Məhkəmə qərarları › İş №1(060)-14/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-14/2021

19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-14/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X8, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 2002-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri Əli Bayramov küçəsi dalan 2 ev 5-də qeydiyyatda olan və ünvan 5 mənzil 9-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx xxxxxxx 2018-ci il tarixdə saat 23 radələrində X2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin qonaq otağının plastik materialından hazırlanmış pəncərəsini vintaçanla sıxıb açmaqla içəriyə qanunsuz daxil olub, oradan 01 (bir) ədəd 200 (iki yüz) manat dəyərində “LG” markalı 81 dioqanallı televizoru, 01 (bir) ədəd 100 (bir yüz) manat dəyərində videomaqnitafonu, mənzilin yataq otağından 01 (bir) ədəd 100 (bir yüz) manat dəyərində 2x3 metr ölçüdə xalçanı gizli talayıb, zərərçəkmiş Xalidə Şıxaliyevaya ümumilikdə 400 (dörd yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə istintaqa adı “Asif” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində X8 yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilin qarşısına gəlib, aralarındakı razılaşmaya uyğun olaraq “Asif” adlı şəxs kənar şəxslərin gəlməsi barədə məlumat verməsindən ötrü pusquda dayanmış, bundan sonra o mənzilin mətbəxinin plastik materialından hazırlanmış pəncərəsini vintaçanla sıxıb açmaqla içəriyə qanunsuz daxil olub mənzilin yataq otağındakı dolabın içərisində saxlanc yeri hesab edilən dəmir qutuda saxlanılan 01 (bir) ədəd 30 (otuz) qram çəkidə 585 əyarlı qızıl metaldan hazırlanmış 1800 (bir min səkkiz yüz) manat dəyərində boyunbağını, həmin otaqdakı digər dolabda saxlanılan 01 (bir) ədəd 05 (beş) qram çəkidə gümüş metaldan hazırlanmış 30 (otuz) manat dəyərində boyunbağını, 01 (bir) ədəd 15 (on beş) manat dəyərində “NOKİA C2” markalı mobil telefonu, həmin dövrə manatla məzənnəsi 93.785 (doxsan üç manat yeddi yüz səksən beş qəpik) manat təşkil edən, 50 (əlli) Euro pulu, mənzilin qonaq otağındakı dolabda saxlanılan 01 (bir) ədəd 50 (əlli) manat dəyərində “NOKİA 3250” markalı, 01 (bir) ədəd 80 (səksən) manat dəyərində “NOKİA 900” markalı mobil telefonu, 01 (bir) ədəd 30 (otuz) manat dəyərində elektron tərəzini gizli talayıb, zərərçəkmiş Elçin Məmmədova ümumilikdə 2098,785 (iki min doxsan səkkiz manat yeddi yüz səksən beş qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideyinləri, yəni atası X11 və anası X4 rəsmi nigahları olsa da, 2014-cü ildə onlar məhkəmə qərarına əsasən ayrılmış, bundan sonra qardaşı Vasiflə birlikdə anası Gülşənlə yaşamağa başlamışdır. Əvvəllər Şirvan şəhər 9 saylı tam orta məktəbdə təhsil almış və həmin məktəbin 11-ci sinifini 2018-ci ildə bitirmiş, bundan sonra 2018-ci ilin yay aylarında işləmək üçün Bakı şəhərinə gəlmiş və Bakı şəhərində yerləşən “Olimpik Star” restoranında xidmətçi işləməyə başlamış, həmin müddətdə Sumqayıt şəhər sakini olan, digər anket məlumatlarını bilmədiyi, ancaq adının Asif olduğunu bildiyi şəxslə tanış olmuşdur. Asifdə onun kimi restoranda xidmətçi işləmiş, 2018-ci ilin yay aylarında təxminən 20 gün müddətində restoranda xidmətçi işləmiş, sonra isə işdən çıxmışdır. Bundan sonra pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə Asiflə telefon vasitəsilə əlaqə saxlamış, sonradan Asiflə Bakı şəhəri ərazisində yerləşən “Avtovağzalın” ərazisində görüşmüş, Asiflə görüşdükdən sonra Asif maddi vəziyyətinin pis olduğunu, övladı xəstə olduğundan pula ehtiyacı olduğunu bildirmişdir. Asifə özünündə maddi vəziyyətinin pis olduğunu bildirib, oğurluq etmələrini təklif etmiş, ancaq Asif onunla birlikdə oğurluq etməkdən imtina etmiş, bundan sonra Asifə Sumqayıt şəhərini tanımadığını, onun isə Sumqayıt şəhərində yaşadığını və oranı yaxşı tanıdığını bildirib, birlikdə Sumqayıt şəhərinə getmələrini, orda özünün oğurluq etməsini, Asifin isə kənarda dayanıb gözləməsini, oğurluq əməli törətməyi müqabilində nəsə pul və ya qiymətli əşya əldə edərsə, bundan Asifədə pay verməsini təklif etmişdir. Asif onunla razılaşsa da, onunla birlikdə evlərə oğurluq etmək üçün daxil olmayacağını, ancaq kənarda dayanıb gözləyəcəyini bir daha xatırlatmışdır. Asifin dedikləri ilə razılaşdığından birlikdə avtobusa minib Sumqayıt şəhərinə gəlmişlər. Sumqayıt şəhərində avtobusdan düşdükdən sonra isə piyada bir qədər gəzişmişlər, Asifin deməsinə görə Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində yerləşən beş mərtəbə binaların olduğu küçəyə gəldikdə, həmin ərazidə yerləşən evlərə nəzər saldıqda evlərdən birinin işığının yanmadığını görüb, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün isə ilk növbədə beş mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən evin giriş qapısının qarşısına gedib qapını döymüş, ancaq qapını heç kim açmamışdır. Bu səbəbdən evdə heç kimin olmamasına tam əmin olduqdan sonra həyətə çıxıb, saat təxminən 20 radələrində binanın giriş hissəsində yerləşən “podyez” adlanan tikilinin üstünə çıxıb ordan binanın birinci mərtəbəsində yerləşən artırmanın üstünə tullanmış, sonradan isə artırmanın üzərində olan su çəninin üstünə çıxıb evin pəncərəsinə yaxınlaşmış və özü ilə götürdüyü vintaçanla plastik materialdan hazırlanmış pəncərənin gözlüyünü sıxıb açamaqla pəncərədən içəri daxil olmuşdur. Daha sonra mənzilin otaqlarını axtarmağa başlamış, ilk olaraq girdiyi mənzilin yataq otağındakı dolaba yaxınlaşıb dolabın içərisini axtarmış, dolabın içərsində olan qutulardan birinin içərisindən bir ədəd qızıl və bir ədəd gümüş boyunbağı, birindən isə 50 “Euro” pul əskinazı çıxmış, pul, gümüş və qızıl boyunbağıları götürdükdən sonra mənzilin digər otaqlarınıda axtarmışdır. Mənzilin qonaq otağındakı dolabın içərisini axtardıqda, ordan bir ədəd elektron tərəzi, üç ədəd “Nokıa” markalı mobil telefon aparatlarını, mənzilin açarlarını götürmüş və evdən çıxmışdır. Sonra isə Asifin onu gözlədiyi yerə getmiş, bundan sonra taksi avtomobilinə minib Bakı şəhərinə qayıtmışlar, sənədləri olmadığından, Asif öz şəxsiyyət vəsiqəsi ilə “Moskva” unvermağında öz deməsinə görə oğurladığı qızıl boyunbağını 870 manata satmış, həmin pulun 470 manatını özü götürmüş, 400 manatını və gümüş boyunbağını, mobil telefon aparatlarını Asifə vermişdir. Elektron tərəzini və açarları isə həmin ərazidə mişət tullantılarının atılması üçün nzərdə tutulmuş qutalardan birinin içərisinə atmışdır. Bundan sonra Asifdən ayrılmış və Avtovağzal ərazsindən avtobusa minib Şirvan şəhərinə qayıtmışdır. Sonradan isə izahatının alınması üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət edilərkən törətdiyi əməli etiraf etmişdir. Bundan başqa, 2018-ci ilin oktyabr ayında pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş, həmçinin Sumqayıt şəhərində onu heç kimin tanımadığından, orda oğurluq edərsə tutulmayacağına əmin olduğundan, 2018-ci ilin oktyabr ayının dəqiq tarixini xatırlamadığı günündə oğurluq etmək üçün yaşadığı Şirvan şəhərindən avtobusa minərək, avtobusla Bakı şəhəri ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalına, oradanda avtobusa minərək Sumqayıt şəhərinə gəlmişdir. Həmin gün gündüz vaxtı Sumqayıt şəhərində yemək yemiş, gəzişmiş, ətrafı öyrənməyə başlamış, axşam vaxtı, hava qaraldıqda Sumqayıt şəhərində yerləşən “Orbita” mağazasının yaxınlığında olan binalardan birinin birinci mərtəbəsində yerləşən mənzilin işığının sönülü olduğunu görmüşdür. Bundan sonra həmin mənzilin həyətə baxan plastik pəncərəsini özü ilə gəzdirdiyi vintaçanla açaraq mənzilə daxil olmuş, özündə gəzdirdiyi fanarla evin içinə baxsada, dolablara göz gəzdirsədə evdən oğurlanası heç nə tapa bilməmişdir. Daha sonra evin qonaq otağından bir ədəd “LG” markalı modelini dəqiq xatırlamadığı plazma televizoru, həmin otaqdan videomaqnitafon və yataq otağından bir ədəd bükülmüş vəziyyətdə olan xalçanı götürmüşdür. Həmin əşyaları daxil olduğu pəncərədən çölə bir-bir çıxartmış, ətrafa göz gəzdirdikdə heç kimin olmadığını görəndən sonra pəncərədən özüdə çölə çıxmış, evdən oğurladığı əşyaları özü ilə yol kənarına gətirmişdir. Sonra isə yol kənarında tanımadığı taksi avtomobili saxlayaraq oğurladığı əşyaları avtomobilə yükləyib Bakı şəhəri ərazisində yerləşən Sabunçu bazarına aparmış, Sabunçu bazarında hava qaranlıq olsada, həmin əşyaları tanımadığı Rus milliyyətli bir nəfər qadına 250 manata satmışdır. Pulu cibinə qoyduqdan sonra gecə saatlarında Şirvan şəhərində yerləşən yaşadığı evə qayıtmış, oğurladığı qızıl boyunbağının satışından əldə etdiyi pul vəsaitlərindən onda hər hansı məbləğ qalmamışdır. Asif adlı şəxsin ancaq adını və Sumqayıt şəhərində yaşadığını bilmiş, onun barəsində başqa məlumatı olmamışdır. Hazırda zərərçəkmiş şəxs X3 dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbləri yoxdur. Digər zərərçəkmiş şəxsə dəymiş ziyanı gələcəkdə ödəyəcəkdir. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi ailə üzvülərinə məxsusdur. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat 19 radələrindən saat 21 radələrinədək yaşadıqları evdə heç kimin olmadığı müddətdə naməlum şəxs və ya şəxslər mənzilin mətbəxinin plastik materialından hazırlanmış pəncərəsini sıxıb açmaqla mənzilə daxil olaraq, mənzilin yataq otağındakı dolabda saxladığı metal qutunun içərisindən bir ədəd 30 qram çəkidə 585 əyarlı qızıl metaldan hazırlanmış təxminən 1500 manat dəyərində qızıl boyunbağını, bundan başqa yataq otağındakı digər dolabın içərisində olan bir ədəd təxminən 30 manat dəyərində “NOKİA C2” markalı mobil telefonu, bir ədəd təxminən 40 manat dəyərində 5 qram çəkidə gümüş materialından hazırlanmış boyun bağını və 50 Euro pulu, mənzilin qonaq otağındakı dolabdan bir ədəd 30 manat dəyərində markasını unutduğu 2019-cu ilin yay aylarında alınmış elektron tərəzini, həmin dolabdan bundan başqa iki ədəd hər biri 30 manat dəyərində, biri “NOKİA 3250”, digəri “NOKİA 900” markalı mobil telefonları oğurlamışdır. Bundan yaşadığı evə gəldikdə xəbər tutmuş və ilk olaraq mobil telefonla zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, aradan bir qədər vaxt keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gələrərək müfaviq sənədləmə aparmış, daha sonradan isə müraciətinin nəticəsi ilə bağlı Sumqayıt ŞPİ-nin 4-cü PB-dən maraqlandıqda oğurluq hadisəsini törətmiş şəxsin müəyyən edildiyi bildirilmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ev ona məxsusdur. Həmin mənzildə yaşamasa da, arada bir Sumqayıt şəhərinə gələrək özünə məxsus mənzilə baş çəkmiş, özünə məxsus mənzilə sonuncu dəfə xx.xx.2018-ci il tarixdə baş çəkmək üçün gəldikdə, naməlum şəxs və ya şəxslərin mənzilin qonaq otağının plastik materialından hazırlanmış pəncərəsini sıxıb açmaqla mənzilə daxil olub, mənzilin qonaq otağından təxminən üç il əvvəl 300 manata aldığı bir ədəd “LG” markalı 81 dioqanallı plazma televizoru, bir ədəd markasını və modelini unutduğu videomaqnitolanı, mənzilin yataq otağından isə bir ədəd 2x3 metr ölçüdə xalçanı oğurladıqlarını müəyyən etmiş, bundan sonra ilk olaraq yaşadığı evin pəncələrinə dəmir barmaqlıq vurdurmuş, daha sonra ona məxsus mənzilin yerləşdiyi ərazi üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək ona məxsus mənzildən oğurluq hadisəsi törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 957 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs X9 2098.785 (iki min doxsan səkkiz manat yeddi yüz səksən beş qəpik) manat ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 5241 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs X3 400 (dörd yüz) manat ziyan dəymişdir. İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 468 saylı rəyindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intelektual imkanları yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Məsuliyyətsizlik, eqosentrizm, başqalarının hiss və həyacanlarına qarşı biganəlik kimi xarakterik xüsiyyətlərə malikdir. Yadda saxlama və yadasalma funksiyalarında, təfəkkür, diqqət və qavrama prosseslərində hər hansı bir çətinlik aşkar olunmadığından hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla etdiyi hərəkətlərinin xarakterini, mahiyyətini və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs törətdiyi əməllər zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2020-ci il tarixli 20/141R nömrəli rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdə ünvan 4 ünvanında yaşayan X8 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi ilə (ADİS-in məlumat bazasında Yasamal MSY-dən daxil olan) xx.xx.2002-ci il tarixdə Şirvan şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovcunun əksi arasında eynilik müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə tutulmuş və ondan iltizam alınaraq buraxılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və xx.xx.2020-ci il tarixdə tutularaq MSY-nə təhvil verilmişdir. İş materiallarından görünür ki, oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş üç ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, cinayət əməlini yetkinlik yaşına çatmayan zaman törədilməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, onun cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbayan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 17 saat, məhkəmə istintaqı zamanı isə 15 saat vaxt sərf etmişdir. Ona görə də 192 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayır şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumillikdə 03 ay 12 gün həbsdə olduğu müddət 06 ay 24 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal azad edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut olan baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş üç ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, zərərçəkmiş şəxs X9 Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən, məhkəmə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə istinad edərək hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, onun xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumillikdə 03 ay 12 gün həbsdə olduğu müddət 06 ay 24 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 05 (beş) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal azad edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 5 mənzil 9 ünvanı tərk etməmək, Şirvan şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş üç ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izləri cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs X9 dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaqda və məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardıma görə cəmi 192 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar