Məhkəmə qərarları › İş №1(060)-137/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-137/2022

05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-137/2022 05.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1992-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı azərbaycanlı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, Quba Rayon Məhkəməsinin 1(027)-71/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şabran rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası və 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 01 (bir) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1- 1-ci maddələrinə əsasən Quba Rayon Məhkəməsinin 1(027)-71/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına azadlıqdan məhrum etmə cəzası hissəsində qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3000 (üç min) manat cərimə cəzası və 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 304.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.20021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Siyəzən şəhəri, 28 May küçəsində yerləşən, içərisində yaşayış olmayan təmiri davam edən fərdi yaşayış evinin giriş qapısından sağda yerləşən plastik materialdan olan pəncərəni açma yolu ilə evə daxil olaraq divarlara bərkidilmiş istifadə olunmamış, həmin vaxt bazar qiyməti 01 metri 0,60 manat olan 5mm enində 50 metr uzunluğunda, evin dam hissəsində saxlanılan 5mm enində 100 metr uzunluğunda və otaqların birində saxlanılan həmin vaxt bazar qiyməti 01 metri 0,50 manat olan 4mm enində, 50 metr uzunluğunda elektrik naqillərini oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 115 (yüz on beş) manat məbləğində ziyan vuraraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə təxminən saat 20:00 radələrində Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən təqsirli bilinərək məhkum olunduğu 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin nizam-intizam qaydalarını pozduğu üçün 01 (bir) gün əvvəl yerləşdirildiyi cərimə təcridxanasmda olarkən, cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisinin və nəzarətçinin müəssisənin həyətində olmasından istifadə edərək fiziki güc tətbiq edib orada məhkumların yatması üçün qoyulmuş dəmir yatağın barmaqlığını çıxarmış, həmin barmaqlıq vasitəsilə cərimə təcridxanasmm dəmir qapılarının kilidini sındırdıqdan sonra cərimə təcridxanasından çıxaraq həmin dəhlizdə yerləşən növbətçi köməkçilərin istirahət otağındakı 44x44sm ölçüsündə olan nəfəslikdən çölə çıxmaqla azadlıqdan məhrum etmə yerindən qaçmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 304.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 177.2.3 və 304.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə Şabran Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını Xaçmaz şəhərində yerləşən 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmiş, cəza çəkdiyi müddətdə Şabran şəhərində oğurluq cinayəti törətdiyi üçün Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 3000 (üç min) manat cərimə olunmuş, bundan sonra Xaçmaz şəhərindəki məntəqə tipli cəzaçəkmə müəssisəsindən Bakı şəhərində yerləşən 16 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilmiş, təxminən 02 (iki) il burada cəza çəkdikdən sonra Sumqayıt şəhərində yerləşən 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilmiş, burada cəza çəkdiyi müddətdə Quba şəhərində oğurluq cinayəti törətdiyi üçün Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Sumqayıt şəhərində yerləşən 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkməyə başlamışdır. Cəza çəkdiyi müddətdə o, məntəqənin ərazisindən kənarda fəhlə kimi işləmiş, həmçinin hər ay çöldə qaldığı üçün cəzaçəkmə müəssisəsinin Bəxtiyar adlı əməkdaşına 140 (bir yüz qırx) manat məbləğində pul vermişdir. xx.xx.2021-ci il tarixdə cəzaçəkmə müəssisəsində olarkən Siyəzən rayon Polis Şöbəsindən adını xatırlamadığı müstəntiq yanına gələrək ondan izahat alınmış, müstəntiq yanına gəlməmişdən bir iki gün əvvəl Bəxtiyar ona zəng vuraraq müəssisəyə yoxlama gəldiyini və buna görə də, qayıtmağını bildirmiş, həmin vaxt o, Ağcabədi rayonunda fəhlə kimi işləmiş, Bəxtiyarla danışdıqdan sonra o, dərhal Sumqayıt şəhərinə, 6 saylı cəzaçəkmə müəssisəsinə qayıtmışdır. O, müəssisəyə qayıtdıqdan sonra hər hansı bir yoxlama görməmiş, yalnız Siyəzən rayon Polis Şöbəsinin müstəntiqi gələrək ondan izahat almış, o, müstəntiqə izahat verdikdən sonra səhəri gün Bəxtiyar ona aylıq 140 (bir yüz qırx) manatı vaxtı-vaxtında gətirmək barədə xəbərdarlıq edərək yenidən çölə çıxmağına icazə vermiş, bundan sonra o, müəssisənin ərazisini tərk edərək yenidən Ağcabədi rayonuna yollanmış, orada müxtəlif tikintilərdə, taxıl yığımında fəhlə kimi işləmişdir. X4 isə onun çöldə qalmağı üçün hər ay Bəxtiyara 140 (bir yüz qırx) manat pul vermiş, o, müəssisədən çöldə qaldığı vaxtlar Bəxtiyarla tez-tez telefon əlaqəsi saxlayaraq hal-əhval tutmuş, təxminən 02 (iki) ay bundan sonra o, Bəxtiyara zəng vuran zaman Bəxtiyar ona Siyəzən rayon Polis Şöbəsinin onu axtarışa verdiyini, buna görə də, daha ona zəng vurmamağını bildirmiş, o, bu barədə atası ilə danışarkən atası ona Siyəzən rayon Polis Şöbəsinin onu axtardığını bildirmiş, lakin təxminən bundan bir ay əvvəl yenə atası ilə danışarkən atası ona 6 saylı cəzaçəkmə müəssisəsindən qaçmağı ilə bağlı barəsində Sumqayıt şəhər Prokurorluğunda cinayət işinin istintaq olunduğunu və axtarışa verildiyini demişdir. Həmin ərəfələrdə o, Ağcabədi rayonundan Bakı şəhərinə gələrək burada müxtəlif tikintilərdə fəhlə kimi işləməyə başlamış, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda olarkən, rayon ərazisindəki oğurluq faktları ilə əlaqədar olaraq onu polis əməkdaşları tutaraq Sabunçu rayon Polis İdarəsinə gətirmiş, xx.xx.2021-ci il tarixdə isə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə təhvil verilmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 10-11 radələrində sonradan Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyi Siyəzən şəhəri, 28 May küçəsində yerləşən yaşayış olmayan və təmiri davam edən fərdi evin yanından keçərkən, orada heç kimin olmamasından və evin giriş qapısının sağında yerləşən plastik pəncərənin açıq olmasından istifadə edib evə daxil olmuş, daxil olduqdan sonra otaqların divarına bərkidilmiş elektrik naqillərini, həmçinin otaqların birində saxlanılan topa şəklində bükülmüş elektrik naqillərini götürmüş, ardınca evin dam hissəsinə qalxaraq orada da olan topa şəklində bükülmüş elektrik naqillərini götürmüş, elektrik naqillərini götürdükdən sonra o, daxil olduğu pəncərədən çıxıb getmişdir. Daha sonra naqillərin içərisində olan mis materialı satmağı planlaşdırdığından həmin evdən bir qədər aralıda kimsəsiz sahədə həmin naqilləri yandıraraq içərisindəki mis materialı çıxartmış, təxminən günorta saatlarında Siyəzən şəhərinin girəcəyində səyyar şəkildə əlvan metal qəbulunu həyata keçirən tanımadığı şəxsə əldə etdiyi mis materialı təxminən 30-35 manat müqabilində satmış, sonradan həmin evin sahibi Zərərçəkmiş şəxs onun barəsində Siyəzən rayon Polis Şöbəsinə şikayət ərizəsi ünvanladığını öyrənmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyan X4 tərəfindən ödənilmişdir. O, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisini icazəsiz olaraq tərk etməmiş, çöldə qalmaq üçün hər ay müəssisənin Bəxtiyar adlı əməkdaşına 140 (bir yüz qırx) manat pul vermiş, xx.xx.2021-ci il tarixdə o, müəssisənin hər hansı bir intizam qaydasını pozmamış, o və digər məhkumlar müəssisədə olan vaxt həmişə cərimə təcridxanasında qalmış, xx.xx.2021-ci il tarixdə təxminən saat 10-12 radələrində o, Bəxtiyar adlı əməkdaşla görüşdükdən sonra müəssisənin ərazisini tərk etmiş, özü telefon işlətmədiyindən yalnız fəhlə işləyərkən yanındakı adını xatırlamadığı şəxslərdən telefon götürərək Bəxtiyarla əlaqə saxlamışdır. 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən qaçmağı ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işinin istintaq olunması barədə deyil, amma cəzaçəkmə müəssisəsinin onun barəsində axtarış elan etdiyini atası ona demiş, cəzaçəkmə müəssisəsinin onu Siyəzən rayon Polis Şöbəsinə təhvil verəcəyini bildiyindən o, müəssisəyə gəlməyərək gizlənmiş, ondan başqa da orada cəza çəkən şəxslər olmuş, lakin heç kəs cəzaçəkmə müəssisəsində qalmadığından o, həmin şəxslərin kim olduğunu bilməmişdir. Cinayət işinə əlavə edilmiş, “məhkum barəsində tənbeh tədbirinin tədbiqi barədə” 14 №-li qərarda “tarix və məhkumun imzası” qrafasındakı imza ona məxsus olmamış, Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan və təmiri davam edən fərdi evin yerləşdiyi ərazi yeni salındığından orada yaşayış olmamış, buna görə də xx.xx.2021-ci il tarixdə təxminən saat 10-11 radələrində həmin evə daxil olarkən ətrafda başqa insanlar da olmamış, mobil telefon işlətmədiyindən xx.xx.2021ci il tarixdə təxminən saat 10-11 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan və təmiri davam edən fərdi evə daxil olarkən üzərində mobil telefon olmamışdır. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Tural üçün tikdirdiyi Siyəzən şəhəri, 28 May küçəsində yerləşən, içərisində yaşayış olmayan bir mərtəbəli evi olmuş, xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində oğlu Tural ilə birlikdə həmin tikiliyə gələrək evin içərisində qalan yarımçıq işlərini görməyə başlamış və hər şeyə nəzarət etdikdən sonra saat 19:00 radələrində yaşadığı Siyəzən şəhəri, 28 May küçəsindəki evinə qayıtmışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən saat 16:00 radələrində oğlu ilə yenidən sözü gedən tikiliyə gəlmiş, qapını açıb içəri daxil olduqda girişdən sağ tərəfdə yerləşən otağın plaktik materialdan olan pəncərəsinin birinin açıq olduğunu görmüş və otaqlar üçün çəkilmiş, divarda olan naqillərin kəsilərək oğurlandığını müəyyən etmiş, bundan sonra tikilinin dam hissəsinə nəzər yetirdikdə orada olan istifadə olunmamış 6mm enində 100 metr uzunluğunda elektrik naqillərinin də oğurlandığını aşkar etmiş, sonda tikiliyə ümumi nəzər yetirdikdə 50 metr uzunluğunda 4mm enində olan elektrik naqillərinin də oğurlandığını aşkar etmiş və bu barədə DİN-nin 102 Xidmətinə zəng edərək məlumat vermişdir. Əvvəllər həmin tikilidən oğurluq hadisəsi olmamış, o, tikilidə təmir işləri getdiyindən xx.xx.2021-ci il tarixdə hər şeyə nəzarət etmiş və qaydasında olduğunu görmüş, həmin tikilidən ümumilikdə 50 metr uzunluğunda 6mm enində divara bərkidilmiş elektrik naqilləri, dam hissədə saxladıqları istifadə edilməmiş 6mm enində 100 metr uzunluğunda olan elektrik naqili və otaqların birində saxladıqları 4mm enində 50 metr uzunluğunda olan elektrik naqilləri oğurlanmış, oğurluq hadisəsi ilə bağlı heç kəsdən şübhələnməmiş, ümumilikdə ona 145 (bir yüz qırx beş) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bununla əlaqədar gələcəkdə ona qarşı heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən hal-hazıradək Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi vəzifəsində işləyir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası seçilməklə, cəzasını çəkmək üçün xx.xx.2020-ci il tarixdə işlədiyi cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs tez-tez müəssisənin nizam-intizam qaydalarına tabesizlik göstərmiş, cinayət törətmədiyini bildirərək səs-küy yaratmışdır. Təqsirləndirilən şəxs müəssisədə cəza çəkən vaxt onun Siyəzən rayonunda oğurluq faktı aşkara çıxarılmış və Siyəzən rayon Polis Şöbəsində aparılan araşdırma ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə adını bilmədiyi müstəntiq müəssisəyə gələrək Toğrulla dindirmə istintaq hərəkəti aparmış, həmin gün Təqsirləndirilən şəxs intizamsızlıq göstərdiyi üçün 07 (yeddi) gün müddətinə cərimə təcridxanasına salınmışdır. xx.xx.2021-ci il tarixdə saat 09:00-da ədliyyə mayoru Şahid4 növbəni təhvil almış, onunla birlikdə müəssisədə nəzarətçi qismində ədliyyə giziri Şahid2 da növbəyə çıxmış, həmin gün müəssisədə tək məhkum Təqsirləndirilən şəxs olmaqla, növbətçi hissənin yanında yerləşən cərimə təcridxanasında olmuşdur. Növbətə olduğu zaman Təqsirləndirilən şəxs hərəkətlərində hər hansı bir qəribəlik, aqressiya və ya intizamsızlıq görməmiş, həmin gün saat təxminən 17:40 radələrində müəssisədə, o və ədliyyə giziri Şahid2 olan zaman Şahid2 müəssisənin həyətindəki ağacları sulamaq üçün çölə çıxmış, o, isə növbətçi hissədə oturaraq telefonla danışdıqdan sonra saat 17:54 radələrində Şahid2 ağacları sulamasında kömək etmək üçün çölə çıxmışdır. Təxminən saat 19:35 radələrində Şahid2 su içmək üçün növbətçi hissəyə getmiş, Şahid2 içəri girdikdən dərhal sonra çölə çıxaraq ona cərimə təcridxanasının dəmir barmaqlıqlarının açıq olduğunu bildirmiş, o, dərhal Şahsuvar ilə birlikdə cərimə təcridxanasının qapısına yaxınlaşaraq açıq olan nəfəslikdə içəriyə doğru baxmış, içəriyə baxarkən dəmir barmaqlıqların həqiqətən açıq olduğunu və nisbətən böyük ölçülü olan qıfılın açıq vəziyyətdə yerdə olduğunu görmüşdür. O, içəriyə girmədən Təqsirləndirilən şəxs səsləmiş, lakin cavab gəlmədiyindən qapını qıfılını açaraq içəri girmək istəmiş, bu zaman açar qıfılı açmamış və o, qıfılın saz vəziyyətdə olub-olmamasını yoxlamaq üçün əli ilə qıfılı dartmış, bir qədər güc tətbiq etdikdən sonra qıfıl açılmış, cərimə təcridxanasının içərisinə diqqətlə baxdıqdan sonra Təqsirləndirilən şəxs burada olmadığına əmin olmuşdur. O, Şahid2 ilə digər kameralara baxdıqdan sonra öz istirahət otaqlarına baxmış, istirahət otağına baxan zaman otağın nəfəsliyinin açıq olduğunu, otaqda olan stulun nəfəsliyin qarşısına qoyulduğunu və nəfəslikdə olan plastmas torun cırılmış vəziyyətdə olduğunu görmüş, bundan sonra o, rəisin müavini Şahid5 zəng vuraraq Təqsirləndirilən şəxs qaçdığını demişdir. O, “Cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi xidməti” haqqında təlimatın tələblərinə riayət etməmiş, belə ki, təlimatla o, xidmət yerini tərk etməməli olmuş, özəlliklə də cərimə təcridxanasında məhkum olunmuş şəxs olduğu müddətdə, müəssisənin abadlığı üçün rəis şifahi şəkildə hər zaman ağacların sulanmasına göstəriş vermiş, o, orada işlədiyi vaxtdan həmin nəfəslikdə dəmir barmaqlıq olmamış, Təqsirləndirilən şəxs təxminən 15-20 gün ərzində müəssisədə tək cəza çəkmiş, cərimə təcridxanasının içərisinə baxış keçirən zaman otağın sol tərəfinə qoyulmuş dəmir yatağın dəmirinin çıxarıldığı və nisbətən əyildiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2007-ci il tarixdən hal-hazıradək Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi vəzifəsində işləyir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası seçilməklə, cəzasını çəkmək üçün xx.xx.2020-ci il tarixdə işlədiyi cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs tez-tez müəssisənin nizam-intizam qaydalarına tabesizlik göstərmiş, cinayət törətmədiyini bildirərək səs-küy yaratmışdır. xx.xx.2021- ci il tarixdə rəisin müavini Şahid5 birinci mərtəbədə yerləşən növbətçi hissəyə gələrək Şahid4 Təqsirləndirilən şəxs üzərində axtarış aparmağını tapşırmış, Şahid4 da öz növbəsində axtarış aparmasını ona tapşırmışdır. O Toğrulun üzərində axtarış aparan zaman onun üzərindən qeyri-qanuni hər hansı bir əşya çıxmamış və Toğrul intizamsızlıq göstərərək, səs-küy salmağa başlamış, onlar həmin gün Toğrulu cərimə təcridxanasına salmış və xx.xx.2021-ci il tarixdə Toğrul rəisin qərarı ilə 07 (yeddi) gün müddətinə cərimə təcridxanasına yerləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə saat 09:00-da o, növbəni təhvil vermiş, növbəni təhvil verən zaman Toğrul cərimə təcridxanasında olmuş, növbəni təhvil verdikdən sonra evinə qayıtmış və həmin gün olanlardan məlumatı olmamışdır. xx.xx.2021-ci il tarixdə növbədə olan zaman hər hansı bir müstəntiq müəssisəyə gəlməmiş və Təqsirləndirilən şəxs ilə istintaq hərəkəti aparılmamış, müəssisənin abadlığı üçün rəis şifahi şəkildə hər zaman ağacların sulanmasına göstəriş vermiş və onlar təxminən həftədə bir dəfə ağacları sulamışlar. O orada işlədiyi vaxtdan həmin nəfəslikdə dəmir barmaqlıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2005-ci ilin noyabr ayından hal-hazıradək Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində əməliyyat rejim şöbəsinin böyük nəzarətçisi vəzifəsində işləyir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası seçilməklə, cəzasını çəkmək üçün xx.xx.2020-ci il tarixdə işlədiyi cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs tez-tez müəssisənin nizam intizam qaydalarına tabesizlik göstərmiş, cinayət törətmədiyini bildirərək səs-küy yaratmışdır. Təqsirləndirilən şəxs müəssisədə cəza çəkən vaxt onun Siyəzən rayonunda oğurluq faktı aşkara çıxarılmış və Siyəzən rayon Polis Şöbəsində aparılan araşdırma ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə adını bilmədiyi müstəntiq müəssisəyə gələrək Toğrulla dindirmə istintaq hərəkəti aparılmış, həmin gün Təqsirləndirilən şəxs intizamsızlıq göstərdiyi üçün 07 (yeddi) gün müddətinə cərimə təcridxanasına salınmışdır. xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində ədliyyə baş leytenantı Şahid1 ədliyyə mayoru Şahid4 növbəni təhvil almış, həmin gün müəssisədə tək məhkum Təqsirləndirilən şəxs olmaqla, növbətçi hissənin yanında yerləşən cərimə təcridxanasında olmuş, təxminən saat 18:00 radələrində iş saatı bitdiyindən o, işdən çıxıb evinə getmiş, təxminən saat 20:00 radələrində müəssisədə həyəcan verildiyindən bütün şəxsi heyət işə gəlmişdir. İşə gəldikdə Təqsirləndirilən şəxs cərimə təcridxanasının qıfıllarını sındıraraq cəzaçəkmə müəssisəsindən qaçmasını öyrənmişdir. Təqsirləndirilən şəxs ifadəsində yalan məlumat vermiş, belə ki, nə Təqsirləndirilən şəxs, nə də başqa biri ona aylıq hər hansı bir məbləğdə pul verməmiş, Siyəzən rayon Polis Şöbəsinin müstəntiqi gəlməmişdən 02 (iki) gün əvvəl Təqsirləndirilən şəxs zəng vuraraq müəssisəyə yoxlama gələcəyini və Ağcəbədi rayonundan qayıtmasını bildirməmişdir. Əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, cəza çəkmək üçün Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata düşdükdə həmin müəssisənin işçisi olan Bəxtiyar adlı şəxsə qeydiyyata düşmək üçün 2500 (iki min beş yüz) manat məbləğində pul vermiş, sonra isə hər ay üçün oğlunun müəssisədə qalmaması üçün ayda 140 (bir yüz qırx) manat məbləğində pul vermişdir. Bir ara işləmədiyinə görə maddi imkanı yaxşı olmadığı üçün müəssisəyə verilən pulu verə bilmədikdə müəssisənin işçisi Bəxtiyar bir nəfər şəxslə yaşadıqları evə gələrək pulu tələb etmişdir. O da ona işləmədiyi üçün maddi imkanı olmadığını bildirmişdir. Bir müddət sonra o işləmək üçün Şuşa şəhərinə göndərilmiş, 05 gün sonra Bəxtiyar onunla telefon əlaqəsi saxlayaraq onu söhbət etmək üçün çağırmışdır. Gəlmədiyi təqdirdə oğlu Toğrulu axtarışa verəcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, cərimə təcridxanasından qaçmaq mümkün deyildir. Belə ki, cərimə təcridxanasının qapısı növbətçi hissəyə açılır, orada da həmişə növbətçi şəxs əyləşmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli, 21/229R saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə Siyəzən şəhəri, 28 May küçəsində yaşayan vətəndaş Zərərçəkmiş şəxs qızma məxsus fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd iz xx.xx.1992-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/1757 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 02 adda malların 2021-ci ilin mart ayına orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilmişdir: 1. İstifadə olunmamış 5mm diametrli, mis tərkibli, qırmız rəngli kabel - 1 metri 0,60 manat. 2. İstifadə olunmamış 4mm diametrli, mis tərkibli, sarı yaşıl rəngli kabel - 1 metri 0,50manat. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/1414 saylı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş “Məhkum barəsində tənbeh tədbirinin tətbiqi barədə №14” Qərarda və məhkumun imzası qrafalarmdakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-484/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin “Məhkum barəsində tənbeh tədbirinin tədbiqi barədə” 14 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 (yeddi) günlük cərimə təcridxanasına keçirilmək barədə qərar qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə, saat 16:40-da Təqsirləndirilən şəxs cərimə təcridxanasına keçirilmişdir. İş materiallarında olan istintaq eksperimenti aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, istintaq eksperimentinin aparılması zamanı Təqsirləndirilən şəxs 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində növbətçilərin istirahət otağındakı 44x44sm ölçüsündə olan nəfəslikdən qaça bilməsi ehtimalını dəqiqləşdirmək məqsədilə cəzaçəkmə müəssisəsində olan növbətçilərin istirahət otağı kimi istifadə olunan otağa gəldik. Təqsirləndirilən şəxs nəfəsliyə doğru yaxınlaşaraq heç bir kömək olmadan nəfəslikdən keçib müəssisənin həyətinə düşdü. İş materiallarında olan Təqsirləndirilən şəxs 6 saylı MTCM-nin rəisinə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sumqayıt şəhəri, 22-ci məhəllə, 1 saylı yataqxanada yaşayan ailə üzvləri ilə görüşə buraxılmışdır. İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 1154 nömrəli, xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “X2 Mərkəzi” X7 tərəfindən verilmiş 770 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “X2 Mərkəzi” PHŞ poliklinika şöbəsinin onkoloji, narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan 6 saylı MTCM-nin böyük inspektoru (dəstə rəisi) ədliyyə baş leytenantı Ruslan Vəliyev tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, məhkum Təqsirləndirilən şəxs ilə aparılmış profilaktiki, fərdi tərbiyəvi söhbətlər zamanı o, özünü xasiyyətcə qapalı və intizamsız aparmış, törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirdiyini bildirmiş, cəza çəkdiyi müddət ərzində ona qarşı tənbeh tədbirləri (xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə 5 günlük CO) tətbiq edilmişdir. İş materiallarında olan 6 saylı MTCM tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixə 02 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum etmə, 3000 (üç min) manat cərimə cəzası və 01 (bir) il 09 (doqquz) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası çəkilməmiş qalmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hazırki cinayət işi üzrə cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisinin və nəzarətçinin öz işinə laqeyid münasibət göstərərək, xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi halı müəyyən edilsə də, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını nəzərə alaraq dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə, Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində əməliyyat rejim şöbəsinin böyük nəzarətçisi Şahid6 Təqsirləndirilən şəxs hər ay 140 (bir yüz qırx) manat məbləğində pul alaraq, qarşılığında Təqsirləndirilən şəxs müəssisənin ərazisini tərk etməyə icazə verməsi faktı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən həmin hissədə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən təqdim edilmiş tələbnamədən və Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Quba Rayon Məhkəməsinin 1(027)-71/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şabran rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası və 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 01 (bir) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına azadlıqdan məhrum etmə cəzası hissəsində qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3000 (üç min) manat cərimə cəzası və 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs axırıncı əməl üzrə Quba Rayon Məhkəməsinin 1(027)- 71/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən və Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilmir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 304.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 304.1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 02 ədəd dəmir qıfıl və 01 ədəd dəmir barmaqlıq məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 162 (yüz altmış iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 304.1-ci maddəsi ilə təqsirli bilinib 01 (biri) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 1(027)-71/2020 saylı, xx.xx.2020ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 02 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum etmə, 3000 (üç min) manat cərimə cəzası və 01 (bir) il 09 (doqquz) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası çəkilməmiş cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 02 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum etmə, 3000 (üç min) manat cərimə cəzası 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 02 ədəd dəmir qıfıl və 01 ədəd dəmir barmaqlıq məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 162 (yüz altmış iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar