Məhkəmə qərarları › İş №1(060)-142/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-142/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-142/2022 10.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,032 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşımaqla üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən 10 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin, 3-cü PB-yə gətirilmiş və onun üzərində şəxsi axtarış aparılan zaman həmin heroin əynindəki mavi rəngli cins şalvarının sağ yan cibinin üzərindəki kiçik həcmli ciblikdən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 10.08.2021-ci il tarixdə saat 16 radələrində, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Nərimanov klubunun arxasınca piyada hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirirək polis bölməsinə dəvət etmişlər. O polis əməkdaşlarının dəvəti ilə polis bölməsinə getmişdir. Onu saxladıqları vaxtdan təxminən yarım saat sonra polis bölməsinə aparmışlar. Polis bölməsində onun üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən metadon aşkar olunmuş və həmin metadon çəkilmiş, çəkisi ya 0,5 qram ya da 0,05 qram olmuşdur. Bundan sonra Samid adlı polis əməkdaşı ona narkotik maddə olan heroin vermiş və ona bildirmişdir ki, onun üzərindən aşkar olunmuş metadonla heroinin heç bir fərqi yoxdur. Bundan sonra, Samid adlı polis əməkdaşı ona bildirmişdir ki, onu üzərinə çəkilişlə şəxsi axtarış keçiriləcək və o, həmin vaxt həmin heroinin ona məxsus olmasını deməlidir. O, da onunla razılaşmışdır. Həmin vaxt ona polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təzyiq və ya təsir göstərilməmişdir. Sonra polis bölməsində ona hüquq və vəzifələri izah olunduqdan sonra ora bir nəfər vəkil dəvət olunmuş və həmin vəkilin onun hüquqlarını müdafiə edəcəyi ona bildirilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş və onun üzərindən 0,5 qram heroin aşkar olunmuşdur. O, həmin vaxt müdafiəçinin iştirakı ilə bildirmişdir ki, həmin narkotik maddə ona məxsusdur. O, narkotik maddə istifadəçisidir, lakin onu polis əməkdaşları saxlayarkən onun üzərindən heroin deyil, metadon aşkar olunmuş və o, həmin metadonu tanışı həkiin məsləhəti ilə tanımadığı şəxsdən almışdır ki, narkotik maddəni qəbul etməkdən uzaqlaşsın. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilərək əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. Əvvəllər məhkum olunmamışdır. Bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 10.08.2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə olduğu zaman əvvəldən tanıdığı, lakin adını və mobil nömrəsini bilmədiyi bir nəfərlə rastlaşmışdır. Həmin şəxs ona narkotik vasitə təklif etmişdir. O həmin şəxsdən öz şəxsi istifadəsi üçün 15 manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə almışdır. Ürəyi istədiyi vaxt istifadə edə bilməsi üçün həmin narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin cibliyində gizlətmişdir. 10.08.2021-ci il tarixdə saat 18 radələrində, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Nərimanov klubunun arxasınca piyada hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirirək polis bölməsinə dəvət etmişlər. O polis əməkdaşlarının dəvəti ilə polis bölməsinə getmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunduqdan sonra o, hüquqlarının müdafiə olunması üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosundan vəkil Mehdi Cəlalzadə dəvət olunmasını xahiş etmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O həmin vaxt əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin təqdim etmişdir. Həmin narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və protokol iştirtakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə düşmənçilik və ya ədavəti olmamışdır. 10.08.2021-ci il tarixdə ona ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. Məlumat raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupa o da əlavə edilmişdir. Həmin gün yəni 10.08.2021-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerdə Sumqayıt şəhəri, 18-ci məhəllə, Nərimanov klubunun arxasında pusqu qurmuşlar. Müşahidə zamanı Təqsirləndirilən şəxs əlamətlərinə oxşar bir nəfər şəxsin gəldiyini görüb yaxınlaşıb saat 18:45-də həmin şəxsi saxlamışlar. O və digər polis əməkdaşları özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib həmin şəxsdən özünü təqdim etməsini tələb etmişdirlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olacaqlarını bildirib, həmin şəxsdən etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşdirmişlər. Bir neçə dəqiqəyə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasının həyətinə çatmışlar. Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də təhqiqatçı Rəşad Allahverdiyev xidməti otaqların birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini demişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 3-cü PB-nə gətirildiyini demişdir. Təhqiqatçı Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təyin olunduğunu bildirmişdir. Daha sonra təhqiqatçının göstərişi ilə polis əməkdaşları özlərini təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibinin kicik həcmli cibliyindən 1 ədəd şəffaf sellofan bükümü çıxardaraq təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə “kakos”dur, özü istifadə edir, Bakı şəhərində “20 Yanvar” ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün əldə etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 bükümdə narkotik vasitə heroinə bənzər maddəni elektron tərəziyə qoyub çəkən zaman 1,11 qram olduğu müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Qanunla qadağan edilmiş başqa heç nə aşkar edilməmişdir. Bundan sonra sonuncunun üzərindən aşkar olunmuş büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Bununla bağlı protokolllar tərtib olunub, protokollar o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə əməliyyat məlumatları daxil olmuş, lakin keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı həmin şəxsin kimə hansı miqdarda nəyin qarşılığında narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır.Təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatlar həqiqəti əks etdirməmiş, sonuncu özünü müdafiə xarakterli ifadə vermişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dəvət olunaraq dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis serjantıdır. Təqsirləndirilən şəxs əvvəllər işlədiyi 1-ci PB-nin xidməti ərazisinin sakini kimi tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs işlədiyi polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilməsində və onun üzərində şəxsi axtarış keçirilməsində iştirak etməmiş, o, təqsirləndirilən şəxsə hər hansı bir narkotik maddə verməmiş, təqsirləndirilən şəxsin yaxın qohumları və ya anası ilə heç bir əlaqə saxlamamış, onun anasından hər hansı bir məbləğdə pul almamışdır. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi izahat özünü müdafiə xarakteri daşıyır və yalandan başqa bir şey deyildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 10.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11.08.2021-ci il tarixli 6/3409 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 1 (bir) bükümdə təmiz çəkisi 1,032 qram qəhvəyi rəngli tozşəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Heroinin təmiz çəkisi-1,032 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,982 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 02.11.2021-ci il tarixli, 4270 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadə işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxs kimi ibtidai istintaqda vermiş olduğu ifadə sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-02.07.2013-cü il təvəllüdlü X4 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 23.08.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi İ.Nurizadənin 12.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla o, MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 29.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin qərar icra olunması üçün Sumqayıt şəhər polis idarəsinə göndərilmiş, Sumqayıt şəhər polis idarəsindən Sumqayıt Şəhər Məhkəməsinə 11.01.2022-ci il tarixdə daxil olmuş 10.01.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək ********* saylı cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18.11.2021-ci il tarixli 4(060)-621/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilmişdir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 10 mart 2022-ci il tarixdən hesablanmalı, hazırki iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və barəsində olan ********* saylı başqa cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18.11.2021-ci il tarixli 4(060)- 621/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata olınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,982 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli (iş № 1(060)-782/2021) qərarını icra edərək, 06 dekabr 2021-ci il tarixli 1536/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və barəsindəki ********* saylı başqa cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18.11.2021-ci il tarixli 4(060)-621/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,982 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar