Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-140/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxxx 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 1,531 qram, ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib daşıyaraq, üzərində saxlamış, 18 sentyabr 2021-ci il tarixdə saat 18:05-də Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Poseidon” restoranının yanında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,531 qram, ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki il olar ki, aradabir şüşə adlanan psixotrop maddə-metamfetamindən istifadə edir. 18.09.2021-ci il tarixdə, saat 18:00 radələrində Sumqayıt şəhəri, Bulvar ərazisində olan zaman 3 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu narkotik vasitələrin qəbulu, satışı və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis İdarəsində olarkən üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Həmin vaxt təxminən saat 18:30-da Pİ-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. O, öz əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, həmin şəffaf rəngli sellofan bükümün içərisində spesifik iyə malik, ağ rəngli, kristal şəkilli, narkotik vasitə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan maddənin şüşə olduğunu, bir gün bundan əvvəl Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilmiş və həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Psixotrop maddə-metamfetamini aldığı şəxsi tanımır, onunla həmin gün təsadüfən rastlaşmışdır. Saxlanılarkən ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamışdır. Qeyd edilən metamfetamini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Əməlindən peşmandır. Himayəsində 02 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlaması, üzərində gəzdirməsi və satması barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə 18.09.2021-ci il tarixdə saat 18:05 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Poseidon” restoranının yanında saxlanılmış və Sumqayıt ŞPİ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs ŞPİ-yə gətirilərkən üzərində psixotrop maddə-metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ŞPİ-nə gətirildikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Sumqayıt ŞPİnin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Elnur Feyzullayev özünü qarşısında olan Təqsirləndirilən şəxs təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilmişdir. O və Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları Şahid3 və Şərail Quliyev özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir, o, bildirişlə tanış olduqdan sonra etirazının olmadığını bildirmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim edilmiş, onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunaraq üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif edilən zaman Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisindən ağ rəngli, psixotrop maddə-metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin “şüşə” olduğunu, Sumqayıt şəhəri, 6-cı mikroyan ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Müdafiəçi Fərid Əlimərdanov saxlanılan şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona hər hansı bir qeyri-qanuni hərəkət olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs ona qarşı qeyri-qanuni hərəkət olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkiləri Şahid2 da Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Elnur Feyzullayev özünü qarşısında olan şəxsə təqdim edib həmin şəxsə də özünü təqdim etməsini bildirir. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edilir. Daha sonra Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları özlərini təqdim edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilir. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra etirazının olmadığını bildirir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim edilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunaraq üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif edilən zaman Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim edir. Həmin büküm açıldıqda içərisindən ağ rəngli, psixotrop maddə-metamfetaminə bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin “şüşə” olduğunu, Sumqayıt şəhəri, 6-cı mikroyan ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirir. Həmin büküm tərəzidə çəkildikdə çəkisinin 1.6 qram olması müəyyən olunur. Təqsirləndirilən şəxs üzərində olan 01 qutu göy rəngli “sobranie” markalı siqareti təqdim edir. Daha sonra aşkar olunmuş 01 ədəd büküm qablaşdırılaraq götürülür, müdafiəçi Fərid Əlimərdanov saxlanılan şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona hər hansı bir qeyri qanuni hərəkət olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs ona qarşı qeyri-qanuni hərəkət olmadığını bildirir. X1 yekun məruzəsi ilə yekunlaşır. Qeyd edilən disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 19.09.2021-ci il tarixli, 6/4138 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 124” möhür əksi,“Saxlanılan:.Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,531 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 1,531 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,481 qram İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 23.10.2021-ci il tarixli, 4110 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiaodlərin və psixotrop maddə olan metamfetaminin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu(Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 1,531 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,481 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.09.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 20.09.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin 20 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan doğum şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşaq vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 18.09.2021-ci il tarixdən 20.09.2021-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 1,531 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,481 qram metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 18.09.2021-ci il tarixdən 20.09.2021-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,481 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-140/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-140/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver