Məhkəmə qərarları › İş №1(060)-137/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-137/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-137/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Qubadlı rayonu Yuxarı Mollu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu Yuxarı Mollu kəndində daimi qeydiyyatda olmaqla Sumqayıt şəhəri 76-cı məhəllə, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs ilə tanış olub sonuncuya bacısı Şahid1nm əlilliyə görə təqaüdünün bərpa etdirəcəyi adı ilə yalan vədlər verib aldatmaqla qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs ilə razılaşmaqla sövdələşib, 2023-cü ilin mart ayının ilk həftəsində dəqiq günü istintaq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospektində yerləşən “Sərin” adlı çayxanada aldığı 1000 (bir min) manat, 2023-cü ilin mart ayının ortalarında dəqiq günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda aldığı 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3500 (üç min beş yüz) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2000-ci ilin yanvar ayından 2001-ci ilin avqust ayınadək Əmək və Əhalinin Sosial müdafiə Fondunun Qubadlı rayon şöbəsində uşaq pulu üzrə şöbənin baş inspektoru vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs 1 ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, Aydınla həmyerlidir və onu digər həmyerlisi Nuridə adlı qadının vasitəsilə tanımışdır. Onlar əvvəllər onun Azərbaycan respublikası ƏƏSMF-nun Qubadlı rayon şöbəsində işlədiyindən məlumatlı olmuşdur. 2023-cü ilin mart ayının ilk günlərində Aydın ona bacısı Səidənin təqaüd pulunun kəsilməsini demiş, o da Aydına 3500 AZN pul verəcəyi təqdirdə bacısının təqaüdünü bərpa etdirə biləcəyini demiş, Aydın onun dedikləri ilə razılaşmış, 2023-cü ilin mart ayının ilk həftəsində Aydınla Sumqayıt şəhəri 3-cü mikrorayon, H.Əliyev prospektində yerləşən “Sərin” adlı çayxanada görüşmüşdür. Aydın ona ilk öncə 1000 manat pul vermiş, təxminən bir neçə gün sonra Aydından 2500 manat pulu da həmin çayxanada almışdır. Həmçinin Aydından bacısı Səidəyə məxsus şəxsiyyət vəsiqəsi və əlillik sənədinin surətini də götürmüşdür. Aydından sözügedən pulu və sənədləri aldıqdan sonra iki ay müddətində bacısı Səidənin təqaüdünü bərpa etdirəcəyini bildirmişdir. Bundan sonra o, təqaüd düzəldə bilməyəcəyini başa düşmüş, təxminən 1 ay bundan öncə Aydından aldığı puldan 500 manatını pulu qaytarmış, qalan 3000 manat pulu da qaytaracağını bildirmişdir. İlk öncə Aydının bacısına təqaüd düzəldə biləcəyini düşünmüş, daha sonra düzəldə bilməyəcəyini bilib, Aydından aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin işdə ona hər hansı bir şəxs köməklik etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, Qarabağ müharibəsi veteranı olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Məhərrəm adlı şəxsi 8 aya yaxın müddətdir ki, tanıyır. Aydın ilə tanışlığı Sumqayıt şəhər sakini Nuridə adlı qadın vasitəsilə olmuşdur. Belə ki, onlarla həmyerlidir. Nuridə onu Aydınla tanış edərkən Məhərrəmin təqaüd düzəldəcəyini bildirmiş, həmin ərəfədə bacısı X2 1 böyrəyi olmadığı üçün ona təqaüd düzəltdirmək istəmişdir. Məhərrəm ona 3500 manat qarşılığında təqaüd düzəldə biləcəyini demiş, o da razılaşmışdır. İlk öncə bu ilin mart ayının ilk günlərində dəqiq gününü xatırlamadığı tarixdə Məhərrəm ilə Sumqayıt şəhəri, H.Əliyev prospekti, 3-cü mikrorayon ərazisində yerləşən “Sərin” adlı çayxanada görüşmüşdür. Məhərəmə ilkin olaraq 1000 manat pul vermiş, bundan təxminən bir neçə gün sonra mart ayının ortalarında dəqiq gününü xatırlamadığı tarixdə Məhərrəmlə yenə də həmin çayxanada görüşmüş və Məhərrəmə qalan 2500 manat pulu vermişdir. Məhərrəm də pulu aldıqdan sonra iki aya bacısı Səidənin təqaüdü düzəldəyəcəyini bildirmişdir. Həmin gün Məhərrəmə Səidəyə məxsus şəxsiyyət vəsiqəsinin surətini və əlilliyi ilə bağlı sənədlərin surətlərini də vermişdir. İki ay keçməsinə baxmayaraq təqaüdlərin düzəldilməməsini görüb Məhərrəmə zəng etmiş və Məhərrəm hər səfərində müxtəlif bəhanələr gəirmişdir. Bundan sonra Məhərrəmdən pulu tələb etmiş, Məhərrəm də aldığı puldan 500 manatını və 1500 manatını yaşadığı evin yaxınlığında özünə qaytarmışdır. İş məhkəmədə olarkən isə qalan məbləğləri də qaytarmışdır. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərəri tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı hər hansı tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, o, müxtəlif vaxtlarda mühasib işləmişdir. Təqsirləndirilən şəxsla həmyerlidir, aralarında qohumluq əlaqələri də olmuşdur. Zərərçəkmiş şəxs isə şəhid ailəsi kimi tanımış, belə ki, onun əri də “1-ci Qarabağ Müharibəsi”ndə şəhid olmuşdur. Məhərrəm ilə Sumqayıt şəhəri Karvan Ticarət mərkəzinin qarşısında rastlaşıb hal-əhval tutan zaman təsadüfən Aydın da həmin yerə getmiş, Aydınla da hal-əhval tutduqdan sonra Məhərrəm ilə onu bir həmyerli kimi tanış etmişdir. Bundan bir neçə ay sonra Məhərrəmin Aydının bacısının təqaüdünün bərpası üçün ondan müəyyən məbləğdə pul aldığını öyrənmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştriak etməyən Şahid1 ifadəsi elan olunaraq tədqiq edilmiş və müəyyn edilmişdir ki, Şahid1 ifadəsinə göstərmişdir ki, 2020-ci ildə ona təqaüdün verilməsi dayandırılmışdır. 2023-cü ilin mart ayında qardaşı Aydın ona təqaüdünün bərpası üçün bir nəfər şəxslə görüşdüyünü, danışıb həll edəcəyini demişdir. Aydın ondan şəxsiyyət vəsiqəsinin və əlillik vəsiqəsinin surətlərini də götürmüşdür. Təxminən bir neçə gün sonra qardaşı Aydın Məhərrəm adlı şəxsə onun təqaüdünün bərpası üçün 3500 manat məbləğində pul verdiyini, Məhərrəmin də qardaşını aldatmaqla pulunu mənimsədiyini öyrənmişdir. Təqaüdünün bərpası üçün hər hansısa şəxsə hər hansısa məbləğdə pul verməmiş, qardaşı Aydın da 3500 manat məbləğində pulu borc müqabilində onun təqaüdü üçün vermişdir. O da Aydına təqaüdü düzəldikdə, pulunu qaytaracağını demiş, lakin Aydının danışdığı şəxs onu aldadaraq 3500 manat məbləğində pulunu ələ keçirmişdir. Cinayət işinin 52-53-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 63-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 17.3.2, 326.1 və 172-ci maddələri ilə təqsirli bilinib 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Prezidentinin xx.xx.2007-ci il tarixli 558 saylı “Əfv” fərmanına əsasən azad olunmuşdur. 2) Cəbrayıl RPŞ-nin xx.xx.2002-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsiriəndiriləməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi xitam verilmişdir. Cinayət işinin 64-74-cü vərəqələrində olan Cəbrayıl RPŞ-nin İB-nin 07 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə təqsiriəndiriləməsinə dair ********* nömrəli cinayət işinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 035067 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. İndiki halda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışıq əldə edərək, ona dəymiş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmamasını bildirsə də, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs daha öncə bir dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar hazırki cinayəti törətməmişdən öncə qəbul edilmişdir. Belə ki, Cəbrayıl RPŞ-nin İB-nin 07 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsiriəndiriləməsinə dair ********* nömrəli cinayət işinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, müharibə veteranı olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Ş.Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzaya məhkum edilməlidir. Məhkəməmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı gündən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalı və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar