Məhkəmə qərarları › İş №1(060)-139/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-139/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-139/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X2, X4, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Xaçmaz rayonu, Xuray kəndində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam'' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76, yataqxana 5 ünvanında dəhlizdə qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun üzərinə qəsdən isti su atmaqla, həmçinin çəkiclə bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq, sonuncuya sol çiyinüstü nahiyyənin, sol bazu oynağı və sol süd vəzisini əhatə edən İ-İİ dərəcəli termiki yanıqları, QKBT, baş beyin silkələnməsi, sağ gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol təpə-ənsə nahiyyəsinin səthi əzilmişcırılmış yarası, sağ almacıq nahiyyəsinin qançırı, sifətin sol yarısının və boyun nahiyyəsinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 2 ünvanında tək yaşayır. Vəsiqə Məmmədova onun divar qonşusudur və yoldaşı Tahirlə birlikdə həmin mənzildə yaşayırlar. Belə ki, 18 iyun 2024-cü il tarixdə Vəsiqəgilin yaşadığı mənzilin onun yaşadığı mənzili ayıran divar qarşı tərəfdən döyüldüyünə görə əsəbləşərək polisə zəng edib məlumat vermiş və məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları ünvanda olanda belə Vəsiqə və əri Tahir onun ünvanına nalayiq ifadələr işlətmiş, başına oyun açacağı ilə hədələmişlər. Qeyd edir ki, həmin günün səhəri saat 10 radələrində yataqxananın mətbəxi ümumi olduğundan yemək bişirmək məqsədilə mətbəxə keçmiş, bu zaman Vəsiqə ona imkan verməyərək, mətbəxdən istifadə edə bilməyəcəyimi demiş, bu səbəbdən aralarında münaqişə yaranmışdır. Vəsiqə birinci ona əl atmış və onun bütün bədənini gömgöy vəziyyətinə salmışdır. Münaqişə zamanı Vəsiqə dəhlizdə olan qapının bağlanmaması üçün qapının ağzına qoyulan taxtanı götürüb onu vurduqda o, qablarını yumaq üçün evdən götürüb qazanda apardığı isti su əlindən tökülərək dağılmışdır. Bundan sonra Vəsiqə əlindəki taxta ilə daha da aqressiv şəkildə başından, sol qolundan sinəsindən vurmuşdur. Bildirir ki, Vəsiqəni çəkiclə vurmamış, yalnız Vəsiqənin əlində olan kəlbətini alaraq kəlbətinlə onun başından vurmuşdur. Vəsiqə külqabı ilə onun başından vurmuş və onu qolundan tutub sürümüşdür. Məhkəmədən ədalətli qərar qaəbul edilməsini xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində o, CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, ünvan 2 ünvanında tək yaşayır. Vəsiqə Məmmədova onun divar qonşusudur və sonuncu əri Tahirlə birlikdə həmin ünvanda yaşayır. 2019-cu ildən Vəsiqə və həyat yoldaşı Tahirlə şəxsi münasibətlər zəminində aralarında mütəmadi olaraq mübahisələr baş vermişdir. Belə ki, Tahirin atası Məmmədin yas mərasimində onun əvvəldən ədavəti olan Səfurəni həmin yas mərasimində gördüyü üçün Tahir və Vəsiqəyə öz iradını bildirmiş, bundan sonra Vəsiqə və əri Tahirlə aralarında mütəmadi olaraq sözsöhbətlər yaranmışdır. 17 iyun 2024-cü il tarixdə saat 23 radələrində Vəsiqəgil tərəfdə olan divarın onlar tərəfindən döyüldüyünə görə əsəbləşərək polisə zəng edib məlumat vermiş, məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, ərizə ilə polisə müraciət etmiş, polis əməkdaşları getdikdən sonra Vəsiqənin əri Tahir onun ünvanına nəlayiq ifadələr işlədib başına oyun açacağı ilə hədələmiş, o isə Tahirə fikir verməyib öz otağına keçmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yataqxananın mətbəxi ümumi olduğundan yemək bişirmək üçün mətbəxə keçdikdə Vəsiqə ona imkan verməyib mətbəxdən istifadə edə bilməyəcəyini demiş, məhz bu səbəbdən aralarında münaqişə yaranmış, münaqişə zamanı Vəsiqə dəhlizdə olan qapının bağlanmaması üçün qapının ağzına qoyulmuş taxtanı götürüb onu vurduqda o, qablarını yumaq üçün evdən götürüb qazanda apardığı isti suyu əsəbləşərək Vəsiqənin sinəsinə tökmüş, bundan sonra Vəsiqə əlindəki taxta ilə daha aqressiv şəkildə onun başından, sol qolundan sinəsindən vurmuşdur. O, qazanı kənara tullayıb Vəsiqənin onu vurmaması üçün əlindən tutmuş, Vəsiqədə saçından tutub onu otağına tərəf dartmış və onlar tutuşaraq Vəsiqənin otağına keçmişlər, otaqda da əlbəyaxa olduqda Vəsiqə külqabı ilə onun başından vurmuş və onu qolundan tutub sürümüşdür. O, Vəsiqənin otağında stolun üzərində olan çəkiçi götürüb Vəsiqənin üz və baş nahiyyəsindən vurmuş, Vəsiqə çəkici əlindən aldıqda isə orada olan kəlbətini götürüb Vəsiqənin üzündən bir dəfə vurub oradan çıxıb öz otağına keçib 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə zamanı sol qolu taxta parçasının zərbəsindən qırılmışdır. Vəsiqə Məmmədova ilə aralarında olan dava-dalaş zamanı orada onlardan başqa heç kim olmamışdır. Belə ki, yaşadığı dəhlizdə 5 ailə yaşayır. Hadisə də səhər saatlarında baş verdiyindən qonşular işdə olmuş, Vəsiqə ilə aralarında olan davadalaşa heç kim şahid olmamışdır. Münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi onun qismən etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərəçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 1980-ci ildən Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən 5 saylı yataqxanada əri Tahir Məmmədovla birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə divar qonşusudurlar, sonuncu da həmin yataqxanada uzun müddətdir ki, tək yaşayır. Təxminən 5-6 il bundan əvvəl qaynatası Məmmədəlinin yas mərasimində iştirak edən bir nəfər şəxsi görən Əzimə onun əri Tahirə həmin qonağın mərasimə gəlməsinə etiraz edərək ona irad bildirmişdir. Tahir həmin şəxsin qonaq olduğunu, qonağı uzaqlaşdırmağın düzgün çıxmadığını Əziməyə izah etmişdir. Bundan sonra Əzimə ilə əri Tahir arasında mütəmadi olaraq söz-söhbətlər yaranmışdır. Belə ki, 18 iyun 2024-cü il tarixdə səhər saat 10 radələrində yaşadığı yataqxananın 3-cü mərtəbəsinin sakinlərinin ümumi istifadəsində olan mətbəxdən əlində banka ilə otağa qayıtmışdır. Yaşadığı otağa daxil olmaq istərkən üzərinə isti suyun töküldüyünü görüb qışqırmış və dərhal içəri daxil olub nəticənin daha da ağır olmaması üçün üzərindəki paltarı soyunmuşdur. Həmin vaxt Əzimə əri Tahirə məxsus çəkici götürərək onun üzərinə gəlmiş, və o, özünü müdafiə etmək üçün çarpayıya uzanıb əlini üzünə tutarkən Əzimə əlində olan çəkiclə baş nahiyəsindən bir neçə zərbə endirmişdir. Bundan sonra Əzimə əri Tahirə məxsus dəmir kəsmək üçün istifadə olunan qayçını götürüb onun üzərinə atmış, lakin həmin qayçı ona xəsarət yetirməmişdir. Əzimənin otaqdan çıxdığını görüb qapının arxasına keçib saxlamışdır ki, o içəri keçib onu təkrar döyməsin, lakin Əzimə qapıya güc verib açmaq istəmiş bu zaman o, qapının arasından Əzimənin əlində taxta parçası ilə içəri daxil olmaq istədiyini görmüşdür. Əzimə ilə aralarındakı münaqişə təxminən 10 dəqiqə davam etmiş, sonuncu onu yaşadığı otaqda döymüşdür. Həmin yerə qonşulardan kimsə gəlməmişdir. Əzimə ilə barışmamış, qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə iclasında şahid qismində Şahid ifadəsində göstərdi ki, arvadı Zərərçəkmiş şəxs ilə 1980-ci ildən Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən 5 saylı yataqxanada yaşayır. 2007-ci ildə Vəsiqə ilə ailə həyatı quraraq həmin ünvanda yaşamışlar. Əzimə ilə divar qonşusudur və o, həmin yataqxanada uzun müddətdir ki, tək yaşayır. Əzimə təxminən 5-6 il bundan əvvəl atası Məhəmmədəlinin yas mərasimində iştirak edən bir nəfər şəxsi görüb ona həmin qonağın yas mərasimində iştirak etdiyi üçün ona irad bildirmişdir. O, Əziməyə həmin şəxsin qonaq olduğunu, uzaqlaşdırmağın düzgün çıxmadığını bildirsə də, bundan sonra Əzimə ilə onun və arvadı Vəsiqə arasında mütəmadi olaraq söz-söhbətlər yaranmışdır. Belə ki, 18 iyun 2024-cü il tarixdə səhər saat 08:30 radələrində yaşadığı evdən işə getmək üçün çıxmış, təxminən saat 09 radələrində arvadı Vəsiqəyə zəng edib tikinti alətlərinin evdə qaldığını, onu Göyərçin abidəsinə gətirməsini xahiş etmişdir. Bundan sonra təkrar Vəsiqəyə zəng etdikdə Vəsiqənin yüksək səslə “ay Tahir Əzimə məni yandırdı, döydü” deyə ifadələr işlətmişdir. Bundan sonra özü də işdən çıxıb evə qayıtmışdır. Yataqxanaya çatdıqda Vəsiqəni evdə uzanıqlı vəziyyətdə, həmçinin polis və təcili übbi yardım xidməti işçilərinin də evdə olduğunu görmüşdür. Sonradan öyrənmişdir ki, Əzimə ilə Vəsiqə arasında olan sözlü mabahisə zamanı Əzimə arvadı Vəsiqənin üzərinə qaynar su tökmüş, həmçinin ona məxsus tikinti alətləri ilə onu döymüşdür. O, hadisə zamanı işdə olmuşdur. Hadisənin necə baş verdiyini sonradan öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 06 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 128-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmış, istintaq aparılması üçün icraata qəbul edilmişdir.(i.v.1); “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 20 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi materiallarından Təqsirləndirilən şəxs xəsarət alması faktı ilə bağlı ayrıca icraata CM-nin 127.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* №-si verilmişdir. Həmin cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır.(i.v.70); Təqsirləndirilən şəxs 22 oktyabr 2024-cü il tarixdə CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir.(i.v.81); “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.94-95); “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 22 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 96-98); Azərbaycan Respublikası SN “MTE və PAB” Publik hüquqi şəxsinin 1264 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində - sol bazunun cərrahi boyunun qapalı, qəlpəli, yerdəyişən sınığı. Sol qamış sümüyünün bayır kondilusunun qapalı xətti sınığı. Sol əlin, sol saidin, sol budun və döş qəfəsinin yumşaq toxumalarının əziyi xəsarətləri vardır. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır. Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə şüşə külqabı ilə vurulma nəticəsində əmələ gələ bilərdilər və xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi vətəndaş Təqsirləndirilən şəxs müalicəsi tam başa çatdıqdan sonra təkrar məhkəmə-tibbi müayinəsi keçirməklə təyin ediləcəkdir. (i.v. 52-55); Azərbaycan Respublikası SN “MTE və PAB” Publik hüquqi şəxsinin 1032 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol çiyinüstü nahiyyənin, sol bazu oynağı və sol süd vəzisini əhatə edən 1-ci dərəcəli termiki yanıqları, QKBT. Baş beyin silkələnməsi, sağ gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası. Sol təpə-ənsə nahiyyəsinin səthi əzilmiş-cırılmış yarası sağ almacıq nahiyyəsinin qançırı və sifətin sol yarısının və boyun nahiyyəsinin sıyrıqları xəsarətləri vardır. Həmin xəsarətlərdən sol çiyinüstü nahiyyənin, sol bazu oynağı və sol süd vəzisini əhatə edən İ-İİ dərəcəli termiki yanıqları yüksək hərarətin yerli təsirindən, ola bilsin ki, isti mayenin təsirindən, digər xəsartələr yəni-QKBT. Baş beyin silkələnməsi. Sağ gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol təpə-ənsə nahiyyəsinin səthi əzilmiş-cırılmış yarası sağ almacıq nahiyyəsinin qançırı və sifətin sol yarısının və boyun nahiyyəsinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, onun tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi inandırıcı deyil. (i.v.27-31); “təqdim etmə və götürmə haqqında” 18 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd çəkic və bir ədəd dəmir kəsən qayçı ondan götürülmüşdür. (i.v.15-17); “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v. 32); “ailə tərkibi haqqında” 24 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, X6 Mamedovanın həyat yoldaşıdır. (i.v. 46-47); 15 oktyabr 2024-cü il tarixdə verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1985-ci ildən göstərilən ünvanda yaşayıb. ÜST Trikotay Fabrikinin işçisi olub. Onun barəsində 22 saylı MKS-nə heç bir yerdən yazılı və şifahi şikayət daxil olmamışdır. Xasiyyətnamə müsbət qiymətləndirilir. (i.v.48-49); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay islah işləri cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 500 manat cərimə cəzası ilə əvəz edilmiş, cərimə tam ödənmişdir. (i.v. 50-51); “sübutların qiymətləndirilməsi haqqında” 20 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Hazırki cinayət işi materiallarından Təqsirləndirilən şəxs xəsarət alması faktı ilə bağlı ayrıca icraata CM-nin 127.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmış, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd çəkic maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər polis İdarəsinin saxlama otağına təhvil verilmişdir. Zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, təqdimetmə və götürmə, digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilmişdir.(i.v. 62-68); Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilmiş fotəşəkillərdən müəyyən edilir, sonuncunun sol çiyin və boğazının sol hissəsində yanıq xəsarətinin izləri vardır. Bundan başqa sol təpə ənsə nahiyyəsi sarğı ilə bağlanmşdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş yaddaş kartına baxış keçirilmiş eyni şəkillərin yaddaş kartında olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Əzimə Asalanova tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün dolayısı ilə etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, hadisə zamanı əlində olan qaynar su ilə dolu qazanı zərərçəkmiş şəxsin üzərinə atmadığını, sadəcə həmin vaxt suyun dağıldığını, bundan başqa Vəsiqəni çəkiclə deyil, sonuncunun əlində olan kəlbətini ondan alaraq kəlbətinlə onun başından vurduğunu deməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq və ya məsuliyətini yüngülləşdirmək məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittiham aktında göstərilən qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları, təsdirləndirilən şəxsin dolayısı ilə etirafedici ifadəsi, o cümlədən dindirilmiş zərəçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi, iş materialları ilə təsdiq edilir. Onun məhkəmə iclasında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs özü ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə vermək Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində mətbəxə keçərkən əlində qaynar su ilə dolu qazanın olduğunu, bu zaman Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yarandığını nəticədə suyun onların üzərinə dağıldığını bildirmişdir. Lakin təqsirləndirilən şəxs qaynar suyun onun tərəfindən zərərçəkmiş şəxsin üzərinə atılmasını inkar etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd etdikləri ağlabatan deyildir, məhkəmədə ifadə verərkən qeyri-səmimi olmuşdur. Belə ki, zərərçəkmiş şəxsin bədən səthi üzərində yaranmış yanıq xəsarətilərinin lokalizasiyasına fotoşəkillərə baxarkən, o cümlədən ekspert rəyi tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin xəsarətlər sol çiyinüstü nahiyyənin, sol bazu oynağı və sol süd vəzisini əhatə edən İ-İİ dərəcəli termiki yanıqlar olmuşdur. Həmin xəsarətin rəydə göstərilən nahiyyədə yaranması şəxsin əlində olan qaynar su ilə dolu olan qazanın dağılması nəticəsində deyil, məhz həmin suyun atılması nəticəsində yarana bilməsi daha ağlabatandır. Əgər qaynar su Təqsirləndirilən şəxs dediyi qaydada dağılmış olsaydı, o zaman hər iki şəxsin aşağı ətraflarında yanıq xəsarətlərinin yaranması mümkün ola bilərdi. Bundan başqa Təqsirləndirilən şəxs Vəsiqə Məmədovanın baş nahiyyəsinə çəkiclə deyil, Vəsiqənin əlində olan kəlbətini alaraq həmin alətlə sonuncunun başından vurmasına münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs zərəçəkmiş şəxsi həqiqətən də küt alətlə vurduğunu etiraf etmişdir. Lakin hadisə zamanı həyacanlı olması ilə əlaqdar onun zərəçəkmiş şəxsi kəlbətinlə deyil, məhz çəkiclə vurmasını unutması istisna edilməməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hər bir hal məhkəmə tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz ibitdai istintaq zaman verdiyi ifadəsi sübut növlərindən bir kimi qəbul edilməlidir. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. 99-1.1.1-ci maddəsinə əsasən həmin əmlaklardan biri kimi şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) olduğu göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1-ci maddəsində həmin qaydalardan biri kimi şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli olması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmədə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun həyat şəraitinə təsirini və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxsin yaşadığı mənzildən götürərək cinayətin törədilməsində istifadə etdiyi, ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd çəkic onun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, o, 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin . Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. İş üzrə maddi sübut kimi tanınmış çəkiç Zərərçəkmiş şəxs özünə qaytarılsın. Təqsirləndirilən şəxs oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar