Məhkəmə qərarları › İş №1(060)-144/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-144/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-144/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- X3 və onun müdafiəçiləri Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 oğlunun iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, “Kristal-ünvan 2də yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 09.11.2021-ci il tarixdə X3 və onun keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, “Kristal-ünvan 2 ünvanında ailə-məişət münasibətləri zəmnində aralarında yaranmış mübahisə zamanı X6 keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs təpik və yumruq zərbələri vuraraq sonuncuya üst dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, alt dodağın selikli qişasına qansızma, çənəaltı nahiyyənin, sağ bazunun, sol dirsəyin və sağ budun qançırları kimi qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan "YÜNGÜL" zərərvurmaya aid olan xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı X6 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 09.11.2021-ci il tarixdə keçmiş arvadı Nahidə telefonla ona zəng vuraraq yaşadığı ünvanda kombi aparatının xarab olduğunu bildirmişdir. Bu səbəbdən o axşam işdən çıxdıqdan sonra keçmiş arvadı və övladlarını yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, “Kristal-ünvan 2 ünvanında gələrək kombi aparatını təmir etmiş, daha sonra isə Zərərçəkmiş şəxs onun qardaşına zəng vurmağını bəhanə gətirərək onunla səbəbsiz olaraq mübahisə etməyə başlamışdır. Bu zaman o Zərərçəkmiş şəxs nə qədər nizamintizama dəvət etsə də, Zərərçəkmiş şəxs onun sözlərinə məhəl qoymamış və nalayiq ifadələrlə onu təhqir etməyə başlamışdır. Həmin zaman o, Nahidə Salmaovanı özündən uzaqlaşdırmaq üçün onu bir neçə dəfə əli ilə vurmuşdur. Bundan sonra, Nahidə digər otağa keçərək qapını bağlamışdır. Bir müddət keçdikdən sonra isə o sakitləşmiş və evdən çıxaraq öz işi ilə məşğul olmağa başlamışdır. Sonradan ona məlum olmuşdur ki, keçmiş avadı Zərərçəkmiş şəxs 11.11.2021-ci il tarixdə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə yaxınlaşaraq onu döyərək xəsarət yetirməsi barədə şikayət etmişdir. Zərərçəkmiş şəxslə barışmış, ondan şikayətçi deyil, və məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. 10 dekabr 2021-ci il tarixdə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsindən görünür ki, X6 ilə 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 28.08.2017-ci il təvəllüdlü əkiz övladları X10 və Süleymanova Validə Rəşad qızı doğulmuşdur. Ailə həyatı qurduqları vaxtdan etibarən əri Rəşad mütəmadi olaraq heç bir səbəb olmadan yaşadıqları ünvanda mübahisə və münaqişələr yaratmış, hətta bir neçə dəfə onu döyərək xəsarət yetirmişdir. Bununla bağlı o bir neçə dəfə hüquq mühafizə orqanlarına da müraciət etmişdir. Hər dəfə bununla bağlı qanunauyğun tədbirlər görülmüşdür. Lakin bunlara baxmayaraq, Rəşad öz əməllərindən əl çəkməmiş, onu və övladlarını narahat etmişdir. Bu səbəbdən onlar arasında olan nikah 05.07.2021-ci il tarixdə rəsmi olaraq pozulmuş və onlar ayrı yaşamağa başlamışlar. Lakin, Rəşad övladlarının görmək üçün bəzən onların yaşadığı evə gələrək onlarla görüşmüşdür. 09.11.2021-ci il tarixdə edə olan zaman axşam radələrində Rəşad övladlarını görmək üçün yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, “Kristal-ünvan 2 ünvanına gəlmiş, övladları ilə vaxt keçirtdikdən sonra, ona artıq onarla birlikdə yaşayacağını bildirmişdir. Bunun qarşılığında isə o Rəşada onların ayrıldıqlarının xatırlatmaqla ona etirazını bildirmiş, onunla birlikdə yaşamaq istəmədiklərini demişdir. Lakin, Rəşad bununla razılaşmamış və bu səbəbdən onlar arasında mübahisə yaranmışdır. Bir müddətdən sonra isə onlar arasındakı mübahisə münaqişəyə çevrilmiş, Rəşad qəfildən onun üzərinə hücum çəkmiş, onu yerə yıxmış və bədəninin müxtəlif nahiyyələrinə yumqur, təpik zərbələri vuraraq ona xəsarət yetirməyə başlamışdır. O özünü Rəşadın əlindən güclə qurtarmış və digər otağa keçərək qapını bağlamışdır. Rəşad isə bir neçə dəqiqə onu təhqir etdikdən sonra evi tərk etmişdir. Mübahisə 30 dəqiqə çəkmişdir. Bu hadisədən sonra Rəşadın ona yetirdiyi zərbələrə görə o iki gün halsız vəziyyətdə olmuş, 11.11.2021-ci il tarixində isə özünü güclə toplayaraq aidiyyatı üzrə Sumqayıt şəhər Pi-nin 1-ci PB-nə yaxınlaşmış və ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək, sağlamlığı ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, X6 ilə barışdığını və ona qarşı heç bir şikayətinin olmadığını qeyd etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11.11.2021-ci il tarixli 1512 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində üst dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, alt dodağın selikli qişasına qansızma, çənəaltı nahiyyənin, sağ bazusunun, sol yan dirsəyin və sağ budun qançırlar bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışlar, müayinədən 1- 2 gün əvvəl olmaqla qərarda göstərilən 09.11.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X3 əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin, ekspert rəyi və materiallda digər sənədlərlə tam sübuta yetirilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X8 və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 24.01.2022-ci il tarixli teleqramdan görünür ki, o cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X6 ilə barışmışdır və ona qarşı heç bir şikayəti yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan sübutların qiymətləndirilməsi və əməlin tövsüf edilməsi haqqında 19 noyabr 2021-ci il tarixli qərardan görünür ki, X4 əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin əlamətləri olmadığından onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19.11.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 04.06.2020-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhər Məkəməsinin 7(060)-180/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 1(060)-166/2020 saylı 04.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş X6 “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən hökmlə ona təyin olunmuş cəzadan azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məkəməsinin 1(060)-475/2021 saylı, 09 iyul 2021-ci il tarixli qərarından görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası 73.2-ci maddəsində əsasən bəraətverici əsaslar olmadan xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə qeyd edir ki, X6 artıq bir dəfə zərərçəkmiş şəxslə barışması səbəbi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verildiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsi ona şamil oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiya həddinə cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X2 yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs X3 şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X4 cəzasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını, iki azyaşlı övladının olmasını məhkəmə yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X4 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən həm də Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda işin halları, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusu təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın təyin edilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və X3 cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir.Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində, cərimə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən X3 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 26.11.2021-ci il tarixli (iş № 1(060)-785/2021) qərarını icra edərək, 27.11.2021-ci il tarixli 1515/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən X5 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar