşdur. Buna görə də o, dərhal DİNnin 102 xidmətinə məlumat vermişdir. Sonra isə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət etmişdir. Pul kisəsində 400 manat nağd pul, ona məxus "xxxx" tərəfindən verilmiş “Bolkart” bank kartında isə 550 manat pul olmuşdur. Bundan başqa pul kisəsində özünə məxsus şəxsiyyət vəsiqəsi və sığorta kartı olmuşdur. O, 523 nömrəli avtobusda olarkən onun arxasında orta yaşlı, üzü tüklü, əynində isə qara rəngli dəri gödəkçə olan bir nəfər olmuşdur. Həmin şəxs onun yanından çox yavaş keçib düşmüşdür. O, həmin şəxsdən şübhələnmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 950 manat maddi ziyan dəymişdir. Oğurlanmış pul kisəsini təxminən iki il əvvəl 30 manata almışdır. Həmin pul kisəsinin hazırki bazar qiyməti təxminən beş manat təşkil edir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 qızı ifadəsində göstərmişdır ki, ünvan 3 ünvanında yerləşən ev onun bacısı X4 məxsusdur. Onun bacısı ailəsi ilə birlikdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşadığı üçün o, təxminən bir il əvvəl bacısının razılığı ilə həmin evi məişət əşyaları ilə birlikdə Rəsul adlı şəxsə kirayə vermişdir. O, həyat yoldaşı və bir azyaşlı uşağı ilə evdə yaşamağa başlamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 20:10 radələrində Rəsulun həyat yoldaşı Türkan ona zəng etmiş və Rəsulun onun evdə olmadığı müddətdə evdə olan əşyaları aparıb satdığını bildirmişdir. Buna görə də o, həmin evə gəlmiş, lakin evə daxil olmamışdan əvvəl DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş və polis əməkdaşlarının gəlməyini gözləmişdir. Polis əməkdaşları gəldikdən sonra onlar birlikdə 1ci PB-nə getmiş və sonra yenidən evə qayıtmışlar. Orada polis əməkdaşları mənzilə baxış keçirmişlər və müvafiq sənədləşmə işlərini aparmışlar. Mənzilə baxdıqdan sonra ona mənzildən 01 ədəd LG markalı, 107 ekran ölçülü, 2012-ci ildə 1200 ABŞ dollarına alınmış televizor, 01 ədəd, 2019-cu ildə 970 manata alınmış Javel markalı soyuducu, 01 ədəd, 2017-ci ildə 600 manata alınmış LG markalı kondisioner və digər əşyalar evdən götürüldüyü məlum olmuşdur. O bacısı ilə danışıqdıqdan sonra evdən oğurlanmış digər əşyaların siyahısını dəqiqləşdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs və həyat yoldaşı bacısı X4 məxsus evdən 01 ədəd 970 manat dəyərində işlənmiş soyuducunu, 01 ədəd 2040 manat dəyərində işlənmiş “LG” markalı, televizoru, 01 ədəd 600 manat dəyərində işlənmiş “LG” markalı kondisioneri, 01 ədəd 470 manat dəyərində təzə “Javel 6230FCDE” modelli qaz sobasını, 01 ədəd 370 manat dəyərində təzə “Javel 45° qara şüşəli” modelli aspiratoru, hər biri 250 manat dəyərində olan 03 ədəd təzə yataq dəstini, hər biri 100 manat dəyərində olan 04 ədəd təzə yataq dəstini, 01 ədəd 120 manat dəyərində olan təzə qaşıq dəstini, 01 ədəd 110 manat dəyərində təzə termus samovarı, 01 ədəd 160 manat dəyərində təzə blenderi, 01 ədəd 100 manat dəyərində təzə pakrovalı, 01 ədəd 300 manat dəyərində təzə pakrovalı, 01 ədəd 55 manat dəyərində təzə süfrəni və 01 ədəd üzərində “Allah” sözü yazılmış təzə suveniri oğurlayıb satmışlar. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, Rəsul onun keçmiş həyal yoldaşıdır. Onlar 2020-ci ildə rəsmi olaraq ailə həyatı qursalar da, həmin il rəsmi olaraq boşanmışlar. Daha sonra faktiki olaraq birlikdə yaşamağa başlamışlar. Bundan sonra onların bir övladları dünyaya gəlmişdir. Onlar təxminən 3 il bundan əvvəl ünvan 2 ünvanında yerləşən Günel Cəbiyevaya məxsus evdə kirayə yaşamağa başlamışlar. Onlar aylıq kirayə haqqını Günel xanımın onlara verdiyi kart hesabına göndərirmişlər. Ancaq evlə bağlı bir problem olanda Günel xanımın qardaşı Ramil adlı şəxsə müraciət edirmişlər. Son vaxtlar Rəsul tüfeyli həyat keçirdiyi və işləmədiyi üçün onların münasibətləri yaxşı olmamışdır. Buna görə də o, kirayə qaldıqları evdən çıxmaq qərarına gəlmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə o, Ramilə zəng edib evdən çıxmaq istədiyini və gəlib evi ondan təhvil almasını bildirmişdir. O, eyni zamanda Ramilə Rəsulun evdən televizor, soyuducu və kondisioneri də apardığını bildirmişdir. Bundan sonra Ramil və o, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişlər. Ramil bu barədə ərizə vermiş və o, isə izahat vermişdir. Ona sonradan Rəsulun həmin əşyaları təmir üçün yox, satmaq üçün apardığı məlum olmuşdur. O, işdə olan zaman Rəsul televizorla soyuducunu ayrı-ayrı vaxtlarda aparmışdır. O, evə gəlib əşyaları soruşduqda Rəsul ona televizorun led işıqlarının, soyuducunun isə içərisində yanan işığın işləmədiyini və buna görə də ustaya apardığını bildirmişdir. Kondisioneri isə yenə də təmir etdirmək üçün apardığını bildirmişdir. O, evdə olduğu müddətdə Rəsul evdən heç bir şey aparmamışdır. Eyni zamanda o, satdığı əşyalardan əldə etdiyi pullardan ona verməmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində Rəsul Allahverdiyevin adlarını qeyd etdiyi əşyalardan başqa evdən 01 ədəd 470 manat dəyərində təzə «Javel 6230FCDE» modelli qaz sobasını, 01 ədəd 370 manat dəyərində təzə «Javel 45° qara şüşəli» modelli aspiratoru, hər biri 250 manat dəyərində olan 03 ədəd təzə yataq dəstini, hər biri 100 manat dəyərində olan 04 ədəd təzə yataq dəstini, 01 ədəd 120 manat dəyərində olan təzə qaşıq dəstini, 01 ədəd 110 manat dəyərində təzə termus samovarı, 01 ədəd 160 manat dəyərində təzə blenderi, 01 ədəd 100 manat dəyərində təzə pakrovalı, 01 ədəd 300 manat dəyərində təzə pakrovalı, 01 ədəd 55 manat dəyərində təzə süfrəni və 01 ədəd üzərində Allah sözü yazılmış təzə suvenirin də oğurlamasından xəbəri olmamışdır. Belə ki, onların əşyaları evdə olan şkafın üst tərəfində yük formasında yığılmış və üzəri ədyalla bağlanmışdır. Eyni zamanda əşyaların qalan hissəəsi isə yataq otağında olan taxtın altında yığılmışdır. Buna görə də o, həmin əşyaların oğurlanmasından xəbəri olmamışdur. O, əşyaların yerində olubolmamasını yoxlamamışdır. O, evi təhvil verdikdən sonra ona evdən digər əşyalar da götürüldüyü məlum olmuşdur. Cinayət işinin 48-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 86-87-ci vərəqələrində olan şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 133-cü vərəqəsində olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 169-170-ci vərəqələrində olan təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqındaxx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işinin 131-132-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/5073 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, qərarda göstərilən malların 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunmuşdur: - 1 ədəd işlənmiş “Javel 312” markalı soyuducu - qiyməti 400 manat; - 1 ədəd işlənmiş “LG” markalı, 3D smart tipli, 42LW55Ü0 model olan televizor qiyməti 350 manat; - 1 ədəd işlənmiş “LG” markalı, LG 422 model olan kondisioner - qiyməti 400 manat; - 1 ədəd təzə “Javel 6230FCDE” modelli qaz sobası - qiyməti 350 manat; - 1 ədəd təzə “Javel 45° qara şüşəli” modelli aspirator - qiyməti 250 manat Ekspertiza təyini haqqında qərarda göstərilən 5 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1750,00 manat müəyyən edilmişdir. Digər 9 adda mallar haqqında kifəyət qədər məlumat (markaları, modeli, ölçüləri, texniki göstəriciləri və s.) olmadığından, həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Lakin zərərçəkmiş şəxsin qeyd eldiyi məhsulun qiymətinin ümumilikdə 2616 (iki min altı yüz on altı) manat təşkil etdiyi göstərildiyi üçün həmin məhsul üzrə qiymətləndirmə zərərçəkmiş şəxsin qeyd eldiyi qiymətlə yəni, 03 ədəd təzə yataq dəstini hər biri 250 manat, 04 ədəd təzə yataq dəstini hər biri 100 manat, təzə qaşıq dəstini 01 ədəd 120 manat, təzə termus samovarı 01 ədəd 1 10 manat, təzə blenderi 01 ədəd 160 manat, təzə pakroval 01 ədəd 100 manat, təzə pakroval 01 ədəd 300 manat, təzə süfrə 01 ədəd 55 manat və üzərində «Allah» sözü yazılmış təzə suvenirin qiyməti 391 manat olaraq hesablanmışdır. Cinayət işinin 130-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatlarının hər birinin dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin 142-149-cu vərəqələrində olan 11 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 01 (bir) ədəd pul kisəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.5 və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrarən, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini və ilk dəfə məhkum edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, yəni ilk dəfə məhkum edilməsini və özünü qismən təqsirli bilməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.5 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, 11 oktyabr 2024-cü il tarixdən 12 oktyabr 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi 25 fevral 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd pul kisəsinin zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, 11 oktyabr 2024-cü il tarixdən 12 oktyabr 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd pul kisəsinin zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. Vurulmuş və ödənilməmiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar