Məhkəmə qərarları › İş №1(060)-14/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-14/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-14/2024 26.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, «ŞİMAL» Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1971-ci ildə, Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivində yerləşən mişar daşından hasara alınmış həyətyanı torpaq sahəsinə həyət qapısının qıfılını qırmaq yolu ilə qanunsuz daxil olduqdan sonra, həyətdə yerləşən tikilinin yanındakı hər biri 8 metr uzunluğunda, diametri 15 sm olan, 6 ədəd, cəmi 720 manat dəyərində dəmir boruları gizli olaraq talamaqla zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs ümumilikdə 720 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs qonşusu kimi tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Hətta Zərərçəkmiş şəxs bəzən qonşu kimi onun atasından xahiş edirdi ki, onun həyətinə nəzarət etsin. Bəzən həmin həyətə atası ev heyvanlarını salıb otarırdı. 25 yanvar 2023-cü il tarixində, saat 13 radələrində küçəyə metal yığanlar gəlmişdi. O, Zərərçəkmiş şəxs məxsus olan həyətdə dəmir borular olduğunu bildiyi üçün, sonradan adını bildiyi, metal tullantıları yığıan şəxs olan Şahid1 ona məxsus dəmir borular olduğunu və satmaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs məxsus həyətin qapısını yoxlayarkən qapının kilidli olmadığını görmüşdür. O, həyətə daxil olmuş və həyətdə 4 ədəd uzun dəmir boru olduğunu görmüşdür. Metal yığan şəxsə həmin boruların ona məxsus olduğunu bildirmişdir. Həmin şəxs boruları aparmaq üçün evakuator avtomobili gətirtmiş və boruları avtomobilə yükləyərək aparmışdır. Bunun müqabilində həmin şəxs ona 120 manat pul vermişdir. Zərərçəkmiş şəxs məxsus həyət boş olmuş və orada yaşayış olmamışdır. Lakin, həyət hasarlanmış və darvazası olmuşdur. Onun həmin həyətə daimi giriş-çıxışa icazəsi olmamışdır. Atası həmin həyətə nəzarət edir və bəzən Zərərçəkmiş şəxs icazəsi ilə heyvanları həmin həyətdə otarırdı. Boruların ona məxsus olmaması barədə Şahid1 heç bir məlumat verməmişdir. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxs ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasındakı ifadəsi arasında bir sıra məqamlarda ziddiyyət yarandığı üçün məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermiş, lakin Zərərçəkmiş şəxs məxsus həyətin giriş qapısında köhnə kildin olduğunu, kilidi dartaraq açdığını və həyətdən hər birinin uzunluğu təxminən 8 metr olan 6 ədəd boru oğurladığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisənin baş verdiyi həyət ona məxsusdur və orada yaşayış yoxdur. Həyət “Qurd dərəsi” bağlar massivində yerləşir. Həyətdə balaca dam kimi tikili var və dörd tərəfdən hasarlanıb. O, həmin bağdan bir dayanacaq aralı yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Həyətdə özünə məxsus 6-7 metr uzunluğunda 6 ədəd böyük metal borular, bir neçə kiçik borular olmuşdur. Həmin borular istifadəyə yararlı vəziyyətdə olmuşdur. Boruları həmin yerə qoymaqda məqsədi daha sonra həmin ərazidə tikinti işləri aparanda istifadə etmək olmuşdur. Həmin torpaq sahəsinə vaxt tapdıqca gəlib baş çəkmişdir. Sonuncu dəfə 25 yanvar 2023-cü il tarixdə, səhər saatlarında torpaq sahəsinə gəlib baxmış və qeyd etdiyi borular həmin vaxt yerində olmuş və gedəndə həyətin dəmir darvazasını çöldən qıfılla bağlayıb getmişdir. 29 yanvar 2023-cü il tarixdə yenidən torpaq sahəsinə gəlib baxmaq istəyəndə qapının üzərində olan qıfılın qırıldığını görmüşdür. Həyətə daxil olub baxanda isə metal boruların yerində olmadığını görmüşdür. Dərhal Azərbaycan Respublikası DİNnin 102 zəng xidməti mərkəzinə zəng vuraraq bu barədə məlumat vermiş və Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gələrək ərizə ilə müraciət etmişdir. Sonradan isə ona məlum olmuşdur ki, özünə məxsus boruları həyətindən Təqsirləndirilən şəxs oğurlamışdır. Ona məxsus həyətyanı sahədən 6 ədəd uzun metal borular oğurlanmışdır. Onun darvazası daim qıfılla bağlı olmuşdur. Bəzən Təqsirləndirilən şəxs atasına həyətdən istifadə etmək üçün açarı verirdi. Oğurluq baş verən vaxt darvaza qıfıllı olmuş və açar da özündə olmuşdur. Təqsirləndirilən şəxs darvazanın qıfılını qıraraq həyətə daxil olmuşdur. Təqsirləndirilən şəxs həyətə daxil olmağa icazə verməmişdir. Ona dəymiş ziyan ödənilməyib. Lakin, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında aşağıdakı şahid ifadəsi dinlənilmişdir. Məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Özünə məxsus VAZ- 2103 markalı avtomobili vardır, həmin avtomobillə dəmir və digər metal qırıntıları toplayaraq müxtəlif metal qəbulu məntəqələrinə satmaqla məşğul olur. Hadisənin tarixini dəqiq xatırlamır. Xatırladığına görə ilin soyuq ayları idi. Noyabr, dekabr və ya yanvar ayları olardı və o, Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivində avtomobili ilə küçələrlə hərəkət edib dəmir satan axtarmışdır. Küçələrin birindən keçəndə Təqsirləndirilən şəxs onu saxlatdırıb özünə məxsus dəmir borular olduğunu və satmaq istədiyini demişdir. O, da razılaşmış və Təqsirləndirilən şəxs onu bir həyətin giriş qapısında saxlatdırıb həyətə dəvət etmişdir. O, həmin həyətə daxil olub həyətdə olan çardaq kimi bir yerin altında yığılmış 4-5 metr uzunluğunda, 4 ədəd dəmir boruları görmüşdür. Təqsirləndirilən şəxs ona həmin boruların özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. O, da Təqsirləndirilən şəxs dəmir boruların hamısını 200 və ya 220 manat alacağı ilə razılaşmışdır. Boruların çox uzun olduğunu və avtomobilinə yerləşmədiyini görüb evakuator avtomobili çağırmışdır. Bir neçə dəqiqədən sonra evakuator avtomobili gəlmiş və boruları həmin avtomobilə yükləmişlər. O, da dəqiq xatırlamadığı 200 və ya 220 manat pulu boruları ona satmış Təqsirləndirilən şəxs vermişdir. Sonra isə boruları evakuator avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində hazırda xatırlamadığı metal qəbulu məntəqəsinə satmışdır. Polis bölməsinə çağırıldıqdan sonra ona məlum olmuşdur ki, boruları ona satmış Təqsirləndirilən şəxs həmin boruları oğurlamışdır, borular sonuncunun özünə məxsus olmamışdır. Təqsirləndirilən şəxs başqa o, həmin gün həmin ərazidə metal qəbul etməmişdir. Təqsirləndirilən şəxs boruları ona satan zaman özünə məxsus olduğunu demiş, o, boruların oğurluq olduğunu bilməmişdir. Həmin boruları hazırda xatırlamadığı metal qəbulu məntəqəsinə satdığından istintaqa təqdim edə bilməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasındakı ifadəsi arasında bir sıra məqamlarda ziddiyyət yarandığı üçün məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Onun özünə məxsus VAZ-2103 markalı avtomobili vardır. O, həmin avtomobillə dəmir və digər metal qırıntıları toplayaraq müxtəlif metal qəbulu məntəqələrinə satmaqla məşğul olur. 25 yanvar 2023-cü il tarixdə, təxminən saat 13 radələrində Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivində avtomobillə küçələrlə hərəkət edib dəmir satan axtarmışdır. Küçələrin birindən keçəndə Təqsirləndirilən şəxs onu saxlatdırıb özünə məxsus dəmir borular olduğunu və satmaq istədiyini demişdir. O, bununla razılaşmış və Təqsirləndirilən şəxs onu bir həyətin giriş qapısında saxlatdırıb həyətə dəvət etmişdir. O, həmin həyətə daxil olub həyətdə olan çardaq kimi bir yerin altında yığılmış, diametri 15 sm, uzunluğu 8 metr olan 6 ədəd dəmir boruları görmüşdür. Təqsirləndirilən şəxs ona həmin boruların özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. O, Təqsirləndirilən şəxs dəmir boruların hamısını 125 manata alacağı ilə razılaşmışdır. Boruların çox uzun olduğunu və avtomobilinə yerləşmədiyini görüb evakuator avtomobili çağırmışdır. Bir neçə dəqiqədən sonra evakuator avtomobili idarə edən sonradan adını bildiyi Şahid2 gəlmiş və boruları həmin avtomobilə yükləmişlər. O, 125 manat pulu boruları ona satmış Təqsirləndirilən şəxs vermişdir. Sonra isə boruları evakuator avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində, hazırda xatırlamadığı metal qəbulu məntəqəsinə satmışdır. Polis bölməsinə çağırıldıqdan sonra ona məlum olmuşdur ki, boruları ona satmış Təqsirləndirilən şəxs həmin boruları oğurlamışdır. Borular sonuncunun özünə məxsus olmamışdır. Təqsirləndirilən şəxs başqa o, həmin gün həmin ərazidə metal qəbul etməmişdir. Təqsirləndirilən şəxs boruları ona satan zaman özünə məxsus olduğunu demiş, o, boruların oğurluq olduğunu bilməmişdir. Həmin boruları hazırda xatırlamadığı metal qəbulu məntəqəsinə satdığından, istintaqa təqdim edə bilməmişdir. Digər Şahid2 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı öz ifadəsində göstərmişdir ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Evakuator avtomobili sürməklə məşğul olur. 25 yanvar 2023-cü il tarixdə, təxminən saat 13 radələrində sonradan adını bildiyi Əmirxan adlı şəxs zəng vuraraq Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivinə gəlməsini və oradan yük götürüb avtomobili ilə Bakı şəhərinə aparacağını demişdir. O, da Əmirxanın dediyi yerə getmişdir. Orada tanımadığı həyətin girişində avtomobili saxlamışdır. Həmin vaxt orada Əmirxan adlı şəxslə birlikdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs da olmuşdur. Onlar birlikdə idarə etdiyi evakuator avtomobilinə 6 ədəd dəmir boruları yükləmişlər. Əmirxan adlı şəxs onun yanında Təqsirləndirilən şəxs 125 manat pul vermişdir. Sonra isə Əmirxan adlı şəxsin göstərdiyi istiqamətlə hərəkət edərək Bakı şəhəri, Binəqədi rayonunda hazırda xatırlamadığı əraziyə getmişlər. Orada Əmirxan boruları metal qəbulu məntəqəsində düşürtmüş, Əmirxan ona zəhmət haqqı olaraq 30 manat pul vermiş və o da oradan çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin borular Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Həmin boruların oğurluq yolu ilə əldə edilməsini əvvəllcədən bilməmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri “Qurd dərəsi” bağlar massivində yerləşən bağ sahəsinə baxış keçirilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs kimi xx.xx.2023-cü il tarixdə, saat 17:00-da tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 11:30-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Təqsirləndirilən şəxsin X2 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00-da saxlanıldığı Sumqayıt ŞPİ-nin X2 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi yeri və necə oğurluq etdiyini əyani şəkildə göstərmişdir. Məhkəmə - əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1746 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 6 ədəd, uzunluğu 8 metr, diametri 150 mm olan dəmir borunun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 720 (120m x 6) manat müəyyən edilir. xx.xx.2023-cü il tarixdə, saat 11:45-də Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri təsdiq edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.1-ci maddəsi ilə cinayıt təqibinin başlanması rədd edilmişdir. Şahid1 barəsində CM-nin 177.2.1 və 194.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-542/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü ildə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli 03 avqust 2023-cü il tarixdən hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-670/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmış və Təqsirləndirilən şəxs qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılmış və üzərində 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (177.1.). Eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (177.2.3.). Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin birinci bəndində göstərilir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz (19. ). Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir (20.). Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir (21. ). Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus dörd tərəfdən hasarla əhatə olunmuş əraziyə darvazanın qapısının qıfılını qırmaqla daxil olmuş və Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 720 manat olan 6 ədəd borunu oğurlamışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ilə düzgün tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında həyətə daxil olarkən darvazanın açıq olması, həyətdən 6 ədəd deyil, 4 ədəd borunu oğurlaması barədə verdiyi ifadəyə gəldikdə, məhkəmə ifadəyə həmin hissədə tənqidi yanaşaraq hesab edir ki, bu yalnız özünü müdafiə xarakteri daşıyır və iş üzrə digər sübutlarla təsdiq edilmir. Belə ki, o, ibtidai istintaq zamanı həyətin qıfılını dartaraq qırdığını və həyətdən 6 ədəd boru oğurladığını bildirmişdir. Şahid1 məhkəmə iclasında Təqsirləndirilən şəxs ona 4 ədəd boru satdığını bildirsə də, məhkəmə onun ifadəsinə də həmin hissədə tənqidi yanaşır. Belə ki, həmin şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona 6 ədəd boru satdığını bildirmiş, məhkəmə iclasında hadisənin baş verdiyi tarixi dəqiq xatırlamamış, Təqsirləndirilən şəxs borulara görə ödədiyi məbləği ibtidai istintaq zamanı verdiyi ifadəsində 125 manat göstərdiyi və Təqsirləndirilən şəxs da məhkəmə iclasında bunu təsdiq etdiyi halda, məhkəmə iclasında həmin pul məbləğini 200 və ya 220 manat kimi qeyd etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs ondan 6 ədəd borunun oğurlandığını bildirmişdir. Məhkəmə hadisədən təxminən 1 il müddət keçməsini nəzərə alaraq hesab edir ki, Şahid1 ötən müddət ərzində həmin məsələləri dəqiq xatırlamaya bilərdi. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində əməlindən peşman olması və zərərçəkmiş şəxsin ondan şikayətinin olmaması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddələsinin sanksiyasının həddində 02 il 06 ay müddətində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (58.3). Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır (69.3). Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir (93.1.2). İşdən göründüyü kimi Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 509/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin o, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-670/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza həmin hökmlə təyin edilmiş cəza ilə qismən toplanmış və Təqsirləndirilən şəxs qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 10 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılmış və üzərində 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Bununla yanaşı qeyd edilməlidir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1.). Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (66.2.). Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5.). Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini xx.xx.2023-cü ildə, yəni Sumqayıt Şəhər Məhkəməsinin həm 1(060)-670/2023 saylı, xx.xx.2023-cü il tarixli, həm də 1(060)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmləri qəbul edilməzdən əvvəl törətmişdir. Bu səbəbdən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-670/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəza hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 04 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 05 ay 28 gün azadlıqdan mərumetmə cəzası saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul CPM-in 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün «ŞİMAL» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 16 (on altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «ŞİMAL» Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-670/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəza hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, həmçinin xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək tutulduğu 04 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına «ŞİMAL» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar