Məhkəmə qərarları › İş №1(060)-143/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-143/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-143/2022 09.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi,H.Z.Tağıyev küçəsi ev 23A-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri,Yaşıl dərə bağ massivi fərdi ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1(bir) bükümdə, təmiz çəkisi 0,435 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 17 oktyabr 2021-ci il tarixdə, saat 19 radələrində Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu prospektində yerləşən “Araz” marketin arxasındakı küçədə saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümdə və çəkidə olan psixotrop maddə metamfetamin əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıl Dərə bağ massivi, fərdi evdə yaşayır. Təxminən 1 il olarki, psixotrop maddə metamfetamindən istifadə edir. 17 oktyabr 2021-ci il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu prospektində yerləşən “Araz” marketin arxasındakı küçədə piyada hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşdılqlarını və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə və ya psixotrop maddə daşımağından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə aparılacağını bildirdiklərini qeyd etmişdir.Həmin vaxt polis əməkdaşlarından biri onun əllərindən möhkəm yapışdığına görə öz istifadəsi üçün üzərində gəzdirdiyi “şüşə” kimi deyilən psixotrop maddə metamfetamini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə aparıldığını bildirmişdir. Orada xidməti otaqda ora gətirən polis əməkdaşları və dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməyi təklif olunduğunu və daha sonra əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetamini çıxararaq təqdim etmiş və həmin bükümün içində “şüşə” kimi deyilən psixotrop maddə metamfetamin olduğunu təhqiqatçıya demiş, sonradan təhqiqatçı həmin sellofan bükümü açıb baxaraq içərisində psixotrop maddə metamfetamin olduğunu özünün də gördüyünü qeyd etmişdir. Bundan sonra üzərində aparılan şəxsi axtarış zamanı heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmışdır. Üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərək təxmini çəkisinin 0,51 qram olması müəyyən edildiyini, həmin maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalandığını, polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə psixotrop maddə metamfetaminin ona məxsus olduğunu, həmin metamfetamini 16 oktyabr 2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhərində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığım şəxsdən 10 manata öz istifadəsi üçün əldə edib üzərimdə saxladığını bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməliyyat müvəkkili vəzifəsində işləyir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 17 oktyabr 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər əməliyyat müvəkkiləri polis leytenantı Orxan Rzayev, polis leytenantı Şahid2 da iştirak etdiyini qeyd etmişdir.. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 19 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürülmüş, bir qədər sonra onu Sumqayıt şəhəri,10-cu mikrorayon, Koroğlu prospektində yerləşən “Araz” marketin arxasındakı küçədə piyada hərəkət etdiyini müşahidə etmişlər, bundan sonra əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlayaraq ona yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirişlər. Sonra özlərini ona təqdim edərək, üzərində narkotik vasitə olduğundan şübhələndiyiklərinə görə onlarla birgə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılacağını qeyd etmişlər. Bundan sonra o, müqavimət göstərmədən onunla avtomobilə mindikdən sonra 1-ci PB-nə gətirilmiş, PBdə Təqsirləndirilən şəxs təhqiqatçı Faiq Mirzəyev tərəfindən şübhəli şəxs qismində tutulduğunu, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarışın gedişatı videokamera ilə çəkildiyi, şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə verməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli sellefona bükülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmiş, həmin büküm sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş və səhv etmirsə çəkisi 0,51 qram olmuşdur. Sonradan həmin metamfetaminə bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün kağız paketdə qablaşdırılmış və paketin üzəri möhürlənmişdir. İstintaq hərəkətinin davamında Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini 16.10.2021-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrosu ərazsində tanımadığı şəxsdən 10 manat aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili X2, ibtidai istintaq zamanı dindirilmiş və məhkəmədə prosess iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş Şahid2 da, Şahid3 ilə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 18 oktyabr 2021-ci il tarixli 6/2852 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №125” möhür əksi, “Saxlanılan şəxs:...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,435 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixitrop maddə metanfitamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,385 qram qalıq qalmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 30.10.2021-ci il tarixli 4225 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psoxotrop maddə olan metanfitaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarışın keçirilməsi barədə 17.10.2021-ci il tarixli protokoldan və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncu özü əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümü təqdim etmiş, həmin büküm Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Faiq Mirzəyev tərəfindən açılmış, bükümün içərisində toz halında ağ rəngli narkotik vasitə olan metanfitaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı sonuncu həmin maddənin narkotik vasitə olduğunu, həmin maddəni Bakı şəhəri, “20 Yanvar” metrosu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 05.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Bəhruz Qulamov tərəfindən 18 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan 17 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2021-ci il tarixində saat 19:00-da Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur və 19.10.2021-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış zamanı videoçəkilişə dair 01 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,385 qram psixotrop maddə metanfitami iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 20 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının 17-19 tarixlərində Sumqayıt ŞPİ-nin MSY-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,385 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 25.11.2021-ci il tarixli (iş № 1(060)-783/2021) qərarını icra edərək, 27.11.2021-ci il tarixli 1512/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Yaşıldərə ərazisində fərdi evdə yerləşən ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,385 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar