Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-144/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 21.06.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 13.03.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,634 qram çəkidə narkotik vasitə olan heroin əldə edib onu üzərində daşıyaraq saxlamış, 20 oktyabr 2020-ci il tarixdə saat 18:55 radələrində Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 2-ci PB-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli idman gödəkcəsinin sağ yan cibindən şəffaf rəngli sellofan parçasına bükülmüş 0,634 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər qanunsuz olaraq üzərində narkotik vasitə saxladığına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə iki dəfə məhkum olunmuş, 18 ilə yaxındır ki, narkotik vasitə olan heroin qəbul edir. 02 iyul 2020-ci il tarixdə səhər saatlarında o, şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. O, Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxs ona yaxınlaşıb onda narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, narkotikdən istifadə etdiyi üçün alıb özü üçün istifadə etmək məqsədi ilə həmin şəxsdən heroini neçəyə satdığını soruşduqda həmin şəxs heroini 10 manata satdığını bildirmişdir. O, həmin şəxsə 10 manat pul verib bir ədəd sellofan parçasına bükülmüş heroini ondan almışdır. O, həmin şəxsdən aldığı şəffaf rəngli sellofan parçasına bükülmüş heroini əynində olan göy rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur ki, sonra özü istifadə edər. Sonra o, Sumqayıt şəhərinə gəlmişdir. 04.07.2020ci il tarixdə saat 19:50 radələrində həmin üzərində olan narkotik vasitə heroini münasib yer tapıb istifadə etmək üçün Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisinə gəlmişdir. O, Kotec qəsəbəsi ərazisi ilə gedərkən üç nəfər mülki geyimli, bir nəfər polis geyimində olan şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu bildirmişlər. Onlar həmin vaxtı ondan adını və soyadını soruşandan sonra ona narkotik vasitə qəbulunda və gəzdirilməsində şübhəli bilindiyini, ona görə də Sumqayıt şəhər Pİ-nin 4-cü PB-də vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə ediləcəyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində olarkən ona vəkil X6 təqdim olunmuşdur. Daha sonra polis əməkdaşları ona videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olub-olmamasını soruşaraq həmin əşyanın onlara təqdim etməyini təklif etmişdirlər. O, həmin vaxtı əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan parçasına bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o, həmin heroini iki gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 10 manata özü istifadə etməsi məqsədi ilə aldığını bildirmişdir. Sonra onun üzərindən aşkar edilərək götürülmüş heroin tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişdirlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nin kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, 20.10.2020-ci il tarixdə Sumqayıt şəhər sakini Nizam adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1, polis baş serjantı Şahid2 və kriminlastik təhqiqatlar bölməsinin inspektoru, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 20.10.2020-ci il tarixdə saat 18:50 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsinə getmişlər. Onlar həmin əraziyə gəldikdən sonra ekspert kriminalist Orxan Aslanov tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən saat 18:55 radələrində Nizam adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və vəkillərin siyahısı təqdim olunmuşdur. Sonra Təqsirləndirilən şəxs tərəflərindən onun üzərinə 2-ci PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxslə birlikdə 2-ci PB-nə gəlmişlər. 2-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkil X6 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş bükülünü onlara təqdim etmişdir. Həmin bükülü tərəflərindən açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni Bakı şəhərində olarkən tanımadığı şəxsdən 10 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə çəkilib, qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Şahid1 məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə bu səbəbdən də məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə iclas zalında elan olunmuş və onun elan olunmuş ifadəsindən görünür ki, o, Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 20 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 21.10.2020-ci il tarixli, 6/2229 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində“... Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,634 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir(heroinintəmiz çəkisi-0,634, qr., tədqiqata sərf edildi- 0,100 qr., qalıq-0,534 qr). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 05.11.2020-ci il tarixli 3128 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər narkoloji dispanseri tərəfindən verilmiş 28.10.2020-ci il tarixli 3084 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 21.06.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 13.03.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 20.10.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 22.10.2020-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 20 oktyabr 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 19.01.2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və eyni məhkəmənin hazırlıq iclasının 05.02.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 20 oktyabr 2020-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,534qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 (səksənbir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X6 10 (on) saat iştirak etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli (iş № 1(060)-144/2021) qərarını icra edərək, 31 yanvar 2021-ci il tarixli 044/2021 saylı orderə əsasən vəkil Müdafiəçionun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 20 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,534 qram heroin məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil X4 göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-144/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-144/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver